Pəncərə fonunda portret - Aqşin Babayev haqqında düşüncələr - Nadir Bədəlov yazır

Nədənsə, onun haqqında düşünəndə gözümün qabağına az qala otağın eni bərabərində geniş pəncərə gəlir. Heç vaxt arxası pəncərəyə oturmazdı. Həmişə stolunu elə qoyardı ki, oradan bayır görünsün, səmanın sonsuzluğuna tamaşa etmək mümkün olsun.

Onu birinci dəfə belə gördüm, səksəninci illərin əvvəllərində, radioda jurnalistik fəaliyyətinə başlayan zaman. Yox, mən yalan... İlk dəfə onu radionun dəhlizində gördüm, ətrafda işçilərin arasından "Aqşin müəllim... Aqşin müəllim..." - deyə pıçıltı keçdi. Elə bil portret idi, gözəl bir tərzdə canlanıb, haşiyədən çıxıb gəlirdi. Yaraşıqlı, hündür, gözlərində bir az da ona mötəbərlik verən iri eynək, əyninə ideal biçimdə oturan tünd-göy kostyum. Yanımdan gəlib keçəndə düşündüm: indi aramızda iki metrdən az məsafə var, amma ona yaxınlaşıb söz deməyə yəqin ki, hələ mənə illər lazım olacaq. Düz bir həftədən sonra süjetimin aqibəti ilə bağlı redaksiyaya gələndə, mənə dedilər ki, Aqşin müəllim səni çağırır. Qapının yanında asılan lövhədəki yazı bir daha özümü toplamağa məcbur etdi: "Azərbaycan Televiziya və Radio Komitəsinin sədr müavini - Aqşin Babayev". Katibənin otağından keçib onun qapısını açanda pəncərədən uzaqlara baxırdı, xəyallarından ayılan təki olub məni adımla içəri dəvət etdi. Bu qədər məhrəmliyi, bu qədər sadəliyi ondan gözləmirdim. Süjetdə bir neçə dəyişikliklər etmişdi, mövzu ilə bağlı bəzi tövsiyyələr verdi...

Onu sonuncu dəfə də belə gördüm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və Ekran dramaturgiyası kafedrası üçüncü mərtəbədə yerləşir. Onun kabineti isə ikinci mərtəbədə idi, qapısı həmişə açıq olurdu. Son dərəcə işgüzar, səliqəli, dəqiq adam idi. Amma ətrafda daim ora-bura tələsən, işləri tez görüb çatdırmaq qayğısında olan həmkarlarından fərqli olaraq tələsmirdi, sanki zamanı özünə tabe etdirmişdi, hər şeyi vaxtında, səliqə-sahmanla görərdi və bütün bunlarla bərabər başını qaldırıb sonsuzluğa baxmağından da qalmazdı.

Ondan müsahibə götürəndə də belə gördüm. O zaman kafedra müdiri idi. Mən televiziyada işlərimin artması ilə əlaqədar Mədəniyyət və İncəsənət Universitetində müəllim fəaliyyətimi saxlamışdım. Müsahibə almaq üçün ona zəng vurdum, vaxt təyin etdik və həmin gün mən kafedraya daxil olanda yenə sakit, soyuq, amma günəşli bir qış günü olduğundan bir tayını açıq qoyduğu pəncərəyə sarı oturmuşdu. İşıqlı adam idi. O nəslin bir çox nümayəndələrinin üzündə, gözlərində daim müşahidə etmək olardı bu qəribə işığı. Mənim yadıma Nahid Hacızadə düşür - hər mənada Aqşin müəllimin həmkarı, həm teleradio komitəsində televiziya üzrə sədr müavini, həm yazıçı, həm jurnalist və həm də işıqlı bir şəxs. Yadıma hər dəfə görüşdən sonra adamda sonsuz təəssüratlar saxlayan şair Fikrət Sadıq düşür - Aqşin müəllimlə yeznə-qayın idilər. Mənə elə gəlir bu adamların çöhrəsindəki işıq onların aktiv həyata qədəm qoyduqları dövrün əks-sədası idi, ötən əsrin əllinci illərinin sonu, altmışıncı illərin əvvəlində sovetlər ölkəsində mülayimləşmə gedirdi, müharibə arxada qalmışdı, ölkə Stalindən sonrakı mərhələni yaşayırdı, hamıda, xüsusilə yaradıcı gənclərdə bu əmin-amanlığı, sülhü, işığı qorumaq, söz demək sərbəstliyi qazanmaq, genişliyə çıxmaq istəyi vardı. Ədəbiyyatda ən çox kosmos, planet, qalaktika, kəhkəşan, ümman, mavi bir liman və başqa bu kimi romantik-fantastik ifadələr işlənərdi. Bu gün qibtə etmək olar o nəslin duyğular dünyasına, bugünkü nəslin yaşadığı başqa bir dünyadır, o vaxtkı başqa...

Bir də müharibə... Onlar müharibə uşaqları idi, unuda bilməzdilər o illəri, o illərdə gedib qayıtmayanları, talonla verilən qara çörəyin dadını... 

- 1941-ci il müharibə başlayanda atamı burada, arxa cəbhədə saxlamaqdan ötrü ona bron verdilər, - Aqşin müəllim günəşli qış günündə mənə verdiyi müsahibədə uşaqlığını xatırlayırdı. - Atam Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsində işləyirdi. Həm də səhhətində problem vardı, mədə xorası. Belə xəstəliklə cəbhəyə aparmırdılar. Nə yollasa bu diaqnozu üzərindən götürə bildi və elə həmin illərdə könüllü olaraq ön cəbhəyə yola düşdü, Stalinqradda vuruşdu, od-alovun içindən keçib qayıtdı. Müharibə qurtarmamış onu ordudan tərxis etdilər. Mədəsindən dəhşətli ağrılar tutmuşdu. Xəstəliyini gizlətdiyi üçün az qaldılar onun partiya məsələsini qoysunlar. Hər halda yaxşı qurtardı... Sonralar atamdan soruşurdum: "Sənin axı bronun vardı, nə əcəb cəbhəyə getdin?". Bu suala cavab olaraq atam etiraf edirdi: "Küçəyə çıxmağa utanırdım, hər dəfə ərləri cəbhədə olan qadınların baxışları ilə qarşılaşanda özümə yer tapmırdım, bilmirdim özümdən gizlənim, ya o qadınların baxışlarından".

Bu, nəsildən, şəcərədən gələn ziyalılıqdır. İlk baxışda belə ağır bir dövrdə hərənin öz dərdi özünə bəs edir, o ki olsun başqalarının da problemlərini özünə əlavə dərd eləmək. Bəlkə də belədir, amma nəsli-şəcərə mənsubiyyətini unutmayan adamlar üçün yox, onlar hamının qarşısında mənəvi cavabdehlik daşıyır, onlar üçün biganəlik ölümə bərabərdir. Yaşamaq olar, çörəkpulu da qazanacaqsan, amma mənən sən artıq yaşamırsan... Mənəvi cavabdehlik bu adamların başlıca ziyalı keyfiyyətidir. Aqşin müəllim atası ilə bağlı daha bir ibrətamiz hadisəni xatırlayır:

- Pyotr Montin küçəsində, - xalq arasında "Petramontin" deyirdilər, - ikimərtəbəli mülkümüzün birinci mərtəbəsində iki nəfər alman mənşəli bacılar yaşayırdı. Almanlar Mozdoka gəlib çatanda atamı çağırdılar, ona tapança verib tapşırdılar ki, almanlar Mozdoku yarıb keçsələr, elə həmin gün bacıları öldürsün. Müharibə başa çatdı, faşistlərin Bakıya girmək cəhdi baş tutmadı. Amma birdən əgər onlar bura gəlsəydilər, atamın o bacıları öldürməyə əli qalxardımı? "Yox, deyərdi atam, dünyasında belə bir işi tuta bilməzdim, onlar bu neçə illər ərzində dönüb ailəmizin üzvünə çevrilmişdilər, başımın üzərində yüz min rəis dayansaydı belə, onları vurmağa əlim qalxmazdı".

Alman mənşəli bacılara Aqşin Babayev "Dünyanın axırı" romanında da yer ayırıb. Bu roman onun yaradıcılığında və bizim mütaliə təcrübəmizdə xüsusi yer tutur. Əsərin müəllifi 41-45-ci illər müharibəsinin övladlarındandır, biz isə 90-cı illərin övladıyıq, müəllif qırxıncı illərdə uşaq idi, biz isə doxsanıncı illərin başlanğıcında artıq püxtələşmiş gənclər idik. Onların o dövrdə çəkdikləri zülmət, ağrı-acı, ölüm-itim sonda qələbə ilə yekunlaşdı, bizdə isə bütün sarsıntıların ardınca və onların davamı olaraq yeni, daha böyük sarsıntılar gəldi, torpaq itkiləri, qaçqınlar və daim müharibə perspektivli həyat. Aqşin müəllim iki tarixi sarsıntının övladıdır, baxmayaraq ki, doxsanlarda artıq ömrünün ahıllıq çağını yaşayırdı. "Dünyanın axırı" romanı, sanki şəhər həyatından xronikadır. Əsər birinci dəfə 1992-ci ildə nəşr olunub, deməli, müəllif ən azı bir il əvvəl onun üzərində işləyib, yəni hadisələr baş verən zaman, hər gecə "Allah sabahın xəta-bəlasından saxlasın" duası ilə yuxuya getdiyimiz günlərdə. Roman elə bir janrdır ki, burada müəllif üçün özünü gizlətmək çox çətin olur, istədi-istəmədi sətirlərin arasından boylanır, baş verənlərə öz münasibətini bildirir. Sərxan adlı sürücünün ürək parçalayan ailə müsibətini müəllif üçüncü şəxsin dilindən nə qədər soyuqqanlı nəql etməyə çalışsa da, biz oxucular onun fəryadını eşidirik. Əvvəl elə təəssürat yaranır ki, əsərin qəhrəmanı sürücü özüdür, ölkədə baş verən hadisələr onun şəhərin köhnə məhəlləsindəki kasıb evindən gəlib keçir. Müəllif qəhrəmanın və onun ailəsinin gündəlik həyatını təfərrüatı ilə təsvir edir, hadisələri bu təsvirin üzərindən verir. Sonradan başqa qəhrəman, Sərxanın gəzdirdiyi professor Zeynal Allahverdiyev önə çıxır və biz Zeynal müəllimin başına gələnlərlə, həmkarları tərəfindən haqsız hücumlar, ona qarşı riyakar, qəddar münasibətlərlə tanış olduğumuz zaman birdən-birə, sanki kənar süjet xətti kimi Sərxanın bütün ailəsinin başına gələn faciənin sorağını eşidirik. Bu, müəllif tərəfindən çox maraqlı kompozosion yanaşmadır, əsərin mərkəzi hadisəsinin yalnız xəbəri oxucuya çatdırılır, diqqət Sərxan faciəsinin Zeynal müəllimin ürəyində necə əks-səda tapacağına yönəlir. Məsələ də ondadır ki, Aqşin müəllimi şəxsən tanıyanlar əsəri oxuyarkən Zeynal Allahverdiyev surətində dərhal onun öz cizgilərini görəcəklər. Zeynalın bu hadisəyə münasibəti elə müəllifin mövqeyini və hisslərini ifadə edir.

Ölkə həyatının keçid və ağrılı dövrü haqqında əsər yazan Aqşin Babayev hansısa kənar düşmənlərdən deyil, özümüzdən, tarix qarşısında mənəvi məsuliyyətimizdən söz açır. Mənəviyyat təkcə düşmən tərəfindən deyil, həm də bu qarışıqlıqdan istifadə edib bulanıq suda balıq sevdasına düşən özümüzkülər tərəfindən sınağa çəkilib. Ara qarışıb məzhəb itib, dünənki dəyərlər bu gün xəyanət kimi qiymətləndirilir, belə bir xaosun içində insan sifətini qoruyub saxlamağın özü də qəhrəmanlığa bərabərdir. Çünki hər şey heç də göründüyü kimi asan başa gəlmir. İş o yerə çatıb ki, sənə istedadlı, təmiz, əxlaqlı olduğuna görə irad tuturlar, bacarıqlı olduğuna görə səni işdən çıxarırlar, əliəyrilərə, rüşvətxorlara meydan açıb zamanə, günahsız adamlar həbs olunur, hətta onlardan biri "bunun 37-ci ildən fərqi nə oldu" soruşanda, ona "37-ci il bundan yaxşı idi, heç olmasa amansız və qəddar da olsa qanunlar işləyirdi" cavabını alır. Hər şey qiyamətdən əlaməti xatırladır, kimlərsə zirəklik göstərib bundan qazanır, şəhid ailənin yanmış evinin yerində özünə imarət tikmək istəyir, kimlərinsə bütün bu haqsızlıqlara ürəyi dözməyir, ölür, əlli dörd yaşlı professor Zeynal Allahverdiyev kimi. Amma əsər boyunca müəllif bütün varlığı ilə, intellektual resurslarını toplayaraq, müşahidələrini daha da dərinləşdirərək romanın adına qarşı çıxır, hətta rəğbət doğuran iştirakçılardan birinin dili ilə bütün bu hadisələr dünyanın axırı kimi yox, yeni dünyanın əvvəli kimi qiymət verir. Zeynal müəllimin öləcəyi mahir oxuculara əvvəldən bəlli olur, bunu onlardan artıq Zeynal müəllimin özü bilir, amma belə bir halda o, dünya ilə vidalaşmır, əksinə, Yunus Əmrə kimi dünyaya salam deyir.

Bizim hər birimiz o hadisədə içimizdə nəsə itirdik. O nəsənin adına "Dünyanın axırı" romanının bədii məntiqi ilə ölüm deyilir. Ölən təkcə bizim fiziki varlığımız olmur, həm də dünyaya baxışlarımız ölə bilər. Lakin biz baxışlarımızda öldüyümüz kimi, yenidən doğula da bilərik, yeni insan olmaq şansı qazana bilərik.

Amma Aqşin müəllim dəyişmədi, necə vardısa, ömrünün axırınacan elə qaldı. Onun haqqında bir dəfə də olsun kimdənsə "qocalıb" kəlməsini eşitmədim. Həmişə şux yeriyər, duranda, oturanda qamətini saxlar, səliqəsinə, geyiminə-keciminə görə özündən otuz-qırx-əlli yaş cavanları belə xeyli arxada qoyardı. Bir də yumoru və əhvalatcıllığı ilə özünə cəlb edirdi insanları. Aqşin müəllimlə beş-on dəqiqə bir yerdə oldun, deməli, ondan bir neçə əhvalat eşidəcəkdin. Mən müsahibə götürərkən ondan həyatı haqqında məlumatlar almaq istəyirdim, o isə bir-birinin ardınca əhvalatlar danışır.

- Radioda elə bir pillə olmayıb ki, mən ora ayağımı qoymayım. Müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, baş redaktorun müavini... Xarici verilişlər redaksiyasının baş redaktoru olanda Türkiyəyə getdim. Ankarada Atatürk prospektinə çıxanda, birinci olaraq gözümə böyük hərflərlə yazılmış çağırış dəydi: "Nerədə kommunist görsənis, başını əzin. Mustafa Kamal Atatürk".

Dərhal onun söhbətinə sualla müdaxilə edirəm:

- Siz o zaman Kommunist Partiyasının üzvü idiniz?

- Üzvü idim. Bakıda ovçuların həyatından yazan bir yazıçı var - Zaman Novruzov. Onun kitablarından birini türk dilinə tərcümə etmişdilər. Məni tərcümənin redaktoru kimi Türkiyəyə dəvət etdilər. Kitabda bir cümlə vardı: "Qırqovulları güllələdilər. Başımı qaldıranda elə bildim qarşımda faşistlər dayanıb". Türklər bu cümləni tərcümə edəndə yazmışdlar "... elə bildim qarşımda kommunistlər dayanıb". Onlar üçün faşistlər və kommunistlər eyni məna daşıyır. O zaman bu mənə çox qəribə təsir bağışlamışdı. Biz faşistlərlə vuruşmuşduq, qalib gəlmişdik, indi isə buyur, sən demə, mən o partiyanın üzvü olmuşam ki, onu faşistlərlə eyniləşdirirlər. Bu da onların baxışı idi. Odur ki, orada bir az ehtiyatlı olmaq lazım gəldi. Amma onlara tez isinişdim, az sonra gördüm ki, onlarla oxşar cəhətim daha çoxdur, nəinki fərqli cəhətlərim.

Aqşin Babayevi Türkiyədə ədəbi dairələrdə yaxşı tanıyırdılar, onun türk dilində neçə-neçə kitabı çap olunub. Düzdür, onlarla oxşar cəhətlərdən daha çox danışırdı, amma oradakı özəllikləri onun kimi heç kim izah edə bilməzdi. Bununla bağlı hansısa bir qaranlıq məsələ olanda, Aqşin müəllimdən yaxşı məsləhətçi tapmaq, məncə, qeyri-mümkün idi. Zarafat deyil, 70-ci illərdə, demək olar ki, get-gəl olmayan zamanlarda Türkiyədə yaşayıb, orada işləyib. Bir müddətdən sonra yenə vətənə döndü, doğma radioda işini davam etdirdi.

- Türkiyədən qayıdandan sonra on beş il Azərbaycan Televiziya və Radio Komitəsinin radio üzrə sədr müavini vəzifəsində çalışdım. Bu, radionun tarixində ayrıca bir dövr idi. Bizim gözəl işçilərimiz, redaktor heyətimiz, müəlliflərimiz vardı. Televiziya və radionun tarixi haqqında bu gün çoxlu kitablar yazılır. Orada 70-80-ci illərin verilişlərinin siyahısına baxa bilərsiniz, teatral dildə desək, çox zəngin repertuar idi, yəni proqram rəngarəngliyi, hətta bugünkü verilişlər çoxluğunda belə, adamı təəccübləndirib heyrətə gətirə bilər. Mən hələ tarixə çevrilən, jurnalistik müntəxəbata daxil olan verilişləri demirəm. Bütün bunlar bizim kollektivin yaradıcı səyi nəticəsində meydana gəlmişdi. Amma dünya yerində dayanmır, hər şey dəyişir, bəzən təkamüllə, bəzən sıçrayışla. 80-ci illərin sonunda baş verənlərə bilmirəm sıçrayış demək olar, ya yox. Bu daha çox qəfil təlatümü xatırladırdı, nəinki inkişaf mənasında sıçrayışı. Doğrudur, perestroykanın əvvəllərində müsbət proseslər gedirdi, buna qədər qadağan olunan ədəbiyyatlar üzə çıxarılır, müəyyən yaradıcı sərbəstliklərə meydan açılırdı. Lakin az bir vaxtdan sonra məlum oldu ki, bütün bunlar heç də yaxşı olmayan məqsədlər naminə edilir. Nəhayət, 1991-ci ildə Teleradio Komitəsinə yeni sədr təyin edildi - Qeysər Xəlilov. Tez-tez ünvanıma yersiz tənqidlər söyləyirdi. Bir dəfə növbəti yığıncaqdan sonra onunla tək qaldım və birbaşa, açıq şəkildə ondan soruşdum:

- Qeysər müəllim, siz istəyirsiniz mən buradan gedim?

- İstəyirəm, - açıq şəkildə cavab verdi. - Mənə tapşırıblar öz komandamı yığım.

- Yeni komanda yığımına mane olmamaqdan ötrü xahiş edirəm məni məzuniyyətə buraxasınız, gedim özümə iş axtarım.

Adamın Allahı var, məni yaxşı yola saldı:

- Aqşin müəllim, harada iş tapsanız, mən sizi ora köçürmə yolu ilə göndərəcəm ki, stajınız batmasın.

Beləcə, neçə onilliklərlə davam edən televiziya və radio fəaliyyətim sona çatdı, bundan sonra mənim üçün yeni olan bir sahəyə qədəm qoydum - Ali Sovetin Mətbuat Mərkəzinin rəhbəri vəzifəsində işə başladım.

Müsahibənin bu hissəsinə kiçik bir düzəliş etmək istərdim. Məsələ ondadır ki, Aqşin müəllim radiodan tam uzaqlaşmadı və onun bu sahədə fəaliyyəti hələ bundan sonra da davam etdi. Dövlət qulluğunda işləməklə bərabər o, jurnalist formasını da itirməmişdi, onun radiolarda son dərəcə səmimi, canlı dinləyici marağı doğuran müəllif verilişləri gedirdi. Studiyaya düzgün, dəqiq seçilmiş qonaqlar gələrdi və düzü, mən onun bu bacarığına heyran olurdum. Hər bir verilişin uğuru düzgün qonaq seçimi ilə bağlıdır, efirdə işləyən adamlar mənim nə demək istədiyimi daha yaxşı başa düşər. Söhbət ondan getmir ki, bu gün adı-sanı, şöhrəti olan adamların arxasınca düşüb onları verilişə çağırasan, xahiş-minnət edəsən, dil tökəsən. Bunu hamı edir. Aqşin müəllim isə məşhurlarla bərabər, bəzən yaddan çıxan, yaxud az tanınan adamları da verilişin qəhrəmanı etməkdən çəkinməzdi, unudulmuş mövzulara yeni nəfəs verərdi, onları aktuallaşdırar, onların ətrafında canlı müzakirələr yaradar və bütün bunları dərin, müdrik, həzin Aqşin poeziyası müşayiət edərdi. Həzinlik və fəlsəfi dərinliyin vəhdətini ustadından öyrənmişdi. Əgər istəyirsən dünya sənə öz sirlərini açsın, ona mülayim yanaş, ondan özünü qapama, ölçülü-biçili vəznlərin içində gizlənmə, sərbəst ol sözündə, əməlində, evdə olanda pəncərəni açıq saxla, çöldə olanda qollarını ən hündür tramplindən suya atılan qəvvas kimi bacardıqca gen aç və yalnız belə olanda dünya səni özünə həmsöhbət edəcək, səninlə danışacaq, onun dediklərində kədər də var, sevinc də, göz yaşları da var, gülüş də və ən vacibi, poetik axına qoşulan düşüncələr, düşüncələr, düşüncələr... 

Nazim Hikmət yaradıcılığı və Nazim Hikmət şəxsiyyəti Aqşin Babayevin ömür kitabının ən böyük fəsillərindən birini təşkil edir. Bəlkə də bu, sadəcə olaraq ayrıca bir fəsil yox, onun bütün ömrünü büsbütün əhatə edən mövzu idi. 2016-cı ildə çapdan çıxan "Nazim Hikmət qalaktikası" adlı kitabına Aqşin müəllim "Nazim Hikmətə bağlı ömrüm" adlı essesini də daxil edib. Burada o, sanki poeziyanı riyaziyyatla barışdıraraq ömrünün 1950-ci illərindən 2010-cu illərə, yəni kitab nəşr olunana qədər davam edən Nazim salnaməsini tərtib edir. Mən əminəm, Aqşin müəllim əgər on il, iyirmi, otuz il də artıq yaşasaydı, bu salnamə onunla davam edəcəkdi, Nazim Hikmət mövzusu heç vaxt onun üçün artıq keçilmiş, arxada qalmış mövzu olmayacaqdı.  

Psixologiyada fassinasiya deyilən bir anlayış var - hansısa bir hadisədən elə təsirlənirsən ki, bu sənin həyatını tamam dəyişdirir, artıq əvvəlki adam olmursan. Aqşin Babayev belə bir hadisəni 1957-ci ildə, Azərbaycan Dövlət Universitetində oxuyan zaman yaşayıb. Bakıya qonaq gələn böyük türk şairi universitetin iclas zalının kürsüsündən çıxış edir. "Biz tələbələr onu uzaqdan-uzağa seyr edirik. Gur səsi dalğa-dalğa zala yayılırdı".

O qış gününün günortasında müsahibə götürən zaman Aqşin müəllim danışdıqca tez-tez pəncərədən səmaya baxır, xatırlayır, üzündə 1961-ci ilin Moskva günlərinin təəssüratı əks olunurdu:

- Stalinin ölümündən sonra "türk" sözünə nəzarət hələ də davam edirdi. Bununla belə, cəmiyyətdə müəyyən mülayimləşmə də yox deyildi. Universiteti bitirəndən sonra bir müddət qəzetdə korrektor, daha sonra Azərbaycan Radiosunun Türkiyə üçün verilişlər redaksiyasında kiçik redaktor, ardınca redaktor vəzifələrində çalışdım. Bir gün tələbə dostum mənə zəng vurub aspiranturaya Türkiyə ədəbiyyatı üzrə bir yer verildiyi haqqında məlumat çatdırdı. İmtahan verdim, rəqibim də vardı, cavablarım bəyənildi, yüksək qiymətlə daxil olub qiyabi aspirantura təhsili almağa başladım. Nazim Hikmət o zaman hələ sağ idi. Dissertasiya mövzum onun dramaturgiyasına həsr olunmuşdu. Üçaylıq yaradıcılıq məzuniyyəti götürüb Moskvaya yollandım. Moskvada əvvəl tanınmış nazimşünas Əkbər Babayevlə görüşdüm. Əkbər Nazimə zəng edəndə onun dərhal görüşməyə razılıq verəcəyinə inanmırdı. Çünki hansısa xarici ölkədən gəlmişdi, adətən belə olanda bir-neçə gün evdə tək qalır, heç kimlə görüşmürdü. Amma bizi elə o gün, o saat evinə çağırdı. Getdik, qapını Nazim Hikmət özü açdı, gözlərimə inana bilmədim, yəni doğrudanmı mən bu dahi insanla üz-üzə dayanmışam...

- Mərhaba, buyurun, - deyə Nazim bizi içəri dəvət etdi.      

Özündən xeyli gənc olan Vera Tulyakova ilə evli idi. Qadın bizim üçün çay gətirdi. Oturub heyranlıqla Nazimə baxırdım. Əkbərlə ordan-burdan bir-iki kəlmə kəsəndən sonra üzünü mənə tərəf çevirdi:

- Buyur, - dedi.

- Mən sizin dramaturgiyanız haqqında əsər yazmaq istəyirəm. 

- Çox nahaq yerə.

Lal olub qaldım. Açığı, belə söz eşidəcəyimi gözləmirdim. Pərt halda dönüb Əkbərə baxdım. Əkbər qəribə də olsa çox sakit idi, üzündə arxayın bir təbəssüm vardı. Nazim pərtliyimi götürmək üçün yumşaq səslə sözünə davam etdi:

- Məndən əvvəl Türkiyənin daha böyük dramaturqları olub, İbrahim Şinasi, Namiq Kamal, məndən qabaq Əbdülhəq Hamid olub. Yaxşısı budur ondan yaz.

- Əbdülhəq Hamiddən artıq dissertasiya yazırlar. Mən isə sizdən yazmaq istəyirəm, bu mənim öz istəyimdir.

Dissertasiyanı necə yazacağım, hansı məsələlərə daha çox toxunacağım barədə bir neçə sual verəndən, həmçinin, başqa mövzularla bağlı söhbət edəndən sonra aramız açıldı. Moskvada qalanda iki gündən bir onun evinə gedirdim, maraqlı söhbətlər edirdik. Bir gün məni tək evdə qoyub dükana süd almağa düşmək istədi. "Olar mən də sizinlə gedim?" - deyib onunla birgə yaxındakı iri Moskva mağazalarından birinə yollandıq. Onunla keçirdiyim hər anı özüm üçün qənimət bilirdim. Bilirdim ki, bu anlar sonradan qiymətli xatirəyə çevriləcək. İlahi, mağazada onu necə qarşıladılar! Burada işləyən bütün qızlar işlərini atıb onu dövrəyə aldı, o da bəzi sözləri təhrif olunmuş şəkildə ifadə etsə də, qəşəng, şirin rus dilində qızlarla danışıb gülürdü...

Onunla Moskva görüşlərim 1961-ci ilə oldu. 1962-ci ildə özü Bakıya qonaq gəldi. Ondan radio üçün geniş müsahibə aldım. Mənimlə köhnə tanışı kimi danışırdı, bilsəniz bundan necə qürur duyurdum. Sağollaşanda mənə ciddi tapşırdı ki, dissertasiyamı müdafiə edəndə mütləq onu da dəvət edim. Gələrdi, inanıram ki, gələrdi, Moskvada, yaxud harada olursa-olsun, işlərini təxirə salıb Bakıya uçardı. Özünə görə yox, mənə görə. Amma... 1963-cü ildə onun qəfil ölüm xəbəri gəldi. Neçə günlər özümdə deyildim, işdə, evdə bir bəhanə ilə hamıdan ayrılıb təkliyə çəkilər, onu xatırlayıb ağlardım. Sanki bir dünya itirdim. Bununla belə həmişə taleyə minnətdaram, çünki Nazimin simasında bir dünya qazandım.

Bütün nazimsevərlər kimi, Aqşin Babayev də Sovet İttifaqı dağılandan, dünyada kommunist hərəkatı məğlubiyyətə uğrayandan sonra Nazim Hikmətə qarşı başlanan hücumlara cavab verməli, onun uğrunda çarpışmalı olurdu. Bəli, Nazim Hikmət kommunist idi, o, insanların bərabərliyi ideyasına inanırdı, o bu ideyanın reallaşması uğrunda oda atılmağa, yanmağa hazır idi, Kərəm kimi... Ona qarşı danışanları ən çox əsəbləşdirən onun istedadı idi, poeziyası idi. Poeziyanın evi, məkanı varsa, o kitab deyil, poeziyanın məkanı gerçəkliklə yoxluq, səslə sükut arasındadır, yuxularımız hansı materialdan yaranırsa, poeziya da o materialdan yaranır, elə yuxular var ki, onları biz qovmaq, unutmaq istəyirik, elə də yuxular olur ki, onların sorağına düşürük, bəzən bütün ömrümüz boyu onları axtarırıq. Nazim Hikmət poeziyası da belədir, sorağına düşülən yuxulara bənzəyir. Aqşin Babayev üçün Nazim Hikmət sadəcə olaraq bioqrafik fakt deyildi. Uzağa baxan, uzağı görən insanlar üçün həmişə bir kimsə olur, əlində məşəl qaranlıqları yara-yara gedir, ətrafı işıqlandırır. 

Aqşin Babayevi mən nə ateist kimi, nə də qatı dindar adam kimi tanımırdım. Əsərlərində də nə birinci, nə də ikinci mövqe qabarıq şəkildə özünü büruzə vermir. Bununla belə o, hər şeyin, istər üzərində yaşadığımız torpağın, istər göydəki ulduzların, istər bütün kainatın yalnız ilahi bir nizama minnətdar olaraq mövcud olduğuna inanırdı. Bizim yer həyatımızda kainatın əvəzi ailə, ilahi nizamın təzahürü isə əxlaqdır. Əxlaqı ilahi nizamla eyniləşdirən müəllif öz üzərinə böyük mənəvi yük götürməklə bərabər, başqalarına qarşı da tələbkar mövqedən çıxış edir. Burada söhbət didaktik fəlsəfədən deyil, daha çox mistik əlaqədən gedir. Məncə, onun pyeslərində dramaturji kompozisiyanı maraqlı edən, povest və hekayələrində süjet xəttini gözlənilməz məqamlara gətirib çatdıran əsas səbəb də məhz dediyim həmin o mistik əlaqə ilə bağlıdır.

İlk baxışda adi, həddən artıq sadə və ədəbiyyatda kifayət qədər işlənmiş situasiyalarla qarşılaşırıq onun əsərlərində. Aqşin müəllim belə sadə situasiyaların təsvirinə cəsarətlə, yaradıcı adamlara xas olan təkrarçılıq qorxusu keçirmədən girişir. "Kişilər az yaşadı" povestinin qəhrəmanı olan Mina xanım ərini gənc yaşlarında itirib. Onlar iki-üç il idi evlənmişdi, Minanın əri Adışirin, müharibə başlayan kimi ön cəbhəyə yollanır və döyüşlərdən birində həlak olur. Gənc ana iki körpəsini özü, təkbaşına böyüdür, onları ali təhsilli edir, evləndirir və bütün bu illər ərzində daim ürəyində əri ilə danışır, ona hesabat verir, onu uşaqların taleyindən narahat olmamağa çağırır. Bəli, tanış motivdir, xüsusilə Azərbaycan ədəbiyyatında bununla bağlı xeyli nümunələr göstərmək olar. Lakin Aqşin müəllimin povestində birdən məlum olur ki, Mina xanımın qızı Rəna da gənc yaşlarında ərini itirib, onun da iki körpəsi, bir qızı, bir oğlu var. Sanki anasının taleyinin güzgülü əksini yaşamaq düşüb bəxtinə. Amma fərqlər də çoxdur, daha doğrusu, tamam fərqli situasiyadır. Rəna anasından fərqli olaraq mərhum həyat yoldaşına sevmədən ərə getmişdi, onun sevdiyi başqa oğlan vardı. İndi isə başqa bir nəfər onunla ünsiyyət qurmağa çalışır. Rənanı anası ilə oxşar edən yalnız bir cəhət var - əxlaq. O, əxlaqı əsas götürəcək, ya bəxtini? Müəllif oxucunu əsər boyu məhz bu suala cavab gözləntisi altında saxlayır. Əxlaq problemi onun "Halal çörək", "Ayrılıq" və digər povestlərində, hekayələrində, pyeslərində əsas məsələ kimi qoyulur, ailənin dağılması isə, yuxarıda dediyimiz kimi, kainatdakı nizamın pozulmasına bərabər bir hadisədir.

Ədəbiyyat da zaman kimi daim dəyişir, formalistik eksperimentlər, fərqli cərəyanlar, sərt realizm və digər istiqamətdə yeni-yeni əsərlər meydana gəlir. Bunların hamısını yalnız alqışlamaq lazımdır. Amma mən modernist və postmodernist Qərb ədəbiyyatına heç də az bələd olmayan bir oxucu kimi gənclərimizə məsləhət görərdim ki, Aqşin Babayevin kitablarını imkan düşən kimi oxusunlar. Bu onlar üçün bəhrəli mütaliə olacaq. Hər şeydən əvvəl ona görə ki, bu əsərlərdə bizim yaşadığımız, atalarımızın yaşadığı dövrlərin ovqatı yapon miniatürlərində olduğu kimi sadə, səmimi və zərgər dəqiqliyi ilə təsvir olunub. İkincisi, bəlkə də ən başlıcası onun əsərlərini ona görə oxumaq lazımdır ki, burada əxlaqi problemlər ilahi nizam səviyyəsində göstərilir.

Aqşin müəllim haqqında yazımın sonunda yenə artıq keçmişlərdə qalan o günəşli, amma bir az şaxtalı qış günündə pəncərə önündə ondan aldığım müsahibəyə qayıtmaq istərdim. Başımız söhbətə elə qarışmışdı ki, günəşin boz buludlar arxasında gizlənməyindən xəbərimiz olmadı. Artıq bağlanmış pəncərəyə ara-sıra, tək-tək qar dənələri qonur və elə o andaca əriyirdi. Sonra qar dənələri artdı, az sonra daha da artdı. Aqşin müəllimin gözləri yol çəkirdi, mənim burada olduğumu, deyəsən, unutmuşdu. Bir azdan dərindən köks ötürüb gözlərini gözəgörünməz yoldan ayırdı, otağa qayıtdı və müsahibənin son sözlərini dedi:

- Həyat bir ümmandır, kitaba sığmaz.

O, işıqlı adam idi, işığa doğru getdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!