Heç ağıllarına gəlməzdi...Heç ağlıma gəlməzdi... - Nəriman QASIMOĞLU

 

1985-ci ildir, Moskvadayam. Bir il öncə SSRİ EA Şərqşünaslıq İnstitutunun İsrail şöbəsinə ezam olunmuşam. Burada fələstinlilərin "Fəth" təşkilatı haqqında dissertasiya yazıram. Paralel olaraq Moskva radiosunun ərəb verilişləri redaksiyasında diktor işləyirəm, səsim hər axşam efirdən ərəb ölkələrinə yayılır.

Elmi işimə aid ədəbiyyat o qədər məhduddur ki, həmkarlarımdan biri vəziyyətimin qibtə ediləsi olmadığını deyir, kitabxanalarda vacib qaynaqlar, ümumiyyətlə, yoxdursa dissertasiyanı necə yazacağımı şübhə altına alır. Buranın elmi mühiti də Bakıdakından xeyli fərqlidir. Əlbəttə, yaxşı mənada. Həm azad və yenilikçi elmi düşüncəyə daha artıq dəyər verilir, həm də dissertasiyalara tələbkarlıq çox yüksəkdir.

Ruhdan düşəsi halda deyiləm, sözün açığı. Elmi ədəbiyyat sarıdan karıma o gəlir ki, aspirant yataqxanasında ünsiyyətdə olduğum fələstinli gənclər səmimi münasibətlərimizə görə əllərinə düşən və yalnız özlərinin xidməti istifadəsi üçün nəzərdə tutulan gizli-açıq nə material varsa, səxavətlə bir-bir gətirib mənə çatdırırlar. İşimin lap başlangıcında həmin o qaynaqlarda Fələstin siyasilərinin ideoloji görüşlərinin ciddi təhlilinə həsr etdiyim irihəcmli bir məqalə yazıram və yazım institutun "Vostok i Sovremennostğ" dərgisində dərc edilir, Moskvanın Yaxın Şərq üzrə ixtisaslaşan elmi-siyasi dairələrində xeyli maraqla qarşılanır. Get-gedə ölkədə vur-tut 3-4 fələstinşünasdan birinə çevrilməkdəyəm.

Bir gün institutda deyirlər yaxınlarda sovet hökumətinin keçirəcəyi 12-ci Ümumdünya Gəncləri və Tələbələrinin Beynəlxalq Festivalının hazırlıq işlərində və özündə fəal iştirak edə bilərəm, təklif edirlər Fələstin nümayəndə heyətilə işləyim. Ölkə paytaxtında ən müxtəlif, maraqlı tədbirlərlə yüklü səkkiz günlük tarixi bir hadisədə iştiraka, təbii ki, məmnuniyyətlə razılaşıram.

Hadisənin təntənəsini əks etdirən tədbirlərdən bəzilərini qeyd edim: festivalın məşəlini Kreml divarı ətrafındakı Məchul Əsgər Məzarının əbədi alovundan əfsanəvi hərbi pilot İvan Kojedub yandırır, məşəli oradan bir əmək qəhrəmanı fəhlə ilə ilk kosmonavtın qızı Qalina Qaqarina Lujniki stadionunadək gətirib çıxarır; saysız-hesabsız görüşlər, seminarlar, diskussiyalar, dəyirmi masalar, mitinqlər, peşəkar bədii kollektivlərin iştirakı ilə konsert proqramları, kütləvi gəzintilər, idman oyunları; Yer ətrafında dövrə vuran "Soyuz T-13" kosmik gəmisindəki kosmonavtlar V.Canıbekov və V.Savvinuxla kosmonavtika muzeyindən birbaşa efirə gedən tele-körpü; A.Karpov və digər şahmatçıların min sayda şahmat taxtası üzərində eyni vaxtda seans oyunu; məşhur Daniya rəssamı Herluf Bidstrup və sovet rəssamı Tahir Salahovun ustad dərsləri; xeyli sayda unutduğum sairlər və ilaxirələr. Festival ərəfəsində müvafiq poçt markaları, 1 rubl dəyərində xatirə dəmir pul vahidi buraxılmış, dövlət lotereyasının xüsusi tirajı oynanılmış, yeddi min adda süvenirlər istehsal edilmiş, Moskva küçələrində 500-ədək rəngkarlıq panoları, bir o qədər də şüarlar və çağırışları əks etdirən iri mətnlər yerləşdirilmişdi.

Və bütün bu sadaladıqlarıma dövlət tərəfindən məsul tutulan Təşkilat Komitəsinə rəhbərlik SSRİ Nazirlər Kabinetinin müvafiq qərarına əsasən rəsmən Kabinet Sədrinin 1-ci müavini, Siyasi Büro üzvü Heydər Əliyevin öhdəsində idi. Bu faktın özü Moskvadakı azərbaycanlılarda fəxarət duyğusunu yaratmamış deyildi. Şübhəsiz ki, sovet rəhbərliyinə yenicə gəlmiş M.Qorbaçovla xoş olmayan münasibətlərinə baxmayaraq nəhəng təşkilati işə rəhbərliyin ona tapşırılması tutduğu vəzifə öhdəliyindən əlavə, şəksiz, təşkilatçılıq bacarığının nəzərə alınmasından irəli gəlirdi.

Qəribədir, indi internetdə həmin hadisəyə aid heç bir axtarış resursunda bu yoxdur. Hazırda Rusiyanın internet qaynaqlarında belə bir faktın da üzərindən keçirlər ki, bir il sonra, yəni 1986-cı ildə Kommunist Partiyasının 27-ci qurultayında MK-nın siyasi məruzəsinin hazırlanmasında H.Əliyevin rolu olub, həmin məruzə ətrafında Kremldə dünya jurnalistləri ilə böyük bir mətbuat konfransını məhz o keçirib. Bu sonuncuya televiziya vasitəsilə özüm şahidlik etmişəm. Onsuz da çat verməkdə, çökməkdə olan sovet sisteminin siyasi məruzədə əksini tapan "bəraətlərini" Qərb jurnalistləri qarşısında müdafiə etmək xüsusi siyasi bacarıq tələb edirdi. Görünür, Siyasi Büroda bu işin öhdəsindən gələ biləcək başqa birisi yox idi ki, məhz onu qabağa vermişdilər...

Fələstinlilərlə münasibətim elə ilk anlardan tutur. Necə də tutmasın? Ara-sıra söhbətlərimizdə özlərinə aid və bilmədikləri elə ayrıntılara toxunuram ki, məəttəl qalırlar. Söhbətlərimizdə bəzən onların məşhur şairi Mahmud Dərvişdən sitat gətirdiyim sətirlərlə də ürəklərini, necə deyərlər, fəth etmişəm. Bir gun Dövlət Təhlükəsizliyi Komitəsinin (keqebe dediyimiz məlum idarə) gənc bir əməkdaşı yaxınlaşıb mehribanlıqla özünü təqdim edir, sonra da:

- Estğ k vam prosğba, dumaö vı pomojete nam vıpolnitğ odnu zadaçu, - deyir.

- Pojaluysta, ne problema.

- Nam postupila informaüiə o tom, çto sredi palestinüev, s kotorımi vı rabotaete i obhaetesğ, estğ dvoe aqentov siriyskoy razvedki. K sojaleniö, informaüiey ob ix liçnosti poka ne raspolaqaem. Smojete li vı vıçislitğ kto oni?

Gülə-gülə soruşuram:

- Vam gto sroçno nujno? Çerez ças? Çerez dva? K veçeru, ili na zavtra?

Elə bilir zarafat edirəm. Sanıram dediklərimi o qədər də ciddiyə almır:

- Nu smotrite, budem blaqodarnı, esli nam soobhite çto-nibudğ poleznoe.

Ondan aralanıb yaxınlaşıram fələstinlilərdən o şəxsə ki, səmimiyyətinə tam arxayınam. Çəkinmədən, hansısa mövzudan dolayısı ilə keçid-filan etmədən birbaşa mətləbin üstünə gəlib soruşuram aralarında donosbazlıq edənlər varmı. Təsdiq edir. Sonra kimləri nəzərdə tutduğunu açıqlayır və əli ilə bizdən kənarda dayanıb başqaları ilə söhbətləşən iki nəfəri nişan verir. Suriyaya işlədiklərini də özü açıb deyir. Söhbətimizin səmtini dəyişirəm ki, birdən soruşub-eləyər bu məlumat nəyimə lazımdır.

Qayıdıram o gənc "keqebeşnik"in yanına, maraqlandıqları adamların adlarını çəkirəm. Gözləri çıxıb kəlləsinə:

- Vot vı, blin, daete! Spasibo oqromnoe.

Ertəsi gün yenə rəngarəng tədbirlərdən başımız açılmır. Axşam tərəfidir, bizə ayrılmış mehmanxanaya qayıdıram, əlimdə də bir qızıl gül. Hansısa tədbirdə, hansısa münasibətlə iştirakçıların hər birinə, o cümlədən mənə verilən bu qızıl güllə dairə vuran geniş qapıdan içəri girirəm. Hər gün arasıra qarşılaşıb salamlaşdığım bir qızla üz-üzə gəlirəm. Moskva Dövlət Xarici Əlaqələr İnstitutunun tələbəsidir, Avropa ölkələrindən gəlmiş bir heyətlə tərcüməçi qismində çalışır. Heç nə düşünmədən əlimdəki gülü ona uzadıram.

- Oy, spasibo, kak gto milo s vaşey storonı, - nəzakətlə deyir.

Gözlərindəki parıltıdan mənə elə gəlir ani də olsa onu xoşbəxt etmişəm və bu fikirdən məmnun-məmnun yollanıram otağıma.

Növbəti gün nahar fasiləsində yenə üz-üzə gəlirik. Amma bu dəfə hiss edirəm təsadüfən yox. Deyəsən məni arayıbmış. Hal-əhvallaşırıq.

Soruşur:

- Vı löbite teatr?

- Kak mojno ne löbitğ teatr?.. A s çeqo gto vı vdruq stali rasspraşivatğ pro moe otnoşenie k teatru? - mən də öz aləmimdə, indiki gənclərin diliylə desəm, guya flirt etməyimdən qalmıram.

- Seqodnə veçerom sobiraösğ idti v teatr Ermolovoy. U menə lişniy bilet. Ne sostavili bı vı mne kompaniö?

- S bolğşim udovolğstviem.

Axşam üz tuturuq həmin teatra. Doğrusu, indi hansı tamaşaya baxığımızı tamamilə unutmuşam. Yadımda qalan pərdələrarası fasilədə foyedə həmin o nəzakətli, kübar davranışlı rus qızı ilə söhbətimdən bir parçadır:

- Vı znaete, vçera ə doma rasskazala mame o vas, pokazala ey rozu, kotoruö vı kak bı nevznaçay, no s poklonom vruçili mne.

Predstavləete kak mama obradovalasğ. Spasibo za radostğ, çto vı podarili naşey semğe.

Öz-özümə düşünürəm, yaman yerdə axşamlamışam, deyəsən.

Davam edir:

- İ papa moy oçenğ vısokoqo mneniə o vas.

- Ne ponəl, doroqaə. Razve on znaet menə?

- On sprosil menə pro vas, ə rasskazala kto vı i nazvala vaşe imə i familiö. Dalee on po telefonu s kem-to pereqovoril. A posle mne qovorit, çto tvoy molodoy znakomıy oçenğ talantlivıy i porədoçnıy parenğ.

- Prostite, a kto vaş papa?

- Rabotaet v KQB, qeneral.

- Razve?

- Da, a çto?

- Net, prosto vspomnil, çto pozavçera ə pomoq odnomu sotrudniku ixney slujbı.

Tamaşa bitəndən sonra general qızını taksi ilə evlərinə ötürürəm...

Festival Lujniki stadionunda möhtəşəm atəşfəşanlıq tədbiri ilə başa çatır. Ertəsi gün xidmətlərimi xüsusi döş nişanının təltifi ilə dəyərləndirirlər.

Fələstinliləri avtobuslarla aeroporta yola salırıq. Yolboyu hay-küylə mənə minnətdarlıqlarını bildirirlər. Heyətin rəhbərlərindən olan bir gənc fələstinli xanım oturacağıma yaxınlaşıb başqa bir fələstinli qızın yanımda əyləşməsinə icazə istəyir. Deyirəm, buyursun. Baxıram gözü yaşlıdır:

- Sənə nə olub?

- Heç nə!

Qızı yanımda əyləşdirən xanım kənardan baxır. İşarə ilə yanımdakının halını soraqlamaq istəyirəm. Yaxınlaşıb qulağıma pıçıldayır:

- Səni sevir.

Özümü itirmişəm, bilmirəm nə deyim. Bunun 17-18 yaşı ola, ya olmaya.

Ərəb qızındakı cəsarətə bax, nəyə ümid edir, anlamıram. Həm də ürəyim yanır. 1-2 saatdan sonra Moskvanı tərk edib məşəqqətli həyatına qayıdacaq. Atası Fələstin təşkilatlarından birinin rəhbəridir, qızını Moskvaya göndərib beynəlxalq festivalda dünyagörüşünü genişləndirsin. Məsələnin anlaşılmaz qalan tərəfi odur ki, onunla yalnız tədbirlərdə ötəri bir-iki kəlmə kəsməkdən başqa, necə deyərlər, ixtilatımız olmayıb. Yəni aşiq olmağa bəhanə belə verməmişəm. Alnından öpüb qucaqlayıram, könlünü almağa çalışıram, bir az da kövrəlir, yanaqlarından yaş süzülür. Yalandan da olsa məcburam söz verim ki, ona məktub yazacağam, darıxmasın və s. Xülasə, birtəhər olmuşam. Avtobus Şeremetyevo aeroportuna çatır, enirik. Yola saldıqlarımla bir-bir vidalaşıram. Həmin ərəb qızına:

- Allah amanında! - deyirəm.

Yanaqlarından yenə yaş süzülməkdədir...

İndi üstündən illər keçmiş o günləri təbəssümlə xatırlayıram. Həm də ona görə təbəssümlə ki, nə o ərəb qızı, nə KQB generalının qızı, nə onun atası ilə anası, nə aşkarladığım o iki Suriya agenti, nə də səkkiz gün bir yerdə olduğum fələstinli gənclər - heç biri ağlının ucundan belə keçirə bilməzdi ki, sovet Azərbaycanının bu gənci başqa heç nəyin yox, yalnız öz millətinin hayında idi.

Adını belə çəkmək istəmədiyim mənfur müəllifin rusca çapdan çıxmış məlum "Ocaq" kitabı heysiyyatımıza möhkəmcə toxunmuşdu. Bunun əleyhinə Azərbaycanda nə qədər yazsalar da, yazılanların guya qardaş xalqlar arasında milli ədavəti qızışdırmaq olmaz bəhanəsi ilə rəsmi mətbuatımızda çapına icazə verilmirdi. İsa Qəmbərin iri həcmli tutarlı cavab yazısını çap etmək istəmirdilər. O zaman, demək olar, bütün ziyalılarımıza, fəal gənclərimizə, Moskvada festival iştirakçısı mənə də rahatlıq verməyən bu idi. Düşünürdüm, necə və nə etmək olar ki, erməni şovinisti və faşistinin açıq-aşkar sərsəmləmələri qarşısında bizimkiləri azacıq da olsa ovuda biləsən. Festivalın elə birinci gecəsi haradansa lənətə gəlmiş Andranikin adı beynimə girdi və "andır" sözü ilə assosiasiya yaratdı. Tez yataqdan qalxıb bu sətirləri yazdım:

Qonşuluqda Nik adlı

bir it ömür sürürdü,

Özgəylə işi yoxdu,

təkcə bizə hürürdü.

Uşaqlar qəzəblənib

qulağını kəsdilər,

sahibləri də bizdən

həmişəlik küsdülər.

Dərs olmadı bu itə

hürməyində qaldı Nik,

abırsız-həyasızdı,

yersiz qalmaqaldı Nik.

Bircə dəfə görmədim

bir qanıb-qandıra Nik,

hürə-hürə it oldu,

qalasan andıra, Nik.

Şeiri səliqəyə salandan sonra başqa bir vərəqə koçürdüm. "Ədəbiyyat və incəsənət" qəzetinin redaktoru Nəriman Həsənzadəyə belə bir məzmunda məktub yazdım ki, bəs Moskvadayam, çoxdandır qəzetinizdə şeirlərim dərc edilmir, mümkünsə bu xırda yumoristik şeiri qəzetin "Gülüş həftəsi" səhifəsində yerləşdirəsiniz. Ertəsi gün şeiri də zərfə qoyub "təcili poçt"la Moskvadan yola saldım. Ağlıma da gəlməzdi ki, məktub çatan kimi redaktor şeiri dərhal çapa gondərər və şeir Moskvadakı festivalın bitməsinə bir gün qalmış, avqustun 2-də dərc edilər.

...Avqustun 4-üdür. İştirakçıların əsas qismi qayıdıblar öz ölkələrinə. Mən də qayıdıram mehmanxadan kirayə tutduğum mənzilə. Azacıq istirahət edib Ostrovityanov-33 ünvanında yerləşən yataqxanadakı dostlarıma baş çəkirəm. Orada telefonla Bakını sifariş verirəm. Dəstəyi Qasım müəllim götürür. Səsimi eşitcək heç soruşmur necəsən, nə var, nə yox:

- Səni təbrik edirəm.

- Nə münasibətlə?

- Bakıda partlayış yaradan şeirinlə. Deyirlər o məlunun qulağını yaxşıca kəsmisən, - gülür.

- Nə danışırsan? Ola bilməz! Verdilər ki şeiri? Nə yaxşı, - deyə sevincimdən uçuram...

O günlər beynəlxalq festivalın təşkilat komitəsinin sədri Heydər Əliyevə yeni sovet rəhbərliyinin qərəzli münasibəti haqqında qulağımıza sözlər gəlib çatırdı və düşünürdüm Moskvanın televiziya ekranlarında get-gedə seyrək görüntülənən və Siyasi Büro karyerasının qürubunda olan H.Əliyev də, şəksiz, doğma Azərbaycanla yaşayır. Və heç zaman demədiyimi ilk dəfə elə buradaca etiraf edim ki, məhz onu nəzərdə tutaraq aşağıdakı sətirləri yazmışdım:

Çıx, günəş, çıx, günəş!

Sən batanda qara geyir təbiət -

ağlayır dənizlər,

qəhərlənir meşələr,

hıçqırır bulaqlar,

yetimləşir düzlər,

sıxılır dağlar.

Çıx, günəş, çıx, günəş!

Sən batanda

meydan sulayır

siçovullar, siçanlar,

bayramlaşır işıqdan qaçanlar,

böyüklənir çeşid-çeşid cırtdanlar

baxıb-baxıb

ay işığında uzanan kölgəsinə.

Çıx, günəş, çıx, günəş!

Sən keçdikcə başımızın üstünə

şübhəmiz qalmayır heç nəyə daha,

artır ümidimiz sabaha,

əriyir bəlkələr,

qısalıb yox olur

ayağımıza dolaşan kölgələr.

...O zaman daş-kəsəyi Qarabağımızın üstünə düşəcək imperiyanın çöküşünə altı il qalırdı. İnanıram ki, bu onun birinci çöküşü idi. İkincisi isə sərhədlərimizdən kənarda baş verəcək inşallah. Ancaq gözləyə bilmərik.

Qələbə festivalını ləngitmək olmaz.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!