«Bir yazının izi ilə» - Atababa İsmayıloğlunun təqdimatında Fazil Güneyin «Hər daşın altında bir tarix ... batır» məqaləsi

 

Son dönəmlərdə qonşu dövlətlərdən bizə düşmənçilik edən də, özünü dost kimi göstərən də, hətta içimizdəki bir sıra toplumlar da Alban (Alpan) dövlətinə, mədəniyyətinə, dövranın keşməkeşlərindən çıxıb, indiyədək qalmış abidələrinə şərik çıxır, elmi-tarixi gerçəklikləri saxtalaşdıraraq, onları özününküləşdirməyə cəhd edirlər. Bu proses 150 ildir davam edir və "beynəlmiləlçi Sovet hakimiyyəti" dönəmlərində də səngiməmişdir. ...Əslində bu xalq, bu millət heç vaxt susmamışdır. Ötən əsrin 20-ci illərindən başlayaraq nə qədər işıqlı adamlarımız pantürkçü, millətçi damğası ilə güllələnmiş, Sibir və Qazaxıstanın çöllərinə sürgün edilmişlər. Lakin bütün bunlar millətsevərləri, xalqın işıqlı oğullarını susdura bilməmişdir. Bu baxımdan dəyişilmiş adlarla çıxmış "Ədəbiyyat qəzeti" aydınlarımızın tribunası olmuşdur. Çoxtirajlı zavod qəzetlərindən tutmuş bütün Azərbaycan mətbuatı Sovet senzurası tərəfindən çox ciddi yoxlandığı dönəmlərdə "Ədəbiyyat qəzeti" milli dəyərlərimizin qorunmasından danışan yazıları dərc etməyi bacarmışdır.

Ötən ilin dekabrında "Orxan Nəşriyyat və Poliqrafiya" nın mətbəəsində nəşr olunmuş "Hər daşın altında bir tarix... batır (nostalji yazılar)" kitabı, gerçəkdən, mənim də nostalji duyğularımı oyatdı. Kitaba adı verilmiş felyeton 1981-ci il iyulun 10-da tarixində mənim də çalışdığım "Ədəbiyyat qəzeti"nin 25-ci (1955) sayında bir sıra maneələrə baxmayaraq dərc edilmişdi. Dağılan və dağıdılan tarixi abidələrimizin qorunmasının vacibliyini haraylayan felyeton əslində müəllifin çalışdığı "Kirpi" jurnalı üçün yazılmışdı. Lakin sağdan-soldan, yuxarıdan edilən təzyiqlərə görə jurnalda dərc olunmamışdı. Yazının müəllifi, qəzetimizlə davamlı əməkdaşlıq edən Fazil Güney (Abbasov) onu redaksiyamıza təqdim etmişdi. Şöbə müdiri mərhum Sirus Təbrizlinin, baş redaktor Nəriman Həsənzadənin səyləri nəticəsində felyeton işıq üzü görmüşdü. Ona görə "səy" deyirik ki, o dönəmlərdə qəzetimiz AYB ilə bərabər Mədəniyyət Nazirliyinin də orqanı idi. Yazının dərci üçün müəyyən kompramisə gedildi, Nazirliyin sözügedən idarə rəisinin adı felyetondan çıxarılmışdı. Əslində, əsas məsələ bəhs olunan abidələrin adının saxlanması idi. Adı bizim, özü ermənilərdə olan Yuxarı Əskipara kəndinə təhlükəsizlik baxımından, ermənilərin təxribatından ehtiyatlanaraq jurnalistin aparılmaması faktını da senzor pozdu.

Onu da qeyd edim ki, kitabda yer alan felyeton və pamfletlərin bir qismi vaxtilə "Ədəbiyyat qəzeti"ndə işıq üzü görmüşdü...

Atababa İsmayıloğlu

Fazil GÜNEY

Hər daşın altında bir tarix ... batır

Uzaq bir şəhərdən arvadı ilə qonaq gəlmiş dostum xahiş etdi ki, onu dünyada ən qədim insan məskəni sayılan Azıx mağarasına aparım. Eşidiblər ki, orada 300 min il tarixi olan bir insan çənəsi tapılıb. Bilmək istəyirlər, görək o çənə qadın çənəsidir, yoxsa kişi? Düzü, Azıx haqda mən də eşitmişdim, amma görməmişdim. Əlqərəz, gəlib çıxdıq Qarabağa. Taksi şoferi bizi mağaranın 4-5 kilometrliyinədək aparıb dedi ki, asfalt burada qurtardı. İndi zəhmət çəkin, mağarayadək görün nə ilə gedərsiniz. Birtəhər özümüzü çatdırdıq mənzil başına. Gözətçiyə-filana rast gəlmədik. Sərbəstcə keçdik içəri, başladıq bu əfsanəvi aləmi gəzməyə.

Əcdadlarımızın duzsuz kabab bişirdikləri qədim ocaq yerini görən dostum çox sevindi, bu tarixi yerdən kiçik bir xatirə aparmaq ümidi ilə onu eşələdi. Yarımqaranlıqda əlinə dəyən uzunsov bir şeyi torbasına atdı.

Birdən dostumun arvadı həyəcanla pıçıldadı:

- Divardakı qədim yazılara, şəkillərə baxın!..

Fanarla divarı işıqlandırdım, burada qayanın üstə naşı xətlə yazılmışdı: "Səlim+Siranuş=sevgi!" Dostum torbasında gizlətdiyi tapıntını çıxarıb işıqda baxdı. Bu, məşhur "Ağdam" çaxırının boş şüşəsi idi...

Bəli, pərt halda geri qayıtdıq və birbaşa yollandıq, respublika EA-nın Tarix İnstitutuna. Başımıza gələn əhvalatı nəql eləyib, dedik ki, bu boyda yalan olmaz. Həmin mağaranın, oradan tapılan əşyaların yaşı üç yüz min il yox, heç üç il də deyil... İnstitutun alimləri mağaradan tapılmış əşyayi-dəlilləri, başqa sənəd-sübutları tökdülər ortalığa. Dedilər ki, Azıx abidəsinin 1,5 milyon yaşı var. İnsan yaşayışını sübut eləyən təbəqələrin uzunmüddətliyinə və ardıcıllığına görə dünyada yeganədir. Buna görə də, o, hələ 1968-ci ildə Elmlər Akademiyasının qoruğu elan edilmişdir, orada abadlıq işlərinin görülməsi, yol çəkilməsi və s. nəzərdə tutulmuşdur. Amma nədənsə, bu daş dövrü abidəsinin işi daşa ilişib, deyilənlər kağız üzərində qalıb.

Tarixçilər qadına məxsus olan ən qədim insan çənəsini qonaqlara göstərdikdə kişi arvadına sarı çevrildi:

- Hə, sənə demirdim ki, qadınlar çənədən möhkəm olurlar? Üç yüz min ilə ancaq sizin çənəniz tab gətirə bilər...

Dostumun zarafatı pərtliyi aradan götürdü. Tarixçilər respublikamızın ərazisində olan qədim qalalardan, məscidlərdən, məbədlərdən və s. tikililərdən elə şirin-şirin danışdılar ki, qonaqlar həmin abidələrdən bəzilərinə baxmaq həvəsinə düşdülər.

Səfərə İsmayıllıdan başladıq. Eşitmişdim ki, orada bir hamam var, düz dörd yüz ildir işləyir. Açığı, buna inanmırdım. Çünki son illər kəndistanda tikilmiş hamamlardan o qədər giley-güzar eşidirdim ki!.. Divarına "XVII əsrin tarixi abidəsi" lövhəsi vurulmuş, gurhagurla işləyən hamamı gördükdə şübhəm bilmərrə yox oldu, hamamın içinə, çölünə baxan dostum "Əhsən sənin ustadına!" deyib cib dəftərinə qeydlər eləyirdi. Abidə ilə tanışlıqdan sonra siqaret almaq üçün girdik hamamın qonşuluğundakı mağazaya. Rəfdə peçenye paçkalarının yanında qoyulmuş üstü yazılı sal daşı görüb təəccübləndik. Satıcı ürəyimizdəkiləri gözümüzdən oxuyub dedi:

- Satlıq deyil, əmioğlu. Bizim hamamın yaşıdı olan qədim bir məscidimiz də vardı. Altı il əvvəl yandı. İndi dörd divarı qalıb. Onun tarixindən xəbər verən bu daşı götürüb saxlayıram ki, itib-batmasın.

Ərəb əlifbasını mükəmməl bilən qonağım, eynəyini taxıb daşdakı sözləri oxudu: "Əl-fəqir Şeyx Safayi bin Şeyx Mühəmməd... 975-ci il ".

Daha sonra basqallılar bizi apardılar Xankənddəki "Xanqalası"na. Burada uçulub-tökülmüş qala divarlarına, üstü qazılıb açılmış yeraltı tikiliyə ürək ağrısı ilə tamaşa elədik. Abidənin tarixini soruşduq, hamı çiynini çəkdi. Bir kənd müəllimi irəli çıxıb ərz elədi ki, bu ilin sentyabrında Respublika EA Arxitektura və İncəsənət İnstitutunun əməkdaşları (?) burada bir balaca qazıntı işləri apardılar. Sonra nədənsə alayarımçıq qoyub getdilər, heç onlar da abidənin tarixindən bizə bir şey demədilər.

Qalanın dörd tərəfini dolandıq, bəlkə Mədəniyyət Nazirliyinin, buranın qoruq olması barədə lövhəsinə rast gəldik. Amma çəpərə alınmış şəxsi evlərdən, bağ-bostandan başqa bir şey görmədik.

Geri qayıdarkən yolüstü İsmayıllı Rayon Mədəniyyət Şöbəsinə baş çəkdik, gördüklərimizi danışdıq. Yarızarafat, yarıciddi dedilər:

- Canım, heç yerin üstündəki abidələr siyahıya alınıb ki, yerin altındakına keçək? Lahıc qəsəbəsində, Qələyə, Kirk, Köşqurd, Tağlabiyan, Diyallı, Topçu, Yeniyol, İsmayıllı kəndlərində siyahıya alınmayan o qədər qədim məscid, hamam, yaşayış binaları var ki... Rayonumuzun bizdən də mötəbər təşkilatları Mədəniyyət Nazirliyinə müraciət eləməkdən yorulublar. Daha dərinə getmədik. Yollandıq Şamxor (indiki Şəmkir) tərəfə.

- Həmin gün Şamxorda hamı bir məsələdən danışırdı: Bitdili kəndi yaxınlığında - çınqıl zavodu qazılan bünövrədən dəfinə tapılıb! Eşidən-bilən tökülüb gedirdi həmin yerə. Biz də qoşulduq onlara. Xəbər doğru idi. Traktorun ağzından saxsı küplər çıxırdı. Bir nəfər ürəyiyanan tapıldı, keçdi traktorun qabağına ki, işi dayandırın, tariximizi məhv eləyirsiniz. "Azərbaşmeliosutikinti" idarəsinin 28 nömrəli tikinti-quraşdırma kontorunun fəhlələri həmin kişini kənara dartıb dedilər:

- Ə, o yana çəkil! Bizə plan veriblər, bu gün filan qədər torpaq işi görməliyik. Abidə qədri bilənsənsə, get Şəmkir qalasının dərdini çək. Odur ey, göz qabağında dağılıb gedir. Ətraf kəndlərin əhalisi onun divar daşlarını söküb özləri üçün hasar tikirlər. Minillik tarixi olan abidə qoyun-keçi yatağına çevrilib. "Kommunist" kolxozunun sədri qalanın 20 hektarlıq ərazisini traktorun ağzına verib şumlatdırır... Guya torpaq qəhətliyidir.

Təsadüfən rayonda ezamiyyətdə olan Tarix İnstitutunun alimlərindən biri bu xəbəri eşidən kimi özünü hövlnak yetirdi hadisə yerinə, baxıb gördü ki, təkərlərini XX əsrə dayamış ekskavatorun çalovu gəlib çıxıb düz tunc dövrünə. Alim dağılan qəbirləri gördükdə elə haray qopardı ki, səsi Bakıda əlaqədar təşkilatlarda əks-səda verdi. Mötəbər şəxslərin iştirakı ilə yaradılan komissiya tökülüb gəldi hadisə yerinə. İşi dayandırdılar. Ancaq abidənin yarıdan çoxu dağıdılmışdı.

Nə isə, "ziyanın yarısından da qayıtmaq xeyirdir" deyib adladıq Şəmkir qalasına. Fəhlələrin dedikləri doğru idi. Abidə baxımsızlıq üzündən dağılırdı. Burada mühafizə lövhəsi əvəzinə qədim daşların üstündə yeni yazılara "Həzi", "Zakir", "Minsk" və s. sözlərə rast gəldik. Əhvalımız iyirmi illik Şamxor konyakı kimi tündləşdi.

Ovqatı təlx halda üz tutduq Qazax mahalına. Əvvəlcə şəhərin mərkəzindəki məscidə baş çəkdik. Onun həyətinə təzəcə qədəm qoymuşduq, ahıl bir kişi hövlnak özünü bizə yetirdi: "Amandır, balalarınıza yazığınız gəlsin! İçəri keçməyin! Keçən il məscidin qübbəsi uçub-tökülüb, indi növbə çatıb divarlara..." Kirimişcə oradan uzaqlaşdıq. Kişi bizə belə bir məsləhət verdi: "Abidə görmək istəyirsinizsə, gedin Əskipara tərəfə...".

Xoşbəxtlikdən Qazax rayon mədəniyyət şöbəsinin müdiri ilə Əskiparada rastlaşdıq. Məqsədimizi biləndə, müdir bir az fikrə getdi. Kənd sakinlərindən biri onun dadına çatdı. Dedi ki, gedək XV əsrdən qalma Kazım körpüsünü, Yuxarı Əskiparadakı alban məbədini, Qula bürcünü qonaqlara göstərək. Müdir utana-utana pıçıldadı ki, ora yaxın düşməli deyil, körpü iki yerdən çatlayıb, Qula bürcünün üztü sökülüb-tökülüb, yerlə-yeksan olub. Sovet sədrinin ürəyiyumşaqlığından istifadə eləyən kənd sakinləri qalanı dədə malı kimi öz aralarında "bölüblər"; biri içərisinə ot yığıb, Məhəmməd kişi tövləsini, Paşa kişi hinini qalanın divarına bitişdirib. Yuxarı Əskiparadakı məbəd də sökülüb-dağılıb. Hansı üzlə o yerləri qonaqlara göstərək?

Yaxşı ki, Ermənistanın Əskipara kəndinə (Oxu: ortasında... "Bitişik ərazidə" ifadəsinin müəllifi senzordur) bitişik ərazisindəki alban məbədi varmış. Kirvələrimiz, biz ayılanacan onu əməlli-başlı bərpa ediblər. Üstəlik, ayda 60 manat maaşla abidəyə ayrıca gözətçi də qoyublar. İstədim qazaxlılara deyəm ki, heç olmasa, qonşularınıza baxıb gözünüzə su verin...

Xülasə, elə bu məbədə baxıb birbaşa qayıtdıq Bakıya. Ertəsi gün istədim qonaqları aparım Jdanov, Qutqaşen, Bərdə tərəfə: qədim Beyləqan, Qəbələ şəhərlərini, Nüşabə qalasını onlara göstərim. Tanış-biliş məsləhət görmədi, dedilər ki, aparma, biabır olarsan, həmin abidələrin qonaq-qaraya göstərməli halı yoxdur.

Düzü, o qədər dilxordum ki, Mədəniyyət Nazirliyində tarixi və mədəni abidələrin mühafizəsi müfəttişliyinə necə gəlib çıxdığımı bilmədim. Onun rəisini tapdım, görüb-eşitdiklərimi nağıl elədim, abidələrin bu kökə düşməsinin səbəbini soruşdum. O, şairin "... hər daşın altında bir tarix yatır!" misrasını söyləyib uzun bir siyahını, şəkilli albomları tökdü qabağıma, başladı Şəki Xan sarayı, Qız qalası, Şirvanşahlar kompleksi haqda mənə məlumat verməyə. Məcbur olub sualımı kəlmə-kəlmə təkrarladım. Bu dəfə o, abidə mühafizəçiləri üçün təkmilləşdirmə kurslarının keçirilməsindən danışdı. Xülasə, nə qədər çalışdım rəisdən konkret bir cavab qopara bilmədim. Mən dedim həmdən həmə, o dedi dəmdən dəmə... ha istədim ona başa salım ki, belə getsə, "daşın altında yatan tarix yavaş-yavaş batacaq", ancaq bir fayda hasil olmadı. Burada deyiblər, necəsən qanmayım, yanasan?! Rəisdən ayrılarkən radioda bir mahnı səsləndi: "Qalada yatmış idim, top atdılar, oyanmadım..." Və mənə elə gəldi ki, mahnınıı abidələrin qorunmasına cavabdeh olan yoldaşlar üçün oxuyurdular, bəlkə oyanıb qonum-qonşuya baxalar, canlarını oda yaxalar...

Amma çətin mahnı ilə oyansınlar!

Bəs nə vaxt oyanacaqlar?

1981

("Ədəbiyyat və İncəsənət", 10.7.1981 N 25 (1955)

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!