"Ana haqqı - Tanrı haqqı" - Aynur XƏLİLOVA

Türk-Oğuz qadını tarixən daşıdığı etnogenetik xüsusiyyətlərdən dolayı formalaşmış milli-mənəvi, əxlaqi dəyərlər sisteminə sadiq olmuş, lazım gəldikdə yurdu yağılardan qorumaq üçün ərənlərlə birlikdə savaş cənginə girərək böyük qəhrəmanlıqlar göstərmişdir. Yaxın yüzilliklərdə, məsələn, XIX-XX əsrlərdə, bəzi istisnaları çıxmaqla, qadın üçün o qədər də adekvat olmayan xüsusiyyətlər Oğuz elinin hələ monolit olduğu və daha sonrakı dövrlərində normativ kimi qəbul edilmiş, güclü dövlət və cəmiyyət nəzarətinə malik Oğuzda vacib sayılan dəyərləri qoruması gərəkən qadın, həmçinin ov ovlamaq, ox atmaq, at çapmaq, qılınc çalıb döyüşmək kimi fərdi bacarıqlara da yiyələnmişdir. Bunun ən yaxşı nümunəsi hər zaman istinad mənbəyimiz olan "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Eposda Uruz əsir düşdüyündə Burla xatun Oğuz bəylərilə birlikdə oğlunu qurtarmağa tək getmiş Qazan xanın köməyinə yetir, cəsarərlə vuruşaraq kafirin qara bayrağını qılınclayıb yerə salır.

Yurdumuz zaman-zaman bəşəriyyəti məhvə doğru sürükləyən iblisanə nəfs və məkrin meydana çıxardığı müharibələrlə üz-üzə qalmış, öz məsuliyyətini dərk edən fədakar Azərbaycan qadını əhəmiyyətli mövqe, dəyanət nümayiş etdirərək bu müharibələrdən üzüağ çıxmış, ən ağır situasiyalarda belə işgəncə, əzab və məhrumiyyətlərə məruz qalmasına baxmayaraq, həyatını qurban vermək bahasına olsa da, təkcə özünün deyil, həmçinin mənsub olduğu ailənin, nəslin, ən nəhayət, millətin və vətənin adını, şərəf və namusunu qoruyub mənfur düşmənə boyun əyməmişdir. Bu kontekstdə, xüsusilə, hər bir ananın göstərdiyi fədakarlıq və qəhrəmanlıqlar ən etibarlı mənbə olan etnosun yaddaşında qərarlaşdığı kimi, tariximizin səhifələrində də geniş şəkildə öz əksini tapmalı, dərsliklərə, kitablara daxil edilməli, araşdırma mövzusuna çevrilməlidir. Patriotik ruhda böyüyüb formalaşmalı olan gələcək nəsil mənsub olduğu etnosun qadın-ana qəhrəmanını da mütləq şəkildə tanımalı, sözügedən kontekstdə daha ətraflı bilgiyə sahiblənməlidir.

Tarixin çox da uzaq olmayan ziddiyyətli dönəmində - XX əsrdə bolşevik diktatura rejiminin postsovet məkanında, o cümlədən Azərbaycanda həyata keçirdiyi və çoxlu sayda insanların, xüsusilə, düşünən beyinlərin, öncüllərin (!) "pantürkist", "panislamist" ideyalarına xidmətdə günahlandırılıb "xalq düşməni" adı ilə güllələnməsi, həbs və sürgün edilməsi, bəzilərinin bu həbs və sürgünlərdə məruz qaldığı əzab və işgəncələrə tab gətirməyib həlak olması ilə nəticələnən  repressiyanın, planlı şəkildə həyata keçirilən milli-mənəvi terrorun başqa bir tərəfi də vardı - bir qayda olaraq, "xalq düşmən"lərinin ailə üzvlərinə, yaxınlarına şamil edilən siyasi-mənəvi repressiya. Demək olar ki, ictimai həyatdan təcrid edilib sosial məhkumluğa məruz qalan bu insanların içərisində bəlkə də daha çox əziyyət çəkənlər qadınlar-analar idilər.

Bütün bunlara baxmayaraq, ötən əsrin 1941-45-ci illər müharibəsində Azərbaycan minlərlə itki verdi, müharibənin mənəvi-psixoloji zərbəsini isə, eyni zamanda qadınlarımız, analarımız yaşamalı oldular. Hüseyn Cavidin - "Qadın gülərsə, şu issiz mühitimiz güləcək, // Sürüklənən bəşəriyyət qadınla yüksələcək" misralarını sözügedən prizmadan təhlil etsək, həm də və daha çox (!) müharibələrə, anaların axan göz yaşlarına etiraz kimi mənalandıra bilərik.

Əsası, demək olar ki, 1988-ci il hadisələrindən qoyulan, təxminən, 30 il davam edən Qarabağ savaşı - torpaqlarımızın işğalı, minlərlə insan itkisi, mənfur ermənilərin törətdikləri faciələr, tarixdə amansızlığına görə misli olmayan Xocalı soyqırımı, namusunu, ləyaqətini qorumaq üçün bir an belə düşünmədən canına qəsd edən qadınlar, gözləri önündə övladları amansızlıqla öldürülən analar, min bir işgəncə ilə qətlə yetirilən körpələr, qocalar... Bütün bunlar isə milli-mənəvi, tarixi yaddaşımızdan heç vaxt silinməyəcək ağrılı yaşantılarımızdır. Bu illər ərzində analarımızın ən böyük duası vətənimizin işğaldan azad edilməsi, millətimizə, el-obamıza qarşı açılan silahların susdurulması, mənfur erməni virusunun torpaqlarımızdan təmizlənməsi olub. Ona görə də 2020-ci ilin yayında Tovuz hadisələrinin rəvac verdiyi və sentyabrın 27-dən başlanan II Qarabağ savaşında fədakar Azərbaycan anası bu məsuliyyətli və şərəfli tarixi zamanda üzərinə düşən vəzifənin ağırlığını dərk edərək savaş meydanında düşməni məhv edən igid övladı ilə birlikdə qəhrəmanlıq göstərdi, qazisini fəxarətlə, şəhidini - "Vətən sağ olsun!", - deyib təmkinlə, dəyanətlə, kədər qarışıq bir qürurla qarşıladı. Çünki o, illərdir əcdadlarımızın narahat ruhlarının dolaşdığı yurd yerlərimizin azadlığı uğrundakı haqq savaşında igidlik göstərmiş, şəri yenib qalib gəlmiş, canını ortaya qoyaraq sonadək cəsarətlə döyüşmüş qəhrəman anası idi!

Bəşər tarixində ana hər zaman uca tutulmuş, qorunmuş, dünyanın ən gözəl və qiymətli varlığı hesab olunmuş, ona ən ülvi duyğular, hisslər bəslənilmişdir. Cəfər Cabbarlı anaya sevgi təşnəsi ilə çulğalanmış duyğularının güclü emosional-poetik, lirik-sentimental təzahürü olan "Ana" əsərilə Azərbaycan ədəbiyyatında bu müqəddəs varlığa möhtəşəm bədii abidə ucaltmışdır:

 

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,

Fəqət nə güclü, zəif bir vücud var, yahu,

Ki, hazıram yıxılıb xaki-payinə hər gün,

Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qultək

Həmişə səcdədə olmaq mənə fəxarətdir.

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

 

Şair üçün, hətta bütün yaşamın təminatı olan nizamın pozulub kosmosun xaosa çevrilməsi də müqayisədə təsirsizdir. "Fəqət Ana! O müqəddəs adın qabağında - // O pak bağrına bassın məni, desin layla, // Təbəssüm oynadaraq titrəyən dodağında" - şair yalnız bütün varlığına hakim kəsilən bu ilahi möcüzədən təsirlənib ruhsal bir rahatlıq tapar:

 

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,

Uçar səmalara o, aləmi-xəyalətdə.

Yatar, ölər bədənim, nitqdən düşər bir söz:

- Ana!.. Ana!.. Sənə mən rahibəm itaətdə!

 

"Kitabi-Dədə Qorqud" eposunda ana yaradılmışlar içində ən əziz və ülvi varlıq hesab olunur. Hətta boylardan birində evi-eli yağmalanan Qazan xan yaşlı anasının savaş vaxtı at ayağı altında qalacağından ehtiyatlanıb düşmənə - "Qarıcıq anam gətirüb durursan, mərə kafir, // anamı vergil mana, // Savaşmadan, uruşmadan qayıdayım, geri dönəyim, // gedəyim, bəllü bilgil", - deyir.

Ana haqqında çox kəlamlar deyilsə də, bu müqəddəs varlığa ən böyük dəyər Məhəmməd Peyğəmbər (s.ə.s.) və "Kitabi-Dədə Qorqud" tərəfindən verilmişdir. Peyğəmbərimizin valideynlərin, xüsusilə, ananın böyük haqq sahibi olmasını vurğulayan ibrətamiz hədislərindən birində deyilir ki, bir nəfər Məhəmməd Peyğəmbərin yanına gəlib soruşur:

- Ya Peyğəmbər, mən daha çox kimə yaxşılıq etməliyəm?

Peygəmbər deyir ki, anana. O adam soruşur ki, sonra kimə? Peyğəmbər buyurur:

- Anana.

Adam yenə - "Sonra kimə?", - deyə soruşur. Peyğəmbər yenə bir kəlmə ilə eyni cavabı səsləndirir. Həmin şəxs sualı yalnız dördüncü dəfə təkrar soruşduqda, Peyğəmbərimiz ona - "Sonra atana", - cavabını verir.

Peyğəmbərimizin "Cənnət anaların ayaqları altındadır" kəlamı ananın müqəddəsliyini ifadə etməklə yanaşı, insanın bu dünyada müvafiq əməllərinə də işarədir. Bir hədisə görə, bir nəfər Peyğəmbərdən - "Ya Peyğəmbər, valideynin övlad üzərində haqqı nədən ibarətdir", - soruşduğunda, Peyğəmbər ona - "Onlar sənin cənnət və cəhənnəmindir", - deyə buyurmuşdur. Deməli, insanın o dünyadakı yeri bu dünyada həm də valideyninə (xüsusilə də anasına!) göstərdiyi münasibətilə müəyyənləşdiriləcək. Bu kontekstlərdən yanaşdıqda, Peyğəmbərimiz "Cənnət anaların ayaqları altındadır" kəlamı ilə ananı müqəddəsləşdirərək yüksək ilahi mərtəbəyə ucaltmış, həmçinin onun övlad üzərindəki haqqının böyüklüyünü, bu haqqı tanıyanların mükafatının nə qədər ali olduğunu ifadə etmşdir. Təsadüfi deyil ki, "Kitabi-Dədə Qorqud"da Oğuz etnocoğrafi məkanında anaya verilən dəyər yüksək həddə olub dərin semantik tutuma malik "Ana haqqı - Tanrı haqqıdır" kəlamı ilə modelləşdirilmişdir.

Təbii ki, Peyğəmbərimizin hədislərindəki və ana kitabımızdakı bu kəlamlarda yalnız bioloji ana-fərd deyil, bütün varlığı - əməlləri, yaşam tərzilə bəlli mənəvi-əxlaqi, dini dəyərləri təcəssüm etdirən, halallıq, saflıq, fədakarlıq... mücəssəməsi olan, sözün əsl mənasında Ana nəzərdə tutulur! Bu gün bu kəlamların ünvanı daha çox Qarabağ uğrunda müqəddəs savaşımızın qəhrəmanlarının halallıq və fədakarlıq simvolu olan analarıdır.

Müharibədə şəhid olan oğullar, şəhid verən isə vətən, millət və anadır. Bu mənada müharibənin mənəvi-psixoloji ağrısı daha çox məhz anaya ünvanlanır. Bəli, bu günün qəhrəmanı minlərlə müqəddəs şəhidimizlə, igid qazimizlə, şaxtada-boranda hər cür əziyyətlərə qatlaşaraq səngərdə düşmənlə üz-üzə dayanan cəsur, rəşadətli Azərbaycan əsgərilə yanaşı, həm də onu dünyaya gətirib böyüdən Anadır! Bu günün qəhrəmanı övlad itkisinin ağrısını içində daşıyaraq qəlbində hər zaman qövr edəcək yanğı, gözlərində bu ağrının, yanğının baiskarı olan mənfur düşmənə qarşı hayqıran nifrət və qisas hissi, eyni zamanda haqq savaşımızda şəhadət mərtəbəsinə ucalmış, sağlamlığını itirmiş övladından dolayı kədər qarışıq bir məğrurluq əks olunan, sanki heykəl-abidəyə dönüşən Şəhid Anasıdır, Qazi Anasıdır! Bugünümüzün və sabahımızın qəhrəmanları bütün Azərbaycan gəncliyinin insanlıq, alplıq-ərənlik nümunəsi olan Polad Həşimovlarla yanaşı, həm də Səmayə ananın timsalında tarixə adlarını qanlarıyla, canlarıyla yazan o igidləri belə bir ruhda yetişdirən fədakar Analarımızdır!

Sənə ehtiramımız əbədidir, Azərbaycanın mənəviyyat tarixinin qəhrəmanı olan müqəddəs Ana!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!