"Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü-2020"nin qalibləri müəyyənləşdi

 

"Nurəngiz xanımın əsərində yazıçı üçün çox vacib olan keyfiyyətlərdən birinə - səmimiyyətə söz ola bilməz" -  bu, Xalq yazıçısı Mirzə İbrahimovun sözləridir.

"Biz durduqca, bizdən sonra gələn nəsillər durduqca ölməz şairəmizin sözü, şeiri həmişə yaşayacaq" -  bunu Xalq yazıçısı Anar deyir.  "Poeziya ilə, şeirlə əkiz doğulmuşdu" - deyir Xalq şairi Fikrət Qoca.

Akademik Rafael Hüseynovun "adi adamlar kimi yol getməyən, ayağı yerə dəyməyən, buludlar üstündə gəzən, bir tənha yarpaq kimi uçan, süzən..." -  kimi gözəl sözlərlə anılır o.

Akademik İsa Həbibbəyli onun yaradıcılığını "günəşə boylanan bənövşə çiçəyinə" bənzədir. Akademik Teymur Kərimli isə hesab edir ki, onun yaradıcılığını mütaliə eləmək təhlükəlidir, çünki bundan sonra onun kimi düşünmək, onun kimi şeir demək, onun kimi pıçıldamaq və onun kimi hayqırmaq istəyirsən.

ABŞ, Türkiyə, İtaliya, Özbəkistan, Fransa, Monteneqro, Rumıniya, Moldova,.. daha haralar və daha  kimlər danışmayıb onun barəsində. Bir-birindən maraqlı və gözəl bu təsbitlərin sayı və çoğrafiyası genişlənsə də ünvanı birdir: bir neçə gündən sonra  doğum gününü qeyd edəcəyimiz, xatirəsini əziz tutduğumuz, XX əsrin ikinci yarısı Azərbaycan ədəbiyyatının ən güclü və özünəməxsus poetik səslərindən olan görkəmli şair, nasir və publisist Nurəngiz Gün.

1938-ci il sentyabr ayının 21-də Bakı şəhərində anadan olub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1960-1974-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində diktor işləyib, 1979-1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim olaraq çalışıb. Ədəbiyyata "Tanrı" (1980) povesti ilə gəlib. O vaxtdan indiyədək məhsuldar yaradıcı yol keçən Nurəngiz Gün "Əsrin son yuxusu", "Ağ qanadlar", "Salamat ol, Ağca yol", "Quzey Kıbrıs rüzgarları", "Qar romanı", "Xocalı simfoniyası", "Sevgi ağacının elegiyası" poemalarının və yüzlərlə şeirin, "Əbədi və əsrarəngiz" silsilə sonetlərin, "Ən hündür çiçək təpəsi və qar quyu", "Qırmızı gecə" kimi povest və hekayələrin, publisist yazıların, pamfletlərin, teatr resenziyalarının müəllifidir.

Nurəngiz Gün 6-10 may 1990-cı il tarixində Əskişəhərdə keçirilən Yunus Əmrə Konqresinin, 1992-ci ilin iyununda isə Türksoyun Ankarada keçirilən I qurultayının Azərbaycan tərəfindən ilk iştirakçısı olub. O, 1998-ci ildə Azərbaycan dövlət nümayəndə heyətinin tərkibində Türkdilli Xalqların Bursada keçirilən VI qurultayının, 2005-ci ildə isə Dünya Azərbaycanlıları Konqresinin İsveçdə keçirilən qurultayının nümayəndəsi olub. Həmin qurultayda şairin "Xocalı simfoniyası" poemasının əsasında çəkilən eyniadlı sənədli-bədii film nümayiş etdirilib. Əsrin ən böyük faciələrindən biri kimi tarixə düşən, Azərbaycan xalqının əbədi dərdi olan Xocalı qətliamı barədə Nurəngiz Günün böyük yanğıyla qələmə aldığı, bu faciəmizə həsr edilmiş ilk bədii əsər olan "Xocalı simfoniyası" poeması 2004-cü ildə Lider Televiziyası, 2008-ci ildə Azərbaycan İctimai Televiziyası, 2011-ci ildə isə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ekranlaşdırılıb. Nurəngiz xanımın İkinci Dünya müharibəsinin dəhşətlərindən və bu müharibədə Azərbaycan xalqının verdiyi itkilərdən, göstərdiyi qəhrəmanlıqlardan bəhs edən "Salamat ol, Ağca yol" poemasının və humanizm ideallarını tərənnüm edən "Tanrı bəşər övladıdır" povestinin əsasında filmlər çəkilib. Onun Yuqoslaviyada Novo-Makedoniya nəşriyyatı tərəfindən buraxılan "Səslər" adlı dünya almanaxında çap olunan doqquz şeiri "Yaşıl budaq" (1987, Üsküp) mükafatı ilə təltif edilib. Publisistik yaradıcılığı "Türk millətinə xidmətlərinə görə" formulu ilə təqdir edilərək Azəri-Türk Qadınları Birliyinin "Sara Xatun" Fəxri Diplomuna (2001) layiq görülüb. Nürəngiz Gün "Humay" Beynəlxalq Mükafatı (2005), Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin Fəxri Fərmanı (2006), Qafqaz-Media İctimai Birliyinin "Vicdanlı qələm" (2006), "Müqəddəs qələm" (2007) və "Cəsarətli qələm" (2009) diplomları ilə təltif edilib. 2009-cu ildə "Xocalı simfoniyası" poemasına görə Mahmud Kaşqari Fondunun mükafatını, 2014-cü ildə isə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Türk Ədəbiyyatına Xidmət" Beynəlxalq mükafatını alıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülüb. Nürəngiz Gün 2014-cü il dekabrın 20-də 76 yaşında vəfat edib.

***

Nurəngiz Günün poeziyası hər keçən gün öz üfüqlərini genişləndirir, müxtəlif dillərə tərcümə edilir, nüfuzlu jurnal və dərgilərdə, ədəbiyyat saytlarında dərc edilir.

Görkəmli şairənin adı beynəlxalq miqyas qazanır. Bir neçə ay əvvəl xəbər verdiyimiz kimi, artıq şairənin adını daşıyan beynəlxaq ədəbi mükafat da təsis edilmişdi - "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü".  Müxtəlif xalqların təmsiçisi olan tanınmış şairlərin yaradıcılığını Azərbaycanda tanıdacaq və yalnız əcnəbi şairlərə veriləcək, eyni zamanda həm Nurəngiz Günün yaradıcılığını, həm də onun simasında bütövlükdə  XX əsr Azərbaycan şeirini təbliğ etmək kimi nəcib məqsədlər güdən ödülün təşkilat komitəsi bu ötən dövr ərzində öz ilk sahiblərinin müəyyənləşməsi istiqamətində işə başlamışdı.

"Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü"nün əsas təsisçisi və təşkilat komitəsinin sədri, Həsən bəy Zərdabi İrs Mərkəzinin rəhbəri Seymur Bayramov bu dövr ərzində görülən işi  məmnunluqla qeyd edir: "Əvvəla, onu deyim ki, bu ödülün təsis edilməsi çağdaş Azərbaycan ədəbiyyatını təbliğ etmək, həmçinin müasir dünya ədəbi prosesi ilə milli ədəbi reallıqlarımızı inteqrasiya etmək baxımından çox vacibdir. Əslində bu, Həsən bəy Zərdabi İrs Mərkəzi olaraq bizim ilk böyük, beynəlxalq səciyyəli layihəmiz olmaqla yanaşı, həm də gələcək fəaliyyət istiqamətlərimizi də nişan verən vacib bir işdir. Həm tarixi, həm çağdaş mədəni-intellektual irsimizi təbliğ etmək, bununla da ölkəmizin bu anlamda zəngin mənzərəsini dünyaya tanıtmaq Həsən bəy Zərdabi İrs Mərkəzinin arzusu və ana prinsiplərindəndir. "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü-2020"-nin ünvanlarını, şairləri müəyyənləşdirmək istiqamətində biz xeyli vacib işlər gördük. Əlbəttə, prinsipləri müəyyənləşdirmək, ədəbi nüansları nəzərə almaq baxımından etibarlı məsləhətçilərimiz vardı, ödülün təsisçiləri sırasına məmnuniyyətlə dəvət etdiyimiz Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi və mərkəzin sədri, mükafatın içraçı direktoru Səlim  Babullaoğlu. İndi yolun sonuna gəlmişik. Qaliblər öz ölkələrinin nüfuzlu, ciddi, eyni zamanda xalqımıza və ədəbiyyatımıza, eləcə də Nurəngiz xanınım yaradıcılığına hörmətlə yanaşan ədiblərdir".

Mükafatın içraçı direktoru, şair Səlim  Babullaoğlu keçən müddət ərzində görülən işlərdən bəhs etdi: "Hər bir mükafatın verilməsinin ana prinsipləri, bəzən əsasnaməsi olur. Və bu prinsiplər hər nə qədər fərqli olsalar belə, onların həmişə bir ortaq, dəyişməz məqamı da olur. Mükafatı alan insanlar, indiki halda şairlər ciddi, yüksək estetik və etik keyfiyyətlərə xas mətnlərin müəllifi olmalıdırlar. Təbii, arzuolunandır ki, onlar eyni zamanda ədəbi təşkilatçılıq baxımından da öz ölkələrinin çağdaş ədəbi proseslərinin impulsverici nümayəndələri olsunlar. Fikrimcə, biz hər iki prinsipi gözlədik. Ordan başlayım ki, ilk əvvəl ölkə sayını və ölkələri müəyyənləşdirdik. Say məsələsində 5 rəqəmi ilə razılaşdıq. Qalan məsələdə ən sınanmış üsul püşkatmadır. Amma onu da deyim ki, təşkilat komitəsi üzvləri hər il mükafat veriləcəyi təqdirdə püşkatmasız və mütləq qaydada siyahıda 2 türk dövlətinin olacağı qərarını vermişdi. Qalırdı qalan 3 ölkəni müəyyənləşdirmək. Biz püşkatma ilə daha çox Cənubi və Şərqi Avropa ölkələri olmaqla  Avropa qitəsinin 20 ölkəsi arasından 3 ölkəni müəyyənləşdirdik. İtaliya, Moldova, Monteneqro. Təbii ki, həm bu ölkələrin, həm də türkdilli ölkələr olaraq Türkiyə və Özbəkistanın ədəbi proseslərindən az-çox xəbərimiz vardı deyə, hər ölkədən ilkin olaraq 3 ədibi seçdik, onların həyat yolunu, yaradıcılıqlarını gözdən keçirdik. Müzakirə etdik, yuxarıda söylədiyim prinsiplər baxımından qiymətləndirdik. Demək olar ki, yekdilliklə Türkiyədən Gülsüm Cengizi, Özbəkistandan Xasiyyət Rüstəmi, İtaliyadan Laura Qaravaqlianı,  Moldovadan Nikolay Spetarunu və Monteneqrodan Bojidar Proroçiçi seçdik. Yalnız Monteneqro məsələsində bir az fikirlər haçalanırdı. Çünki orda həm yaş etibarilə böyük, həm nüfuz etibarilə bəlkə də daha ciddi bir ədib vardı ki, nisbətən gənc Bojidarın namizədliyi məsələsində mən təkid etdim...".

***

Müsahiblərimizlə söhbətdən məlum oldu ki,  "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü" hər il görkəmli şairənin doğum günü, sentyabr ayının 21-də təqdim ediləcək. Və builki qaliblər artıq bir aydır müəyyənləşib. Tərcümə, redaktə, dizayn, təşkilatçılıq kimi işlər arxada qalıb. "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü-2020"- nin qalibləri olan 5 tanınmış şairin mətnlərinin yer aldığı nəfis antologiya işıq üzü görüb. Antologiyaya hər şairdən 7 şeir daxil edilib. Eyni zamanda qalib şairlər öz şeirlərini ifa ediblər və bu ifaları, habelə mükafatla bağlı təəssüratlarını ifadə edən videoyazıları təşkilat komitəsinə göndəriblər. Ödül hər bir şairə "Poetik uğurlarına və ədəbi prosesə töhfələrinə görə" düsturu ilə verilib.

Eyni zamanda, lap bu günlərdə isə  "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü-2020"-nin diplomları, xüsusi mükafatlar və nəşrlər ünvanına göndərilibdir. Pandemiya və xüsusi rejimlə əlaqədar olaraq  ödülün təqdimetmə mərasimi ertələnsə də, həmin videoyazıların göstəriləcəyi, antologiyanın təqdim ediləcəyi gözəl poeziya gecəsi yaxın aylarda mütləq keçiriləcək və bu haqda mətbuat, media nümayəndələri məlumatlandırılacaqlar.

"Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü" təşkilat komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva görülən işləri yüksək qiymətləndirdi və zəhmət çəkən hər bir kəsə minnətdarlıq etdi: "Nurəngiz Günün mənəvi varisi mən təşkilat komtəsində olmağımdan olduqca məmnunam. İnanıram ki, bu nəcib iş, ilk növbədə, bütövlükdə ölkəmizin mədəniyyətinin təbliğində və adının uca tutulmasında, sonra isə çox dəyərli Azərbaycan şairəsi Nurəngiz Gün ədəbi irsinin təbliğində önəmli rol oynayacaq. Bu prosesə dəstək verən hər bir struktura və insana - Azərbaycan Yazıçılar Birliyinə, birliyin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə, Həsən bəy Zərdabi İrs Mərkəzinə, Bakı Kitab Mərkəzinə, Mədəniyyət kanalına, "Ədəbiyyat qəzeti"nə, "525-ci qəzet"ə, "Ulduz" jurnalına, artkaspi.az saytına, bütün dostlara minnətdaram...".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!