“Şiniyyə” qəsidəsində irfani terminlər - Sayman Aruz

Qəsidənin mənasında edilən təhriflər

Birinci hissə

   Xaqani Şirvani və bu kimi klassik şair-ariflərimiz bizim milli sərvətimizdilər. Bu milli sərvətləri doğru bir şəkildə qorumaq bizim hər birimizin elə milli borcudur. Yalnış tərcümələrin ədəbiyyatımıza çökdürdüyü irfansızlıq kölgəsi demək olar ki, üzü Nizami və Xaqanidən tutmuş bütün klassiklərimizi öz cənginə almışıdr. Ona görə də məsələn Xaqani kimi dühalarımızın şeirlərinə olan tərcümə əsərin orjinalı ilə bir çox hallarda hətta ziddiyyət də təşkil edir. Bundan xəbərsiz olan kütlə və ədəbi ictimaiyyət isə bu yol ilə irəliləməyə başlayır.

 Bir neçə ay bundan öncə Xaqaninin "Şiniyyə" qəsidəsi haqda “Ədəbiyyat qəzeti”ndə sisilə yazılarım dərc olundu. Məndən öncə tərcümə edənlərin tərcümələrində bəzi güclü və zəif məqamların şahidi oldum. Fars və ərəb dillərini mükəmməl bildiyimə görə, əsəri Azərbaycan dilinə olunan tərcümələrdən deyil, məhz orijinaldan oxumağa başladım. Bir çox hallarda müəllif, yəni Xaqaninin ümumiyyətlə məfkurəsi bir növ təhrif olmuş, əsərdə işlənən irfani terminlərin böyük əksəriyyəti bir kənara qoyulmuşdur. Ancaq mənim bu haqlı olan əsaslı və elmi yanaşmama məntiq və etikadan kənar müəyyən qeyri-elmi etirazlarla qarşılaşdım. Ona görə də özümə borc bildim ki, oxucu və Xaqani ədəbiyyatı ilə maraqlananlara bəzi həqiqətlər aşikar olsun deyə, tərcümələrdə bilmədən verilən yalnışlıqlar barəsində silsilə araşdırmalarla çıxış edim.

Klassik ədəbiyyatda işlənən irfani terminlər haqda oxucu və şairlərimizin məlumatsız olduğunun şahidi olurdum. Hansı ki, bu terminləri bilmədən başda Xaqani olmaq şərtilə heç bir klassikimizin nə dediyini anlaya bilmərik. Ona görə ki, bu terminlər açar sözlər kimi şair-ariflərin müxtəlif səbəblərdən üzdə deyə bilmədiklərini sətiraltı və alt qatda açmağa, dərk etməyə kömək edir. Eyni zamanda, ədəbiyyatımızın şərq irfanı əsasında formalaşdığını nəzərə alsaq, bu irfan terminləri olmadan, məna və dərk olunmadan heç bir klassik şairimizin şeirini doğru və dürüst fəhm edə bilmərik. Məsələn, ədəbiyyatda çox rast gəldiyimiz “qədəh”, “mey” və bu kimi irfani terminləri sadəcə mey və qədəh kimi deyil, “hər salikin öz istedadı” və “eşq” kimi başa düşməsək, oxuduğumuz həmin şeiri qətiyyən fəhm edə bilmərik. Rəhmətlik şəqrşünas alimimiz Mübariz Əlizadəni şəxsən böyük bir tərcüməçi-alim hesab etdiyim üçün ilk elə onun tərcümələrinə baş çəkir, heç bir haşiyəyə çıxmadan əsas məsələyə keçir, əsərin (“Şiniyyə” qəsidəsi) orijinalı və tərcümənin müqayisə edilməsinə başlayır, şərhi isə oxucuların özünə  buraxıram: 

Birinci beytin orijinalı:

دل من پیر تعلیم است و من طفل زبان دانش

دم تسلیم سر عشر و سر زانو دبستانش

Dele mən piri təlim əsto mən tefle zəbandanəş

Dəme təslime sər, əşro, səre zanu dəbestanəş.

M.M.Əlizadənin tərcüməsi:

Mənim könlüm müəllimdir, dizim üstə dəbistanı,

O şagirdəm ki, öyrəndim, sükut ilə əlifbanı.

Əslində, Xaqani necə tərcümə olmalı idi:

“Mənim ürəyim təlim  piri və mən onun dil bilən (dərk edən) körpə (tifil) uşağıyam.

Başımi təslim etdiyim dəm əşr anı və və dizim üstü onun dəbistanıdır”.

Beytdə istifadə olunan irfa terminləri:

Ürək: İlahi nurun mənbəyi, işraqın baş verdiyi yer

Pir: Mənəvi rəhbər və mürşid. Hansı ki, salik və müridlərdən öncə kamillik yolunu gedib, tey edib.

Tifl: Kudəkiyyə məktəbinə işarətdir.

Dəm: Allahın nəfəsi, ya “nəfsi əlrəhman”.

Təslim:Özünü ilahi qəza və qədərə həsr etmək. Öz ixtiyarından ilahi yolunda imtina etmək.

 Əşr: Pirlər saliklərə Quranın on seçilmiş ayəsini öyrədərdilər. Hansı ki, hər on ayədən sonra onuncu ayənin sonunda qızıldan bir işarə qoyurmuşlar. O on ayəyə ƏŞR deyilirdi.

 Səri zanu (dizin üstü-başı): Bu termin klassik ədəbiyyatda “seyri səri zanu” kimi işlədilmişdir. Salikin canı və ruhunu kamilliyə götürən yoldur.

 Dəbistan: Pirin dərs verdiyi  və salikin dərs aldığı yer.

-Bu beytdə “pir” və “müəllim” sözünün dəyişdirilməsi, üstəlik “əşr”, “dəm”  və “təslim” terminlərinin bir kənara qoyulması şeiri öz mənasından xeyli uzaqlaşdırmışdır.

İkinci beytin orijinalı:

نه هر زانو دبستان است و هر دم لوح تسلیمش

نه هر دریا صدف دار است و هر نم قطره نیسانش

Nə hər zanu dəbestanəsto hər dəm lohe təsliməş,

Nə hər dərya sədəf dar əsto hər nəmqətre neysanəş.

M.M.Əlizadənin tərcüməsi:

Nə hər dizdən olar məktub, nə hər şagird əzbərxan,

Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı.

Əslində, Xaqani necə tərcümə olunmalı idi:

Nə hər diz məktəb, nə də hər dəm Allaha təslim lövhəsi kimi ola olar.

Nə hər dəryada sədəf var, nə də gördüyün hər damla ilahinin göndərdiyi leysan yağışına aid deyil.

İstifadə olunan terminlər:

Zanu:Həqiqət yolu

Dəbistan: Pirin dərs verdiyi  və salikin dərs aldığı yer.

Lövhi təslim: Yarın (Allah) qarşısında onun vahidliyinə şəhadət verərək cismi ona təslim etmək.

Dərya: Salikin özünə seçdiyi təriq və ya yola deyilir.

Sədəf: Dəryanın (təriqin)sükutunda  özünü “fənafillah”a çatdıran salikə deyilir

Qətre:Salik nəzərdə tutulur

Neysan: Allahın ümumi rəmanlığı nəzərdə tutulur. Ümumi rizq, ruzi.

- Bu beytdə “lövhi təslim” və ilahiyə olan işarətlər kənara qoyularaq “şagird” və “əzbərxan” kimi şeirə aid olmayan sözlər işlədilmişdir.

Üçüncü beytinin orijinalı:

سر زانو دبستانی است چون کشتی نوح آن را

که طوفان جوش درد اوست جودی گرد دامانش

Səre zanu dəbestanist çun kəştiyye Nuh, an ra ke,

Tufan cuşe dərde ust, cudigərde damanəş.

M.M.Əlizadənin tərcüməsi:

Dizim məktəb deyil yalnız, o, Nuhun gəştisi timsal,

Qəmim – Cudi dağı, gözdən axan yaş – Nuh tufanı.

Əslində Xaqani necə tərcümə olunmalı idi:

Dizin üstü elə bir nicat məktəbdir ki, Nuhun gəmisi onun dərdlərinin cuşa gəlməsi ilə qopan tufanlar vasitəsilə ətəyi ətrafında  Cud dağının axtarışındadır. 

İstifadə olunan terminlər:

Nuhun gəmisi: İnsanları bu maddi dünyanın əlindən xilas edən nicat yoludur.

Tufan(tufani Nuh):Allah tərəfindən insan mədəniyyətini yer üzündən silmək üçün göndərilən tufana deyilir.

Cuş: Aşiq insanın özündən büruza verdiyi şövq və zövq dolu halət

Dərd:Yar və ya şəşuqdan aşiqə verilən bir halətdir ki, çoxu zamanlar aşiq bu haləti sevmir, imtina edir.

Cud:Fənafillah(bəqafillaf) və ya nicat mərhələsi

Damən(ətək):Yarın hüzuru.  Məşuqun məktəbi.

-Tərcüməçi bu beytdə terminlərin məna yükünü bilmədiyi üçün gördüyünüz kimi ümumiyyətlə yalnış istiqamətdə tərcümə etmişdir.

Dördüncü beytinin orjinalı:

خود آن کس را که روزی شد دبستان از سر زانو

نه تا کعبش بود جودی و نی تا ساق طوفانش

Xod an kəs ra ke ruzi şod dəbestan əz səre zanu,

Nə ta kəbəş bovəd cudi, və ney ta saq tufanəş.

M.M.Əlizadənin tərcüməsi:

Bu cür insanlara Cudi dağı ancaq topuqdandır,

Dizinə onların çıxmaz su, tufan tutsa dünyanı.

Əslində Xaqani necə tərcümə olunmalı idi:

Dizini dəbistan edən kəs nicat tapmaq üçün nə kəbəyə ehtiyacı olar, nə də Allahın (Məşuqun) tufanı qopsa, su onun topuğuna qədər  çıxar.

İstifadə olunan terminlər:

Dəbistan: Pirin dərs verdiyi  və salikin dərs aldığı yer.

Səri zanu: Bu termin klassik ədəbiyyatda “seyri səri zanu” kimi işlədilmişdir. Salikin canı və ruhunu kamilliyə götürən yoldur.

Kəbə: Kütlənin inandığı Allahın evi. Ariflər insan qəlbini Allahın evi hesab edirlər.

Cud: Nicat zirvəsi. Fənafillah (bəqafillah)

Saq(topuq): Aşağılayıcı termin. Salikin getdiyi yolda ən az ehtiyacı olan vasitə.

Tufan: Allah tərəfindən insan mədəniyyətini yer üzündən silmək üçün göndərilən tufana deyilir. Təbii və ya süni hadisələr

-Bu beytdə “Kəbə”, ”saq”, kimi terminlər kənara qoyularaq qördüyünüz kimi şeirin əsas mənasından tamamilə uzaqlaşılmışdır.

 

Dördüncü beytinin orijinalı:

نه مرد این دبستان است هرگز جنبشی در وی

بهر دم چار طوفان نیست در بنیاد ارکانش

Nə mərde in dəbestan əst hərgez conbeşi dər vey,

Be hər dəm çar tufan nist dər bonyade ərkanəş.

 

M.M.Əlizadənin tərcüməsi:

Deyil bu məktəbə layiq, o kəs ki, dalğası yoxdur,

Onun dörd tufanıyla cuşa gəlməz cismü ərkanı.

 

Əslində Xaqani necə tərcümə olunmalı idi:

Hər dəm(saniyə, an) dörd ünsürun yaratdığı tufanla ərkanının əsasları hərəkətə (cuşa)gəlməyən salik bu dəbistanın mərdi sayıla bilməz.

 

İstifadə olunan terminlər:

Mərd: Pirin rəhbərliyi ilə kamilliyə tərəf gedən salikə deyilir.

Cünbiş: Cism və ruhun hərəkətə gəlməsi. Həqiqətin öyrənməsinə olan meyl.

Dəm: İlahi nəfəs. Feyzi ilahi.

Çar tufan(dörd tufan): dünya və insanı yaradan dörd ünsürə işarə edir.

Bünyad: Xilqət və ya yaranışın kökü.

Ərkan: Əsalar, məqsəd və istəklər.

-Bu beytdə “cünbiş”, “çar tufan”, “dəm”və “mərd” terminləri bir kənara qoyulmuş və məna dəyişdirilmişdir.

 

Beşinci beytinin orijinalı:

دبستان از سر زانوست خاص آن شیر مردی را

که چون سگ در پس زانو نشاند شیر مردانش

Dəbestan əz səre zanust, xas an şirmərdi ra,

Ke çun səg dər pəse zanu neşanəd şirmərdanəş.

 

M.M.Əlizadənin tərcüməsi:

Dizi məktəb olan kəsdə gərək bir hümmət olsun ki,

Önündə it kimi diz çökdürə bilsin o, arslanı.

 

Əslində Xaqani necə tərcümə olunmalı idi:

Dizi dəbistandır o adamın ki, aslan kimi olsa da, diz məktəbinin kənarında “it”(Əshabi Kəhfin itinə işarədir)  kimi aslanların yanında oturur və öyrənir.  

 

İstifadə olunan terminlər:

Dəbistan: Pirin dərs verdiyi  və salikin dərs aldığı yer.

Səri zanu: Bu termin klassik ədəbiyyatda “seyri səri zanu” kimi işlədilmişdir. Salikin canı və ruhunu kamilliyə götürən yoldur.

Şir mərd:Saliki kamil və ya irfan yolunda dəvamlı olan salikə deyilir.

Səg(it):Klassik ifan və ədəbiyyatda səg ya it, Əshabi Kəhfin itinə işarə edilir. Yəni -Əshabi Kəhfin yanında it kimi görünsən də əslində yerin cənnətdir.

Burada pirə hörmətdən söhbət gedir və Əshabi Kəhfin itinə işarət edərək “şir mərd” ya aslan kimi mərd(pir)lərin hüzurunda “it”kimi diz məktəbində oturmağın feyzlərini xatırladır. Sədi ,irazi bu haqda deyir:

“Səgi Əshabi Kəhf ruzi çənd

Peye mərdan gerefto adəm şod”.

Yəni : “Əshabi Kəhfin iti bir neçə gün mərdlərin arxasıca hetdi və özü də bir mərdə, adama çevrildi”.

 

Altıncı beytinin orijinalı:

کسی کز روی سگ‌جانی نشیند در پس زانو

به زانو پیش سگساران نشستن نیست امکانش

Kəsi kəz ruye səgcani neşinəd dər pəse zanu,

Be zanu pişe səgsaran, neşəstən nist emkanəş.

 

M.M.Əlizadənin tərcüməsi:

O insan ki, dözüb dərdə, baş əyməz mərdə, namərdə,

Onu diz çökdürə bilməz, tutan dördəlli dünyanı.

 

Əslində Xaqani necə tərcümə olunmalı idi:

Kimsə “it” kimi “diz məktəbində” otursa it canlı, it xasiyyətlilərin qarşısında diz çökməyə ehtiyacı (imkanı)olmaz.

 

İstifadə olunan terminlər:

Səq cani: Dəvamlılıq, yoldan geri dönməmək. Vəfalı olmaq. Əshabi-Kəhfin iti.

Pəse zanu:Diz məktəbində zahirən ən aşağı yer.

Be zanu:Diz çökmək, dizi yerə qoymaq.

Səqsaran:İt kimilər, it xasiyyətlilər. Avara və dəyərsizlər.

-Bu beytdə də bundan öncəki beyt kimi məna tamamilə əslindən uzaqlaşdırılmış, şeirdə olmayan terminlər, o cümlədən, “dərd”, “dözüm”, “dünya” və s. kimi terminlər şeirə artırılmışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!