Günəş adam... - Elşad Barat - Milli Qəhrəman Albert Aqarunova ithaf

"Ədəbiyyat qəzeti"nin layihəsi - "Sən olasan gülüstan"...Azərbaycanın bütövlüyü uğrunda can fəda edənlərə ithaf

Albert Bakının Əmircan kəndində, sadə bir ailədə doğulmuşdu. Valideynləri əslən yəhudi idi. Ancaq Albert həmişə özünü azərbaycanlı hiss edirdi. Onun fikrincə, insan ayaq basdığı torpaqların oğluydu.

Tək arzusu var idi Albertin. Qanadlanıb Günəşə doğru uçmaq istəyirdi. Hər gün Günəşə baxır, qəribə bir həzz alırdı. Utandığından arzusunu heç kimə demirdi. Düşünürdü ki, onu dəli hesab edərlər. Çünki Günəşə doğru uçmaq insan arzusunu da aşırdı. Ancaq Albert öz arzusunu aşmır, nədənsə, inanırdı ki, bir gün Günəşə doğru qanadlanacaq.

Tay-tuşları, yaxın əqrəbaları Albertin xarakterini sevirdi. Hamı onunla söhbət etmək, dərdləşmək, əylənmək istəyirdi. Çünki Albert çox azad düşüncəli, rahat insan idi. Hamı ilə açıq danışmağı, sülh yaratmağı və xoş olmağı sevirdi. Heç kimdən heç nə gizlətməzdi. Yalnız öz arzusunu kiməsə deməyə cəsarət etmirdi. Qorxurdu. Kimə deyə bilərdi ki, mən Günəşə doğru uçmaq istəyirəm?

Hər gün Günəş batanda kefi pozulurdu Albertin. İstəmirdi Günəş batsın. Ona elə gəlirdi ki, Günəş batanda planetdə həyat dayanır. Öz aləmində Günəşi özəlləşdirmişdi. Sanırdı, Günəş yalnız onun Günəşidir. Səhərlər durub Günəşə salam verər, qayıtdığı üçün təşəkkür edər və ondan üzr istəyərdi ki, gecikir, ona doğru uça bilmir.

Qəribəydi ki, Günəş də Albert üçün darıxırdı, hər gün çıxmağa tələsirdi, onu görüb gülümsəyirdi. Nə vaxt Albert xəstələnirdisə, Günəş çıxmırdı. Çıxırdı, amma buludlar qarşısını alırdı. Bəlkə də Günəş görünmürdü deyə, Albert xəstələnirdi. Deyəsən, ikisi də bir-birinə doğru uçmaq istəyirdilər.

Bir gün Ablert ailəsinə dedi ki, mən müharibəyə gedirəm. Qarabağda vuruşacam. Həmin gün hava günəşliydi. Heç kim deyə bilməzdi ki, səmada bir əlcə də olsun bulud var.

Albertin ailəsi onun müharibəyə getməsinə razı deyildi. Çünki o zaman Albert çox gənc idi. Düzdür, əsgərlikdə olmuşdu, təcrübəsi var idi. Amma ailəsi üçün o, hələ də balaca Albert idi. Nə qədər dedilərsə getmə, xeyri olmadı. Albert Qarabağ müharibəsinə getdi. Onu tank komandiri qoydular. Tez-tez başını tankdan çıxarıb səmaya baxır, elə tankla da Günəşə doğru uçmaq istəyirdi.

Demək olar ki, hər gün Albert erməni tankı vururdu. Hətta bir atəşə iki tank vurduğu vaxtlar da olurdu. Bütün briqadalar danışırdı ki, Albertin açdığı atəş yan keçə bilməz. Elə bil mərmi yox, Günəş atırdı. Hədəf yerlə-yeksan olub alışırdı.

Ermənilərin komandiri demişdi ki, kim Alberti öldürsə, ona beş milyon rubl mükafat verəcəm. Ancaq Albertin adı gələndə bütün ermənilərin çənəsi əsirdi. Heç kim onu öldürəcəyinə ümid etmirdi. Qorxurdular. Çünki Albert üçün erməni öldürmək iki vur ikiydi. Elə bil toyuq boğazı üzürdü.

Bir gün Albertin vuruşduğu kəndə bir neçə erməni bölüyü hücum çəkdi. Qızğın döyüş başladı. Ermənilər sayca bəlkə də on dəfə çox olardılar. Albert tankın lüləyini qızışdırmışdı. Düşməni zəmi kimi biçirdi. Bir də arxaya baxdı ki, heç kim yoxdur. Hamısı şəhid olub. Albertə səsötürücüdən əmr gəldi ki, ərazidən çıx, ermənilər səni mühasirəyə alırlar. Albert çəkilmək istəmirdi. Leşi leş üstünə yığır, tankı tank üstünə yıxırdı. Bəlkə də bölük-bölük ermənilərin hamısını məhv edəcəkdi. Ancaq ona növbəti əmr gəldi, ərazidən çıx. Artıq bu əmri poza bilməzdi. Tankını geri çevirdi. Bu dəfə ermənilərə yox, sanki Günəşə atəş açırdı. Qarşıda döyüş yoldaşlarının cəsədləri vardı. Onları tankla əzib keçə bilməzdi. Dünən eyni qabdan yemək yediyi silahdaşları bu gün torpağa sarılmışdılar. Tankdan düşüb onların cəsədlərini kənara çəkmək istədi. Elə onlara çatan anda düşmənin snayper gülləsinə tuş gəldi. Ağır bir nəfəs dərib silahdaşlarının yanında uzandı. Son nəfəsini alırdı. Barmağını qaldırıb Günəşə doğru uzatdı və gülümsədi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!