Borxesin yazmaq istədiyi kitab - Kənan HACI

Kənan HACI

 

"Borxesin yazmaq istəyəcəyi bir kitab"ı ciddi ədəbiyyatla məşğul olan hər kəs oxumaq istəyər. Xüsusən də bu əsəri Latın Amerikası ədəbiyyatının görkəmli yazıçılarından biri, çilili Roberto Bolanyo yazmışsa, stulunuzu bəri çəkin.

Düşüncələr və iç duyğularla zəngin olan roman varlığı şübhə doğuran gizli ədəbi hərəkatın - visseral realistlərin gündəlik yaşamından bəhs edir. Bir ölkədən digər ölkəyə adlayan Meksika şairlərinin tragikomik macəraları bitib-tükənmək bilmir. Altı yüz otuz səhifəlik roman sənətlə həyatı birləşdirən xətt üzərində qurulub. Bütöv bir ədəbi nəslin zaman çayında axıb getməsi romanda kədərli, eyni zamanda komik dillə nəql edilir.

İnfrarealizm avanqard ədəbiyyat qrupu 1970-ci illərdə Meksikada şair Mario Santyaqo Papaskiaro və Roberto Bolanyo tərəfindən yaradılıb. Bu qrup iki qola ayrılır - visseral modernizm və visseral realizm. İntuitiv realizm kimi də qəbul edilir. Visseral realizmə əsaslanan poeziyanın əsas prinsiplərindən biri müəyyən reallıqlardan ani ayrılmağı ifadə edir.

"Vəhşi xəfiyyələr" səbr və hazırlıq tələb edən əsərdir. Bolanyo gerçəkləri yazır və gerçək olan hər şey ilgincdir. Bohem həyat tərzi keçirən şairlər və şairələr narkotikdən istifadə edirlər, sərbəst cinsi münasibətlərdə olurlar, eyni zamanda təhsil alırlar, ədəbi dərgilər buraxırlar, onlara gərək olan kitabları tapmaq üçün bukinistləri ələk-vələk edirlər.

1975-ci ilin sonuncu günündə visseral realizm hərəkatının qurucuları Arturo Belano və Ulises Lima kreditə götürdükləri avtomobillə Meksikadan ayrılırlar. Onların məqsədi illər öncə Sonora səhrasında müəmmalı şəkildə yoxa çıxmış şair Çezare Tinajeronun izinə düşməkdir. Bu səfərdə müxtəlif insanlarla yolları kəsişir, iyirmi ili əhatə edən, bitib-tükənmək bilməyən sərgüzəştlər bütöv bir nəslin tarixçəsi kimi təqdim olunur. Əsərdə dünyaca ünlü Meksika şairlərinin, o cümlədən Oktavio Pasın da obrazı yaradılıb.     Meksika şeirinin arqumentsiz fanatiklərinin fasiləsiz və nikahsız sevişmələri onların yaradıcılığına da şəhvət odu atır. Dinamizmi ilə heyrətləndirən qara melanxoliya romanın səhifələrinə xoşagəlməz ətir kimi səpələnib. Sanki visseral realistlər intuitiv anların ovuna çıxıblar, həyatı öz axarına buraxmaqla ondan assosiativ mozaika düzəltməyə çalışırlar. "Şüşə qab kimi dibi görünən dünya"da bütün fanilərin ortaq gələcəyi eynidir: yaşamağa bir yer tapmaq və yaşamaq üçün nə iş olur-olsun, işləmək.

Fəsillərin əksəriyyətinin son cümləsi bu cür bitir:

"Komediya kimi başlayan hər şey qorxu filminə çevrilərək sona çatır".

"Komediya kimi başlayan hər şey sonda faciə ilə bitir".

"Komediya kimi başlayan hər şey boşluqda cənazə duası kimi sona çatır".

Bu tragikomik situasiya əsərin sonunadək davam edir. Burada yüksələn spiral prinsipi işə düşür. Şeir yazan bu avaralar üçün ayrılıq faciə deyil, sevgi sinergetik xüsusiyyətə malikdir. Bitdiyi yerdən yenisi cücərir, bir sevginin külündən yeni sevginin odu közərir. Müəllif də komediyanı faciəyə çevirməməyə cidd-cəhdlə çalışır: "Onsuz da bu işi həyat öz öhdəsinə götürüb".

Dəyişkən, dayanıqsız münasibətlər Meksika şairlərinin bohem həyatının bəzəyidir. Bu əsəri visseral realizmin manifesti, yaxud Meksika şairlərinin ensiklopediyası da adlandırmaq olar. Kitabda xeyli sayda Meksika, Argentina, Uruqvay şairlərinin adları sadalanır. Hansı ki, bu şairlər yaşadıqları dövrə öz damğasını vurmuş ədəbi fiqurlardır. Onlar antik düşüncəyə yeni forma və məzmun qazandırmağa çalışırlar. Bu retropiya infrarealistlərin timsalında Latın Amerikası poeziyasının özünü yeniləməsi prosesi kimi son dərəcə maraqlı düşüncə modudur. 

Bu ədəbi obrazlar öz həyat tərzlərini özləri nəql edirlər. Hər fəslin əvvəlində öz hekayəsini danışan yazarın adı yazılır və təhkiyə birinci şəxsin dilində davam etdirilir. Yazıçı bu metodla şairləri öz dilində danışdırır və onların təhtəlşüuruna enir, yaddaşın zirzəmisində pas atmaqda olan zaman qırıntılarını üzə çıxarır.

Roberto Bolanyo öz ədəbi nəslinin taleyini qələmə alıb. Əsərdə hətta iki şairin duelə çıxması ilə də rastlaşacaqsınız. Onları duelə sürükləyən səbəb haqda yazıçı karnaval estetikasında cümlələr qurmaqla bəhs edir. Bir sözlə, başgicəlləndirici süjet xətti (əslində süjetsizlik) tez-tez oxucunu mütaliəyə fasilə verməyə, düşünməyə məcbur edir. Bəzən gülürsən, bəzən kədərlənirsən; cümlələr sərt küləklər kimi üzünə vurur. Bolanyonun təhkiyəsi çılpaqdır, obrazların güldan kimi içi büsbütün görünür. Hansısa məzarın üzərində sevişməkdən tutmuş, oğurladığı kitablardan kitabxana yaradan şairın macəlararına qədər nəfəskəsici süjet xətti mütaliə boyu oxucuya rəngarəng hisslər yaşadır. Gülüş doğuran məqamlardan biri: "Sən demə, mən Rosario ilə yataqda ikən Meksika poeziyasında çatlar yaranıbmış".

Burada visseral realizmdə "təmizlik" işləri aparan gənc şairlər hər hoqqadan çıxırlar. Gündüz Berrouzun, Kortasarın, Borxesin əsərlərini oxuyub axşam barda sərxoş olunca içib gecəni sevişən şairlər gerçəkləşməyən fantaziyalarını da şeirə yükləyirdilər. Meksika şeirinin ən nikbin şairi Amado Nervonun aşağıda misal gətirdiyim şeiri, məncə, visseral realistlərin yaşam tərzini, həyat məramını dəqiq ifadə edir. Romanda bu şeir yoxdur, lakin həyatı sevən bu gənclər məhz bu şeirdəki kimi həyatdan zərrə qədər də küsmədiyi, sadəcə, yaşamın dadını çıxardığı üçün düşünürsən ki, visseralizmin şeiri məhz elə bu cür olmalıdır:

 

Öz qürubuma doğru səni uğurlayıram, həyat,

Çünki sən mənə heç zaman boş ümidlər, ədalətsizliklər,

Haqq etmədiyim üzüntülər yaşatmadın.

Çünki enişli-yoxuşlu yolların sonunda gördüm ki,

Öz taleyimin memarı mən özüm idim.

Və şeylərin içindəki dadı və acını üzə çıxardımsa da,

Bu, onları oraya mən özüm qoyduğum üçün idi:

Gül ağacı əkdimsə də, açan hər zaman güllər oldu.

...Əlbəttə, gəncliyin ardınca qış gələcək,

Amma sən zatən, mayın sonsuzluğadək davam edəcəyini

söyləməmişdin!

Şübhəsiz, acılarla dolu uzun gecələrim oldu,

Amma sən mənə sadəcə, xoşbəxt gecələr vəd etmişdin.

Və qarşılığında huzur dolu gecələrim oldu...

Sevdim, sevildim, günəş üzümü oxşadı.

Ey həyat, sən mənə borclu deyilsən! Həyat, biz küsülü deyilik!

 

(Tərcümə müəllifə məxsusdur)

 

"Vəhşi xəfiyyələr" xüsusi ab-havası olan, dərin hissiyyatla yazılmış əsərdir. Hər bir xalqın ədəbi nəslinin taleyini özündə əks etdirən bu tipli əsərlər mütləq yazılmalıdır. Zaman ötdükcə bu cür əsərlər tarixilik statusu qazanır. Roman boyu Bolanyonun ədəbiyyat, poeziya haqqında kifayət qədər maraqlı fikirləri də (obrazların dilindən) səhifələrə səpələnib. Bir neçə iqtibas gətirirəm:

"Müxtəlif mədəniyyətlərə yaxın olmaqçün yazı üçün səyahət etməkdən gözəl bir şey ola bilməz. Bu, eyni zamanda hissləri tərbiyə etməyə də kömək edir".

"Həyat qısa, ədəbiyyat əbədi, fürsət ötüb-keçən, eksperiment xain, mühakimə isə çətindir".

"Tənqid bir müddət əsəri müşayiət edir, sonra yox olur və bu dəfə əsəri oxucular müşayiət edir. Sonra oxucular da bir-bir ölür və əsər təkbaşına yoluna davam edir. Elə bu vaxt yoluna başqa tənqidçilər və oxucular çıxır. Sonra bu tənqidçilər və oxucular da dünyadan köçür. Əsər bu sümük yığınının üzərindən keçərək tənhalıqlara doğru səfərini davam etdirir. Əsərə yaxınlaşmaq, gəmini onun işığında idarə etmək birmənalı şəkildə ölümün yanılmaz işarəsidir. Halbuki başqa tənqidçilər və oxucular dayanmadan əsərə yaxınlaşırlar, zaman isə sürətlə onları udur. Komediya kimi başlayan hər şey faciə kimi sona çatır".

"Ədəbiyyat dünyası bir cəngəllikdir" - deyir Bolanyo. Və fasiləsiz olaraq yazır, özünü bu cəngəlliyin dərinliklərinə doğru sürükləyir. Onun bu romanında digər əsərlərinin də mövzuları fraqmentlər halında gözə dəyir. Məsələn, "Çili noktürnü" romanının qəhrəmanları da keşiş, ədəbi tənqidçi və şairdir. Tənqidçinin qeydlərinə nəzər salaq:

"Gəlin yenidən qədim Yunan və Roma ədəbiyyatını oxuyaq. Provans ədəbiyyatını və dolce stil novo-nı (Orta əsrlər italyan şeiri cərəyanı) oxuyaq, dünya klassiklərini oxuyaq. Uitmeni, Paundu, Eliotu, Nerudanı, Borxesi, Valyexonu, Viktor Hüqonu, Tolstoyu oxuyaq. Bütün müqəddəslər naminə! Bu cavabsız qalan haray mənim çağırışım idi. Həyat isə düyüdən hazırlanmış boyunbağı kimi davam edirdi".  

Bu roman informasiya bolluğu və ədəbi mühiti əks etdirmək baxımından mənə ispan yazıçısı Enrike Vila Matasın "Bartlibi və çevrəsi" romanını xatırlatdı. Latın Amerikası şairlərinin adlarıyla zəngin olan kitab oxucuya zəngin məlumatlar ötürür. Yazıçının məqsədi həm də budur: öz nəsildaşlarını bütün dünyaya tanıtmaq.

Sonda Arturo Belano və Ulises Lima Sonora səhrasında müəmmalı şəkildə yoxa çıxmış şair Çezare Tinajeronu tapa biləcəklərmi? Özləri də yoxluqlarda əriyib itməyəcəklər ki? Səbr edənlər muradına yetər. Altı yüz otuz səhifəlik səbriniz varsa, bunu biləcəksiniz.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!