M.Ə.Rəsulzadə "İnqilab nəğmələri, yaxud həbsxana şeirləri" - Mühacirət mətbuatı "gizli şeirlər" haqqında - Nəsiman Yaqublunun təqdimatında

 

Sovet Azərbaycanı dövründə mövcud rejimdən narazı ruhlu şeirlər yazılır və nəşr edilmək üçün Türkiyədə fəaliyyət göstərən mühacirət mətbuatı orqanlarına göndərilirdi. 1920-ci illərdə İstanbulda nəşr edilən "Yeni Qafqasiya", "Azəri Türk", "Odlu Yurd" jurnallarında belə nümunələrə rast gəlmək mümkündür. Bu şeirlərlə bağlı M.Ə.Rəsulzadənin "Yeni Qafqasiya" jurnalının 1927-ci ilin 28 mayındakı 17-ci sayında (il:4) maraqlı bir yazısı çap olunub. Həmin məqaləni qısa ixtisarla oxuculara təqdim edirəm.

 

M.Ə.Rəsulzadə

İnqilab nəğmələri, yaxud bsxana şeirləri

 

Təkrara lüzum yoxdur ki, Azərbaycan gəncliyi 28 Mayıs İstiqlal Bəyannaməsinin elan günündən və bilxassə(xüsusilə) bu istiqlalın düçar olduğu məşum fasilədən etibarən hər gün daha ziyadə bir əzim və fədakarlıqla mücadiləyə girişmişdir.

Digər millətlərdə olduğu kimi, Azərbaycanda da qanlı istiqlal yoluna girən gənclikdə böyük bir inqilab ruhu tərbiyə olunur. Bu ruhun nə kimi əlamət və təzahürata malik olduğunu göstərən vəsiqə və vəqalar(hadisələr) ara-sıra "Yeni Qafqasiya" səhifələrinə keçir. Fəqət bu səhifələrdə səbt edə bildiyimiz "səhifələr" hər halda həqiqi həyatı təsvir edə bilməkdən çox uzaqdır. Qanlı "Çeka" idarəsinin qaranlıq vəhşəti altında cərəyan edən mücadilə bütün səfahət və ənənatı ilə yalnız bu zülmət pərdəsinin əbədiyyən Azərbaycan üfüqlərindən qaldırılacağı zaman həqqi ilə təsvir edilə bilir.

Məmahif(bununla birlikdə) cahan tarixində digər misli görülməyən bir zülm və vəhşət idarəsindən bir fürsətini bularaq bizə qədər gələn mütəfərriq(dağınıq) məlumat da milliyyət və istiqlal naminə cərəyan edən şanlı mücadilənin nə kimi bir ruh və iman ilə məşbu(dolmuş, dolu durumda olan) olduğunu göstərməkdədir.

Məmləkətdən aldığımız bir məktub dərununda(içərisində) bizə bəzi şeir parçaları göndərmiş, dərcini rica etmişlərdir. Məktubun bu şeir parçalarına təəllüq(aid olan) edən qismində deyilir ki:

"Bugünkü istiqlal mübarizləri bulunan Azəri gəncliyinin ruhu və həyəcanı haqqında bir fikir verdirə bilmək ümidi ilə həbslər əsnasında "Çeka"da bulunduğumuz sıralarda yazılan bir çox şeir parçalarını sizə göndəriyorum. Göndərdiyim parçalar içərisində qəvaidi ədəbiyyə nöqteyi-nəzərindən pozukları çox isə də, məncə, bunlar şeir deyil, istila idarəsinə qarşı hərimi səmimiyyətdən(möhtərəm) qopan birər fəryaddan ibarətdir və əsl qiymətləri də bundadır. Azərbaycanımızın istiqlaliyyəti uğrunda istilaçı rus bolşeviklərinə qarşı davam etdirdiyimiz mücadilədən doğan bu ədəbiyyatın gələcəkdə mükəmməlləşərək ədəbiyyat tariximizin səhifələrini təzyin(bəzəmək) edəcəyinə heç şübhə edilməsin. Vaxtilə 15-ci Ludviqə qədər fransız ədəbiyyatının bəzəyi olan, Almaniyada alman istixlas(xilasolma,qurtulma) cəmiyyəti tərəfindən fransız istilaçılara qarşı yürüdülən mücadilədən doğan, Lehistanın(Polşanın) ruslarla çarpışmasından qopan inqilab ədəbiyyatı, eyni tarixi saiqlərlə, Azərbaycan ədəbiyyat tarixini də hissəsiz buraxmazdı...".

 

İşbu(bu anlamda) məktuba məlfuf(bükülmüş) parça içərisində "qəvaidi ədəbiyyə"yə uyğun olanları da, olmayanları da vardır. Nitəkim(gerçəkdən) ruh və ifadə etibarı ilə həzin təsiri ifadə edən növhə ilə bərabər, intiqam atəşi ilə coşan həmasətnamələr(cəsarətnamə) də vardır. Bunlardan bir çox parçasını, nümunə olmaq üzrə, aşağıda dərc ediriz:

İştə (budur) məmləkətin əsarət zəncirində əzildiyini görüb də qəlbi qanayan həssas və lirik bir şair ki, "əllərinin bağlılığından" şikayətlə "elləri" çağırır:

 

"Ay ellər"

 

Hanı yaz mövsimi, gülüm, çiçəyim,

Tez düşdü yurduma xəzan, ay ellər!

Mən yaza bilmədim əllərim bağlı,

Yoxmu bir dərdimi yazan, ay ellər!

 

Təəssür və təəllümdən (kədərdən) ağlayan şair "Neylim" deyə anladır və ağlamaqda haqlı olduğunu isbat etmək istiyor:

 

Dedilər ki, cavanlıq gözyaşı sevməz,

Biçarə könlümün dərdi var, neylim!

Çıxmaq istərkən turi dildara

Quldurlar əsamı çaldılar, neylim!

Dərdim çox böyükdür, etməyin sual,

İllərcə yürüdüm, yollarım qumsal,

Buldum sevgilimi, gəldilər dərhal

Cananı əlimdən aldılar, neylim.

Qəlbimə söylədim üsyan et, bağır,

Bulunmayan haqqı imdada çağır.

Baxdım ki, haqqın da vicdanı ağır,

Bu insanlar kimi ruhu kar neylim.

Barı sən gəl dedim, dinləyib bir az,

Ey vəfalı qələm, dərdimi gəl yaz.

Gəldi bir çirkin əl, söylədi olmaz.

Dinləyənlər məni gec duyar, neylim!

Söylə Allah üçün bu damı bir haqq!

Dərdli bir qəlb üçün ağlamaq yasaq!

Bu cansız ölkədə canandan iraq.

Hıçqırıqlar məni boğar, neylim!

 

"Çeka"nın hökmran olduğu məmləkətdə ağlamaq da yasaqdır, yazmaq da. Buraya nəql etdiyimiz yazıların belə sahibləri kəşf edilirsə, cəzaları mühəqqəq ölüm olmasa da, həbs və ya sürgündür.

Bakı "Çeka"sındakı məhbuslardan birisi "Neçin yazmırsan" sualı ilə kəndisinə xitab edən məchul digər birisinə cavab olmaq üzrə "Yazma!" ünvanı ilə bir şey yazmışdır. O parçanı buraya nəql ediriz:

 

Yazma!

 

Görüyorum, qanlı qaranlıqların,

Ölümdən yapdığı qorxunc bir varlıq.

Zülmə baş əydirən alçaqlıqların,

Əlləri gömdüyü dərin məzarlıq.

Qumlarından öksüz qanları sızar.

Mənliyimi gömmək üçün məzarçı,

Qazmada torpağa bir yeni məzar...

Hayqırmaq istədim: "Məzarçı,qazma,

Qazma, yaşıyorum, ölməmişəm, bən!

Qəlbim, qanım sıcaqdır səninkindən,

Ümidim böyükdür, gömülməz, qazma!

Kiçikdir mənimçin aldığın ölçün,

Nafilə yorulma... göy yerə sığmaz!"

Ancaq...

Susdurur səsimi qaranlıqların

Qan köpürən öksürüklü nəfəsi...

Çınladır afaqi bir bayquş səsi,

Acı çığlığilə bağırır: Yazma!..

 

Digər bir məhbus da "Yazma" şairinə böylə muqabələdə bulunur:

Yaz!

 

Üfüqdə duyulan bayquşun səsi,

Qulaqlar çınladar, ruhlar xırpalar.

Qaranlığın qan donduran nəfəsi,

Bəzən bizi belə qorxuya salar.

Əvət söylədiyin alçaq qatillər,

Hər yerdə soxular, hər yeri gəzər.

Dediyin qan tökən, insafsız əllər,

Yıxar, yaxar, boğar, yıxdırar, əzər.

Bəlkə hər şeyi yapar, fəqət o şeytan,

Bir cənnət var, orada bir şey yapamaz,

O cənnət ideal, bəkçisi iman,

İman olan yerdə şeytan yaşamaz!

Od oğullarında ulu iman var,

İmanla şənlənən yaşıl bağçalar

İçinə şeytanlar ayaq basamaz!

Duymaqçün bağçada bülbül səsini,

Dinlərkən bayquşun mənhus nəfəsini,

Bütün varlığımla söylüyürəm: Yaz!..

 

İştə "Qartal" namlı(adlı) müstəari(təxəllüsü) ilə yazan digər bir məhbus ki "Qanlı bəşər"ə meydan oxuyor:

 

Bəsdi, yandırma məni zülmlə ey qanlı bəşər,

Mənə qəlbimdəki kin atəşi, əlbəttə, yetər!

Çox qıcırdatma, sakın leş dağıdan dişlərini!

Çək də o qan qurumuş, kirli olan əllərini,

Çək dedim, xırpalama, bəsdi, yetər kim bu qədər

Dağıdıb parçaladın, köksünü alçaq canavar.

Varamazsın mənim iman yatağı qəlbimə sən,

Bəlkə mən məhv olurum, sarsılmaz vicdanım

Bunu hökm edir mənə, hörmətli Yasam, Quranım:

O böyük Türk elinin oğlu ölər, yeltənməz.

Çeynənir kəndisi, vicdanı onun çeynənməz!

 

Vicdanlarının deyil, vücudlarının çeynəndiyini tərcih edən bu gənclər şəhid düşən arkadaşlarına qibtə ediyorlar. İştə istiqlal yolunda şəhid düşən arkadaşı "Seymur"a yazdığı mərsiyəni "Bay" nami müstəarı ilə imza edən bir gənc atidəki qitə ilə bitirir:

 

"Məzarın başında istiqlal günü,

Yapılacaq azadlığın düyünü.

Dilərəm Tanrıdan mən də o günü,

Olaydım yanında həp yatan, Seymur!".

 

Üslub və ifadələrdən yeni üsul tədris və məktəbin məhsulu olduqları aşikar olan bu gənclər kimi, əski klassik şeir və tərbiyənin təhti təsirində bulunan "ixtiyar" məhbuslar da vardır ki, həyəcanlarında fəlakət arkadaşları gənclərdən heç də geri deyildilər. İştə(budur) bu mücərrəb(sınanmış) mücahid tipini göstərən bir əsər:

 

İllər ilə Çekada qalsam əgər ar deyil,

Çeka ərbabına yalvarmağa razı deyiləm...

Aç gözün, yaxşı tanı, ey vətənin cəlladı,

Deyiləm köhnə xərabə ki, əlinlə söküləm.

Mənim ol mushafi natıq ki, bükülməz vərəqəm.

 

İştə 28 Mayıs Bəyannaməsində mündəriç böyük istiqlal şüarının qüdsiyyət və ülviyyəti yolunda amansız ölümə varıncaya qədər hər türlü işgəncə, iztirab və məhrumiyyətləri sevə-sevə qəbul edən fədakar mücahidlər ki, məfkurənin yalnız əziz və müqəddəs qurbanları olmaqla qalmıyor, eyni zamanda, böyük cidalın ədəbiyyatını da yapıyorlar!

Böylə fədakar və idealist bir nəsil yetişdirən Azərbaycanın təkrar müqəddəs istiqlalına qovuşacağını kim inkar edər?!..

Yaşasın istiqlalçı Azərbaycan Türk gəncliyi! Yaşasın istiqlal!

 

"Yeni Qafqasiya", 28 Mayıs 1927 / 26 zilqədə 1345, il:4, №17, s. 7-9

Red:28 Mayıs 1927 / 26 zilqədə 1345 - 28 Mayıs 1927


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!