Bəxtiyar Vahabzadənin bitməyən müqayisələri - Nahidə Həsənova yazır

Qorxuram dünyada bir zaman gələ,

İnsanlar yaşaya, insanlıq ölə!

Bəxtiyar Vahabzadə bütöv bir yaradıcılığı ilə insana - insanlığa xidmət göstərmiş, sevgisinin adı "insan", "mənəvi dəyərlər" olan, sözün həqiqi mənasında böyük şairimizdir. Bu sevgini başlıca meyar bildiyi üçün onun şeirlərində mövzu rəngarəngliyindən çox, məzmun dolğunluğu öz əksini tapır.

B.Vahabzadə həm də dünyaya sırf fəlsəfənin gözü ilə baxan şairlərimizdəndir. Bu mənada ki, "dünyadakı hər bir obyekt iki əks tərəfə malikdir. Bu onların təbiətindən irəli gəlir, çünki sabitlik və dəyişiklik vəhdətini ifadə edirlər" (Z.Hacıyev) kimi anlayışı ifadə edən mövcudatın bədii ifadəsi B.Vahabzadə şeirlərinin məğzidir; hər zaman bir müqayisə, bir analoji və ya bir ziddiyyətli qarşılaşdırma. Şairin müxtəlif illərdə yazdığı şeirlərinin bir çoxunu birləşdirən bir ana xətt var: paradoks. Elə təkcə "Axı dünya fırlanır" şeirini göstərmək kifayətdir ki, şeirin məziyyəti dünyadakı hadisələrin "düz-tərs" cərəyan etməsinin qarşılıqlı şəkildə saf-çürük edilməsi, birinin sayəsində digərinin (yenə də qütbləşdirilərək!) mənasının açılmasıdır.

Vaxtın dəyirmanında daş əridi qum oldu,

Tarixə atdığımız qayıtdı lüzum oldu.

Dünənin həqiqəti bu gün tərs yozum oldu,

Niyə də yozulmasın, axı, dünya fırlanır.

Əslində, müqayisə elə həyatın mənasıdır. Həyat müqayisələrin, təzadların sayəsində məna daşıyır, yaxşı, pis müəyyənləşir. Bu müəyyənləşmənin şüurlu münsifi isə insandır. "İnsan hər şeyin ... ölçüsüdür. İnsana ləzzət verən hər şey yaxşıdır, əzab verən hər şey isə pisdir. Yaxşılıq və pisliyin meyarı isə ayrıca götürülmüş hər bir fərdin subyektiv hisləridir" (Protaqor).

B.Vahabzadə bu fərdlərdən biri olsa da, onun təyin etdiyi, qarşılaşdırdığı tərəflər - yaxşı və pislər bəşərin gözü ilə baxılıb qəlbə yol tapan əsaslı müqayisələrdir.

Ağıl - göz

Şeylərin ən kiçiyi -

Atom zərrəcikləri,

Ən böyüyü - kainat.   

O da gözlə görünmür,

Bu da gözlə görünmür.

Ağılla göz müqayisə edilir. Gözün görə bilmədiyi nəhənglə-kainatla, ən kiçiyi-atom zərrəciyini ağlın "gözü" görür. Belə bir qarşılıqlı əlaqədə şairin onları qarşı qütblərdə yerləşdirməsində əsas məqsəd təbii ki, yenə də insan ağlının qüdrətinin "hər şeyin gözü" olan gözlə müqayisədə müsbət pozisiyada durmasını vurğulamaqdır ki, bunun da əsasında ağlın stimulyatoru elm durur: 

...O, mikroskop yaratdı,

O, teleskop yaratdı.

...Əsrimizdə

Ağıl döndü göz oldu.

Digər bir şeirində isə elmi digər bir müstəvidə yerləşdirərək yaratdığı aporiyanı təqdim edir. 

Elm - əxlaq

Övlad öz kökünü tanımırsa bəs,

De hansı kök üstə boy atacaqdır?

...Əynimiz, başımız kimyalaşsa da,

Mayamız, kökümüz saf qalsın barı.

Bir zamanlar "hüdudlar içində yatmış" elmin indi hər yerdə rahat dolandığını, əsrimizin elm əsri, kəşflər əsri olduğunu bildirir.

Amma elmin inkişafı təbiiliyin düşməni olmuşdur. Bunlardan ən faciəlisi insan dünyaya gətirməkdir. Süni mayalanma vasitəsilə atasız atalıların olmasının gələcək həyatında daha ağır hallarla qarşılaşmasından narahat olan şair bu vəziyyətə açıq etiraz edir.

...Bu nədir? Gerimi qalmışam yoxsa?

Mən ki güvənmişəm hər zaman elmə.

Əxlaqa, qaydaya toxunandasa

Mən üsyan edirəm, mən üsyan, elmə...

Deməli, elm-əxlaq kimi anlayışın bir-birinə ziddiyyət yaratması ilk baxışda nə qədər ağılasığmaz olsa da, B.Vahabzadənin bədii-fəlsəfi təfəkkürü buna da qadir olmuşdur.

B.Vahabzadə şairin, şairliyin də mövqeyini müəyyənləşdirmiş və onu da bəşər övladının ən həssas duyğularından biri ilə qarşılaşdırmağı münasib bilmişdir. 

Şair - Vətən

Şairin bədəni - bu ana torpaq,

Nəfəsi - xəzridir, qanı - Kür, Araz

Çox şey Vətənsiz də yaşayır, ancaq

Şeirsə Vətənsiz, elsiz yaşamaz...

Əslində, şairin bu şəkildə ifadə etdiyi Vətəndə əsas məsələ onun bəzən anlam daşımamasında yox, şair dünyasının Vətənə bərabər tutulmasındadır. Şair elə Vətəndir! Bu vəhdətdə qarşılaşan tərəflərdən isə üstünlük Vətəndədir.

Kimliyindən və məkanından asılı olmayaraq hər bir insanın yer üzündə tutduğu bir yol, çatmaq istədiyi bir məqsədi və ali bildiyi bir zirvə nöqtəsi vardır. Amma burda da paradoks vardır.

Yol - dağ

Yol gedirəm.

Pillələrim illər mənim, aylar mənim.

Öz məsləkim, düz məsləkim,

Ürəyimi zirvələrə haylar mənim...

Yol gedirəm, bilməsəm də,

Qarşıdakı addımların sayını mən.

Addımlarım qüvvət alır,

Xəyalımda gülümsəyən son pillədən.

İstənilən şəkildə əldə etməyin də, əldə edilməyin də "yol"u elə yoldur. Bizim geniş mənada anladığımız yol! İnsanın hər hansı bir xəyalının və ya konkret məqsədinin ardınca çıxdığı yol; düşüncələrində, ürəyində axtardığı yol... Bütün bunların nüvəsində isə bir uğur gözləntisi durur ki, onun da qismət olarsa, sonu zirvədə yekunlaşır. O zirvəyə aparan yeganə vasitə yenə də yoldur.

...Mənim yolum dağlar aşıb,

Zirvələrə çatacaqdır.

Bir ora bax,

Zirvəsində yol var dağın.

Dağ nə qədər uca olsa,

Yol üstündən aşar dağın!

Yol ucadır zirvədən də...

Yunus Əmrənin "dağlar nə qədər yüksək olursa olsun, yol onun üstündən keçir" sətirlərinə əsaslanan bu şeirində şair öz üslubu ilə yolla dağı - ümumən ucalıq arzusu ilə baş alıb gedən bir həyat yolunun o ucalığı əldə etməsində yenə yola, cığıra möhtac olmasını - elə bir nöqtədə qarşılaşıdırır ki, B.Vahabzadə yaradıcılığının zirvəsi elə budur. Yəni göstərilir ki, əslində dağın zirvəsini-ucalığı fəth etməyin açarı da yoldur. Bu qarşılaşmada isə bir gizli məqam da odur ki, yol o zirvəliyə yaxınlaşdıqca və yaxınlaşdırdıqca onun mahiyyətini kiçildir, adiləşdirir...

B.Vahabzadə tükənməyən fəlsəfi düşüncələrində düşüncənin özünü də unutmayıb. Düşüncənin tərifini verməyə cəhd edib ki, burada da təktərəfli izahın mümkünsüzlüyü ifadə edilir.  

Düşüncə - söz

Söz - fikrimin, düşüncəmin

Qəlibidir, öz şəklidir.

Düşüncələr - havadakı quşa bənzər.

Sözlər - quşa atdığımız daşa bənzər.

Dəyə bilsə, səninkidir,

Dəymədisə -

Daşdan küsmə, özündən küs.

O incidən əlini üz.

Ürəkdədir o qönçələr...

Hansı gözə görünübdür düşüncələr?

Düşüncələr göylərdə ənginlənən bir quşa bənzədilir. Sabit deyil, daim hərəkətdədir, "göylərdə"dir. Söz onun varlığını reallaşdıra bilən mühüm vasitədir. 

B.Vahabzadə məhz düşüncənin gücünə söykənən tərəflərdən biri kimi nüfuzun, sözükeçərliyin fəlsəfəsinə də baş vurmuşdur. Konfusinin "Hökmdar küləyə, xalq ota bənzər. Külək haradan əssə, ot başını o tərəfə əyər" kəlamını əsas götürərək Külək - ot şeirində hökmlə sevginin ziddiyyətini göstərə bilmişdir.                                                

"Hakim - dəli bir küləyə,

Xalqsa - onun qabağında

Tir-tir əsən ota bənzər.

Hansı yandan külək əssə,

O tərəfə ot baş əyər".

Bu həyatın bir qanunauyğunluğu var və o bütün hadisələrdə eynu prinsiplə cərəyan edir. Hökm, məcburiyyət sevgidən kənar olduğu üçün heç kimi və heç nəyi özünə çəkə, bağlaya bilməz. Zahirən bir rol oynamış kimi görünsə də, daxilən özündən uzaqlaşdırar. 

...Zalım külək,

Unutma ki, ...

Sağa deyil, sol tərəfə əyilir ot,

Bu tərəfə əyilmənin sirri nədir?

Bu, hörmətə əyilmə yox,

Bu, yalana dal çevirmə,

Həqiqətə əyilmədir!

Külək hökmranlığın, ot isə zəif bir yaradılmış olaraq onun hökmünün qarşısında acizdirsə, bu qarşılaşdırmada otun mədəni üsyanı caiz, küləyin öz hökmündə acizliyi isə aşkardır. Yerə dayanmış ot dayanıqsız küləyə tərəf arxasını çevirərək ondan uzaq durduğunu nümayiş etdirir.

B.Vahabzadənin yaradıcılığında bir xətt kimi keçən bu tipli qeyri-ənənəvi qarşılaşdırmalar, paradoks yaradan tərəflər olmaqla yanaşı, təzadlar üstündə qurulan həyati təhlillər də bir sıra şeirlərinin sərlövhəsinə çevrilmişdir: "Tapmaq-itirmək", "Ləzzəti-ağrısı", "Xeyir-şər", "Tamah-ləyaqət", "Qanmaq-qanmamaq", "Nağıl-həyat" və s.

Tapmaq - itirmək

Bir eniş var sonunda

Hər dikin, hər yoxuşun.

...Həvəsimiz, meylimiz

Gah suyadır, gah oda.

Tapdığımız qədər də

İtiririk dünyada.

Eniş-itirmək // yoxuş (dik)-tapmaq ifadələri bütün deyilməyən reallıqların simvolik qarşılaşdırılmasıdır. Su//od isə bütün hisslərimizin iradəsinin ifadəsidir. 

İztirabsız bir fərəh,

Əziyyətsiz bəhər yox.

Həyatın qiymətini

Ölümlərə borcluyuq.

Mütləq ziddiyyətlərin birinin vasitəsilə digərinin həyatiliyini anlamağın ən ümdə nümunəsi isə ölüm/həyatdır. Bu tərs mütənasiblikdə diqqəti çəkən bir şey də vardır: pisi görmədən yaxşının qədrini bilmək olmaz. B.Vahabzadə bu paralelliklə apardığı müqayisələrdə riyazi olaraq tənasüblüyün eyni xətt üzrə nizamını yaratmışdır.

B.Vahabzadə digər bir şeirində də bu düşüncələrdən çıxış edərək hər fədakarlığın nəticəsində bir xeyirxahlığın və hər ləzzətin arxasında bir əziyyətin, əməyin durduğunu göstərir. Bu, ən xoş duyğularda belə, keçərlidir.

B.Vahabzadənin bitməyən müqayisələrinin - analoji proseslər, biri digərini tamamlayan hadisələr və ya konkret olaraq biri digərinin inkarı olan ziddiyyətlərin hədəfi vahid olsa da, idraki nəticəsi bir neçə məsələni açıqlayır: bu həyatda heç nə itmir və heç nə boşdan yaranmır - hər bir son bir başlanğıcdır, əndazə gözəlliyin sirridir və s.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!