Nizami "Xəmsə"si və Şərq ədəbiyyatı - Mehdi KAZIMOV

Mehdi Kazımov

Professor

 

Nizami Gəncəvinin ictimai fikrin, ədəbiyyatın, Şərq mədəniyyətinin inkişafına təsirinin hədsiz böyüklüyü məlumdur. Nizami söz sənəti meydanında şair nəsillərinə yol göstərmiş, parlaq bədii yaradıcılıq nümunələrinin yaradılmasında onlar üçün ilham qaynağı olmuş, bir çoxları bu qaynaq sayəsində dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr vermişlər.

Nizaminin birbaşa təsiri altında olmuş ədəbiyyat xadimləri arasında Əmir Xosrov, Xacu Kirmani, Əbdürrəhman Cami, Əlişir Nəvai, Fani Kəşmiri və b. kimi korifeylərin adını çəkmək olar. Burada söhbət, faktiki olaraq, tarixdə bütöv bir bədii qat yaratmış və vahid bir prototipə - Nizaminin "Xəmsə"sinə aid olan Nizami məktəbindən gedir.

"Xəmsə"yə nəzirələrin, yaxud poetik "cavab"ların yazılması ənənəsi orta əsrlər  ədəbi sisteminin üzvi tərkib hissəsinə çevrilmişdi və bu dövr ədəbiyyatının daşıdığı xüsusiyyətlərin ifadəsi üçün ən çox seçilən üsul idi.

Nizaminin "Xəmsə"sindəki süjet, motiv və mövzulara həsr olunan əsərlər XIII əsrin sonundan etibarən meydana çıxmağa başladı. İlk dəfə görkəmli hind şairi Əmir Xosrov Dəhləvi uzun şairlər cərgəsindəki birinci yeri tutaraq "Xəmsə"yə beş poemadan ibarət tam "cavab" yazdı. Onun poemaları çoxəsrlik nəzirə ənənəsinin əsasını qoydu və bugünədək nəzirələr arasında ən çox tədqiq olunmuş əsərlərdən sayılır.

XIV əsr nəzirə sahəsində heç də ən məhsuldar dövr olmamışdır. Bu, nəzirə ənənəsinin təşəkkülü ilə izah edilir. Ancaq bu əsrdə sonrakı nəzirə ədəbiyyatının özülü qoyulmuş, XV əsrdə bir çox görkəmli və az tanınan şairlərin hesabına sözügedən sahədə sıçrayış olmuşdur. Nəzirə ənənəsi özünün zirvə nöqtəsinə XVI-XVII əsrlərdə çatmışdır. Məsələn, Nizaminin "Sirlər xəzinəsi" əsərinə yazılmış 70 "cavab"dan 20-si XVI əsrdə, 17-si XVII əsrdə, 7-si də XVI-XVII əsrlərin ərzində qələmə alınmışdır.

Başqa yöndən, "Xəmsə"yə yazılmış nəzirələrin sayı bir neçə maraqlı nəticəyə gəlməyimizə əsas verir. Nizaminin "Yeddi gözəl" əsərinə ən çox nəzirə hind ədəbiyyatında qələmə alınmışdır (bu əsərə yazılmış bütün nəzirələrə nisbətdə). Əslində, bu nəticə qanunauyğundur, belə ki, "Yeddi gözəl" hind oxucusuna çoxdan məlum olan kompozisiya üsulu ilə bənzər cizgilər daşıyır. Söhbət sanskrit dilindəki bir çox nəzm abidəsinin özülünü təşkil edən çərçivə quruluşundan gedir. Sanskrit dilində çərçivəli yazıya alınmış əsər topluları Şərq ədəbiyyatına, eləcə də farsdilli ədəbiyyata böyük təsir göstərmişdir. Misal üçün, Məhəmməd Zahiri Səmərqəndinin "Sindbadnamə", Dəqaiqinin "Bəxtiyarnamə", həmçinin Ziyaəddin Nəxşəbinin "Tutinamə" əsərlərini göstərmək olar. Çərçivəli kompozisiya hind ədəbiyyatında çox yayılmışdı və bu səbəbdən, hind ənənələri əsasında tərbiyə almış müəllif və oxucuları ilk növbədə "Yeddi gözəl" əsərinin cəlb etməsini təbii qarşılamaq lazımdır.

Nəzirə ənənəsi tarixində XV əsr böyük əhəmiyyətə malikdir. Bu dövrdə özünəməxsus yaradıcılığı, parlaq şəxsiyyəti olan şairlər yazıb-yaratmışdır. XV əsrdə Katibi Turşizi öz əsərlərini qələmə almış, görkəmli fars şairi Əbdürrəhman Cami poemalarını yazmış, dahi özbək şairi Əlişir Nəvai özünün "Xəmsə"sini yaratmış, Məktəbi Şirazi Nizaminin "Leyli və Məcnun" poemasına eyni adda ən gözəl bənzətmələrdən birini qələmə almış, tanınmış şair Abdullah Hatifi 4 məşhur poemasından 3-nü yazmışdır.

"Xəmsə" yaradıcısının poetik istedadı çox yüksək dəyərləndirilirdi. Nəzirə qələmə almaq istəyən şairlər dəfələrlə Nizaminin istedadını və heyrətamiz ustalığını təsdiqləyirdilər. Tez-tez şair saraylarında və nüfuzlu şəxslərin evində kimin "Beşliyi"nin daha yaxşı olduğu barədə qızğın mübahisələr olurdu. Məsələn, şahzadələr Baysunqur (öl. 1434) və Uluğ bəy (1447-1449) arasındakı mübahisə getdiyi bizə məlumdur. Baysunqur Əmir Xosrovun şeirlərini daha üstün tuturdu, Uluqbəy isə əksinə, Nizaminin pərəstişkarı idi. Poetik sahədə təşviq edilən və şeir hamiləri tərəfindən dəstəklənən poetik rəqabət ab-havası, şöhrət qazanmaq üçün çalışma, eləcə də xüsusən istedadlı şairlər üçün cəlbedici görünən "Xəmsə"yə, yaxud heç olmasa, onun bir hissəsinə bənzətmə yazmaq kimi çətin bir işdə qələmini sınamaq imkanı nəzirə yaradıcılığının inkişafına təkan verirdi. Yeni-yeni əsərlərin yaranması oxucu zövqü, əsasən poeziya dəyərləndiricilərinin mühafizəkarlığı ilə seçilən müəyyən estetik tələbləri ilə bağlı idi.

Nizaminin "Xəmsə"sini onun ideoloji mövqeyinin kompleks şəkildə ifadəsi kimi qəbul etmək olar. Daha sonralar da "Xəmsə" müəlliflərinin əsərlərində bu xüsusiyyət qorunub saxlanırdı. Silsiləyə daxil olan poemaların müxtəlifliyi həyat gerçəkliyinin əks etdirilməsinə imkan yaradır, təsvir olunan hadisələrin müəllif tərəfindən necə başa düşüldüyünü çatdıra bilirdi. Demək olar ki, "Xəmsə" gerçəkliyin bütün sahələrini əhatə edir və bədii düşüncə tərzinin özünəməxsus bir ifadə forması kimi universal xarakter daşıyırdı.

Nəzirənin ənənəylə bağlılığı inkişafın qarşısını alan bir amil deyildi. O, hər hansı böyük bir itki olmadan müxtəlif məqsədlər üçün yaradıla və istifadə oluna bilərdi. Artıq Əbdi bəyin poemalarında didaktik məqamlarla birlikdə müəllifin ictimai mövqeyi ilə səsləşən şiəliyin mədhi də hiss olunur. Azərbaycan şairi Əşrəf Marağayi və Əbdürrəhman Caminin əsərlərində isə açıq-aydın sufi çalarları vardır.

"Xəmsə"nin universallığı orta əsr yaradıcılıq normaları ilə ziddiyyət təşkil etmirdi. Beş poema, əsas etibarilə, nəzirədə müəyyən forma-məzmun cizgilərinin saxlanmasını təmin edirdi. Ancaq bu universallıq sayəsində müəllif "Xəmsə"dən kənara çıxmadan azad şəkildə yaradıcılıqla məşğul ola, hətta poemaların sırasını dəyişə bilirdi. Ənənələr təkamülə uğradıqca, fərdi müəlliflik başlanğıcı qüvvətləndikcə belə yerdəyişmələr də artırdı. Bundan əlavə, şairlər poemaların sayını da artıra bilərdilər. Məsələn, Cami və Zülali Xansarinin (1615-ci ildə vəfat etmişdir) etdiyi kimi onların sayını yeddiyə çatdıra bilərdilər. Amma bu halda da silsilənin ümumi ideya-tematik birliyinin platforması pozulmurdu və "Yeddilik" yeni ədəbi forma kimi olsa da, "Xəmsə"nin əsas xarakteristikasını saxlayırdı.

"Beşlik" adı altında bir neçə poemanın birləşməsinin özü də silsilənin ədəbi tamlığı kimi dərk olunmasına gətirib çıxarır. Nəzirələrdə kəmiyyət artımına zidd proseslər də gedirdi. Misal üçün, Hatifi və ya Fani Kəşmiri yalnız dörd poemaya nəzirə yazmışlar. Burada nəzərdə tutulmuş sayı bitirməyə imkan verməyən müxtəlif səbəblərlə yanaşı, bir məqamı da qeyd etmək lazımdır ki, şairin "Xəmsə"nin ideya-tematik zənginliyin bütün diapazonuna müraciəti vacib deyildi. Şair onun üçün mühüm olan problematikaya söykənə və onu iki, hətta üç poemada işləyib hazırlaya bilərdi. Məsələn, Fanidə bunlar sufi-didaktik xarakterli məsələlər idi ki, öz əksini onun "Meyxane" ("Şərab evi"), "Məsdər əl-asar" ("Təsirlərin mənbəyi") və "Həft əxtər" ("Yeddi ulduz") əsərlərində tapmışdır.

Əgər Nizaminin "Leyli və Məcnun"a olan nəzirələrə müraciət etsək, görə bilərik ki, süjet əsas məqamlar qorunaraq işlənmişdir. Əmir Xosrov öz poemasına çoxsaylı dəyişikliklər daxil etmişdir, halbuki əsərdə təhkiyənin xarakteri də dəyişilə bilərdi. Əşrəf Marağayinin "Eşqnamə"sində başqa nəzirələrlə müqayisədə hadisələrin emosional çaları qüvvətləndirilmişdir. Poemada qəzəllərlə yanaşı, on məktubun xülasəsi verilmişdir ki, lirik qəhrəmanın surəti vasitəsilə əsərin ideya məzmunu tam şəkildə açılır. "Eşqnamə"də təhkiyə ləng gedir, əlavə hekayələr, aşiqlərin yazışması ilə kəsilir.

Amma Camidə əksinə dinamik şəkildə özünü büruzə verir. Caminin "Leyli və Məcnun"u təkcə Nizaminin poeması əsasında deyil, qədim ərəb rəvayətlərindən də qaynaqlanmışdır ki, Məcnunun Kəriməyə nakam məhəbbəti, şair Kuseyyir ilə söhbətlər, xəlifə ilə görüşlər və s. kimi epizodlar mülahizə yürütməyə imkan verir.

Əlişir Nəvainin Nizaminin "Həft peykər"inə cavab olaraq yazdığı "Səbaye səyyarə" ("Yeddi ulduz") poemasında Bəhramla bağlı süjetdə yürütdüyü düşüncə diqqəti cəlb edir. Nəvai deyir ki, Nizaminin poemasında məhəbbət yoxdur, buna görə də əsərə məhəbbət süjeti daxil etmək yerinə düşər. Bu qeyd o mənada adi əhəmiyyət kəsb edir ki, bütövlükdə müəllifin mövqeyinin açılmasında nəzirənin əsas estetik yönümü ilə uyğun gəlir.

"Xəmsə"nin digər ədəbi mühitdə qəbulu müxtəlif olmuşdur. Bəzi hallarda o qədər interpretasiyaya uğramışdır ki, tanınması çox əhəmiyyətsiz olmuşdur. Bəzilərində isə demək olar ki, prototipin tam mənası ilə izlənməsi baş vermişdir. Məşhur fars şairi Xacu Kirmaninin "Xəmsə"sində az-çox nəzirənin yalnız bir şərti - şeirlərin ölçüsünə riayət olunmuşdur. Yalnız "Rövzətül-ənvar" ("Nurlar bağları") poemasında Nizamini izləyir ki, adının interpretasiyasında, ayrı-ayrı motivlərin kompozisiyasının qorunmasında öz əksini tapmışdır. Onun başqa poemalarında Nizami "Xəmsə"sindən yalnız bəzi epizodlar işlənib hazırlanır.

Davamçı rolunda çıxış edən Xacu silsilədə poemaların dəyişikliyinə yol verir. Cami isə daha sərbəst şəkildə nəzirə qaydalarını qəbul edir. O, silsilədə poemaların qarşılıqlı əlaqəsinə və onun janr sisteminin nizamlığına riayət etsə də, eyni zamanda kəmiyyət göstəricilərinə yenidən baxır və yalnız üç poemasında Nizaminin süjetlərinə müraciət edir: "Töhfətül-əhrar" ("Əsilzadələrin töhfəsi"), "Leyli və Məcnun" və "Xerədname-ye Eskəndəri" ("İskəndərin müdriklik kitabı"). Sonralar Abdullah Hatifinin "Teymurnamə" və Feyzinin "Nal və Damən" poemalarında nəzirə olaraq tamamilə başqa bir süjetdən istifadə olunmuşdur.

Yenilik nöqteyi-nəzərindən "Xəmsə"nin mühüm təqlidçilik xüsusiyyəti kimi onda folklor süjetlərinin istifadəsini araşdırmaq faydalı olardı. Bu, əsasən Nizaminin "Məxzənül-əsrar" və "Həft peykər"inə nəzirələrdə əlavə olunmuş novellalarla bağlıdır ki, maraqlı süjet xətti ilə rastlaşırıq.

Belə ki, Əmir Xosrovun "Həşt beheşt" ("Səkkiz cənnət") əsərinin birinci novellasında ağıllı qardaşların hekayəsi, Əşrəf Marağayinin "Həft ourəng"inin ("Yeddi taxt") yeddinci novellasında sədaqətli qadının hekayəsi təqdim olunmuşdur.

Bəzi novellalar tam şəkildə yox, ayrı-ayrı hissələrində nağıl süjetlərindən ibarətdir. Əşrəfin "Həft ourəng"inin iki, beş və altıncı novellaları təpəgözün kor olması, daha mərd personajın üzə çıxarılması və qızın qoçaqlığı motivləri ilə uyğunluq təşkil edir. Azərbaycan şairi Camalinin "Töhfətül-əbrar" poemasında on səkkizinci məqalənin novellası "Kasada siçan" məşhur nağılının elementləri əsasında qurulmuşdur.

Nizaminin "Xəmsə"sinə nəzirə yazılması ənənəsi çox ədəbiyyat nümayəndələri tərəfindən dəstəklənmişdir. Bəzən bu və ya digər şairin yaradıcılığı bu günə məlum olan onun "Beşlik"i və yaxud bəzi silsilə poemalarına nəzirələrlə məhdudlaşır. Bununla yanaşı, onun bir və ya bir neçə əsəri ayrıca ədəbiyyat tarixini, onda üzə çıxan ənənələri araşdırma nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Onlar digər tərəfdən də əhəmiyyət daşıyırlar, Nizami yaradıcılığının ideya-bədii müxtəlifliyinin yeni tərəflərini üzə çıxarmaqdan əlavə, onun dərin poetik məharətini, həmçinin Azərbaycan şairinin yaradıcılıq uğurlarının reallaşmasının konkret yollarını göstərir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!