Müqəddəs qələbəyə and içirəm - Sadıq ELCANLI

Publisistik düşüncələr

 

 

 

Orta əsr salnamələrindən bir səs gəlir: "Şah İsmayıl Səfəvi ruhun bədənə qayıtdığı kimi Təbrizə daxil oldu". Və 520 il sonra yeni bir səs çağırır bizi: Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu ruhun bədənə qayıtdığı kimi Qarabağa daxil oldu, azadlıq bayrağını qaldırdı. Təxminən, 30 ildir ki, qazanılan müstəqillik nemətinə, çoxsaylı iqtisadi-siyasi uğurlara baxmayaraq, məğlubiyyət ağrısı, Qarabağsızlıq dərdi yaşayan Azərbaycan bəlkə də heç vaxt belə xoşbəxt olmamışdı. Bir anda bir əlin barmaqları kimi birləşib yumruğa döndü, təpədən dırnağa səfərbər oldu, ruhun bədənə qayıtdığı kimi Qarabağa qayıdıb əzəli diriliyinə qovuşdu, göynəmli məğlubiyyət zülmətindən azadlığın gün işığına çıxdı, işğal olunan tarixi yurdlarımızda addım-addım irəliləyən qələbə bayrağına büründü Azərbaycan. Erməni faşizminin raket zərbələriylə dağıtdığı ulu Gəncənin dağıntıları altından çıxarılan, üz-gözü qan içində gülümsəyən uşağın təbəssümünə döndü, azadlıq mücahidi Şeyx Məhəmməd Xiyabaninin "Ey böyük Azərbaycan, başını qaldır və əbədi yaşa" cümləsinə bənzədi, dahi dərdkeş Məhəmməd Füzulinin "Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!" misra-çağırışına çevrildi Azərbaycan. Gözü açılan yatmış vulkan kimi qəfildən püskürdü, mələk adaşı Cəbrayılda Xudafərinin yaralı yaddaşından qılınc kimi sıyrıldı, Arazın güney və quzey sahillərini birləşdirən qədim körpünün köksündə dalğalanan qələbə bayrağında günəş kimi şəfəqləndi Azərbaycan!..

Və mən bu sözləri yaza-yaza onu da düşünürəm ki, qəlbimdə, ruhumda coşub-daşan duyğuları bütün miqyasları, rəngləri, bütün zirvə möcüzələriylə dilə gətirə bilmirəm; bəlkə də bütün yaradıcılıq yolumda ilk dəfədir ki, sözün acizliyini bu qədər yaxından hiss edirəm; bu hissiyatla son günlərdə şahidi olduğum bir mənzərə gözlərim önündə heykəlləşir: Qanköçürmə məntəqəsində yaşlı qadın qan vermək istəyir, tibb bacısı onun şəxsiyyət vəsiqəsinə baxaraq etiraz edir ki, siz yetmiş iki yaşındasınız, sizdən qan götürə bilmərəm. Və nurani, ağbirçək ananın üsyanı: Qızım, damarlarımdan çək mənim qanımı, apar tök Azərbaycan əsgərlərinin ayaqlarının altına, cənnət mənim yox, onların ayaqları altındadır...

Bu, həyat həqiqətinin sənət həqiqətinə qalib gəldiyi, bədii obrazın real insana məğlub olduğu məqamdır. O ağbirçək ananın möhtəşəm yaşantıları, öz varlığını car çəkən zirvə həqiqətləri önündə Şekspir Hamleti, Füzuli Məcnunu, məşhur "Ana" romanındakı, "Dədə Qorqud" filmindəki, "Vətən çağırır" plakatındakı, "Ana" şeirindəki analar ruhən, mənən aciz, kasıb görünür...

İnsanlar evlərdə, iş yerlərində, küçələrdə, meydanlarda, hətta maşınlarda xalqa müraciət edən Prezidenti, Ali Baş Komandan İlham Əliyevi qeyri-adi coşquyla, intizar qarışıq sevinclə, diqqətlə dinləyir; o, cəbhədəki vəziyyətdən, Azərbaycan Ordusunun tarixi qələbələrindən, düşmənin məhv edilən, qənimət kimi ələ keçirilən çoxsaylı tanklarından, toplarından, bütövlükdə dəyəri milyardlarla ölçülən hərbi texnikasından danışır, işğaldan azad olunan onlarca kəndin, şəhərin adını çəkir; "Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!" deyir, birliyin, gücün, qalibiyyətin, qətiyyətin rəmzi kimi yumruğu havada həqiqət heykəlinə dönür. Və bütün Azərbaycan məhtəşəm alqış səsləriylə dolub daşır. Bu, yumruq kimi birləşən, bir yumruğa dönən böyük bir xalqın tarixdə misli görünməyən xoşbəxtlik məqamıdır. Bu, Orxon-Yenisey bəngüdaşlarına xatirələrini həkk edən, Dəmir Qapı Dərbənd, Ərk, Koroğlu, Çıraqqala, Şuşa, Gəncə, Bakı qalalarını tikib başa çatdıran, "Kitabi-Dədə Qorqud"u, Füzuli "Leyli və Məcnun"unu, Üzeyir "Uvertüra"sını yazan, yazıb bitirən mənəvi gücün, Azərbaycan varlığının xoşbəxtlik məqamıdır. Bu, Xan qızı Natəvanın "Qoyubdur intizarında... Neyçün gəlməz, neyçün gəlməz..." deyə, göz yaşı tökən həsrətinə, ayrılığına salavat çevirib ayağa qalxan, "Gəlirəm, Qarabağ!" deyib müqəddəs döyüşə atılan Azərbaycan əsgərinin tarixi xilaskarlığının, şəhid qanlarıyla suvarılan ulu yurdlarımızda əbədiyyət eşqiylə baş qaldıran Azərbaycan bayrağının xoşbəxtlik məqamıdır. İki yaş yarımlıq oğul nəvəm, adaşım Sadığın "Qarabağ bizimdir" deyimində, gülüşündə gördüm böyük xoşbəxtliyi...

Namərd düşmənin Gəncəyə atdığı raketlərin dəhşətli dağıntıları altından çıxarılan bir uşağın qan içində çırpınan gülümsər gözləri qalıb yadımda. Üz-gözü qanına bulaşan uşağın təbəssüm dolu gözlərində qan-gen yaddaşının sirri-xuda çağırışları, təhtəlşüur diktə və təlqinləri görünürdü. Və qəfildən mənə elə gəldi ki, o uşağın gözlərindən düşmənin təslim çağırışlarına baş əyməyən, "Gəncəyə yalnız mənim meyitimin üstündən keçib daxil ola bilərsən!" deyib, döyüşə atılan və oğlu ilə birlikdə şəhid olan Cavad xanın qalib ruhu baxır. O şəhid ruhu gün işığında parlayan qılınc şövqüylə gülümsəyirdi, deyirdi ki, "Qorxma, oğlum... Sən qalibsən...". Və uşaq gün işığında gülən qılıncın sirli-sehrli parıltıları kimi haqdan gələn bir çağırışla gülümsəyirdi; o təbəssümdə gördüm Azərbaycan xoşbəxtliyinin qalib möcüzəsini.

Dostum, dayım oğlu, Əməkdar rabitəçi-mühəndis İsmayıl Malikoğlu xalamın şəhid olan nəvəsinin dəfn mərasimində dedi ki, otuz ildir ruhumuz küsüb, qınında pas atan qılınc kimidir; toylarda ruhumuz yox, bədənlərimiz oynayır; bu xalqa ruhunu oynadan qələbə lazımdır; şəhidlərimiz böyük qələbənin müjdəçisi, bayraqdarıdır; şəhidlərimiz xalqımıza müqəddəs qələbə dərsi keçir...

İndi paslı qılıncların qınından çıxan, ovxarlanan, ümumxalq ruhunun qələbə dərsləri, qələbə eşqiylə qol qaldırıb oynayan vaxtıdır.  Xalqın qəlbində, ruhunda buxova dönən qaçqınlıq, köçkünlük, məğlubiyyət, dərd sindromu sınıb tökülür, ruhumuz çirkdən-pasdan təmizlənir; qələbə ruhunun xilaskar möcüzəsiylə yazağzı pöhrələr kimi dirilir, təzələnir, qol-budaq atıb öz əzəli böyüklüyünə, bütövlüyünə, ucalığına qayıdır Vətən. Azərbaycan Ordusu Qarabağa qayıtdıqca, ana yurdlarımızı, doğma torpaqlarımızı yağı düşmənlərdən alıb azad etdikcə biz də ruhumuzun zirvəsinə qayıdırıq; ümummilli ruhun qaranlıq hücrələri işıqlanır, qapısı qıfıllı qırxıncı otaqları açılır; xalq məğlubiyyət gecəsinin qara-qaranlığından çıxıb qələbə, qalibiyyət eşqiylə xoşbəxt olur. Şabran rayonunun Surra kəndində, ana yurdumda, şəhidin dəfn mərasimində gözüyaşlı xoşbəxtliyin şahidi oldum...

Bir cəbrayıllı qaçqının sevincdən ağlaya-ağlaya dediyi sözlərin dərinliyi, hikməti heyrətləndirdi məni: "Mən daha qaçqın deyiləm...". Bu sadə cümlədə iyirmi yeddi illik mənəvi yaşantıların ağrı girdabları, dərd dağları, hər anı, hər qarışı kədər tüstüləyən əzablı yolları görünür. Bu sadə cümlə bəlkə bütöv bir romanın deyə biləcəyindən daha artığını söyləyir, ruhun daha dərin qatlarına, qəlbin daha gizli mağaralarına çəkib aparır. O dərin qatlarda, gizli mağaralarda insan əzablarının cəhənnəm sərgisi çarmıxa çəkilən İsanı utandırır - əzablarının azlığına görə! Və ruhumda bir çağırışın əks-sədası dalğalanır: Ey bu günün sənəti, sənətkarı, Gəncə dağıntıları altından çıxarılan, qan içində gülümsəyən o uşağın, "Daha mən qaçqın deyiləm" deyib hönkürən o insan oğlu qaçqının, köksündə dalğalanan qələbə bayrağı ilə qucaqlaşan, bu günlə danışan, dərdləşən, deyib-gülən o daş oğlu ağsaqqal Xudafərin körpüsünün, yaraları şəhid qanıyla sarılan, sağalan o güllələnmiş heykəllərin, cənnəti bu dünyada nəsibimiz edən Atilla, Alp Ər Tonqa nəticəsi, Babək, Şah İsmayıl Xətai nəvəsi, Cavad xan, İbrahim xan oğlu Azərbaycan əsgərinin xilaskar obrazını yarat! Xalqın qəlbindəki, ruhundakı birlik, bütövlük, həmrəylik zirvələrinə bax, Prezidentin baxışlarındakı oda-alova, yumruğundakı gücə-qüdrətə bax, "Bir millət, iki dövlət" həqiqətinin xilaskar möcüzəsinə, doğma torpağa sevgi, sayqı, sahiblik duyğusunun yaradıcı qüdrətinə, məhtəşəm mənzərəsinə bax, o zirvələrin, o yumruğun, o xilaskar möcüzənin layiqli obrazını yarat! Elə yarat ki, xalq özünə baxıb öz böyüklüyü ilə bir daha səfərbər olsun, dünya bizə baxıb yenidən tanısın, bir daha təsdiq və etiraf etsin. Bu məqamda ustad Azərbaycan memarı Məhəmməd Yusif Təbrizinin 600 il əvvəl Şəhrisəbzdə yaratdığı memarlıq möcüzəsinin - Ağsarayın kitabəsinə həkk etdiyi bir cümləni xatırlayıram: "Bizim gücümüzə və böyüklüyümüzə şübhə edirsənsə, ucaltdığımız binalara bax!". Söz həmin söz, çağırış həmin çağırışdır! Bəli, bizim gücümüzə və böyüklüyümüzə şübhə edirsənsə, əzəli və əbədi torpağımız, doğma Qarabağımız uğrunda apardığımız müqəddəs Vətən müharibəsinə bax! Erməni faşizminin dinc kəndlərimizi, şəhərlərimizi raketlərlə bombardman edib xarabazara çevirdiyi, sivil əhaliyə qarşı aşkar soyqırımı törətdiyi vaxt Azərbaycan Ordusu yalnız hərb meydanında, düşmən hərbçiləri ilə döyüşür, düşmənin hərb maşınını məhv edir, dinc əhaliyə toxunmur. Budur Azərbaycan xalqının böyüklüyü, Azərbaycan Ordusunun dünyanı heyrətləndirən, heyran qoyan haqq, ədalət savaşı, bəşəri dəyərlərə hörmət və ehtiram missiyası. Alman, amerikan hərbi ekspertləri, nüfuzlu politoloqlar, siyasətşünaslar Azərbaycan Ordusunun uğurlu, özünəməxsus müharibə taktika və strategiyasından öyrənməyin xeyirli olacağını qeyd edirlər, Azərbaycan hərb sənətinin üstünlüklərindən yazırlar. Bu, haqlı fərəh, qürur hissləri doğurur və ulu öndərin dillər əzbəri olan fəxarət duyğusunu bir daha yada salır: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu gün dünyada yaşayan əlli milyondan artıq azərbaycanlı belə bir fəxarət duyğusuyla nəfəs alır. AzTV-nin həyətində köhnəlməyən köhnə dostum, Əməkdar elm xadimi, Aşıqlar Birliyinin sədri, professor, istedadlı şair Məhərrəm Qasımlı ilə qəfil görüşümdə hər ikimiz eyni anda həmin fəxarət cümləsini dilə gətirdik. M.Qasımlı dedi ki, Şah İsmayıl Xətai dövründən üzübəri Azərbaycan xalqı belə möhtəşəm qələbə duyğusu yaşamamışdı, belə qalib və qüdrətli rəhbər ətrafında belə səfərbər və həmrəy olmamışdı...

Qələbəyə aparan yolların həlledici amilini, əsas həqiqət məqamını xüsusi qeyd etmək istəyirəm. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün taktiki, strateji hədəfləri, istiqamətləri nəzərə alan realist, praqmatik, eyni zamanda müdrik, uzaqgörən siyasətidir, xalqı müqəddəs Vətən müharibəsinə səfərbər edən, bir yumruq kimi birləşdirən həqiqi hakimiyyət ustalığıdır, illər boyu böyük məqsədə doğru gedən, qeyri-adi səbr, dözüm, mərdanə mətanət, qalib qətiyyət göstərərək əsl tarixi şəraiti yetişdirən və dəqiq vaxtında Azərbaycan Ordusuna hücum əmri vermək, bununla da son yüzillər Azərbaycan tarixinin ən böyük qələbəsini qazanmaq hünəridir. O, dünyanın ən nüfuzlu informasiya agentliklərinə, məşhur televiziyalarına verdiyi, bütöv uğur sistemi, ideoloji yol xəritəsi, hərbi hərəkət strategiyası təşkil edən silsilə müsahibələriylə Dağlıq Qarabağ münaqişəsinin əsl həqiqətlərini, həqiqi səbəb-nəticə anatomiyasını bir daha, həm də həlledici anda beynəlxalq siyasətin gündəminə gətirdi, liderlik, hakimlik etmək istəyənlərə inkaredilməz faktlarla siyasətşünaslıq dərsləru keçdi, bilməyənləri bildirdi, inanmayanları inandırdı, onları haqqa, ədalətə, bəşəri dəyərlərə hörmət və ehtirama çağırdı. Yaxınlar da, uzaqlar da, dostlar da, düşmənlər də, əslində, bütün dünya eşitdi o haqlı, ədalətli, müdrik çağırışı. Ona görə, adətən, xristian qapılarında sülənən, məzlumluq pərdəsinə bürünən erməni yalanları həlledici anda o qədər də ayaq tutub yeriyə bilmədi.  Prezidentin "İndi həqiqət anıdır", "dırnaqarası Dağlıq Qarabağ hökumətini - xunta rejimini tanıyan ölkələrlə bütün əlaqələri kəsəcəyik" mesajları dəqiq vaxtında verildi. Bir sözlə, Qarabağ uğrunda böyük qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin planetar miqyaslı informasiya cəbhəsində, siyasət meydanında qazandığı böyük uğurdan, ciddi taktiki və strateji qələbədən başladı. "Qarabağda hər şey yaxşı olacaq, lakin heç bir referendum olmayacaq" deyən Prezident dünyaya əsl reallığı göstərdi, düşmənin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı boş xülyalarını, cəfəng ideyalarını darmadağın etdi, tolerant, multikultural Azərbaycan mühitinin müxtəlif xalqların, dinlərin, mədəniyyətlərin birgəyaşayışı üçün ən gözəl, ən bəşəri model olduğunu dəmir məntiqiylə əsaslandırdı və böyük qələbəyə ilk imzasını atdı.

Bu günlər Azərbaycan xalqı öz qədim və qüdrətli tarixinin ən parlaq, ən şərəfli səhifələrindən birini yazır. Bu günlər yeni intibah yollarının bünövrəsini qoyur, öz qalib və qüdrətli varlığını bəyan edir, böyük keçmişə layiq böyük gələcəyin qapılarını açır Azərbaycan. Adətən, müqəddəslərə and içirlər; müqəddəs Vətən müharibəsində qazandığın Müqəddəs qələbəyə and içirəm, Vətən! Tarixlərə örnək olacaq şərəfli qələbə dastanın, böyük, bütöv gələcəyin mübarək, Azərbaycan!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!