"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan moderator.az saytının sorğusunu cavablandırıb

 

“Təbii ki, nəinki 30 il, hətta mən deyərdim ki, yüz ildən də çoxdur ki, davam edən Qarabağ mücadiləmiz Qurtuluş Savaşı müstəvisinə Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida!" hökmü ilə adladı”

 

Bunu Moderator.az-a açıqlamasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan deyib. Baş redaktor rəhbəri olduğu qəzetin də Vətən müharibəsinə qoşulduğunu bildirdi: 

 

“Təbii ki, nəinki 30 il, hətta mən deyərdim ki, yüz ildən də çoxdur ki, davam edən Qarabağ mücadiləmiz Qurtuluş Savaşı müstəvisinə Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida!" hökmü ilə adladı. Millətimizin ruhunu bayraq kimi dalğalandıran bu sözlər müqəddəs Azərbaycan kitabının son savaş çağırışı idi və 44 gün davam edən Vətən Müharibəsi dövründə “Ədəbiyyat qəzeti”nin hər sayı “Qarabağ Azərbaycandır!” başlığı ilə dərc olundu.

“Ədəbiyyat qəzeti” bilirsiniz ki, 1934-cü ildən bəri fasiləsiz çap olunan həftəlik qəzetdir. Təbii ki, zaman gələcək, Vətən Müharibəsi dövrümüzün ədəbiyyatını tədqiq edənlər birmənalı şəkildə yenə də “Ədəbiyyat qəzeti”nə istinad edəcəklər. Çünki Vətən müharibəmizin ədəbiyyat salnaməsi daha çox “Ədəbiyyat qəzeti”ndə yaradılır. İkinci Dünya müharibəsi dövründə çıxan “Ədəbiyyat qəzeti” ilə indiki Vətən Müharibəmiz günlərində çıxan qəzetləri müqayisə etmək imkanımız da var. Bu dəfə Azərbaycan ədəbiyyatı səngərə əsgərlərimizlə bir yerdə daxil oldu. Bir-birindən dəyərli şeirlər, poemalar, hekayələr təqdim etdik. Hətta pyeslər yazıldı. İlqar Fəhminin müharibənin ilk günündə yazdığı və “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “Balaca kişilər” poemasını mən müharibə və ədəbiyyat mövzusuna giriş kimi ciddi ədəbiyyat hadisəsi hesab edirəm. Elxan Zalın “Qarabağda Səlcuq şikəstəsi” əsərini də, Qulu Ağsəsin hələ savaşdan öncə və sırf estetik planda yaratdığı “Şuşa” şeirindən sonra qələbə günlərində yazdığı “Ağdam” şeirini də bu sıraya əlavə edirəm. Rüstəm Kamal, Cavanşir Yusifli, Elnarə Akimova, Mətanət Vahid, Tehran Əlişanoğlunun tənqidi yazılarının predmetini ancaq müharibə mətnləri, Qarabağda, Gəncədə baş verən proseslərin analizi təşkil etdi. Sevinc Elsevərin “Filmdən həyata” adlı müxtəlif mövzulardan bəhs edən layihəsi müharibə dövründə ancaq savaş ruhunu əks etdirən filmlərin dərkinə yönəldi. Bir sözlə, müharibənin 44 günü ərzində “Ədəbiyyat qəzeti”ni tam müharibə ovqatına köklədik.

Qəzetin ilk sayından başlayaraq, manşetdən tutmuş son səhifəsinə qədər müharibənin dinamikası göz önündə sərgiləndi. Ard-arda qazanılan zəfərlər, bu əhvali-ruhiyyəyə hakim olmuş müxtəlif janrlı mətnlər tarixə qələbə dövrünün ən mükəmməl örnəklərini qazandırdı. Onsuz da qəzetdə daim əsas ideya, məfkurə xəttinə çevirən türkçülük istiqaməti müharibənin ən həlledici, ən kəskin dönəmlərində strateji olaraq bu mövqeni məhkəmləndirən, ideoloji dürüstlüyü meyar seçən mətnlərlə meydana qoyuldu. Bu yazıları həm özüm yazdım, həm də sifariş verdiyim müəlliflər. Dediyim kimi, bütün səhifələrdə Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi, devizə çevrilən “Qarabağ Azərbaycandır” nidası sərlövhəyə çıxarıldı. 44 günün ərzində ərsəyə gətirdiyimiz 7 sayın 2-si “Xüsusi buraxılış” kimi hazırlandı. Birinci say – müharibəyə, sonuncu say Şuşanın fəthinə - böyük Qələbə gününə həsr olundu.

 

Bizim son 30 ildə müharibə ədəbiyyatımız yaranmamışdı. Yaransa da, bu ədəbi mətnlərin nüvəsində bir məğlubiyyət acısı vardı. Amma Vətən Müharibəsi günlərində yaranmış əsərlərlə sanki ədəbiyyatın savaş ruhu yenidən ehya olundu. Proses qələbədən sonra da davam edir və bu çox vacibdir. İstedadlı şair Elşad Baratın hər həftə beş şəhidə həsr etdiyi şeirlər qəzetdə yer alır. Həmin hadisələrin təsirindən ərsəyə gələn heç bir hekayə, şeir, yaxud publisistik yazı diqqətdən kənarda qalmır və qala da bilməz. Onu da deyim ki, bu yaxınlarda “Ədəbiyyat qəzeti”nin müzakirə saatında “Müharibə və ədəbiyyat” mövzusunda aparılan söhbətimiz də ictimaiyyətə təqdim olunacaq.

 

Bu arada, Mədəniyyət Nazirliyimiz savaş ədəbiyyatının yaranmasına təkan verən gərəkli addım atdı. Vətən müharibəsi mövzusunda yazılmış əsərlərlə bağlı müsabiqə elan etdi. “Ulduz” jurnalı “Ədəbiyyat qəzeti” ilə birgə qəzetin şöbə müdiri filologiya elmlər doktoru Elnarə Akimovanın ön sözü və tərdibatçılığı ilə “Poeziyada Vətən” adlı özəl sayını təqdim etdi. Ədəbiyyat tariximizin son yüz ilində ilk dəfədir ki, Qarabağ bu şəkildə Azərbaycan ədəbiyyatına daxil oldu. “Ədəbiyyat qəzeti” qalib əsgərin, qalib Azərbaycanın obrazının yaradılmasında iştirak etdi. Bu nümunələrlə ilk dəfədir ki, ədəbiyyatımızda Ali Baş Komandanın obrazı yaradıldı”.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!