Türkiyə və Azərbaycanın birlik rəmzi - əkilən çinar ağacları, yenidən doğulan Qarabağ - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Qurmaq, yaratmaq türkün fitrətindədir. Türk fatehləri öz kimliklərini istər hərb meydanında göstəriblər, istərsə də mədəniyyət adına gerçəkləşdirdikləri abidələr sırası ilə. Bu gün Qarabağda atılan hər addım, Qubadlıda, Zəngilanda, Füzulidə, Şuşada görülən işlər anbaan böyüyən, artan, dirçələn gücün nümunəsi olaraq tarixi yada salmaqda, əcdadımızın ruhuna layiq davam tapmaqdadır. Bu davam həmçinin iki türk dövlətinin - Azərbaycan və Türkiyənin birliyi, qardaşlığı, dostluğu timsalında da təkrarlanır və dünyanı heyrətdə qoyan münasibət statusu alır. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, "bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib".

Bu yerdə bir məqama vurğu salmadan ötə bilmirəm. Zəngilanda "Dost Aqropark"ın təməlqoyma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ali Baş Komandan İlham Əliyevin birlikdə əkdikləri çinar ağacına! Ağac yaddaşdır, ağac dirilikdir, dirçəlişin rəmzidir. Ağac yuvadır, güvəncdir, insan həniri ilə başını göylərə dayamış qaladır. Millətin varlığına, mərhəmətinə, sülh diləyinə işarədir. İçindəki qurmaq, yaratmaq şövqünün nişanəsidir. O şey ki, ermənilər bundan məhrum olublar. Onların talan edib viranə qoyduqları məkanlar torpağın öz doğma övladlarının əli ilə canlanır, cücərir, yaşıllanır indi. Həmin təməlqoyma mərasimində əkilən çinar ağacı, bu monolit lövhə mənə istiqlal şairimiz Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirinin iki misrasını xatırlatdı:

 

Bir ağacın iki qolu

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Bəli, bu gün onlar bir ağacın iki qolu kimi görünürlər - əzmli, rəşadətli, bütün müstəvilərdə qalib gəlmiş ölkə başçıları. Əlbəttə ki, Azərbaycan-Türkiyə birliyi dünyaya dostluq, qardaşlıq adına  örnək olmaqda, müzəffər liderliyin növbəti əməli ifadəsini sərgiləməkdədir. Bu münasibət həmçinin dünyada qlobal zor stixiyasının hökmfərma olduğu indiki zamanda dostluğu, qardaşlığı meyara çevirən bir siyasi gücün varlığının təminatçısıdır. İndi bu güc Qarabağı cənnətə, gülüstana çevrmək üçün bir yerdədir.

Düşmən işğal etdiyi ərazilərimizi 30 ilə yaxın zaman kəsimində xarabaya çevirməklə məşğul oldu. Bir dəfə yazmışdım, heç Eşq olan ürəkdə viranəliyə yer olarmı? Olmaz! Necə ki, Ali Baş Komandan bütün varlığına hopmuş sevinc duyğusu ilə öz Eşqini bu torpağın hər qarışına sığal çəkərək bəyan etməkdədir. "Torpağı əkib beçərmədinsə, onu qorumağa dəyməz"! Minillərin o tayından gələn bu hikməti doğma Qarabağımızı dirçəltməklə daha dərindən hiss edirik. Bir də türk fatehliyinin mənəvi mehrab ola bilmək amalını görəndə. Rəcəb Tayyib Ərdoğanın bəyanatı sübut etdi ki, türk lideri ayırıcı deyil, birləşdirici yolun tərəfdarıdır, ədavətin deyil, sülhün elçisidir. Buna sübut üçün Türkiyə ölkə başçısının Hz. Mövlanənin "Sən də gəl..." çağırışı üstə köklənmiş və eyni missiyanı hədəf alan fikirlərini nümunə gətirmək kifayətdir: "Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir".

Bir mühüm məqamı da qeyd etmək yerinə düşər. 44 günlük müharibədən sonra yaşadığımız Zəfər təntənəsi günlərində Ali Baş Komandan daxil olduğumuz yeni təqvimi "Nizami ili" adlandırdı. Bununla savaş günlərində erməni xainliyinin bütün iyrəncliyini canında yaşamağa vadar olmuş yaralı Gəncəmizə diqqət və həssaslığını ərz etməklə bərabər,  dünyaya Nizami xalqı, Nizami milləti olaraq üz tutmağımızın mesajı kimi dürüst mövqe sərgilədi. Qarabağ yaddaş körpüsü idi. Qan yaddaşımız oyanmış, zamanlar, əsrlər bir-biri ilə rabitədə bütövlənmişdilər. İndi də  qələbənin bir illiyini qeyd etdiyimiz bu günlərdə Beynəlxalq Hava limanının Füzulidə inşa edilməsi və iki türk ölkəsi prezidentinin məhz bu torpaqda bir araya gəlməsi düşündürməyə bilmədi. Füzuli bütün türk dünyasının könül şairi sayılır. Bəlkə ona görə ki, "bütün türk şairlərinin babası" sayılan Füzuli öz poeziyası ilə yalnız din yolunda deyil, insanın mənəvi və cismani köləliyə qarşı üsyanının, məslək və etiqad uğrunda mübarizəsinin təməlində durur:

 

Zillət ilə ləzzəti olmaz həyatın, dustilər,

Nəğdi-can sərf eyləyib,

            dünyadan kam almaq gərək!

İcz ilə dönmək ədudən səhlidir, himmət dutub,

Ya şəhid olmaq gərək,

            ya intiqam almaq gərək!

 

44 günlük savaş mübarizəmiz şəhidliyi bədii-metaforik rəmzə çevirən Məhəmməd Füzulinin - orta əsr sufi şairinin düşüncə mənalılığının fərqli epoxada, fəqət eyni ahəng və çalarda xalqın milli-mənəvi həyatındakı xidmətinin davamı idi. İndi, yaradıcı ruhu daim göylərdə pərvaz edən böyük şairin adını daşıyan torpaqda məhz Beynəlxalq Hava Limanının lentinin kəsilməsi və müzəffər uçuşların əsasının qoyulması bəlkə də layiq olduğu adın haqqının verilməsidir.

"Əziz Şuşa, sən azadsan"!

"Əziz Şuşa, biz səni dirçəldəcəyik"!

Ali Baş Komandanın Şuşanın fəth edildiyi günlərdə səsləndirdiyi bu fikirlər hər azad olunan torpağa münasibətdə refren kimi təkrarlanmaqdır. Bu fikrin əməli ifadəsi iki ölkə başçısının iştirakı ilə elə Şuşada imzalanan "Şuşa Bəyannaməsi" ilə başlamışdır. Bunu ötən gün öz bəyanatında ölkə başçısı İlham Əliyev də qeyd etdi: "Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır".

Bir il ərzində həyata keçirilən işlər - yolların salınması, tunellərin tikilməsi, infrastruktur layihələrinin gerçəkləşdirilməsi bu müttəfiqliyin meydana qoyduğu gözəl sonuclar oldu. Səkkiz aya inşa olunan Beynəlxalq Hava Limanı isə iki qardaş ölkənin gücü kimi mənalana bilər. Biz qələbənin bir illiyini yalnız azad olunmuş yox, həm də dirçəldilmiş Qarabağın gücü ilə qarşılayırıq. "Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur".

Hər açılış mərasimi yeni təməlqoyma mərasimlərinə vəsilə olur. Açılış lentini kəsən iki güclü əl birləşib həm də yeni quruculuq proseslərinin təməlini qoyur: Zəngilan rayonunda "Dost Aqropark"ın təməlinin qoyulması, birinci özəl sərmayə layihəsi, böyük avtomobil və dəmir yolunun inşasına başlanılması və s.

Bir də əkilən çinarlar...

Qarabağ azadlığın və dirçəlişin astanasıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!