Qeybdən gələn səslər: radio və Səməd Vurğunun ölümü - Rüstəm KAMAL

Rüstəm KAMAL

Qərib bir səs gəldi bu gün qəlbimdən:
Ömrün baharında öləcəyəm mən...…

S.Vurğun. "Bir səs…"

1956-cı il mayın 12-si. M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında Səməd Vurğunun anadan olmasının 50 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilir. Yubilyar özü bu gecədə iştirak etmir. Səməd Vurğun can üstədir. Amansız xəstəlik dahi şairi yorğan-döşəyə salıbdır.

Amma həmin gecənin radiofonik effekti tamam bambaşqaydı. Elə situasiya da, sözlərin mənası da tamam fərqli idi. "Gecəni radio ilə verirdilər. Səməd Vurğun daha heç vaxt qalxmayacağı yatağında uzanıb gecəyə qulaq asırdı…" (Elçin. "Əlimdəki hələ qələm"). "Azərbaycan", 1956, N-10). Radio qeyri-adi bir sosial məkandır: şair evdə yatağında uzanıb çıxışları dinləyir, səslərin və sözlərin sehri onun yaddaşını oyadır, fikri xəyalında dağı-arana, aranı dağa aparır.

Gecəni giriş sözü ilə S.Rəhimov açır və çıxışını dua ilə tamamlayır: "İndi anadan olmasının 50 illiyini qeyd etdiyimiz bizim Səməd Vurğun sözün əsl mənasında xalq şairidir. Bu ad ona çox gözəl yaraşır. O, xalqını çox sevdiyi kimi, xalq da onu sevir. "Zəncinin arzuları" müəllifi heç bir zaman öz kökündən qopmur. O öz vətəninin sadiq bir övladıdır, öz yurd-yuvası ilə fəxr edir. vətən də ona çox yaşa şair, çox yarat, şair, deyir".

Sonra M.İbrahimov şairin yaradıcılığı haqqında məruzə edir.
Natiqlər tribunada bir-birini əvəz edir.
K.Simonov söz alır.
A.Fadeyevin təbriki oxunur…
Ünvanına dünyanın ən tərifli və xoş sözləri deyilir. Və birbaşa şairə müraciət edirlər. "Əziz Səməd, bilirəm, indi mənə qulaq asırsan, ona görə də bilavasitə sənə müraciət edib deyirəm, əzizim Səməd…" - Konstantın Simonov mikrofona yaxınlaşıb və çıxışına belə başlayır.

Xəstə şairin radio ünsiyyəti spiritizm (ruhları çağırma) seansını xatırladırdı. Gecədə ona xitab edən hər kəs əslində onun ruhuna xitab edirdi və ruhunu çağırırdı.

Şair isə uzaq-yaxın ellərdən və şəhərlərdən gəlmiş qonaqların sözlərini eşitsə də, onları görmürdü, çünki radio elə bir məkandır ki, orada insanın üzü də və bədəni də yox olur. Radio insanın səs obrazını yaradan, dinləyicinin diqqətini özünə çəkən magik texniki vasitədir. Çağdaş media araşdırcıları qeyd edirlər ki, radioda qapının cırıltısını eşitmək televizor ekranında həmin qapını görməkdən daha təsirlidir. Axı səs obrazları öncə şüurumuzda yaranır, ona görə də kollektiv təhtəlşüurun arxetiplərinə təsir etmək gücünə malikdir. (Q.Başlyar)

Şair onların hər birini şəxsən tanısa da, radio qeyb aləmindən gələn səslər kimi onları görünməz etmişdi.

S.Vurğun radionu sevirdi. Saz havalarını, Xanın ecazkar səsini çox dinləmişdi. Canının ağrısını, yorğunluğunu çıxartmışdı. Qəhrəmanları da radioya biganə deyildi. Məsələn:

Gülzarın yanında orta dirəkdən
Asılmış radio deyir ürəkdən.…

"Kənd səhəri"
Yaxud:

Radionu qurdu
           Aygün bir səhər çağı,
Qulaq verdi konsert
           verən yoldaşlarına.
Gah qaraldı ağ sifəti bulud sayağı.
Gah sevindi tələbəlik sirdaşlarına
"Aygün"

Radio gecənin səs obrazlarını o qədər mistik effektli etmişdi ki, böyük şair bəzən  bu "dinləmələrə" dözmürdü. Rus şairi Pavel Antokolski də həmin gecəni yaxşı xatırlayır: "O qulaq asır və göz yaşları dönə-dönə onu boğurdu. Çıxış edənlər bunu bilir və mikrofonla bilavasitə ona müraciət edirdilər. Biz onu bilirdik ki, bizim gözəl dostumuzun xəstəliyi ağırdır…"

Xüsusilə də dostu K.Simonovun sözlərini axıra qədər dinləməyi bacarmamış, radionu söndürməyi xahiş etmişdi" ("Mən ellər oğluyam". Bakı, 1984).

Şairin ən yaxın dostu, "Saşa" dediyi Aleksandr Fadeyev həmin gecədə iştirak etmirdi. Teleqram göndərmişdi:

"Əziz dostumuz Səməd Vurğun!

Sənin vüsətli poeziyan sovet xalqlarının yaratdığı ən gözəl poeziyanın kəhkəşanında parlaq ulduz kimi səfəq saçır. Müxtəlif xalqlardan olan milyonlarla sovet adamı sənin poeziyanı sevir. Mən çoxdan bəri sənin şeirlərinə məftunam. İstedadının yüksək inkişaf səviyyəsində olduğunu söylərkən özümü bəxtiyar sanıram. Sənə uzun illər ömür və səadət, daha əlli il məhsuldar yaradıcılıq arzu edirəm. Sənin dostun Aleksandr".

Xalq yazıçısı Elçin xatirələrində qeyd edir ki, "bircə gün sonra - mayın 13-də isə A.Fadeyevin "vaxtsız və faciəli surətdə həlak olduğu" xəbəri yayıldı və indiki kimi yadımdadır, mən həmin xəbəri eşidəndə ilk növbədə Səməd Vurğun haqqında fikirləşdim…

…Bu teleqram da oslun ki, A.Fadeyevin son teleqramı idi. Hər halda son təbrik teleqramı idi".

Epistolyar janrın nümunəsi olan bu teleqram əslində dünyalar arasında mistik əlaqənin ifadəsi idi. Yəni bir gün sonra intihar edəcək A.Fadeyevlə bağlı "o dünya"nın Səməd Vurğuna qara xəbəri idi. Elçin yazır: "Sonralar, illər keçdikdən sonra, Yusif Səmədoğlu mənə danışdı ki, A.Fadeyevin həlak olması xəbərini Səməd Vurğundan gizlədiblər, amma həmin faciədən bir gün keçmiş səhər yuxudan ayrılan Səməd Vurğun nigarançılıqla soruşub: "- Saşaya nə olub? Qarışıq yuxu görmüşəm…" 

Vaqif Səmədoğlu da həmin yuxunu yadında saxlamışdı: "Bir gün sonra, 14 mayda atam yuxu görür. Ayıldı və soruşdu: Saşa Fadeyevə nə olub? "Heç nə" - anam cavab verdi. O dedi: - "…Yuxuda görürəm ki, hansısa bir Avropa şəhərindəyəm. Heç kim yoxdur. Birdən görürəm yuxarı mərtəbədən Fadeyev çağırır. "Səməd, yanıma gəl!" Ola bilsin ki, London şəhəriydi, 1945-ci ildə orda bir yerdə olmuşduq…" (Keramova Ş. "Məndən sonra dəniz qalır", rus dilində)

Dostun ölümü dosta tez əyan olur - yuxu və teleqramın radioda səslənməsi ruhların görüşünü "təşkil etmişdi".

Axırda Səməd Vurğunun məktubu oxundu. Mehdixan Vəkilovun oxuduğu bu məktub da "o dünyadan bu dünyaya" bir simvolik işarə idi. Şair artıq "bu dünya"da bir neçə günlük qonaq olduğunu bilsə də, yenə də şüurunda həyat eşqi yanırdı: "Mən bugünkü məclisdə müvəqqəti bir səbəbə görə istirak edə bilmirəm... Ümidvaram ki, yaxın gələcəkdə… görüşərik. Sizin Səməd Vurğun".

Radio şairin dünyalarca sevdiyi xalqı ilə virtual "vəhdəti vücudu" idi və "şüuraltı ölümün tərəfində olan" (A.Adalis) şairin taleyini toplum düşüncəsinə yansıdırdı.

Teatrda hamı sanki antik faciənin iştirakçısı və tamaşaçısı idi, bu da "şairin ünvanına deyilmiş xoş sözlərin hamısına fəci bir ahəng verirdi. O axşam bunu hamı bildiyindən bütün teatr nəfəsini çəkmədən çıxışlara qulaq asırdı". (P.Antokolski) Sanki bir katarsis məqamından yaşanılırdı. Onlar Səməd Vurğun üçün üzü maskalı aktyorlar kimiydi, onların səsi antik xorun çıxışına bənzəyirdi. "Bu xor"un radio versiyası Səməd Vurğunun tale faciəsinin miqyasını qavramağa imkan verirdi…

Səməd Vurğun beləcə onu sevənlərdən ruh kimi ayrılırdı. Fələk də, radio da Səməd Vurğunun ruh olduğuna, deyəsən,  inandıra bilmişdi…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!