"A" HƏRFİ - Fidan Nizaməddinqızı

Bütün birincilərə...

 

Hər bir uşağın cəmiyyətlə şüurlu təması birinci sinifdən başlayır. Məktəb bütün insanların ilk koqnitiv fəaliyyəti sayılır. Uşaqlar yazmağı, oxumağı, müşahidə edərək, bilik, bacarıq və vərdişlərin mübadiləsini məktəbdə öyrənirlər. Ərzaq, geyim, oyuncaq kimi maddi maraqları ilə yalnız dərslərini hazırladıqdan sonra məşğul olurlar.

Fəray birinci sinifdə oxuyurdu. İlk məktəb kitablarını sevinclə evə gətirdi. Birinci gün bu kitablar haqqında təsəvvürü olmadığı üçün oyuncaq kimi rəftar elədi. Kiçik bacısı Minə ilə dəfələrlə məktəb çantasını töküb yığdılar. Gah kitablardan ev düzəltdilər, gah da pilləkən. Fəray bu kitabların sehrini bilmirdi. Hələ anlamırdı ki, uşaqlar bu kitabların vasitəsi ilə sinifdən sinfə keçərək gələcəkdə daha böyük mərhələlərə daxil ola biləcəklər.

Ertəsi gün, məktəbdə hamı kimi Fəray da əlifba kitabının ilk səhifəsini açaraq, dərsə başladı. Bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də ilk hərf "A" hərfi idi. Uşaqlar bu hərflə başlayan xeyli söz dedilər. Əvvəlcə hamı sevdiyi meyvələrin adını çəkdi: alma, armud, alça, ananas, albalı. Bütün meyvələri insanlara bəxş edən "Ağac", gecələri dünyanı işıqlandıran "Ay", təmizlik, paklıq rəmzi olan "Ağ" rəng və gerbimizdə qədim azərbaycanlıların atəşpərəstliyini simvolizə edən "Alov" sözləri ən yadda qalan və maraq doğuran sözlər oldu. Əlifbamızda uşaqlar üçün maraqlı şeirlər yazan şairlərimizin - Abdulla Şaiqin, Abbas Səhhətin adlarının "A" hərfi ilə başlaması da bəlkə də bir təsadüf idi.

"Aprel döyüşləri" isə uşaqlıq xatirələrimin qəhrəmanlıq abidəsi kimi qalmışdır.

Sonra "A" hərfi ilə bizi böyüdərək məktəbin qapısına ötürən ana -ata və ailə sözü başlayır. "A" hərfi ilə başlayan yanıltmacı isə evdə balaca Minəyə də öyrədəcəyini düşünürdü: "Aşpaz Abbas aş asmış, asmışsa da az asmış". Ağıllı, alicənab, ali təhsil və azadlıq "A" hərfi ilə başlayan insana aid xüsusiyyətlərdir.

Yaşasın Azərbaycan! Bizim Ana yurdumuz Azərbaycan da "A" hərfi ilə başlayır. Amma nədənsə Əlifbada "A" hərfi ilə başlayan sözlərin arasında Azərbaycanımızın adı yazılmayıb.

Dərs bitmişdi. Fəray artıq evdə idi. O, bütün günü bacısı Minə ilə "A" hərfi ilə bağlı sözlər düşünürdü. Bu yaşlarına qədər rastlaşdıqları "A" hərfi ilə başlayan bütün sözləri təkrarladılar. Minənin artıq yuxusu gəlirdi, bacısının əlindən canını qurtarmağa çalışırdı. Gözlərini ovuşduraraq, Allah görür ki, mən "A" hərfi ilə başlayan başqa sözlər bilmirəm dedi. Fəray Allah sözünü eşidəndə, "A" hərfinin müqəddəsliyini düşündü. Ana, ata, ailə, ana dili, azadlıq və Azərbaycan Yaradanın ən müqəddəs varlıqları olduğu üçün bəlkə də Allah ilk insan oğlu Adəmdən başlayaraq, öz adının ilk hərfinə uyğunlaşdırmışdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!