Bertoltun uğurlu səhvi - Dalğa Xatınoğlu yazır

O, ən faciəvi və ağrılı mövzulara belə rişxənd ilə yanaşmağı bacarırdı.

 

Adətən Bertolt Breştin (Brext) adı gələndə dərhal onun sosialist düşüncələri, müharibəyə qarşı əsərləri yada düşür. Ədəbiyyatla daha dərindən tanış olanlar isə, yəqin ki, onun teatrda yaratdığı yeni üslubunu xatırlayırlar ( Öykücü dram).

Birinci Dünya müharibəsində döyüşə getmiş, döyüşün qan donduran hadisələrindən bezmiş, sonra İkinci Dünya müharibəsi ərəfəsində faşizmə qarşı çıxaraq nəhayət, on səkkiz il didərgin həyatı yaşamış şarin, dram ustasının əsərlərinin məzmununu daha çox  döyüş və yoxsulluqla bağlı motivlər təşkil edir.

O, dram janrında "məsafə yaratmaq" texnikasını qullanırdı. Yəni bacardığı qədər oxucunun (teatr izləyicisinin) əsərdə qərq olub hisslərə qapanmasının qarşısını almağa çalışırdı. Həm də hisslərə qapılmaqdan daha çox düşünməyinin tərəfində olduğundan daima əsərlərini düşüncə labirintləri üzərində qururdu.

Bu üsluba epik üslub da deyirlər. O, dialektika yerinə öyküləmə (rəvayət etmə, narration) yolu ilə əsərləri yaratmağa, oxucunu düşündürərək  qərar verməyə, nəticə çıxarmağa sövq edirdi. Yəni əsas məqsəd hisslərin və emosiyaların düşüncəyə müdaxiləsini cilovlamaq idi.

Hətta onun əsərləri əsasında teatrlarda hazırlanan məşqlərdə özü də iştirak edərək səhnənin çevrəsini sanki hasarlayaraq  onu ətraf mühitdən ayırmağa çalışırdı. Yəni heç bir halda izləyici gerçəklər ilə yaradılmış uydurmanı qarışdırmamalı idi. Bir şeyi anlamalıydı ki, teatrın öz gerçəkyili var və izləyici dəqiq düşünərək, sərrast qərarlar verərək  baxdığı tamaşanı həzm etməlidir. Bertolt hətta Frankfurt məktəbinin öncülləri olan Teodor Adorno və Maks Horkhaymerlə mübahisələrə girir və onların yaratdığı üsluba qarşı çıxırdı. Onun fikrincə bədii əsərlər həqiqət söyləyicisi estetikasında uzaqlaşmalıydı.

Xatırladım ki marksizm məktəbi incəsənətdə estetika, dil və fərdə önəm vermədiyi üçün, onun bətnindən çıxan Frankfurt məktəbi bacardıqca bu üç ünsürə diqqət ayırdı. Maraqlıdır ki, klasssik marksizmə bağlı olan Breşt digər həmkarlarından fərqli olaraq tamamən fərqli bir üslubun yolunu tutmuşdu. Sual yarana bilər ki,  niyə başqa marksist yazarlardan fərqli olaraq o,  bu gün də dünyanın ən önəmli sənət adamları içində parlayır? Başqa tərəfdən bəs bu parlayışa rəğmən onun bəlkə də fərqinə varmadığı əsas səhvi harda idi?

Frankfurt məktəbinin əsas ideoloqlarından olan filosof Herbert Markuze düşünürdü ki, bu məktəbin üzvləri arasında ziyalılara qarşı sərt bir baxış və istehza mövcud idi, ona görə ki, onları yalnız söz pəhləvanı sanırdılar. Breşt isə mübhəm və mürəkkəb yazı tərzini bəyənmirdi. Frankfurt məktəbində yeni solçuların bir çoxu fəhlə təbəqəsinə də acıqlı idi. Ona görə ki, bu tənbəl təbəqə marksistlərin istədiyi inqilabı etməyə belə artıq ərinirlər. Hər halda, Frankfurt məktəbinin nüvəsində Breştin öz yerliləri dayanırdı və hamısı ABŞ-a sığınmışdılar.

Britan filosofu İsaiah Berlin düşünürdü ki, marksizm kökündən səhv təqdim olunub və bu, bir fəlsəfi məktəb deyil, elmi-tarixi ideyaları gerçəkləşdirən qondarma bir mexanizmdir. Çünki  ideyaya, ideologiyaya fəlsəfə donu geyindirməyin sonunu gördük. Gəlişmiş ölkələrdə faşizm, geri qalmış ölkələrdə diktatura yarandığının şahidi olduq. Dünyada baş verənlərin mənzərəsinə şahidlik edən Frankfurt məktəbi özünü bu məsələnin nədənini aramağı və marksizmə düzəliş etməyə kökləmişdi. Hər halda, Breşt sonuna qədər klassik bir marksist kimi öz inancında qalmaqda davam etdi. Əslində isə bu inadcıllığı ilə həm də səhvə yol verirdi.

Breştin yaşadığı çağda digər ədəbi proses yarandı ki, onun ən qabarıq nümayəndələri Herman Brox, Robert Musil və Stefan Sveyq idi. Hansı ki, Milan Kunderanın dili ilə desək, onlar "düşüncə romanı"nın üslubunu yaratdılar. Breşt bu sahədə də qeyd olunan üç yazara uduzurdu. Onun əsərləri özü tərəfindən düşüncə əsəri adlandırılsa da, özündə düşünmə tərzini deyil, sırf siyasi problematikanı daşıyaraq elə siyasətin özünə çevrilirdi.

Breştin yaşadığı çağda Bertran Rassel və onun şagirdi Lüdviq Vitgenşteyn öndə olmaqla "analitik fəlsəfə" yarandı. Bu fəlsəfənin şineli altından da böyük yazarlar çıxdı, amma Breşt bu axından da kənarda qaldı.

Bəs Breşti böyük bir sənətkar kimi tanıdan  nə idi?

Birinci, onun əsərləri sadə və hamının dərk etdiyi mövzulardan bəhs edirdi. Mənzərə sırf mətnin alt laylarına yönəlmişdi. Mətnaltı mənalar olduqca zəngin informasiya ötürücüsü idi. Buna görə də Breşt xırdaçılıq və hədsiz həssaslığı ilə bəzən nə demək istədiklərini düzgün tərcümə etməyən tərcüməçilərin xətrinə dəyərək istədiklərini alana qədər onları incidirdi.  Çox vaxt heç bir tərcüməni bəyənməyərək  inqilis dilinə olan tərcümələrini adətən özü redaktə edərdi.  Elə bu vasvasılığına və həssaslığına görə dünya dillərinə çevrilən əsərləri öz doğma dilində yaratdığı əsərlər ilə eyni energetik üstünlüyə malik olurdu. Məhz bu səbəb ona dünya şöhrəti qazandırırdı.

İkinci məsələ, onun barmaq qoyduğu mövzular idi. Başda müharibə dayanmaqla yoxsullara olan laqeydlik və kapitalizmin qəddarlığı demək olar ki, onun bütün əsərlərində işıqlandırırlıb. Miguel  De Unamunonun diqqət çəkən fikri məhz bu anda yadımıza düşür. O, deyirdi: "İnsanları bir-birinə bağlayan ortaq dərdləridir". Elə bu səbəblərin onun əsərlərində qabardılması eynidərdliləri bir araya toplayırdı. 

İndi isə dünyada baş verənlərə nəzər salsaq başının üzərini qara bulud almamış bir dövlət görə bilmərik. Xaotik mənzərə sanki dünya müharibələrinin zamanında yaranmış mənzərəni bizlərə çatdırır. Əslində bəlkə də özümüzün də xəbəri olmadan Üçüncü Dünya müharibəsini yaşamaqdayıq. O səbəbdən də, yazıçının  toxunduğu mövzular bəşəriyyətin həmişəlik dərdi olaraq gündəmdə qalmağı bacarır. Və daima aktuallığını qoruyur.

Başqa bir məsələ, Breştin barışmaz şəxsiyyəti məsələsidir. O, heç zaman inancını məsləhətə qurban vermirdi. Hətta soyuq müharibə zamanı, ABŞ-da istintaqa cəlb olunanda belə açıq-aşkar, bir az da istehza ilə, marksizmə olan inancından, ümidindən və onun üstünlüklərindən danışdı. İstehza demişkən, onun əsərləri başdan-başa ironiya ilə doludur. O, ən faciəvi və ağrılı mövzulara belə rişxənd ilə yanaşmağı bacarırdı. Bu isə tamaşaçıda, oxucuda, ümumiyyətlə insanlarda ümid yaradaraq qorxunu üsyana çevirirdi.

SONRADAN DOĞULANLAR ÜÇÜN

Doğrudan da boğanaq bir çağda doğulduq

Sadə sözlər belə qorxulu,

Duyumsuzluğun göstəricisidir qırışsız alın,

Gülənlər sanki

Hələ pis xəbər almayıblar.

 

Ah, bu nə zamandır ki,

Bunca pisliklərdən danışmaq yerinə,

Ağaclardan söz açmaq belə suçmuş kimi gəlir.

Sənə ulaşa bilməyən dostların tutuqluykən,

Bunca qayğısız dolaşmaq olurmu?

Doğrudur:

Yaşamı sürməkçün yeyib-içməyim var

Amma inanın:

Bu sadəcə bir təsadüfdür. Başqa heç nə…

Yediyim çörəyə dəyməz gördüyüm işlər,

Təsadüfən ayaqdayam,

Bəxtim dönərsə, mən də batdım.

 

Ye, iç deyirlər.

Nəyin varsa sevin deyirlər .

Amma necə yeyib-içmək olur ki,

Dişlədiyim çörəyi bir acın əlindən qapdım

Və başqa susuz birisi

İçdiyim suya daha yararlı deyilmi?.

 

Ama yenə də yeyib-içməkdəyəm.

Bir az da uslu birisi olmaq istərəm.

Əski kitablar usluluqla bağlı nə söylər:

- Uzaq dur dünyanın çəlişgilərindən.

- Yaşa qısacıq ömrü qorxusuz.

- Kobud olaylardan qaçı ver.

- Kötülüyə yaxşılıqla qarşılıq ver.

- Unut röyalarını, çin etməyə çalışınca.

Budur dedikləri usluluq,

Amma bacarmıram mən.

Ah, necə də qaranlıq bir çağda doğulduq!..

II

Xaos dönəmində,

Aclığın fəğan qopardığı anlarda

                        şəhərlərə çıxdım.

Üsyançı xalqa qovuşub, bağırdım,

Bu dünyada böylə keçdi,

Mənə verilən ömür.

Savaşlar ortasında çörəyi dişlədim.

Qatillər arasında uyudum.

Sevgini önəmsəmədim,

Doğaya həvəslə baxmadım.

Bu dünyada böylə keçdi.

Mənə verilən ömür.

Öylə bir zaman doğuldum ki,

Bütün yollar bataqlığa çatır

Dilim məni cəlladlara satdı,

Zorum az, amma ümidim çox:

Mənsiz, hakimlərin daha dinc oturacağına,

Dünyada böyləsinə keçdi,

Mənə verilən ömür.

Gücümüz, dayanacağımız az,

Amacımız uzaq,

Əlçatmaz kimi gəlirdi mənə,

Uzaqdan görünsə də hədəf

Dünyada böyləsinə keçdi,

Mənə verilən ömür.

III

Ah, bizi boğan fırtınaların içindən

                        çıxacaq insanlar,

Bizim gücsüzlüyümüzdən danışarkən

Sizin can qurtardığınız,

Yaşadığımız bu qaranlıq çağı unutmayın.

Yürüşlərimizi xatırlayın,

Dəyişdiyimiz ölkələrin sayı,

Yırtdığımız ayaqqabılardan artıq.

Təbəqələr savaşı ortasında ümidsiz,

Sitəmin olduğu, etirazın olmadığı dönəmdə.

Yaxşı bilirik:

Alçalmağa nifrət də,

Üzün cizgilərini pozur.

Sitəmə qarşı acıq da,

Səsi kobudlaşdırır.

Ah, bizlər dünyanı dostluqlara hazırlarkən,

Özümüz dostlaşamadıq bir türlü.

Amma insanın insana

            dayaq olduğu günü görüncə,

Bizi yumşaqca yarğılayın, lütfən.

***

Bir pilotdur qardaşım,

Bir şanlı gün fərman gəldi.

Çantası hazır,

Yola düşdü güneyə doğru.

Bir qalibdir qardaşım,

Yaşamağa yerimiz dar.

Yeni torpaqlar qazanmaq,

Əskidən bəri düşümüz.

 

Qardaşımın fəth etdiyi yer,

Guadarrama dağlarında.

Boyu bir metr səksən,

Dərinliyi bir metr, əlli.

***

Generalım, tankınız necə də güclü bir maşın

Bir ormanı məhv edər həmən.

Yüz insanı didib-dağırdar bir an,

Amma çatışmayan bir şey var -

Bir sürücü lazım.

Generalım, qırıcınız necə də güclü,

Uçuşu fırtınadan tez, gücü fildən çox.

Amma çatışmayan bir şey var -

Bir usta istər.

Ah, generalım, insan çox yararlı,

Uçub, öldürə bilər ustacasına.

Amma çatışmayan bir şey var -

İnsan düşünə də bilər.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!