Adını Sentyabr qoydum - Səhər Əhməd yazır

 

Ən sevdiyim qələmimi tapıb ən gözəl dəftərçəmdə bir dairə çəkdim, adını Sentyabr qoydum.

Və bu qara toppuş qələmlə bu sarı zərli dəftərçəyə çəkdiyim dairənin içinə qırmızı hərflərlə çoxlu qeydlər edəcəyimə dair özümə söz verdim. Çarəsizcə "necə?" soruşan yorğun ruhuma soyuqqanlı beynimin diktəsiyə dünyagörmüş bir həkim ədasıyla resept yazdım. Bu resepti bütün xroniki iltihabları sağaldacağına içdən inanaraq yazdım: Bol-bol günəş işığı, bol-bol səhər gəzintisi, üfüq seyri və bol-bol empati qurmaq. Özü də hamıya, bütün insanlara.

Hər kəs səni anlamaya bilər, dedim öz-özümə, amma unutma, hamının anlaşılmaq hüququ var bu dünyada. Hətta anlamayanların anlaşılmaq ehtiyacı daha çox, çünki onlar təkcə səni yox, heç özlərini də anlamırlar və məntiqlə sən onları özlərinin yerinə də anlamalısan.

İndiyə qədər özümə yazdığım bütün reseptləri cırıb tulladım, beynimdəki bütün ağrıkəsiciləri, uyuşdurucuları atdım, uduzduğum bütün oyunları unutdum, qələbə ehtirasından vaz keçib qumar masasından qalxdım, bütün planlarımdan beynimi təmizləyib orda iri pəncərəli geniş bir otaq ayırdım özümə və adını Sentyabr qoydum. Sonra daha gözəl Oktyabr gələcək, daha sonra daha gözəl Noyabr. Həyat hələ də payız sevgimi əlimdən ala bilməyib axı. Mənim düşüncəmə görə ən gözəl yağışlar payızda yağır, ən gözəl çaylar payızda içilir, ən gözəl ruhlar payızda dillənir. Amma yaddaşımda istədiyim kimi yaşadığım bir payız belə yox, hamısını həyatın qaçaqaçındakı fon musiqisi kimi xatırlayıram. Bu dəfə belə olmayacaq, öz sevgilimlə - aşiq olduğum mövsümlə qol-boyun yaşayacağam, qoy qalan hər şey fon musiqisi olsun.

Sevimli fincanımı götürüb özümə bir qəhvə süzdüm. Evimin ən sevdiyim küncündə oturub, bilgisayarımın iş stolunu təmizlədim, yeni bir qovluq açdım və adını Sentyabr qoydum. Ən gözəl yazılarımı yazacam ora, bəlkə ən zəif yazılarımı, bəlkə heç kəsə demək istəmədiyim sözləri, bəlkə hamıya hayqırmaq istədiklərimi. Bəlkə heç nə yazmayacam, yaşamaqdan yazmağa vaxt tapmayacam, ehtiyac duymayacam, bəlkə bomboş qalacaq o qovluq, amma əsas o ki, adı Sentyabr olacaq.

Gedib məhəllə kitabçısından bir təqvim aldım, Sentyabr səhifəsini açdım, büt qarşısında dayanıbmış kimi önündə dayanıb həyatla atəşkəs elan etdim. Sentyabrın xətrinə. Bütün savaşlar haqların tapdanması ucundan başlar, amma bütün savaşlar hər iki tərəfdən ədalətsiz. Çünki hər iki tərəf qurban verir, çünki qurban bahasına qazanılan qələbə dadsızdır. Çünki qurban vermək də bir ədalətsizlikdi. Mən öz ordumu geri çağırıram, qəddar bir sərkərdə olmaqdan bezdim, öz inadımı, inamımı, həyat eşqimi, əsəblərimi qırğına verməkdən vaz keçdim, qoy onlar şəhid olmasınlar, ehtiyatda olan döyüşçü kimi sakit və uzun bir ömür yaşasınlar. Qoy bu dünyada bir Don Kixot da azalsın.

Yeni qonşuları, yeni mənzərəsi, xoş aurası olan xudmani bir evə daşınıram, sanki. Orda keçmişi olmayan, bu günlə dinc yanaşı bir həyat yaşamaq istəyirəm; özüm, övladlarım, çiçəklərim, toyuqlarım və şair demiş, bir də bütün insanlar...

Ən sevdiyim qələmimi tapıb ən gözəl dəftərçəmdə bir dairə çəkdim, adını Sentyabr qoydum.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!