Azərbaycanda marksizm-leninizm ideolojisi ilə vida dönəmi - 80-ci illərin ikinci yarısı - Niyazi Mehdi yazır

“Mən” olmağın tarixçəsindən

Niyazi MEHDİ

http://edebiyyatqazeti.az/news/incesenet/5877-80-ci-iller-homo-sovetikus-gormemis-homo-kimi

Bu illərin axırına yaxın konfransların ideoloji ruhu dəyişdi. 89-cu ildə Vilnüsə getmişdim ki, sənətdə millilik məsələsindən çıxış edim. SSRİ-nin hər yerindən ora çıxışçılar gəlmişdi.

Konfransda moderator litvalı idi. Üç-dörd cümləni öz dilində deyirdi, sonra ruscasını söyləyirdi. Belə çıxış artıq vaxt aparırdı, ritmi pozurdu, axı konfransdakı Litva iştirakçıları da rusca bilirdi. Elmi məclis Televizyonda işıqlandırılmırdı ki, deyəsən, millətinə göstərir (bəlkə bizə dilini eşitdirmək istəyirdi?). Görünür, Sovetlərin ruslaşdırma siyasətindən o qədər yığmışdı ki, indi hayıfını alırdı. Danışığında tez-tez "biz avropalılar" sözlərini səsləndirirdi. Düzü, onun bu "sərbəstliyinə" qibtə etmirdim, çünki bizdə də millətçilik və demokrasi idealı əsasında ideoloji sərbəstlik çoxalmışdı.

86-dan sonra Bakıda da filoloji konfranslardan marksizm-leninizm leksikonu duman kimi çəkilib getmişdi. Bu yerdə deməliyəm ki, mən heç 81-82-ci illərdə də Bakıda məqalə yazanda "marksizm-leninizmdən çoxlu sitat ver!" basqısını Moskvadakı kimi duymurdum. "Ulduz", "Azərbaycan" jurnalları tələb etməzdilər ki, kulturolojidən yazırsansa, Marksdan, Lenindən, ya Brejnevdən sitat ver. Bir dəfə Marksın adını "qara mavr" kimi çəkmişdim. Redaktor bilmirdi ki, bu ayamanı kommunist ideolojisi qəbul edir, ona görə xahiş etdi ki, pozum.

İnstitutda nəinki 85-ci iləcən, heç qabaqlar da Brejnevin "Kiçik torpaq" və "Xam torpaqlar" broşurlarından dərs keçməzdim, jurnalda keçdiyimi yazsam da və bununla bağlı heç kim mənə irad tutmazdı. O broşurlardan hər biletdə bir sual olsa da öyrəncilərdən cavabını soruşmazdım. Bakıda marksizm klassiklərindən sitat gətirmək tələbi bircə dissertasiyalarla bağlı ciddi işləyirdi, çünki diplomu Moskva verirdi.

Marksizm-leninizm kafedrasının dosenti kimi bu ideolojinin ana tezislərini pis bilmirdim, ancaq bütün bildiklərim dərslik və monoqrafiyalardan yığdıqlarım idi. Lenini, Marksı çox az oxumuşdum. "Kapital"ı axıracan oxumaq marksizmə böyük sevgi əsasında və alovlu kommunist olanda mümkün idi. Ancaq o da var ki, alovlu kommunistlər Stalinin, Xruşşovun, Brejnevin "Kapital"ı axıracan oxumalarına böyük quşqular vardı. Fəlsəfə üçün gənc Marksın yazdıqları daha dəyərli idi ("Kapital" yalnız bəzi Batı intellektuallarında böyük maraq doğururdu). Bunu sonralar bildim ki, Froydun, strukturalizmin, ekzistensializmin ideyaları ilə Marksı birləşdirənlər (Vilhelm Rayx, Klod-Levi Stross, Derrida) onlara gərəkən nəsnələri daha çox gənc Marksın kitablarından götürürdülər.

Mən Leninin "Fəlsəfə dəftərləri"nə, baxmışdım, "Materializm və empriokritizm"i isə, deyəsən, axıracan birtəhər oxumuşdum. Birincisində Leninin yağlı söyüş (həyasız-tərbiyəsiz deyimlər) prinsipində qurduğu ifadəli cümlələr, məhz ifadəli olduğundan bir az xoşuma gəlmişdi (neyçinsə Sovet marksistləri Lenin ekspressivliyindən istifadə etməyə ürək etmirdilər - bircə Mixail Lifşis idi, iliyinəcən marksist oluban qəşəng yazan).

"Materializm və empriokritizm"ə gələndə, onda heç bir dahiyanəlik görməmişdim. Bu kitabın əsas ideyasını yanlış sayırdım və Sovet dönəmində yox, yalnız 90-cı illərdə öyrəncilərə deməyə ürək etdim. Lenin söyləyirdi ki, obyektiv nəsnələr, yəni ayrıca insan şüurunun və kollektiv bilincin "gözünə görünən" ilğım yox, doğrudan da olan nə varsa, materiyaya aiddir. Deməli, vakuum da obyektivdirsə, materiyadır. Deməli, Fizika, Astrofizika gələcəkdə nə tapacaqsa, hamısı materiyaya aid olacaq. Bunun cavabında mən özümdən soruşurdum, heyvanların psixikası da bizim bilincimizin aldanışı deyil, onlar ki maddə deyillər.

Marksizmə mız qoymaq üçün türlü ideya bicliklərim vardı. Biri yuxarıda söylədiyim idi. O birisini 1985-ci ildə Kiyevdə İxtisası təkmilləşdirmə kursunda aydırmışdım: bütün yüksək ideyalar çox işləndikcə aşınır. Bununla çıxışımda SSRİ-nin hər yerindən gələn dinləyicilər qarşısında Marksdan, Lenindən dəqiqədə bir sitat gətirməyə mız qoymuşdum. O çağ bilmirdim ki, Kantın "Mühakimə bacarığının tənqidi" traktatında oxşar düşüncə var: ən yüksək elmi söyləmlər populyarlaşıb orada-burada söylənirsə, axırda bayağılaşır.

Üçüncünü doktorluq dissertasiyasının Girişində yazmışdım: Marksın formulə etdiyi üstqurumun bazislə təyin olunması qanunu yoxsul toplumlarda işləyir. Oxşar olaraq ac, yoxsul adamı pulla yönəltmək asan olur. Dolanışığı yüksək olan adam isə maliyyə asılılığından xeyli qurtulur. Bu üzdən diktatorların ac cəmiyyəti idarə etməsi daha asandır və ona görə də adamlar üçün bolluq cəmiyyətini yaratmaqda maraqları olmur. 

***

Mən Kommunist partiyasının üzvü 85-ci ildən bir-iki il qabaq oldum. Sovetlərdə partiyaya girmək asan deyildi, mağaza müdirləri girmək üçün pul verərdilər, müəllimlərsə növbəni gözləməliydi. Mən maraq göstərmədiyimdən heç kimin yadına düşmürdüm. Axırda Dilarə (xanımım) partkomda hay-küy saldı ki, necə Marksizm-leninizm kafedrasının müəllimi olan Niyazini partiyaya götürmək ağlınıza gəlmir?!

Bundan sonra məni partiyaya götürüb "26-lar rayonunun" partiya komitəsinə komissiyadan keçməyə yollayanda əməlli başlı mondraja düşdüm. Çünki heç vaxt Leninin anadan olduğu ili, Azərbaycanda bolşevik devriminin tarixini yadımda saxlaya bilmirdim. Komissiyadan qabaq əzbərləməyə tənbəlliyim yoxdu, nəsə nevrotik "tormozlanmam" vardı. Froyda görə nevroz toxunmaqdan çəkinməkdir. Əgər səndə kiminləsə bağlı nevroz varsa, gözün onu görmək istəmir, onunla danışmaq, salamlaşmaq da istəmirsən. Ünsiyyət də toxunmaqdır, deməli, kiminləsə ünsiyyətdən qaçırsansa, bunda da nevroz var. İndi, görünür, məndə nevroz vardı ki, Leninin anadan olduğu ili, Azərbaycanda Sovet hakimiyyətinin yarandığı tarixi əzbərləmək istəyində tormozlanırdım.  

"26-ların" partiya komitəsinə gedəndə qorxurdum pensiyaçılar Lenindən, qurultaydan, inqilabdan suallar verib sonra da hiddətlənsinlər ki, biabırçılığa bax, bilmir. Ancaq bəxtimdən sənədlərdən görəndə ki, fəlsəfə elmləri namizədiyəm sual vermək həvəsindən düşdülər. Beləcə biabır olmaq qorxusu sovuşdu. Ancaq mən partiyaya gec girdiyim kimi, gec də ondan çıxdım. 80-ci illərin axırında iki dostum - Rəhman Bədəlov, Əli Abbasov rusdilli olsalar da, millətçi və anti-sovet hiddətləri ilə partiya biletini atdılar. Əli üstümə düşdü ki, bəs sən niyə atmırsan?! Mən bu məsələdə ağciyərlik etdiyimi heç cürə təmizə çıxara bilmərəm. Əli isə məni pərt etməkdən əl çəkdi. Görünür, hərəkətim onun mənimlə bağlı "sibaritdir" (yəni keflə yaşamağı sevən adamdır) konsepsiyasına uyğun gəlmişdi.    

Aşkarlığın ləzzətini Zori Balayan bizim burnumuzdan gətirdi. Heç yadımda deyil, onun "Ocaq" kitabını oxumuşdum, yoxsa oxumamışdım. Ancaq gündəliyimdə bu sözləri yazmışdım:

26.12.86.

İndiki zamanda azərbaycanlılarla ermənilər arasında gərginlik var. "Literaturnaya qazeta"nın müxbiri Zori Balayan "Ocaq" adında kitabında azərbaycanlıları və türkləri təhqir edən sözlər yazmışdı. Kitab bəxtimizdən istedadsız idi, yazarın görkü isə danosbaz təsiri bağışlayırdı (Oljas Süleymenovla bağlı söylədikləri). Bu kitab Azərbaycana vəlvələ saldı. Balayana çoxlu hiddətli məktublar yazıldı. Hamının üzündə ermənilərin torpaq, ali millət olmaq iddiasına öfkə vardı.

Vaqif İbrahimoğlu hətta "O olmasın, bu olsun" tamaşasını qoyanda Zori Balayanı ələ salan bir şeiri Hacıbabanın dilindən verdi. Hamının ürəyindən elə bil tikan çıxdı.

O zamanlar "niyə torpağı vermək olmaz" sorusu aktuallaşdığından məni də düşündürürdü. Bu zaman bir cavab tapmışdım, məqalədə verməsəm də söhbətlərdə deyirdim: çünki sənin verdiyin ərazidə elə arxeoloji abidə (nefti, filanı demirəm) tapıla bilər ki, dövlətinə milyonlarla pul gətirər, millətinin ən əski tarixini sübut edər və s. İndi Azıx mağarası ermənilərin tutduğu yerdədir, onlar özlərini cırsalar da orada tapılmış Daş dövründən qalma insan çənəsini öz milli relikti kimi dünyaya sübut edə bilməzlər.   

86-cı ildən sonra bütün söhbətlərimizin əvvəl-axırı ermənilər oldu (güman, onlarda da biz olduq). Bu kontekstdə məndə erməni kimliyi ilə bağlı belə düşüncələr doğuldu: tarixən onların mentaliteti məzlumluq, yazıqlıq üstündə qurulub. Hansı Ortaçağ erməni qaynağına baxırsan, görürsən ki, müəllif öz kimliyini ermənilərə verilən bəlalardan dərd çəkən adam simasında görükdürür. Ancaq bu dərd çəkənlik tez-tez təkrar olanda ondan ləzzət almaq, sonra isə arsızlıq aşaması başlayır. Bu dərd çəkən erməni yaman həvəslə başlayır erməni arvadlarının başına gətirilən zorakılıqları saymağa, başı kəsilənlərin sayını deməyə...

Ermənilərin genosayda (genosidə) "vurğunluğu" bundan gəlir. Hər il məzlum psixolojisini yenidən yaşamaq ki, sonra intiqam alovu ilə alışmaq və bundan türklərə vəhşiliklərini təmizə çıxarmaq. Deməli, ermənilərdə döyüşkənlik kulturoloji əlaqə zənciri ilə məzlumluqla, öc-intiqam psixolojisi ilə bağlıdır. Nitsşenin sevdiyi döyüşkənlik sağlam ruhdan doğur, ermənilərdə isə məzlumluğun, yazıqlığın başqa üzüdür. Bu durumda məzlumluq erməni vəhşiliyində ən alçaq hiyləgərliyin, qorxaqlığın, xainliyin qarışığını verir. Ona görə də tarixdə ermənilər xainlikdə çox suçlanıblar (Spartaka, Babəkə xəyanətləri yada salaq).

Bütün bu sözləri Qara İsmayıla (ADU-da filfakın müəllimi) danışanda valeh oldu, dedi, deyəsən, indi də ermənilərlə məşğul olursan.

1987-ci ildə Vaqifin sözü ilə Həsən Turabov Azdramada elmi məsləhətçilər qrupu yaratdı. Bizə yığışmağa ayrıca yer verdi ki, istədiyimiz vaxt gəlib müzakirə keçirə bilək. Bu söhbətlərdə Aydın Məmmədov, Kamal Abdulla, Zeynal Məmmədli, Rəhman Bədəlov, Əli Abbasov, Vaqifin özü, mən də iştirak edirdim. Gündəliyimdə sənətlə ilgili o müzakirələrdən Aydının, Kamalın sözlərini seçib verim ki, səviyyə görünsün.

"Dəyirman" povestinin səhnələşdirilmə perspektivi ilə bağlı Aydın demişdi: Mövlud situasiya ustasıdır. Obrazlar situasiyalarda açılır. Ona görə də həmin personajlar səhnədə situasiyasız çıxarılıb göstərilsə, həməncə öləcəklər. Buna Kamal belə əlavə vermişdi: aydın məsələdir, mif situasiyalar yaradır, ədəbiyyat isə xarakter.

"Dəyirman" povestini mən özüm xoşlasam da orada iradımı bildirdim ki, o, felyeton estetikasında yazılıb.

Bizim görüşlərdə Moskvadan, - Ali Sovetin qurultayından gəlmiş Həsən Turabovun söylədikləri yaxın tariximizlə ilgili bəlgə ola bilər, həm Sovet rejimində gücsüzlüyümüzü, həm də rejimin bizə qarşı basqısı altında necə güc qazanmaq çabalarımızı göstərdiyinə görə. Onun sözlərini gündəliyimdə belə yazmışam: Cəfərovun Dağlıq Qarabağ nümayəndəsi kimi Millətlər Sovetinə seçilməsi Qorbaçovun planında yox idi, qurultaya gəlmişlər arasında bizim təbliğatımız nəticə vermişdi.

Həsən bəy demişdi ki, liberallarla kommunistlərin dartışmasına ona görə qarışmırdıq ki, çoxluq (Yeltsinin opponentləri) bizə tərəf çıxsınlar (hərçənd bizimkilər istəsəydilər də demokratiya uğrunda güclü çıxış etməyə gücləri çatmazdı.).

Qdlyan arada gəlib deyibmiş ki, sizi ermənilərlə barışdırmaq istəyirəm. Bizimkilər deyiblər, yeri get burdan!

Rasputin deyibmiş ki, Moskva yəhudilərinə qarşı slavyanlarla türklər birləşməlidirlər. Moskvada ermənilərdən çox çəkinirmişlər. Rasputin bizim deputatlara Lujnikidə öz simpatiyasını bildirəndin sonra iki gün telefonunu kəsiblərmiş.

Papovun çıxışından sonra Turabov soruşub ki, niyə Qarabağ məsələsinə toxunmadınız? Deyib ki, sən nə danışırsan, canımdan bezmişəm?! Tatarlar məlumatları elə almışdılar ki, ermənilərə tərəf imişlər. Azərbaycan nümayəndələri başa salandan sonra tərəfimizə keçdilər.

Həsən bəydən eşitdiyimiz söhbət gündəliyimdə fraqmentar qalıb, ancaq aqil adam onlardan qurultayda Azərbaycan nümayəndə heyətinin nəyi bacarıb, nəyi bacarmadığını görə bilər.

İndi yadıma salanda ermənilərlə bağlı Moskvaya bəslədiyimiz ümidə görə ürəyim ağrıyır. Xudu müəllim bizim qrupa təklif etmişdi ki, Qorbaçova açıq məktub yazaq. Məktubun mətni üzərində işləyəndə "bu cümləni belə dəyişək, o faktı belə qabardaq" üstündə 3-4 gün görüşüb dartışma aparmışdıq. İndidən keçmişə baxanda deyirsən, nə məktub, nə müraciət?! Qarabağ məsələsində bizi güclü edəcək nəsnələr məktublarda, müraciətlərdə deyildi. Dünya çapında ciddi piarda idi ki, o da bizdə ola bilməzdi. Ancaq bu təəssüfümə baxmayaraq bir nəsnəni deməliyəm. O müzakirələrdə bir daha görürdün ki, bu balacaboy Xudu müəllimdə nə qədər iti, aldanışları dağıdan ağıl var. O, sözsüz, Qorbaçova məktubun faydasına inanmazdı. Görünür, yerli mətbuatda çap olunmasının az da olsa insanlarımızın düşüncəsinə təsir edəcəyinə ümid edirdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!