Gəncəlilər ana bətnindən silahla doğulur - Kamran YUSİFZADƏ

Gəncə və gəncəlilər tarixən öz rəşadətini və mərdliyini nümayiş etdirmişlər. 2020-ci il də istisna olmadı.

Belə ki, 4 oktyabr ermənilər uduzmaqlarını hiss edərək, əlacsızlıqdan müharibəyə üçüncü tərəfi cəlb etməyə cəhd etdilər və Gəncəyə bir neçə hərbi raket atdılar. Mərkəzi yollara aparan Əli Nəzmi küçəsinə böyük zərər vurulmuşdu. Orada yerləşən bəzi evlər dağınıq vəziyyətdədilər. Əfsuslar olsun ki, bu təxribatın bir nəfər qurbanı oldu, 32 nəfəri isə yaralandı. Atəş elə güclü idi ki, paralel küçələrə də zərbə vurulmuşdu. Həmçinin, 20 yanvar küçəsində yerləşən bir neçə evlərə də, mənim ana nənəmin evinə də, zərbə endirilmişdi. Qonşuluğumuzda olan bir ailənin uşağı oktyabrın dördündə atəş səslərini eşidən kimi və biləndə ki ailəsi ayrı şəhərə müvəqqəti köçmək istəyir, o, ağlayıb "Mən burada qalajam!" dedi. Ailə Gəncədə qalmağa məcbur oldu.

Vurğulamaq istəyirəm ki, Gəncədə yaşayan erməni də yaralanıb. Bu yenə də onu sübut edir ki, bizim xalqımız digər millətlərə həmişə hörmətlə yanaşıb, hətta müharibə başlayandan sonra da, düşmən ölkənin millətindən olan vətəndaş ərazimizdə yaşamağa davam edib. Ona görə də, ermənilərin təbliğatı yenə də sıfıra endirilmişdi.

Mən bu məqaləni yazarkən, 5 oktyabr günorta saatlarında 12-ə qalmış düşmənlər şəhərimi yenə bombaladılar. Yazmağa davam edirəm. İçimdə heç qorxu da yoxdu, çünki mən çox yaxşı bilirəm ki, hər bir zülmət gecənin - səhəri var. Aldığım məlumata görə, avtovağzalın həyətinə,  34 saylı və 41 saylı məktəblərin yanına,"Böyük Qafqaz Bazar"ın kənarına raketlər düşüb, lakin açılmayıb. Orada alver eləyən satıcıların sözlərinə görə, onlar gürultu səsləri eşidən kimi binalardan dərhal çıxdılar və raketin hara düşdüyünü bilmək istədilər. Bir birlərindən kim ölü, kim yaralı olduğunu soruşurdular. Bəzilərinin dediklərinə görə ikinci gün Gəncəyə zərbə vurulması gözlənilməz idi. İnsanların əksəriyyəti isə buna hazırlıqlı idilər, onların bir yarısı isə vəziyyəti anlayaraq həmin gün iş yerlərində deyildilər.  

Baxmayaraq ki, ordumuz cavablı ölçülər görürlər, Gəncə öz tarixi və strateji mövqeyinə görə, hələ də təhlükə altındadı.

Buna rəğmən, gəncəlilərin həmrəliyi daim qalır. Biz həmişə ordumuzun gücünə inanmağa davam edirik və heç bir qüvvə bu ümidi sındırmayacaq. Böyük Ziya Bunyadovu sitat gətirərək, "Gəncəlilər ana bətnindən silahla doğulur".

İndi də, sakinlər əllərindən gələni edirlər. Cəbhəyə yollanmağı xoşbəxtlik bilirlər, yaralılara qan verməyi borc bilirlər. Müharibə şəraitində olan ölkədə baş verən hadisələrin təbii olmasını başa düşürük. Müharibəni fakt kimi qəbul edirik, onun labüd olmasına inanırıq, milli ruhumuz çox yüksəkdir.

Əlavə: 19:55-də şəhərin "ikinci hissə"si deyilən yerdə 2 dəfə dalbadal çox güclü gürultu eşitdim. Bildim ki, şəhərim yenə atəşə məruz qalıb. 5 saniyə sonra 2 partlayış yenə səsləndi, amma bu zaman zəif gəldi. Yenə qonşu uşağın səsini eşitdim: "Mən burada qalajam!"

Sonda, bunu yenə qeyd etmək istərdim ki, biz Cavad xanın əməllərini davam edən millətik, axıra qədər vuruşacayıq. Zərbə endirilsə də, biz Simurq quşu kimi küldən yenidən doğulacayıq. Bunu nə silmək, nə də unutmaq mümkün deyil, çünki bu bizim qan yaddaşımızdadır. Cavad xanın səpdiyi toxumlar vaxtında cücərib, indi isə nübar gətirib. Ürəklərimiz sevinclə döyünür ki, torpaqlarımızı azad edə bilirik!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!