Bir məhəllənin insanları - Xatirə - ANAR

ANAR

 

Yaşasaydı, Tofiq Qəhrəmanovun bu il 75 yaşı tamam olardı. Əfsus ki, istedadlı yazıçının ömrü 54 yaşında qırıldı. Tənqidçi, alim Tehran Əlişanoğlu "Azərbaycan. Yeni nəsr" kitabına belə bir epiqraf qoyub:

"Ədəbiyyat təsəvvürlərimin təşəkkülündə əsaslı rol oynamış 60-cı illər nasirlərinə, məxsusən Anara və bir də bu ünvanı, bu yolu mənə tanıtmış ilk müəllimim Tofiq Qəhrəmanova ithaf edirəm".

Bu günlərdə "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş və T.Qəhrəmanovun yubileyinə həsr olunmuş yazısında Tehran mərhum Tofiqin ona oxumağı məsləhət gördüyü çağdaş şairlərimizin və nasirlərimizin adlarını da çəkir.

Yeri gəlmişkən onu da deyim ki, Tofiq bir neçə hekayəsini Tehran Əlişanoğluna ithaf edib.

Tofiq Qəhrəmanovu mən də yaxşı tanıyırdım, hekayələrini oxumuşdum, xoş münasibətlərimiz vardı. Arxivimdə onun mənə yazdığı səmimi məktubları durur.

Tehran Əlişanoğlu mənə Tofiqin çap olunmamış hekayələrindən və povestindən ibarət bir qovluğu gətirdi, ön söz yazmağımı təklif etdi. - Ön söz də yazaram, bu kiçik kitabını çap da edərik - dedim.

Budur, Tofiq Qəhrəmanovun "Aydın oxunan möhür" hekayələr, povest" əlyazması qarşımdadır. Diqqətlə oxuyuram, qeydlər edirəm. Tofiqin təsvir etdiyi hadisələrin zamanı və məkanı haqqında, canlandırdığı personajlar barədə düşünürəm.

Tofiqin təsvir etdiyi böyük hərflə zaman müstəqilliyimizin ilk illəri, ictimai, iqtisadi, siyasi həyatımızın çətin dövrüdür. O vaxt Azərbaycan üç çətin problemlə üzləşmişdi. Faktiki olaraq böyük imperiyanın əyaləti olmaq statusuyla vidalaşıb, müstəqilliyini elan etmişdi. Totalitar rejimdən demokratlaşma dövrünə, çoxpartiyalılıq, senzurasızlıq, söz azadlığı mərhələsinə qədəm qoymuşdu. Planlı təsərrüfatdan bazar iqtisadiyyatına, daha açıq desək, yalançı "sosializmdən" doğruçu kapitalist sisteminə keçməkdəydi. Bütün Sovet respublikalarının keçdiyi bu yolu Azərbaycan həm də Ermənistanla Qarabağ müharibəsi şəraitində gedirdi. Mənim sözüm deyil, kimsə çox dəqiq deyib ki, sovet təbliğatı bizə sosializm haqqında nə deyirdisə hamısı yalan çıxdı, amma kapitalizm haqqında nə yazmışdısa doğru imiş. 90-cı illərdə "vəhşi kapitalizmin" bütün eybəcərliklərinin şahidi olduq - cəmiyyətin sərt qütbləşməsi, bir tərəfdən, Allah bilir hansı yollarla hədsiz maliyyə imkanlarına malik olan oliqarxlar, biznesmenlər, varlılar... O biri tərəfdən, bir qarın yeməyə möhtac qalmış kasıblar, biçarələr, bu dövrü əlahiddə əzabla yaşayan ziyalılar - orta və ali məktəb müəllimləri, həkimlər, alimlər - sıravi insanlar. Tofiq Qəhrəmanov personajlarını məhz bu zaman kəsiyində təsvir edir.

Tofiqin nəsrində böyük hərflə məkan isə Bakının hündür bir yeridir. Bura dilimizdə Yuxarı Dağlıq küçəsi, rus dilində Verxni Naqornı adlanır. Bura Azəri türkcəsində Dağlı məhləsi də deyirlər. Buranı indiyəcən həm rus, həm Azərbaycan dilində bir küçənin adıyla - Sovetski kimi tanıyırlar. İndi bu böyük sahənin demək olar ki, bütün nimdaş, köhnə, bir, ya iki mərtəbəli evləri sökülüb, yerində park salınıb. Son zamanlaracan uçuq bir divarın üstündə kimsə əllə böyük hərflərlə "Əlvida, Sovestki" sözlərini yazmışdı.

Tofiqin qəhrəmanları məhz bu Zaman kəsiyində - 90-cı illərdə, bu Məkanda yaşayır, əzab-əziyyət çəkir, sevir, dalaşır, barışırlar. Müəllif hekayələrinin demək olar ki, hamısını məhz bu məhəllənin sakinlərinə həsr edir və ithafını xüsusi vurğulayır:

Bütün ömrü boyu Bakının Yuxarı Dağlıq küçəsinin darısqal mənzillərində yaşayan, yavan çörəyə möhtaclıq şəraitində də vicdanını ləkələməkdən qoruya bilən qeyrətli-cəfakeş ziyalılarımıza.

Digər hekayələrə də bu sayaq ithaflar qoyulub. İthafında: "Güzəranının ən çətin məqamlarında belə insan ləyaqətindən özgə arxa-dayaq tapmayan yurddaşlarımıza" sözləri verilmiş hekayədə də, başqa yazılarda da ehtiyacın, maddi çarəsizliyin ən müxtəlif bəlirləri qələmə alınır. Balalarını ac qoymamaqçün özləri yalnız soğançayla qurdlarını öldürən valideynlər, ehtiyacın hətta intim ər-arvad münasibətlərinə təsiri, binəva qocalar, kasıblıqdan qovrulan qadınlar, çarəsiz kişilər, uşaqlıqları əllərindən alınmış çocuqlar - Tofiq Qəhrəmanovun personajları bütün bu əlacsızlıqlarla üzləşsələr də ləqayətlərini itirməmiş insanlardır. Uzun, keşməkeşli bir ömür yaşamış veteran yeni - praqmatik nəslin nümayəndəsi olan oğlunun belə tövsiyəsini eyninə almır, şərəfinə xilaf olan güzəştə getmir.

Amma şərəflərini, ləyaqətlərini, namuslarını ən dözülməz şəraitdə belə qoruyanlara qarşı yumurtadan yun qırxan möhtəkirlər, rüşvətxorlar, harama satılmışlar durur. Kiçik bir pul mükafatını almış adamın - bütün bu məbləği - qəpiyinəcən - müxtəlif mövqeli - kiçikdən böyüyəcən - umanlara paylamalı olan gəncin sərgüzəştləriylə tanış olarkən bilmirsən güləsən, ya halına acıyasan... Təəssüf ki, bütün bunlar həqiqətdir, doğrudur. Tofiq də bu dözülməz Doğrunu, bu acı Həqiqəti həssas və ağrıyan bir ürəklə qələmə alır.

Kitaba daxil olan "Simfonik muğam" povesti tamamilə başqa səpkidədir. Sırf realist üslubda yazılmış hekayələrdən fərqli olaraq povest lirik-psixoloji ahəngə köklənib. Həm musiqiyə, həm insan münasibətlərinə, sevgi motivlərinə həsr olunmuş povestdə dəqiq yazıçı müşahibələri çoxdur. Amma elə bil əsər tamamlanmamış, sona yetməmişdir. Bilmirəm, müəllifin bu povesti bitirməyə ömrü çatmayıb, ya əsər elə belə də düşünülmüşdür - yəni təsvir edilmiş kolliziyadan qəhrəmanların necə, nə şəkildə çıxacaqları oxucunun ixtiyarına buraxılır. Əgər belədirsə bu da, şübhəsiz, maraqlı ədəbi priyomdur.

Tofiq Qəhrəmanovun, son dərəcə təvazökar, son dərəcə iddiasız, amma çox istedadlı yazıçımızın ömrünün belə qısa olmasına təəssüflənsəm də, düşünürəm ki, bu ömür müddətində belə oxuculara dəyərli nəsr örnəkləri bəxş edə bilib.

Yazıçılıq peşəsinin ən əsas məqsədi elə budur da!

 

4 iyun 2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!