MÜHARİBƏ - Hədiyyə ŞƏFAQƏT

Şübhəsiz, düşünülmüş, düşünülməmiş, planlaşdırılmış, planlaşdırılmamış müharibə insan əməlidir. O, məhz insan beynində formalaşır, ani qığılcım və ya uzunmüddətli gözləmə mövqeyindən sonra irəli atılır. Müharibə dünyanın, kainatın, mövcudiyyətin yaranması kimidir - kimlərsə hardasa "Ol!" deyir və olur... Bir çox şey kimi... Hər şey kimi... Müharibənin düşüncəsizlik olduğunu irəli sürə bilmərik.. O, ola bilsin bu uzun yollardan, hardasa, hətta zehnimizin və ya tarix adlandırılan illüziyanın ən uzaq bir nöqtəsində əkilmiş toxumdan cücərən davranış biçimi kimi ortaya çıxır...

Allah bilir...

Amma bildiyimiz bir şey var - bəşər övladı yaranandan müharibələr olub və olmaqdadır... biz hər nə qədər onunla barışmasaq da, qəbul etmək istəməsək də, müharibə haqda söhbətləri yan-yörəmizə yaxın qoymaq istəməsək də, populist çıxışlar səsləndirsək, ya da əksinə, sussaq da o var.

Bizim müharibə barədə təsəvvürümüz çox zaman kənar, hətta yanıldıcı təsvir və təsirlərin əhatəsində, bəzən ağırlığı, bəzən yüngüllüyü altında, bəzən gizli-aşkar məqsədlər, bəzən qorunma instinkti altında formalaşsa da, fikrimiz dayanıqlı deyil, dəyişkəndir... Hər bir yeni hadisə, bir kəlmə, bir xəbər, bir kükrəmə - "bir tık" bizi düşünməyə, tərəddüd göstərməyə məcbur edir. Tamamilə təbiidir, çünki mərkəzdə insan - biz dayanırıq, lakin heç zaman bir nəfərdən artıq olmayaraq...

***

Elm adamı müharibə istəməz... Ədəbiyyat adamı müharibə istəməz... Bir bəstəkar, bir rəssam, bir müəllim, bir həkim, bir kəndli, bir bənna, bir çoban, bir səyyah... heç kim müharibə istəməz. Bəs müharibələrdə döyüşənlər kimlərdir, ölənlər, öldürənlər, didərgin düşənlər, əsir götürülənlər - bir sözlə, əzab çəkənlər və ya əksinə, qorxu, xof yaratmaq, insanları daha ağır əzablarla hədələmək üsulları düşünüb yaradanlar kimlərdir? - İnsan.

Hansı düşünə bilən insanın qatını tərpətsən içindən müharibə barədə özünəməxsus bir fikir tapıb çıxartmaq olacaq. Onu istəyənlər də, lənətləyənlər də, qorxanlar da, irəli atılanlar da, faydalananlar da, itirənlər də, əlinə silah alanlar da, silaha nifrət edənlər də haqlıdırlar... Hara çevirsəniz, hardan baxsanız, müharibə barədə istənilən çağırış, istənilən etiraz haqlıdır. Hamını dəlili, sübutu, arqumenti var - müharibə arzulayanın da, arzulamayanın da, bunu dəyişmək olmayacaq...

Amma...

Amma müəllif olaraq bir şey barədə nəsə demək və ya susmaq üçün o şeyə heç olmasa yaxınlaşmaq lazımdır. Bu yaxınlaşmanın mərkəzində sən dayana bilməzsən, sən heç zaman o dairənin mərkəzində olmayacaqsan. Oldunsa sənin mərkəzləşmən haqqında bildiyin və bilmədiyin, gördüyün və görmədiyin hər şeyi uzaqda saxlayacaq. Bir nöqtə - bir mövzu seçməli və onu yaxınlaşdırmalısan, bəlkə də bu, texnoloji üstünlüklərdən istifadə edib planet üzərində bir nöqtəni axtarmağa bənzəyir. Fikir vermisinizmi, hər şey get-gedə böyüyür, amma heç zaman heç nə kiçilmir...

Müharibəni nə qədər yaxınlaşdırmaq, yaxına çəkmək mümkündür? Harda dayanıb, "bax, budur", "tapdım" deyə bilirik?..

Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanını oxuyanlar bu yaxınlaşmanı və ya yaxınlaşdırılmanı xatırlamamış olmazlar - iynə ucu boyda səslər yaxınlaşdıqca böyüyür, güclənir və bir kəsişmə nöqtəsində pərdə çəkilir. İnsanınmı müharibəyə, müharibəninmi insana qaynayıb-qarışdığını bilmədən hadisələrin nüvəsində qalırsan. Bu anda özünü heç zaman kənarda görə bilməyəcəksən, ya əlinə keçəni götürüb dairənin çölünə yüyürəcəksən, ya xaotik hərəkətlərlə özünü ora-bura vuracaqsan, ya döyüşəcək... ya da öləcəksən - müharibə bu deməkdir.

Hiss etmədinsə müharibə barədə danışma, yazma, şüar səsləndirmə. Çünki o dairənin kənarına qaçıb canını qurtarmaq istəyən də, özünü ora-bura çırpan da, ölən də insandır, sənin evinin, məhəllənin, kəndinin, şəhərinin, ölkənin - Dünyanın insanı.

Bəli, ədəbiyyatın müharibənin yaxınlaşdırmasında ali missiyası budur - İnsan!

***

Hardasa on il əvvəl əsgərlikdə olan oğluna baş çəkən tanış ana-ataya kömək edən həyat yoldaşıma qoşulub Tovuzun ən ucqar hərbi hissələrindən birinə gedib çıxmışdım. Əsgər nə əsgər, yaşlı valideynlərin on gündə, bir həftədə yığıb-yığışdırıb yollara düşməsi bir başqa mənzərəydi, hər dəfə oğlanı onlarla görüşə gətirən zabitlərin əsəbləşdiklərini eşitmək bir başqa mənzərə.

Getdik. Bir təpənin başında balaca bir yeməkxana. Kiçik qonaq otaqları. İki saat gözlədikdən sonra komandiri əsgəri götürdü gəldi. Yanlarında otura bilmədik, nə mən, nə keçmiş döyüşçü olan həyat yoldaşım. O anları, baxıb hirsləndiyimi, əlimdə olsa o oğlanı yumruqlamaq istədiyimi utansam da, utanmasam da söyləyəcəyəm.

Çölə çıxdım, yeməkxananın kölgəliyindəki masa başında oturmuş həyat yoldaşımla zabitin yanına getdim. Hər ikisi əsəbi görünürdü.

"Biz burda hər əsgərə cavabdehik, hamı eynidir, burda kim varsa eyni şəraitdə, eyni şərtlər altında xidmət edir. Biz onların hər biri üçün məsuliyyət daşıyırıq, lazım gəlsə özümüzü qabağa verməyə hazırıq ki, heç birinə heç nə olmasın", - başıyla içəriyə işarə edib siqaret yandırdı, - "belə əsgərin xidməti bitib geri qayıdanda hamımız nəfəs alırıq".

Qarşıdakı sıra dağlara baxdım, bir az irəlidən, təpənin üstündən erməni kəndi ovuc içində görünürdü. Zabitə baxdım, sifəti günəş altında yanmışdı, əlləri cadar-cadar idi, gözündən yorğunluq, yuxusuzluq tökülürdü. İstirahət edə bilməmişdi, əsgəri görüşə gətirmişdi, vaxtı bitəndə götürüb aparacaqdı...

Son günlərdə şəhidlərimizin səngərdə əsgərləriylə çiyin-çiyinə şəkilləri yayılanda, bir çoxları bunu qeyri-adi bir şey kimi, hətta sevinclə nümunə çəkəndə başımı aşağı saldım - Onlar orda həmişə belə olublar...

Orda, o uzaq səmtdə, düşmən hərbi hissələriylə üz-üzə nöqtənin ortasında insanın ətrafında qəribə bir halə yaranırdı və sən istəsən də, istəməsən də o halənin çölünə çıxıb ədalətsizlik, aşınmışlıq, kiçikli-böyüklü narazılıqlar, ayrı-seçkiliklər, yad və doğmalar, heç nə, müharibədən kənar heç nə barədə düşünə bilməzdin. Nə atəş açılır, nə göydən üstümüzə güllə yağırdı, nə toplar guruldayır, nə tanklar yeri titrədirdi... amma o zabit, o insan, o ərköyün uşaq, o valideynlər, o keçmiş döyüşçü və o bapbalaca əsgər yeməkxanası - Müharibənin düz ağzındaydı... Onu yalnız orda hiss edə, bütün dünyadan ayıra, əlahiddə bir dünya halına gətirə, haqqında danışa və düşünə bilirdin... Bilirdin ki, bir saat sonra buralar qızğın döyüş meydanına çevrilə bilər, az əvvəl yanından keçib gəldiyin əsgərlərdən kimlərsə evinə sağ qayıtmaya bilər, o səbrini toparlamağa çalışan zabit vurulub yıxıla bilər, bilirdin ki, bu səssizlik qədər yanıldıcı, aldadıcı və tükdən asılı vəziyyət yoxdur bu an dünyada.

O anda dünyada ancaq müharibə hiss olunurdu.

Qarşı təpədə bir az irəli getmək istədiyimi görən zabit: "Olmaz, getməyin" deyəndə "vurarlarmı", - deyə soruşmuşdum. "Getməyin!" - qısa, kəskin bir əmr..

***

Bəzi vətənpərvər mövzuda olduğu irəli sürülən mətnləri oxuduğum zaman həmişə o zabitin səsi qulaqlarımda səslənir: "Getməyin!".

Bəzi hallarda nəsə yazmaq istəyəndə də: "Etməyin!".

Yazmayın!

Bəs necə olsun?

Həqiqətənmi ədəbiyyatın missiyası bu cür hallarda susmaq, gözləmək, nəyin nə ilə nəticələnəcəyini gözləmə mövqeyi tutmaq, ya da irəli atılmaq, hər şeyə isti-isti münasibət bildirmək, əlüstü mətnlər yazmaq, qınamaq, öymək, təbliğat aparmaq, kütləni coşdurmaq, qəzəbləndirmək, intiqama səsləməkdir?

Niyə bizdə hər şey ya tündləşdirilir, ya solğunlaşdırılır, niyə hisslər bu qədər süniləşdirilir?

Qarışdırırıq... insanı unuduruq, hisslərini, həyatını, hadisələrin onun üzərində cəmləşdirilməsini lazımsız hesab edib genişmiqyaslı döyüş tablosu çəkmək istəyirik. Qoy bütün dünya görsün, qoy bütün dünya başımıza nələrin gətirildiyindən xəbər tutsun, yüz minlərlə qaçqın, bir o qədər dədə-baba məzarımız, əsirlər, yüzlərlə kənd, yüzlərlə mədəni abidə, minlərlə şəhid...

Bütün bunlar, statistik məruzələr ədəbiyyatın işi deyil və heç nəyə aparıb çıxartmır. Xocalı boyda faciəsi, dərdi olan adamlarıq, hər ildönümündə "Fəryad"dan başqa heç nəyə üz tuta bilmirik...

Nə qədər ki, o yüz minlərdən kimlərisə, təsadüfənmi, bilərəkdənmi tək-tək ayırıb ağrısıyla, sevinciylə, qorxusuyla, ehtirasıyla, sevgisi və nifrəyitlə yaza bilməyəcəyik, müharibəmizin mərkəzinə bir insan qoya bilməyəcəyik... alınmayacaq...

Natiq Məmmədlinin "Şuşa dumanı" adlı hekayəsi var. Balaca bir hekayə.

Müharibə o hekayədə bir həkimin - insanın sızıldayan dizlərində dünyadan böyük, özümüzdən yaxın görünür...

***

...Düzənliyin ortasında müvəqqəti çadır kəndi. Bəlkə kənd də demək olmaz.

Dan yeri sökülər-sökülməz böyük yaşlı uşaqlar analarının, ayağı yer tutan nənələrinin yanına düşüb bir az aralıdakı kəndə qayıdırlar. Ocaqlar tüstülənir, səslər yüksəlir, lavaş salınır, yemək bişirilir...

Hər şey qarşıda yüksəklikdə yerləşən düşmən mövqelərinin gözü önündə baş verir. Kənd tablosunda kişilər yoxdur. Kişilər düşmənlə üz-üzə dayanıblar, çiyin-çiyinə, əlləri silahdan çəkmədən, gözlərini düşməndən ayırmadan...

O kişilər o torpağın övladlarıdırlar, o hər səhər ocaqları tüstülənib alışan kəndlər onların kəndləridir, o lavaş salan, qazan qaynadan qadınlar, uşaqlar onların ailə üzvləridirlər...

Düşmən iki addım uzaqda dayanıb hər dan yeri sökülər-sökülməz evinə qayıdan qadınları da, qarşısında onların göz qırpmadan dayanan ərlərini, atalarını, oğullarını da yaxşı görür, yaxşı bilir, yaxşı tanıyır. Bura müharibənin içidir, orta nöqtəsidir, bütün hiss və reallıqlarıyla, həqiqətiylə. Pafossuz, çağırışsız, səssiz-səmirsiz, lakin bütün əzmiylə...

Bunlar doxsanıncı illərdə Sədərəkdə yaşanıb, bunu mənə sədərəkli bir xanım danışıb. Mən onu dinləyə-dinləyə həyətə baxırdım, tikinti gedirdi, ustalar, fəhlələr işləyirdilər, küçədə bir dəstə uşaq oynayırdı, yol kənarı boyunca əkilmiş ərik ağacları həmin il necə bol bar gətirmişdisə, hər tərəf sapsarı ərik rənginə bürünmüşdü. Bir yanda sapsarı taxıl zəmiləri uzanıb gedirdi, biçin başlamışdı. Qarşıdakı yüksəklikdə Ermənistan hərbi nöqtələri, onlardan bir qədər aralı bizim mövqelərimiz. Hər şey nə qədər sadə və asan, sakit, təhlükəsiz, sanki belə də olmalıymış kimi görünürdü...

O zaman orda danışdığım, tanıdığım insanların xatirələrini dinləyə-dinləyə başa düşdüm ki, bəzi hekayələr yazılmadan var. Bu hekayələrdə təkcə insan müharibənin mərkəzində deyil, həm də müharibə onun həyat hekayəsinin ortasındadır...

Bəzən bəzi yazılmayan hekayələr bəzi yazılmış hekayələrdən daha yüksək təsir gücünə sahibdir.

***

İllər əvvəl yazılmış bir romanımız var, Aslan Quliyevin "Ağrı" romanı. Niyəsə haqqında demək olar susulan, danışılmayan, diqqətdən kənar qalan, dar dairə istisna olmaqla oxucunun bəlkə də heç adını eşitmədiyi böyük həcmli əsər. Bir az mistika qatılmış, nağılvari göründüyü qədər də ciddi məqamlara işarə edən, səmt göstərən, təkcə içində danışılan tarixi hadisələr, sənədlər göz önünə gətirildikdə hansı zəhmət, əziyyət, səbr, bahasına başa gəldiyini başa düşə biləcəyimiz böyük roman.

İlk baxışda inanılmaz görünən, hətta dünyanın harasındasa olub-olmadığına inanmaq istəməklə istəməmək arasında ilişib qaldığımız bir kənd.

Mərkəzdə insan... nəzər nöqtəsini hara çevirsən üstündə cəmləşdirəcəyin, ancaq onu, əlahiddə, həmçinin böyük bir orqanizmin tərkib hissəsi olduğunu bütün çılpaqlığıyla hiss edə bildiyin, istənilən halda hər dəfə düşən işıqların altında mərkəzdə dayanan insan!

Keçmiş yazıçı, indiki döyüşçü. Son ana qədər döyüşəcək. Bunun sənin ölkən, sənin insanın, sənin mübarizən, sənin müharibən olduğuna həm inanır, həm inanmırsan, çünki bütün sərhədləri aşaraq bütün insanlığa eyni çağırışı səsləndirir: "Tanrı, onları bağışlama, onlar nə etdiklərini bilirdilər!".

Biz nə insanlıqdan, nə humanizmdən, nə ali dəyərlərdən nəsibini almamış insanlar deyilik.

Biz cəmiyyətdə nələrin baş verdiyini, dəyərlərin necə dəyişdiyini, necə aşındığını, xaosun hər birimizi özünə çəkdiyini, nə olduğunu anlamadan bir girdabın içində daşa-divara çırpıldığımızı, doğru yol axtardığımızı, bəzən bir-birimizə girdiyimizi, bir-birimizə qəzəbləndiyimizi ürək ağrısıyla yaşayırıq.

Hər şeyin ən ali dəyərlər çərçivəsində həll onunmasını hamıdan çox istəyib, hamıdan çox gözləmişik..

Amma olmur...

Bizim hər şeyin fövqündə bir müharibəmiz var, biz ona, xaincəsinə, bilərəkdən cəlb edilmişik və kifayət qədər qurbanlar vermişik.

Biz nə etdiyini bilən heç bir düşməni bağışlamırıq...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!