İsa Həbibbəylinin təqdimatında Vaqif Aslanovun "Dil tariximiz yenidən yazılmalıdır" məqaləsi

 

Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turana

Hörmətli Azər Turan!

Görkəmli filosof alim, elmi fəaliyyətinə böyük dəyər verdiyim fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə ilə daim fikir mübadiləsi edir, ixtiyar yaşında olan bu müdrük xanımla  bəzən saatlarla telefon danışıqları vasitəsilə elmi müzakirələr aparırıq…

Zümrüd Quluzadə Azərbayacan fəlsəfi və ədəbi fikir tarixini dərindən bilən, dünyada və ölkəmizdə gedən müasir elmi və ictimai prosesləri aydın surətdə dərk edən və yüksək nəzəri səviyyədə təhlil edib dəyərləndirməyi bacaran əsl böyük azərbaycançı alimdir.

Bu tanınmış filosofun bir böyük xidməti də dünyadan vaxtsız getmiş həyat yoldaşı, görkəmli dilçi alim, professor Vaqif Aslanovun xatirəsini uca tutmaqla yanaşı, eyni zamanda, onun əsərlərinin elmi dövriyyədə olması yolunda çalışmaqla həm vəfa borcunu yerinə yetirməkdən  və həm də bu vasitə ilə elmimizin müasir inkişafına kömək etməkdən ibarətdir. Bizim elmi ictimaiyyətimiz yaxşı bilir ki, vaxtılə cavan yaşında Nəsimi adına Dilçilik İnstitutunun  direktor müavini vəzifəsinə qədər gəlib çatmış filologiya elmləri doktoru Vaqif Aslanov keçmiş sovet rejiminin yaratdığı çətinliklərə baxmayaraq, ədəbi dilimizin tarixini və davamlı ənənələrini azərbaycançı mövqedən dəyərləndirməyə üstünlük verən alim olmuşdur. Bu günlərdə  Zümrüd xanımın  mənə təqdim etdiyi  Vaqif Aslanovun kiçik bir məqaləsi o dövr üçün də, bizim günlər üçün də aktual olan  böyük bir elmi problemə - ədəbi dilimizin tarixinin müəyyənləşdirilməsində milli mövqe məsələsinə həsr edilmiş əhəmiyyətli yazıdır. Hazırda da ədəbiyyat və dil tariximizin yenidən dövrləşdirildiyi indiki vaxtda mühüm əhəmiyyət kəsb etdiyini nəzərə almaqla bu məqaləni "Ədəbiyyat qəzeti"nin oxucularına çatdırmağımızı faydalı hesab edərəm.

İsa Həbibbəyli - AMEA-nın birinci vitse-prezidenti, akademik

Dil tariximiz yenidən yazılmalıdır

Sovet dövründə dil və mədəniyyət sahəsində tədqiqat əsərləri, o cümlədən dil və mədəniyyət tarixləri məlum konseptual prinsiplərə əsaslanırdı. Bu prinsiplər bütün sovet dövrü alimləri tərəfindən əsasən qeyd-şərtsiz qəbul edilirdi. Eyni ilə rəsmi, qələmə alınmamış hakim tendesiyalar mövcud idi ki, tədqiqatçılar onlara riayət etməli idilər.

Ehkama çevrilmiş həmin prinsip və tendensiyalar dövlət siyasəti ilə bağlı elmin, o cümlədən yazılan tarixlərin obyektivliyinə, sözsüz ki, mane olurdu.

Məsələn, siyasi baxımdan Azərbaycan dili və mədəniyyətinin tarixləri bilavasitə, üzvi surətdə əlaqəli olduqları türk və islam mədəniyyəti kontekstindən bu bölgə mədəniyyətlərinin ayrılmaz bir hissəsi kimi yox (bu, pantürkizm və panislamizm kimi səciyyələndirilirdi), vahid qapalı bir sistem kimi və ya Zaqafqaziya və sovet xaqları mədəniyyəti bölgələri kontekstində öyrənilirdi. Bu halda da diqqət, əsasən Azərbaycan-rus dil və mədəni əlaqələrinə verilirdi. Dil və mədəniyyət tariximizin obyektiv tədqiqinə ciddi maneə olan səbəblərdən biri, yenə də siyasi mövqelərlə bağlı, xalqın etnogenezisinə müasir elmdəki münasibət idi.

Hazırda hökmran ehkam və tendensiyalardan azad olmaq imkanından istifadə edərək, mövcud tədqiqatların, eyni zamanda dil tarixinin də yeni tədqiqi və nəşri həyata keçirilir.Yeni nəşrlə əlaqədar mütəxəssislər dil tarixi elminin bəzi prinsipləri ilə bağlı öz fikirlərini bildirmək istəyirlər.

Dilçilik və dil tarixi elmlərinə marksizmin millət haqqında təlimi ilə bağlı "Əzık narodnosti" - "Xalq dili" və ya "Milliyəqədərki dil", "Naüionalğnıy əzık" - "Milli dil" kateqoriyalarından istifadə yeni nəşr zamanı ciddi daşınıb-düşünülməlidir. Bu təsnifat müxtəlif baxımlardan süni və əsassız sxemdən başqa bir şey olmadığına görə yeni nəşr zamanı çox güman ki, ondan imtina edəsi olacağıq.

Son etibarilə adıçəkilən anlayışlardan istifadə etnoqraf və tarixçilərimizin "Xalq" və "Millət"ə verdiyi təriflərlə yəqin ki, uzlaşacaq. Azərbaycan dilinin zaman etibarilə təşəkkülü və onun dövrləşdirilmə (mərhələşdirilmə) prinsipləri yenidən düşünülməli və dilin xalqla həmzaman olması (dilsiz xalq və xalqsız dil qeyri-mümkündür) nəzərə alınaraq elmi cəhətdən əsaslandırılmalıdır.

"Yazıya qədərki" dövrün zaman sərhədlərini göstərərkən, sərhədlərin şərtiliyi mütləq qeyd edilməli və qəbul edilən hüdudlar elmi baxımdan əsaslandırılmalıdır. "Yazıya qədərki" dövrün dil abidələrinin tədqiqi metodikası, tədqiqat zamanı seçilən elmi meyarlar bir daha düşünülməli və bir daha müzakirə olunmalıdır.

Ədəbi yazı dilimizin yaranması dövrü yenidən müəyyən edilməlidir. Bu dövrü XIV-XV əsrlərdən, Nəsimi və Həsənoğludan başlamaq düzgün deyil. XII əsrin birinci yarısında Azərbaycanda yaşamış Xilafətin canişini Məsud ibn Namdarın 1111 və 1112-ci illərdə yazdığı "Hekayət, məktubat və şeriyyat" toplusundan məlum olub ki, XII əsrdə türk dili elitar şeir dili kimi Azərbaycanda mövcud imiş.

Qətran, Xaqani, Nizami kimi dahilər yaratmış, VIII-X əsrlərdə Orxon-Yenisey abidələrini, Mahmud Kaşğarinin "Divanü-lüğət-it türk", Yusif Balasaqunlunun "Kudatqu bilik" əsərlərini dünya mədəniyyəti xəzinəsinə bəxş etmiş, daha sonra yüksək fəlsəfi poeziyanın türkdilli Sultan Vələd, Yunus və Said Əmrə, Qazi Bürhanəddin irsi ilə zənginləşdirən, türkdilli mədəniyyət bölgəsinə üzvi hissə kimi daxil olan Azərbaycan ədəbi yazı dilinin tarixini XIV-XV əsrlərdən hesablamaq, sözsüz ki, səhvdir. Bu müddəanın səhvliyini hər şeydən əvvəl Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi ədəbi dilinin inkişaf səviyyəsi sübut edir. Yeri gəlmişkən, "Folklor" və "Ədəbi dil" anlayışlarının məzmunu da müəyyən fikir söyləməyə və qəbul edilmiş təsnifatların mübahisəli olmasına dəlalət edir. Məsələn, kim deyə bilər ki, folklor abidəsinin dili ədəbi dil deyil və yaxud XV-XVIII əsrlərdə deyilmiş Atalar sözü, Bayatı və Dastanlar "Yazıya qədərki" dövrə aiddir. Toxunduğumuz məsələlər dil tarixi tədqiqatçıları qarşısında duran çoxsaylı problemlərdən ancaq bir neçəsini ehtiva edir. Beləliklə, Azərbaycan dili tarixinin konseptual prinsiplərinin düşünülməsi, tədqiq və əsaslandırılması, dil tariximizin yenidən işlənilib çapa hazırlanması ərəfəsində ən mühüm vəzifələrimizdəndir.

Müzakirə üçün toplamaq istədiyim başqa bir məsələ "Milli dil" anlayışı, bu dilin yaranma tarixi və inkişaf mərhələləri ilə bağlıdır. Əvvəla, bu problemin əsas meyarı - "Millət" anlayışı müasir elmdə müəyyən edilməyib. Sovet dövrü ədəbiyyatında isə milli dilin yaranması, inkişaf zamanı XIV-XV, XVII-XVIII və XIX əsrlər göstərilirdi. Milli dilin təşəkkül tarixinin müəyyənləşməsinə, zənnimizcə, Oğuz qrupuna daxil olan türk xalqları yazılı abidələrinin müqayisəli tədqiqi aydınlıq gətirə bilər. Milli dilin inkişaf mərhələlərinə gəldikdə isə, bu mərhələlərin əsas faktoru kimi millətin siyasi mövqeyinin götürülməsi, bəlkə də, düzgün olardı. Məlumdur ki, milli dil və milli ideologiyanın dövlətlə bağlılığı müasir aləmdə qəbul edilmiş həqiqətlərdəndir.

Söylənilən baxımdan milli dilimizin inkişafında XII əsr, XV-XVI əsrlər, XIX əsrin sonu - XX əsrin əvvəli,  XX əsrin 20-90-cı illəri və XX əsrin son 20 ili ən əlamətdar, bəlkə də, mərhələ səviyyəsinə yüksələn dövrlər hesab edilə bilər.

Vaqif Aslanov - filologiya elmləri doktoru

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!