Şuşa - Pənahəlidən İlham Əliyevə qədər - Elxan Zal QARAXANLI

 

Təməli Qarabağ hakimi Pənahəli (xan) tərəfindən qoyulmuş Şuşa qalası Prezident İlham Əliyev dönəmində öz tarixinin yeni dirçəlişini yaşayır. Molla Pənah Vaqifin timsalında "Azərbaycan intibahının" (mən akademik Nizami Cəfərovun elmə gətirdiyi bu fikirlə tam razıyam) beşiyi olan bu şəhər, Türk dünyasının kültür mərkəzlərindən birinə çevrilməkdədir, çünki Qarabağ torpağının Tanrıya yaxın qayalı bir zirvəsində zühur eləmiş "poeziya və musiqi ruhu", uzun illik əsrlikdən sonra şüşədən çıxan bir cin sayaq, yenidən Azərbaycan üzərində pərvaz elədi. 15 iyun 2021-də, Azərbaycan dövlətinin "Dirçəliş günü"nü kutladığı bir gündə, "səkkiz qırlı qızıl daylaq" prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı Xan qızının türbəsinə apardı. Hələ 20 il öncə, mən "Şuşa həsrəti" şeirini yazanda bütün bunlar yalnız bir şairin arzuları idi. "Xan qızının türbəsinə apar məni qızıl daylaq" - deyirdi o zaman içimdəki duyğular. Amma arzuların reallığa çevrildiyi günləri öz gözlərinlə görəndə bu duyğular sınırsız bir atəşfəşan övqatı oyadır səndə. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada keçirdikləri rəsmi görüş bütün dünyanın nəzərlərini Azərbaycan mədəniyyətinin "Panteonuna" yönəltdi. On illər idi ki, ulularımızın teyfləri dolaşırdı bu qayaların qoynunda. İndi isə Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın və Üzeyir Hacıbəyovun məzarlarını ziyarət edən iki türk lideri, burada "Şuşa müqaviləsi"ni imzalamaqla yeni bir tarixi səhifə açdılar.

Mən bu müqavilənin məzmunu ilə tam tanış olmasam da, onun mistik gücünü hiss edirəm. Prezidentlərimizin göy səma altında qəddini düzəldib şeşələnən gözəl Şuşaya səfər etdiyi bu tarixi gün, yeni bir dirçəliş dönəminin təməlini qoydu. Mən həmişə inanmışam ki, cənabi Allah bir qövmü yüksəltmək istəyəndə, onu qazanmadan-qazanmaya aparmaq üçün bir kılavuz göndərir. Sözün düzü, bəşəriyyət tarix boyu bu qayə ilə yaşayıb. Müxtəlif xalqlar, müxtəlif cəmiyyətlər bir xilaskar, bir kılavuz gözləyişində olublar həmişə, onlar arzularının səmasında pərvaz edən bu kılavuzu fərqli adlarla çağırıblar. Biz türklər ona Göy Börü demişik, onun gəlişini elə olub ki, yüz illər boyu gözləmişik. Bu ülkü, bu qayə İstəminin, Baburun, Osmanın və neçə-neçə Tanrı çeçkininin ordularının önündə gedib, tarix kitabının səhifələrinə öz möhürünü vuran neçə şanlı səltənətin bərqərar olmasına vəsilə olub. 

Bir zamanlar bu qayə Oğuz tayfalarını ətrafına toplayıb müqəddəs yürüşı başlayan Şah İsmayıl Səfəvinin ordusunun uranı olaraq, onları böyük bir səltənət qurmağa sövq etdi. Geniş ərazilərdə qurulan və "Sufilər dövləti" kimi tanınan bu səltənət zamanında bu gün Azərbaycan türkləri kimi tanınan türk tayfaları bir bayraq altında birləşdilər. İndiki Əfqanıstanı, İranı, Qafqazı əhatə edən bu səltənətdə müxtəlif inzibati ərazilər vardı, onlardan biri də Qarabağ bərlərbəyliyi idi. Mərkəzi Gəncədə olan bu bəylərbəylik Araz çayı sahillərindən Qori sınırlarına qədər uzanırdı. Onda qədim Albaniya-Girdman torpaqlarının böyük bir hissəsi Qarabağ bəylərbəyliyinə daxil idi. Əlbəttə, Səfəvi hakimiyyəti inzibati əraziləri elə-belə, havadan yaratmırdı, bu qurumlar tarixi bağları olan ərazilərdə yaradılırdı. Səfəvi sülaləsinin hakimiyyətinə son qoymuş Nadir xan Avşarın ölümündən sonra başsız qalan səltənət dağıldı və imperiyanın hər yerində ərazi hakimləri özlərini xan, yəni Avropa dililə desək, kral, müstəqil hökmdar elan etdilər. Nadir şah ordusunun qoşun başçılarından olan Pənahəli bəy Cavanşir də öz dəstəsi ilə Qarabağa gələrək özünü xan elan etdi. Buradan belə bir sual çıxır ki, nəyə görə məhz Qarabağ? Onsuz da hər yanda dərəbəylik idi və bir neçə yüz əsgəri olan hər bir kəs özünü xan elan edə bilirdi. Həmin dövrdə özünü hökmdar elan etmək elə də çətin deyildi, ən çətini bu hakimiyyəti saxlamaq idi. Ərazi üzərində yerli əhalinin və oradakı tayfaların dəstəyini almaq üçün iddialarının qanuniliyini ortaya qoymalıydı. Buna görə, Pənahəli bəy Cavanşir öncə xristian məliklərinin yaşadığı əraziyə gəldi və iddialarını ortaya qoydu. Xristian məlikləri Albaniyanı idarə etmiş Mehranilərin soyundan idilər və müsəlman hökmdarlar həmişə icma daxilində onların muxtariyyətini saxlamışdılar. Bu o zamanlar idi ki, Rus imperiyası hələ Qarabağı ermənilərlə məskunlaşdırmamışdı, xristian əhali də hələ türk dilində danışırdı. Onların aşıqları da, şairləri də türkülərini türk dilində deyirdilər. Şəcərəsi Mehranilərin ən böyük nümayəndəsi Cavanşirə uzanan Cavanşirlər nəsli müsəlman olsalar da, ortaya iddia qoyduqda xristian məliklərin çoxu, xüsusən məlik Şahnazar onların iddialarını dəstəklədi. Mehranilər Parfiya əsilli olsalar da, Xəzər xaqanları ilə, Albaniya tarixçisi Kalantuklu Moiseyin dili ilə desək, "türklərlə qohum idilər". Mehranilər sülaləsinin qurucusu Mehran Sasani sarayından qaçanda Xəzər xaqanına pənah apardı, öz qızını ona verən xaqanın dəstəyi ilə Azərbaycan ərazisində Qardman (Girdman) dövlətini qurdu. Xazər xaqanlarının himayəsi Sasaniləri Mehranilərin hakimiyyətini tanımağa məcbur etdi. Müsəlmanlığın gəlişindən sonra Mehrani hökmdarlarının ən qüdrətlisi Cavanşir müsəlmanlarla dostluq sazişi bağlaya bildi və müsəlman hökmdarlar uzun əsrlər boyu onun nəslindən olanların hüquqlarını tanıdılar. İslamı qəbul edən Mehranilər ümmətin üzvi, bir hissəsi oldu, xristianlığı saxlayanlar isə ümmət içərisində daxili muxtariyyət aldılar...

Buna görə Pənahəli Cavanşir ortaya iddia qoyub özünü xan elan edəndə yalnız Qarabağın müsəlman və xristian əhalisi deyil, qədim Girdman torpaqlarının digər yerlərində də dəstəkləndi. Borçalı, Qazax, Tovuz, Şəmkir, Gəncə kimi yerlərdən xeyli insan yeni yaranmış xanlığın ərazisinə, xüsusən onun yeni inşa edilmiş paytaxtına, Şuşa qalasına köç etdilər. Bu köçün ən böyük nümayəndəsi isə adını Azərbaycanın tarix kitabına qızıl hərflərlə yazdırmış böyük şair Molla Pənah Vaqif oldu. Qarabağ torpağında, qayalar zirvəsindən səmaya boylanan Şuşa qalasında qılınc və qələmin ittifaqından böyük bir mədəniyyət toxumu cücərdi və Azərbaycanın Təbriz, Şamaxı, Gəncə kimi qədim mədəniyyət mərkəzləri ilə yanaşı, yeni bir mədəniyyət ocağı zühur elədi. Qamlardan gələn türk dastan ruhunun və Parfiya maqlarının bəşəriyyətə töhfə verdiyi bir sənətin sintezindən yeni bir mədəniyyət gəldi ortaya - kökü qam və maqlara dayanan Azərbaycan mədəniyyəti.

Bizim Molla Pənah Vaqifin həyat və fəaliyyəti barədə bilgilərimiz əsasən Yusif Vəzir Çəmənzəminlinin və Səməd Vurğunun əsərlərinə dayanır. Bədii əsərdə təsvir olunan obrazın reallığa nə qədər yaxın olduğunu yalnız güman etmək olar. Amma bir şeyi dəqiq deyə bilərik: Çox qısa zaman kəsiyində varlığını sürdürmüş Qarabağ xanlığı, əsasən də onun paytaxtı Şuşa şəhəri ərazisində baş vermiş mədəniyyət intibahının meydana gəlməsində, elə bu xanlığın ömrü qədər onun baş vəziri, indiki dillə desək baş naziri olmuş Molla Pənahın tarixi rolu hələ də lazımi dəyərini almayıb. Deyirlər, el gözü tərəzi olar, şairin ilk dəyəri də elə eldən gəlib: "Hər oxuyan Molla Pənah olmaz". Tariximizdə heç bir şəxsiyyət haqqında mən buna oxşar ifadəyə rast gəlməmişəm. Gərək ki, elin gözündə elə əməllərin sahibi olasan ki, insanlar səni elmin simvolu olaraq görsünlər. Mən Molla Pənahın tarixi missiyasını belə görürəm: O, ölməz şeirləri ilə yanaşı, daha bir ölməz əsər qoyub, bu da onun formalaşdırdığı Şuşa mühitidir. Bu mühitin xanlığını rus general-mayorluğuna dəyişmiş İbrahim Xəlil xan Cavanşir tərəfindən formalaşdırıldığını iddia etmək isə sadəcə gülünc olardı. Mən indi, bu sətirləri yazarkən Heydər Əliyevin müdrikliyinə bir daha heyran qalıram. O hələ Sovetlər dönəmində M.P.Vaqifin məzarı üzərində türbə yapdırmışdı. "Azərbaycan intibahı" ideyasını ortaya qoyaraq onun ciddi elmi əsaslarını ortaya qoyan akademik Nizami Cəfərovun da uzaqgörənliyini qeyd etməyə bilmərik...

İndi prezidentlərimiz İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Şuşaya etdikləri tarixi səfəri seyr edərkən, Şuşanın Pənahəlidən İlham Əliyevə qədər uzanan tarixi kino kadrları kimi keçir gözlərim önündən. Bu səfərin siyasi mahiyyətləri barədə hələ çox yazılacaq, çox danışılacaq. Amma məni daha çox mənəvi aspektləri maraqlandırır. Düşünürəm ki, Prezident İlham Əliyev Şuşadan başlayan İntibah ruhunu bütün ölkədə pərvaz etdirəcək. Uzun illər ərzində etdiyim müşahidələrdən belə bir qənaətə gəlmişəm: Cənab Prezident hansı sahə ilə şəxsən özü məşğul olubsa, orada böyük inkişaf baş verib. Sonuncu dəfə biz bunu Vətən savaşı zamanı gördük. Ordu cəbhədə mücadilə edərkən, Ali Baş Komandan da informasiya savaşında meydan cənginə çıxdı və bütün düşmən ünsürləri pərən-pərən elədi. Əlbəttə, bu elə də yaxşı bir hal deyil, amma neyləyəsən ki, bəzi tarixi məqamlarda bir şəxsiyyət cəmiyyətdən bir baş yuxarı olur. Bu hal yalnız bizim cəmiyyətə aid deyil və onun tarixi analoqları çoxdur. Cəmiyyətdə böyük reformlar həmişə böyük şəxsiyyətlərin qətiyyəti sayəsində aparılıb. Mən arzu edərdim ki, Prezidentimiz böyük Zəfərdən sonra meydana gələn yeni reallıqda, hadisələrin kölgəsində qalmış, Molla Pənah ruhunun davamçıları, müstəqillik illərində formalaşan ədəbiyyat nümayəndələri ilə də şəxsən məşğul olacaq. Çünki artıq qələm savaşının zamanı gəlir.

Mən bu yazını, elə prezidentlərimizin Şuşa səfəri günü çapdan çıxmış və Vətən savaşı dövründə mətbuatda çap olunan yazılarımdan ibarət "Ordu günü" kitabımdan bir sitatla bitirmək istəyirəm. Bu yazını Şuşa alınan günü yazmışdım: "...Mən Pənahəli xanı görürəm, Molla Pənah Vaqifi görürəm, Xan qızı Natəvanı görürəm, Üzeyir bəyi görürəm... və daha kimlər... kimlər. Onların şükranlıq baxışları müzəffər ordunun üzərinə alqışlar səpələyir. Bu ordu böyük ordudur, bu Komandan böyük komandandır. Bu millət, onları doğuran bu millət böyük millətdir. Millətimə salam olsun!

Salam olsun, İlham Əliyev! Azərbaycan xalqına uzun illərdən sonra qələbə zövqünü tamsındıran böyük Komandan. Əcdadlarımızın şanlı ənənələrinin davamçısı. Sən "Savaş ayələri"ni gerçəkliyə çevirdin, Sən babalarımızın öləziyən savaş ruhunu zəfər atəşi ilə alovlandırdın. Sən dünya boyu səpələnmiş 50 milyon Azərbaycanlını bir bütövə çevirdin. Müsəlmanıyla, xristianı ilə, yəhudisiylə... Hamısını. Ellərimizi dərləyib bir bayraq altına yığdın - böyük Eltəriş. Xəzər xaqanlığının əzəmətini yüz illərdən sonra Azərbaycan torpağında zühur elətdirdin.

Salam olsun, Rəcəb Tayyib Ərdoğan, İslamın umudu, türklüyün qəlb odu. Əzilən hər müsəlman, tacavüzə uğrayan hər türk artıq bilir ki, o yalqız qalmayacaq.

Halal olsun! Halal olsun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!