Zamanı dəyişən sənətkar - Məti Osmanoğlu

Məti OSMANOĞLU

Bu qeydləri professor Məhərrəm Qasımlının "Mədəniyyət" televiziya kanalı ilə yayımlanmış "Saz-söz axşamı" verilişinin təəssüratı ilə yazmışdım və çox arzusunda idim ki, Aşıq Ədalət oxusun. Ancaq zaman amansız hökmünü verdi, böyük ustadla hallallaşma, vida sözü yazmalı oldum...
Söhbətə ekrandan daha çox öz dünyamdan, öz fikirlərimin pəncərəsindən baxırdım. Cavabını axtardığım suallardan biri bu idi ki, Ədalət aşıq sənətinə nə gətirdi? İndi bu sualın da qoyuluşunu dəyişməli oluram: Ədalətdən aşıq sənətinə nə qaldı?
Aşıq Ədalətin dediklərindən:  "Gördüm zaman dəyişir. Fikirləşirdim ki, tarzənin tarda çaldığını mən sazda niyə çala bilmirəm? Başladım tardakı qayda ilə heç bir alət olmadan qımqıma eləyə-eləyə o pərdələrin hamısını saza artırmağa. Saza yarımpərdələri düzdüm. Allah rəhmət eləsin, Əmrah Gülməmmədov da bu işi başlamışdı, ancaq təzə pərdələrdən istifadə etməyə cəsarət göstərmirdi... İndi sazda bütün alətlərin imkanları var"...
Stalin diktaturasından sonra bir qədər dərindən nəfəs alan, azadlıq havası hiss edən Azərbaycan mədəniyyətində ədəbiyyat, rəssamlıq,  kino, musiqi yenilik axtarışında idi. Var olduğu gündən Azərbaycan türk etnosunu müşayiət edən aşıq sənətində bu yeniliyi yaratmaq Ədalətə nəsib oldu.
Bəlkə heç özü də fərqinə varmadan Ədalət aşıq sənətinin modern solo saz ifaçılığı cərəyanını yaratdı. Ədalətin sazın ifa imkanlarını təkmilləşdirməsini XIX əsr mədəniyyətimizdə böyük hadisə olan Sadıqcanın tarın təkmilləşdirilməsi sahəsində gördüyü işlə müqayisə etmək olar. Sazın səslənmə imkanlarının təkmilləşdirilməsi, ilk növbədə, saz havalarının strukturuna, məzmununa öz təsirini göstərdi. Məhərrəm Qasımlının dəqiq ifadə etdiyi kimi, aşığın vokal ifa etdiyi saz havası ilə instrumental saz havası struktur baxımdan bir-birindən ciddi şəkildə fərqlənir. Bu, bir tərəfdən sazın təkmilləşdirilməsinin nəticəsidir - səslənmə imkanlarının genişləndirilməsi bu alətdə çalınan havaları da dəyişib. İkincisi, burada Ədalətin fərdi ifa ustalığı, musiqi dühası böyük rol oynayıb. O, saz havalarının strukturuna müdaxilə edib, klassik havalara öz bəstələrini əlavə edib.
Ədalətin yaratdığı yeni kompozisiyalar çox tezliklə kütləviləşdi, "xalq musiqisi" kimi klassik əsərlərə çevrildi. Məsələn, müqayisə etsək, görərik ki, Aşıq Xındı Məmmədin qeyri-adi ustalıqla oxuduğu klassik "Yanıq Kərəmi" ilə Ədalətin "Yanıq Kərəmi"si, əslində, fərqli əsərlərdir. Aşıq Ədalətin ifa etdiyi başqa qədim havalar da yeni və təkrarsızdır. Bu fərdi tərz tezliklə cərəyana çevrildi, Ədalətin aşıq sənətində açdığı yolun davamçıları gəldi: Aşıq Xanlar Məhərrəmov (Allahdan rəhmət diləyirəm), Əli Quliyev, bir qədər sonra Fəzail Miskinli, Bala Ədalət -Ədalət Dəlidağlı onun yaratdığı kökdən göyərib virtuoz saz ifaçılığını yeni bir axına çevirdilər. Bu gün Güney Azərbaycanda Aşıq Ədalətin çox ciddi davamçıları var: Aşıq Çingiz Mehdipur, Fərman Fərzi kimi  böyük sənət adamları yetişib (indi vokal ifaçılığa keçmiş xanım Parisə Ərsalaninin adını da bu siyahıya əlavə etmək olar).   

Ədalətin aşıq sənətinə, xüsusilə saz ifaçılığına gətirdiyi daha bir yenilik, saz musiqisini meydan folklorundan salon səhnəsinə gətirə bilməsi oldu. Ədalətə qədər də aşıq musiqisi salonlarda səsləndirilirdi. Lakin bu, bayağı şəkildə siyasiləsdirilmiş, ideologiyaya bulaşdırılmış (məsələn, Stalinin, kolxozun, partiyanın, pambığın təbliği ilə) meydan sənətinin bir fraqmentinin səhnəyə gətirilməsi idi və etnoqrafik karnaval səciyyəli həmin fraqmentlər çox vaxt ekzotik xarakter daşıyır, aşıq sənətini gözdən salırdı. Ədalət Moskvada İttifaqlar Evinin Sütunlu Salonu kimi nəhəng konsert səhnəsinə, Bakının konsert salonlarına sazın özünü gətirdi, tamaşaçılara sazın "danışdıqlarını" dinlətdi. Sovet ideologiyasından üz döndərmiş yeni nəsil sazı Ədalətin ifası ilə qəbul etdi. Azərbaycanda zövqlərin coğrafi məkanını bütövləşdirən Aşıq Ədalət səhnəyə "dil deyib danışan" sazı gətirməklə yanaşı, özünün zahiri görkəmi, zövqlü geyimi, səhnə davranışı ilə fərqli bir aşıq imici də gətirdi.
Məhərrəm Qasımlının Ədalətlə söhbətinə baxdıqca vaxtilə yaşadığım hissi bir də yaşayırdım. Müsahib kimi Aşıq Ədaləti danışdırmaq, ondan sənin öz istədiklərini "qopartmaq" çətin idi. Ədalətin içi o qədər dolu və zəngin idi ki, bu zənginliyi səninlə gah alim dilində, gah böyük səhnədən çıxış edən orator dilində, gah uzaq əsrləri yaddaşında daşıyan ozan dilində danışmağa çalışır və demək istədiklərinin heç mində, milyonda birini deyə bilmirdi. Onda saza əl atırdı. Ədalətin bir insan və sənətkar kimi fərqliliyi və fərdiliyi də elə bunda idi. Çaldığı havalarda, musiqi kompozisiyalarında özünün çatmaq istədiyi bir yüksəklik görür, səni oraya qədər aparır, qarşıdakı üfüqdə o yüksəklikdən sonra yeni bir yüksəklik gəlir, Ədalət sənə oranı da göstərir.  Oradan o tərəfə... oradan da o tərəfə... yüksəkliklər silsiləsi davam edir. Ədalət bir də gözünü açıb görürdü ki, tamaşaçı da onun yaratdığı dünyada, eyni havanın içindədir. Ədaləti dinləyən mütləq onun havasına düşür, o hava ilə yaşayır...
1984-cü ilin martında Bakıda aşıqların qurultayı keçirilirdi. Ədalət acıq eləyib qurultaydan yarımçıq qayıtmış, Qazaxda Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbirə qatılmışdı. Ermənistanla sərhəddəki "Göyəzən" restoranında keçirilən məclisdə Ədalət sazla möcüzə yaratdı. Anar, Məmməd İsmayıl, Nüsrət Kəsəmənli, Cabir Novruz (dünyasını dəyişənlərə rəhmət diləyirəm) kimi populyar sənət adamlarının iştirak etdiyi həmin məclisdə Yusif Səmədoğlunun dedikləri qulaqlarımda səslənir: "Ədalət, zaman gələcək ki, bizi sənin müasirlərin olduğumuza görə xatırlayacaqlar..."
Yusif Səmədoğlu onda "Ulduz" jurnalının baş redaktoru idi. Mənə jurnal üçün Ədalətlə bağlı bir yazı hazırlamağı tapşırdı. Üzərində bir ildən artıq işlədiyim həmin yazı jurnalda 1985-ci ilin payızında çap edildi. Ədalətlə söhbət kimi təqdim edilmiş yazı ənənəvi müsahibə deyildi, müxtəlif görüşlərimizi əks etdirən dialoq-hekayə idi. Ədalətin sənətinin və xarakterinin görünməyən tərəflərini göstərməyə cəhd etdiyim dialoq o vaxtın oxunan yazılarından oldu. Jurnal əldən-ələ ötürüldü, redaksiyaya çoxlu məktublar gəldi, zənglər edildi. Buna baxmayaraq  yazını "yuxarı" dairələr süngü ilə qarşıladı. Kommunist Partiyasının aparıcı orqanlarından olan "Azərabycan kommunisti" jurnalında "Ulduz" jurnalı haqqında kəskin tənqidi məqalə çap olundu və məqalədə amansızlıqla "vurulan" yazılardan biri də həmin söhbət idi...
Tənqidi yazı redaksiyanın adından imzasız verilsə də, müəllifi məlum idi, məqaləni Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bölmə müdiri işləyən bir ədəbiyyat adamı yazmışdı.

1986-cı ildə Qazaxda Səməd Vurğunun 80 illiyinə həsr olunmuş yubiley mərasimində mən də iştirak edirdim. Tədbirlərdən biri şəhər stadionunda oldu. Hələ yığıncaq başlamamışdı. Təsadüf elə gətirmişdi ki, Mərkəzi Komitədə işləyən "ədəbiyyat adamı" ilə yanaşı dayanmışdıq. Birdən Ədalət bizə yaxınlaşdı.

- Hara gedirəm sənin məqaləndən danışırlar, yaman yazıbsan... -  məni bağrına basıb təşəkkür elədi. - Məndən yazanların hamısını böyüdürlər, Səyavuş Sərxanlı məndən yazmışdı, "Qızıl qələm" mükafatı aldı.  Görərsən, sənə də mükafat verəcəklər, - dedi və şaqqıldayıb güldü.
- Mən artıq mükafatımı almışam, ustad, - deyib yanımdakı "ədəbiyyat adamının" üzünə baxdım. - Yaxşıca aşımın suyunu veriblər...
- Sənin yazın haqqında əyri bir söz deyən atabaatası ilə qələt eləyir, başını da daşa döyür, - deyib, üzünü yanımızdakı "ədəbiyyat adamı"na tutdu. - Bu oğlanı tanıyırsan?
Məni gülmək tutmuşdu, cəld "hadisə yerindən" uzaqlaşdım. Ustad Ədalət isə partiya çinovniki ilə söhbətini xeyli davam etdirdi...