Eşerin “Uçan quşlar”ı Xudu Məmmədov səmasında - Azər TURAN

Xudu Məmmədov - 90

Azər TURAN

Xalqa inanmadan onun sənətkarı olmaq olmaz. Sən özün ona inanmırsansa, onda özünə necə inam yarada bilərsən? Buna görə də sənətkarın gözləri xalqın uğursuzluğunda belə uğurlu bir iz görməyə qadirdir. Bu onu qaldırmaq üçün istinad nöqtəsi olacaqdır... Xalq özünü geri qaldığı üçün lağa qoymur. Bu, ümidsizlikdən başqa nə verir? Böyüklüyünə ümid yaradılmamış kiçikliyinə gülməklə insanı düzəltmək olmaz.
Xudu Məmmədov

Eynşteynin Nyuton barədə maraqlı bir fikri var: "Nyutonu bir şairlə müqayisə etmək olar. Onun şeirləri o qədər zərifdir ki, onları ancaq yeni bir dillə yazmaq mümkündür. Elə bir dil ki, onu yalnız şairin özü yaratmalıdır".

Xudu Məmmədov da şair olmamasına rəğmən, bu dili yaradan insanlarımızdan biridir.

Eynşteynin pul və alim mövzusunda da müdrik bir qənaətini xatırlayıram: "Siz İsa peyğəmbəri pul kisəsi ilə təsəvvür edə bilirsinizmi? Mən təsəvvür edə bilmirəm".

Xudu Məmmədovu da elə həmin miqyasda - pul kisəsi ilə təsəvvür etmək mümkün deyil.

Bir daha Eynşteyn. Dahi fizik özünü belə bəyan edir: "Mən bu dünyada Tanrının ən aciz, əlsiz-ayaqsız bəndəsiyəm. Mənim üçün ən qorxunc şey "Mən isbat etdim" deməkdir..."

Xudu Məmmədov da "Mən isbat etdim" sözünü sona qədər dilinə ala bilmədi, "yaxşı söz eşitmək öz-özlüyündə pis keyfiyyət deyil. Onun yaxşı və ya pisliyi nə üçün lazım olduğundan sonra başlanır". Xudu Məmmədov özünün mütəvaze təbiətinə təslim oldu, amma buna rəğmən, elmin dünya miqyasında vacib həqiqətlərini də isbatlaya bildi. Yaxşı sözlər isə hələ çox gənc yaşlarında uzaqlardan eşidilmişdi. Con Bernal Xudu Məmmədovu "həyatımı həsr etdiyim suala cavab taparaq cansız aləmlə canlılar arasında körpü salmış alim" - deyə etiraf edirdi. "Xudu Məmmədovun araşdırması laboratoriyadakı tədqiqatım üçün böyük əhəmiyyətə malikdir. Problem çox çətin problemdir. İngiltərədə və başqa ölkələrdə olan bir çox kristalloqraflar bu problemi həll etməkdə aciz qalmışdır. Buna görə də cənab Məmmədovu təbrik etmək lazımdır". London Unisersitetinin professoru, Elmi Texniki İnqilab nəzəriyyəsinin banisi Con Bernal Xudu Məmmədov barədə belə  düşünürdü.

Atomların kristalda sıx yerləşməsi təliminin müəllifi, struktural kristalloqrafiyanın banilərindən akademik Nikolay Belov isə "Azərbaycan mədəniyyətini və tarixini inkişaf etdirmək ideyası ilə yaşayan Xudu Məmmədov geniş mənada böyük kimyaçı mineroloq, kristallokimyaçı Vernadskinin davamçısıdır. Etiraf edirəm ki, elmdə Xuduya öyrətdiyimi bir pay hesab etsəm, Xududan öyrəndiyim iki  bütöv  paydan artıqdır" - deyir.

Yaxud kimyaçı professor Yevgeni Makarova görə: "mübaliğəsiz demək olar ki, Con Bernaldan sonra Məmmədov sementlərin kristallokimyası sahəsində dünya lideridir".

Xudu Məmmədov Londonda, Kembricdə, Qlazqoda, Aberdində öz elmi qənaətlərini dünya alimləri ilə, özü də ingiliscə bölüşdü. Bernalla, professor Tilleylə həmsöhbət oldu.

Xudu Məmmədov sonsuzluğa, əbədiyyətə, ahəngə və simmetriyaya tapınan romantik mədəniyyət dövrümüzün son elçilərindən biriydi.

Onun ilham qaynağına çevrilmiş Niderland rəssamı Eşerin fantastik realizmi Xudu Məmmədovla bağlı qənaətlərimizi dəqiqləşdirmək üçün daha başqa nəsnələrdən xəbər verir. Yetmişinci illərin sonunda Polşada Kristalloqrafların Beynəlxalq Qurultayının xitabət kürsüsündə Azərbaycan alimi Xudu Məmmədov XX yüzillikdə yaşayıb-yaratmış və elə öz dövründəcə  - XX yüzildə  unudulmuş Eşerin üslubu barədə söhbət açırdı. Maurits Eşerin "Uçan quşlar"ı ötüb keçmiş zamanın itik fəzasından Xudu Məmmədovun laboratoriyasına "qonur"du.

Rəssam Eşerlə kristalloqraf Xudu Məmmədovun görünən aləmə baxışları bir-birini elə sonsuzluğun ritmində tamamlayıb təsdiq edirdi.

Xudu Məmmədova görə, zərrədə bütöv, bütövdə zərrə bir-birini təqib etməkdə və tamamlamaqdadır. Amma bütün bu tamamlamaların, ardıcıl təsdiqin və vəhdətin sonu yoxdur. Çünki yenə əvvələ qayıdaraq böyük alimin özünə istinad etsək: "Pislərin birliyi bir nöqtədə olduğu halda yaxşıların birliyi bütün nöqtələrdədir". "Uçan quşlar"ın fiqur və fonunda, yaxşıda və yenə də yaxşıda sonsuzluğun ritmi kodlaşır. Axı "gen də sanki almaz qəfəsi kimi son dərəcə sahmanlı, koda uyğun şəkildə təşkil olunmuşdur... Ətraf aləm də kristallarla örtülmüşdür... və kristalların fərqləndirici xüsusiyyəti quruluş, quruluşun isə başlıca əlaməti simmetriyadır".

...Xudu Məmmədovun şeirlərini oxuyub düşünürəm, Nyuton da şeirlər yazıb... Ədəbiyyat tarixinə "Alisa möcüzələr diyarında" əsəri ilə daxil olan Luis Kerol Oksford Universitetinin riyaziyyat professoru olub. Kibernetikanın banisi professor Norbert Viner həm də romançıydı... Sözün, rəsmin, vollastenitin, rodonitin sirrini eyni şövqlə oxuyan böyük müasirimizin də yolu bəzən ədəbiyyatla kəsişir və "Məhdudiyyət kəşfin anasıdır" - deyən Xudu Məmmədov məhdud sözlərlə böyük kəşflər - bayatılar yaradırdı:

Bu qala bizim qala,

Qaldıqca bizim qala.

Qurmadım özüm qalam,                              

Qurdum ki, izim qala.

 

Əlim köməyim olsun,

Elim köməyim olsun.

Elimə yük olarsam

Ölüm köməyim olsun.

 

Söyüdə barsız demə,

Təklərə yarsız demə.

Dərdə acı güldülər

Gülənə arsız demə.

 

Qəlbim sənə əsirdir.

Həsrətinə qəsrdir.

Səninlə də sənsizəm,

Bu nə hikmət, nə sirdir!..

Bunlar sentimental ovqatın doğurduğu misralardan daha çox böyük bir alimin elmi məntiqinin doğurduğu poetik kəşflərdir. Deyirdi ki, "Forma məhduddursa, fikir sıxılır, yığcamlaşır, büllurlaşır. Dərinlik burdan gəlir". Bəli, bütün bunları bir daha təsdiq etmək üçün Xudu Məmmədov bayatı üslubunda şeirlər yazır, Eşer üslubunda rəsmlər çəkirdi.

Bütün sənət və elm böyükləri kimi Xudu Məmmədov da ahəngə, simmetriyaya, minerallardakı harmoniyiya şövqlü, ehtiraslı bir bağlanışla cəzb olunmuşdu. İntuitiv assosiasiyalar, ilahi estetikalar və ecazlar Xudu Məmmədov dühasının şəxsində öz elmi modelini təklif edirdi. Onu yalnız ilahi ahəng duyğulandırırdı. Bu məqamda yadıma Ferenç Listin sözləri düşür: "Şopen ahəngin saf dahisidir". Xudu Məmmədov da ahəngin saf dahisiydi. Nobel mükafatı laureatı Əbdüssalam da onun kimi düşünürdü. Hər ikisi kainatın gözəllik, simmetriya, ahəng və intizam içərisində, qarğaşaya yer verilmədən Allah tərəfindən yaradıldığına inanırdı.  

Xudu Məmmədovun da zaman-zaman tapındığı, sevdiyi, təəssübünü çəkdiyi QAYDA, yaxud təbiətin harmoniyası AHƏNG-in mövcudluğundan yaranmışdı. Xudu Məmmədov dəqiq təyin etmişdi ki: "qaydaya qarşı əkslik kimi qaydasızlıq, xaos - dağınıqlıq qoyulur". İşığı, Sevgini və Yaxşını eyni anlamda dərk edən böyük alim "yaxşı fon deyilsə də, işıq kimi nəzəri cəlb edir. Onlar fona nisbətən çox-çox kiçik olsalar da, insanlığı arxalarınca aparan işıqlardır və onlarda güclənmək xassəsi vardır. Onlar öz azlığı ilə üstün gəlirlər... Səbəbi çox sadədir. Pislərin birliyi bir nöqtədədirsə, yaxşıların birliyi bütün nöqtələrdədir... Pis yaxşıya əks olduğu qədər də pisə əksdir. Beləliklə, istər fərdi aləmdə, istərsə də cəmiyyətdə qorxulu  yaxşının, məhəbbətin azlığı deyil, onların yoxluğudur" - deyirdi.

Və nə qəribədir ki, əvvəllər sadə bir alim həyəcanının ifadəsi kimi səslənmiş bu fikirlər, sonradan Xudu Məmmədovun daha yeni və milli mədəniyyətimiz, mənəviyyatımız üçün hədsiz dərəcədə müasir bir əhəmiyyətə malik olan elmi kəşflərinin predmetinə çevrildi. Onun laboratoriyasına kristallarla birgə musiqi elementləri də daxil oldu və Xudu Məmmədov musiqinin, səslərin təsvirini, fiqur-fon prinsipləri əsasında kəşf etdi. Şeiri "sözləşmiş musiqi" adlandıran mütəfəkkir ömrünün nəhayətində musiqini səsləşmiş təsvir kimi araşdırmağa, özünün ifadəsi ilə deyilərsə, notların "kardioqrammasını" çıxarmağa başlamışdı. Yaxud musiqinin nəbzini müəyyənləşdirir, səsin rəsmini yaradırdı... Elmdəki bu  meyil Azərbaycanda və dünyada öz dərin sirləri ilə sükuta dalmış nə qədər fəlsəfi və mənəvi örnəkləri "danışdıra" bilərdi... 

Xudu Məmmədov "Baharın ardınca" əsərində köçəri mədəniyyətinin böyük ruhunu tədqiq və təsdiq edir, türk köçəriliyini təbiətə istinad edən bir hadisə olaraq dəyərləndirirdi. Haqlıydı ki, türk sənəti öz mahiyyəti etibarı ilə təbiətlə əlaqədardır.

Xudu Məmmədovun elmi dünyagörüşünün formalaşmasında Qaranlıq dərəsindəki kristallardan tutmuş nar çiçəklərinə, qədim ustanın əli ilə tikilmiş memarlıq abidələrinə, Füzuliyə, Muğama, xalçalara qədər bir çox mənəvi və fiziki varlarımız (və varlığımız) iştirak etmişdi: "Bizim yaylaqda Qaranlıq adlanan böyük bir dərə var.  Günlərlə o dərənin üstünü formasız və cansıxıcı  rəngi olan bulud örtür. Bütün rənglər, bütün formalar bir-birinə qarışıb insanı mürgüləməyə vadar edir. Belə vaxtlar dərə heyvan  (qaramal)  və dünyanın mənasını, möhkəm yedikdən sonra, doyunca yatmaqda görən  adamlar üçün bir cənnət olurdu. Ancaq elə saatlar da olurdu ki, Qaranlıq dərəsi Nur dərəsi ilə əvəz olunurdu. Buludlar parçalanıb qəribə formalar alır və dərənin döşlərinə  yenib qayaları, çəmənlikləri nəvazişlə sığallayıb uzaqlarda gözdən itirdilər. Doğrudan da, dünyanın hər bir balaca və diqqəti cəlb etməyən hissəsi qəribəliklər və valehedici gözəlliklərlə doludur. Ancaq bütün bunları görmək üçün özünə münasib işıqlandırmaq lazımdır. Təbiətin kefi gələndə Qaranlıq dərəsini  elə işıqlandırırdı ki, mən o anların həsrəti ilə günlərlə hamı ilə birlikdə mürgüləməyə razılaşırdım". 

... Gecəni sübh edib yazdığım bu yazıya nöqtə qoymaq istəyirəm. Amma əlçatmaz olan keçmişin doğurduğu nostalji duyğular  sökülməkdə olan dan yerinin işığında aydınlaşan həyətimizi mənim gözlərimə bir qədər başqa cür göründürür. Gecənin və keçmişin belə ikonik təsnifatı xəyallarımı çox-çox ötüb keçmiş zamanlara aparır. Maqnitofon lentinin çərxi hərəkətə gəlir və mən 1969-cu ildə indi artıq xəyallarıma bir ruh bağçası kimi gələn həyətimizdə lentə alınmış səsə diqqət kəsilirəm:

"İnsan ziyarətgah yaradan olsa, onu Salyanda da yaradar, Qarabağda da... O ziyarətgah yaratmaq arzusu ki var, demək ki, Allah bizi yox etməmək məqsədi ilə qoyub qəlbimizə..."

Bu, Xudu Məmmədovun səsidir. 1969-cu ilin 10 sentyabrından lentə qısılıb qalıb. Qeybin sədası kimi...