Üz-gözündən həsrət yağır - Faiq Balabəyli yazır

Fərqanə Mehdiyevanın əziz xatirəsinə...

 

Ağırdı. Çox ağırdı. Günlər bir-birini əvəz edir, vaxt, zaman da öz axarı ilə dayanmadan sürətlə ötüb keçir. Bütün yaralar sağalır, deyirlər. Sağalırmı? Yəqin ki...

İtki nə qədər ağrılı olsa da, zaman keçdikcə itirdiyin, yoxluğuna barışmadığın insanın xatirələri bu yoxluğun ağırlığından yox, bir vaxtlar olanların, ötənlərin şirinliyindən xəbər verəcək... Bəhs edəcəksən, yaşadacaqsan, yaşayacaqsan. Xoş o insanların halına ki, xatırlanacaq, xatirələri vərəqlənəcək, yanında imiş kimi ondan danışacaqsan...

O taylı-bu taylı Azərbaycanımızın çox ünlü şairi Fərqanə Mehdiyeva məhz o insanlardandır... Zaman keçsə də, illər bir-birini əvəz etsə də, ondan həmişə bəhs olunacaq, şeirləri səslənəcək, əzbərdən deyiləcək...

Mənə doğma insan idi, şox doğma. O, mənim dostum idi, sirdaşım, ağrıdaşm idi. Özü demişkən, həm də əkiztayım...

Onunla keçmiş zamanda danışa bilmirəm... Üzümü yenə də ona tuturam, ruhunun qarşısında boynubükük, günahkar kimi dururam və həmişəki kimi ərklə danışmaq istəyirəm... Bu ilin fevral ayının 19-da onun doğum gününə bir yazı yazmışdım. Bir neçə gün sonra isə dostlarımız - Aləm Kəngərli, Hüseyn Sözlü, Sehran Allahverdi, Adilə Nəzər, Səhər Əhməd hər ikimizin ad günümüzü qeyd etmişdi...

Bax, Fərqanə, bu təbriki, hansı ki, sənin doğum gününə yazmışdım, Müstəqil.Az saytında yayınlamışdım və sən də oxuyub ağrılı canından çıxan ilıq, səmimi, doğma səslə "Can, Faiqim" demişdin, istəyirəm bir daha yaddaşıma gətirəm, bu dəfə ruhunla oxuyasan. İndi adına bağladığım, dostlarının, səni sevənlərin, yoxluğunla hələ də barışmayanların ürək ağrısı ilə sənə yazdıqları xatirələr toplusunda - xatirə kitabında, bax, yenidən oxuyacaqsan deyə, olduğu kimi saxlayıram.

Bilirsən, əkiztayım, sənin yoxluğunu hər kəs özünəməxsus ağrıyla yaşayır, deyə bilmirəm. Hər kəsin ağrısını eyni gördüm, hər kəs sənə, sənin çox tez qırılan, yarıda kəsilən ömrünə eyni tərzdə acıdı, heyifsiləndi, Fərqanə...

...Fərqanə, bildin də zəhrimara qalmış koronavirus özünü ortalığa atandan sonra mən də bir müddət evdən bayıra çıxmadım. Eycahanlıqdan kitablar oxudum, Dəniz nəvəmlə günlərimi yola verdim. Saqqal saxladım. Evdəkilər, sən canın, üzünü təmizlə bu nədir, heç yaraşmır, dedilər. İndi dəqiqləşdirərəm, yaraşır, yoxsa yox, deyib, şəklimi şəkib sənə yolladım: Salam, necəsən - yazdım. Həyat yoldaşıma, uşaqlarıma, baxın, Fərqanə düzünü deyəcək, yaraşır, yoxsa yox.

Cavab ləngimədi: Salam. Sağ ol, Faiqim, yazdın.

Sonra zəng vurdun: Yaraşır, bacın boyuna qurban. Amma nə tez saxladın saqqalı? Qoy qalsın, qırxma üzünü, qardaşım hamıdan seçiləcək... Nəfəsini dərdin, ağır-ağır əlavə etdin: Bacın sənə qurban...

Kimi çox istəyirdinsə canını qurban deyirdin, bəs bilmirdin ki, bir gün Allah istəyini ürəyində qoymaz?!

- Qız, səfehləmə. Kinoya çəkilirəm, ona görə saxlamışam, - dedim, bütün zamanların ərki ilə söhbət etdik... Aprelin əvvəli idi.

Aprelin 28-də zəng vurdum, bir neçə dəfə təkrarlanan zəngimə cavab olmadı. Votsapına yazdım: Salam, necəsən? Zəng etdim, açmadın, narahat deyilsən ki? - sorum elədim.

Yenə də cavab vermədin. Axşam evdə səndən bəhs etdik, qorxa-qorxa, ehtiyatla danışdıq. Təbrizə gedişin ləngimişdi axı... Ağrıların kəsilmirdi. Ülfətin toyunda nə qədər şən görünsən də, sevincin dünyaya sığmasa da, ağrılarını gizlətsən də, ağrıdığını hiss edirdik, duyurduq...

Səhəri Aləmzər yazdı, sənin Fəqişdən xəbərin var? Halı pisləşib. Həmən gəlinim dediyin, baldızlıq edərəm ha, deyə guya məni tapşırdığın həyat yoldaşımla sizə gəldik. Səssiz uzanmışdın. Əllərindən dəfələrlə öpdüm. Gözlərini açıb mənə baxdın. Heç nə demədin, deyə bilmədin. İlahi, gözlərin necə də məlul idi. Xanımımın hönkürtüsü otağı bürüdü. Ülfət səni qucaqladı, müalicən yaxşı gedir, toppuşum, - dedi. Kəmalə xala da səni yoluxmağa gəlib.

İnandınmı müalicənin yaxşı getdiyini eşitməyinə, Ülfətin bu isti, həlim, sənə xoş olsun deyə uydurduğu yalanına? Bilmirəm.

Sakit baxışlarını üzümə tərəf çevirdin. Əlini sinənin üstündə tərpətdin, qaldıra bilmədin, tez əlindən tutdum, qalxması üçün əllərinə kömək etdim, dodaqlarıma yaxınlaşdırdım. Yenidən öpdüm:

- Mənə sözün var? - soruşdum.

Gözlərinlə, başının hərəkəti ilə, "hə" dedin, amma dilin söz tutmadı, Fərqanəm mənim, əkiztayım mənim, bacım mənim, şairim mənim...

Yadından çıxmaz, axı neçə gün keçib ki, üstündən? Aləmzər yan otaqdan gəldi: - Qulu (Qulu Ağsəs) zəng edib, dedi, telefonu mənə uzatdı. Qulu sənin halını soruşdu, səhhətinin yaxşı olmadığını deyə bilmədim, xüsusi kodlarla danışdım, başa düşdü. Telefonu sənə uzatdım telefonu al, redaktorun zəng edib, danış, özünü az naza qoy... Yenə də illərin ərki... Qulunun səsi eşidilirdi, səninlə maraqlanırdı, halını soruşurdu, ona çətin olsa da, səndə heç nəyin ağrılı olmadığını deyirdi, səni özünə inanmağı aşılayırdı. Sən ona ancaq "salam" deyə bildin.

Səsini sonuncu dəfə eşitdim...

Dayandur Sevgin İmişlidə ilişib qalmışdı. Hər gün mənə zəng edirdi, elə o gün də zəng vurdu. Səni soruşdu. Gözlərin düz gözümün içinə zillənmişdi, gözlərin danışırdı, dilin, dodağın təslim olmuşdu, hərəkətsiz idi... Hissiyatın güclüdür axı sənin... Dayandurla səsimə xüsusi ton qatıb danışdım, sonra zəngləşərik, Fərqanə də istirahət edir, yaxşılaşır, - dedim. Dayandur məni anladı, hə, Faiq, mənim əvəzimdən onu öp, - dedi...

Axşam Aləm Kəngərli ilə zəngləşdim, səhəri İlham Qərəmanla görüşdüm. Fərqanə, sən yaxşı bilirdin ki, səni dostların necə çox sevir...

Mayın 2-də İlham Qərəman, Aləmzər, Məlahət Yusifqızı, Şəfəq Sahibli... neçə-neçə dostların, qohumların, əzizlərin... Səninlə bağlı xatirələrdən danışırdıq. Biz nə pis adamlarıq, bacım...

Mən yan otağa - sənin kəpənək qanadının xəfif mehini andıran nəfəs aldığın otağa keçdim, tamam bəyazlaşmış sifətinə baxdım, özümün belə eşidə bilmədiyim pıçıltı ilə gedirəm, bir azdan gəlcəm, dedim.

Saat 5-i keçmişdi İlhama zəng edəndə. İlham, keçindi, - dedi...

Qəşəmin telefon zənginə elə mən də İlham kimi, keçindi, dedim. Qəşəmin hönkürtüsü indi də qulaqlarımdadır.

Aləm Kəngərli ilə evinin həyətində görüşdük. Onun gözlərindəki kədərini necə təsvir edim?

Balaxan Qərib, Şərafətdin İlkin, Aysel Səfərli, Narıngül, Arzu, Şəfəq, Nəzakət Məmmədli, Məlahət... heç kəs səni torpağa vermək istəmirdi...

...Elə darıxıram ki... Səni istəyirəm, danışmaq, ərklə danlamaq, yığış get evə, İlqar indi boynunu büküb yola baxır, hər dəfə tədbirlər gec sonuclananda dediyim sözləri bir də demək istəyirəm.

Fəqiş, əkiztayım, səndən sonra şəkillərimizə baxıram, harda biz ikimiz varıqsa, əksər şəkillərdə yanımda dayanmısan. Mənə güvənirdin, ən sədaqətli, etibarlı dostum, əkiztayım yazırdın, deyirdin. Anam kimi sevirdin, bacım kimi boyuma baxıb fərəhlənirdin, bacın boyuna qurban, deyirdin. Boyummu var idi, qız? Allah boydan qıpıq yaradıb axı, məni. Amma sənin gözlərində boyum uca idi...

Kəndə getmişdin iki gün öncə. Balalarımın nənələri, anam Hədiqə, əmdostum Narınc nənə sənə ağı dedilər. Ölümünə yanıb yaxıldılar. Dəfələrlə rayonda bizim evlərdə olmuşdun, səni qızları bilirdilər.

Sənin səsində deyilən şeirlərinə dönə-dönə qulaq asdılar. Yaylıqları ilə gözlərinin yaşını sildilər...

Fərqanə, yadımdan çıxmaz, mənim həyatımın burulğanlı vaxtları oldu, heç zaman məni tək qoymadın. Həbsdə olanda evə zəng vurmuşdum, dedilər ki, sən bir qrup yazar xanımlarla məni yoluxmağa gəlmək istəyirsiniz. Qəti etiraz etdim: Olmaz. Əziyyət çəkməsinlər. Bura başqa yerdir. "İçəri"də onları görmək istəmirəm.

Sən bu şeiri yazdın:

Qəmli-qəmli, fağır-fağır

Yerişə bax, daşdan ağır.

Üz-gözündən həsrət yağır

Adamlar qərib kimidi.

 

Tükənib dözümün, tabın,

Tapammadın o cavabı.

Könlüm çəkdiyin əzabın,

Ağrıyan yeri kimidi.

 

Hər günün üstündə bir daş,

Kəsilən dil, yeyilən baş.

Biz də sən gündəyik, qardaş,

"Çöl" də "içəri" kimidir.

Açıq ürək əməliyyatı keçirdim. Özümə gələndə başımın üstündə gördüm səni, Fəqiş. Anam kimi, bacım kimi, qızım kimi durmuşdun, boynubükük, dilində Allaha duaların.

Bu şeiri yazdın:

Min arzun var, min istəyin.

Diləyinə bacın qurban.

Boranına, yağışına.

Küləyinə bacın qurban.

Yüz dərdin başından aşır.

"Yerinə qələm danışır"

Yaxşı seçdin dost-tanışı

Ələyinə bacın qurban.

Düzəlmir bu dünya nədən.

Hanı gələn... hanı gedən.

Etibarsız zəmanədən

Gileyinə bacın qurban.

Ruhdur bizi sağ saxlayır.

Dərd şairi varaqlayır.

Demə, ürəyim ağrıyır,

Ürəyinə bacın qurban...".

Baxıram, heç nə yaza bilmirəm... Səninlə xəyali söhbətlərim, balalarından, nəvələrindən söz açmağın, hər kəslə ərklə danışmağın. Bir də mənim sənə olan "qəzəbim".

Bax, yekunlaşdırmaq istəyirəm, amma alınmır. Yaddaşıma hopub qalmış o qədər xatirələrin var ki...

Ağrıyırdım, zəng etdin, hündürdən danışdın, güldün, nə istəyirsən, de alım gətirim, dedin. Səni görmək istəyirəm, İlqarı da götür gəl. Kəmalə də işdədir, gəlsin, deyəcəm dovğa bişirsin.

Kəmalə işdən gələnə qədər İlqarı da götürüb gəldin, həm də dovğa bişirmişdin.

Turalın (Tural Balabəyli) kitabını oxumuşdun və çox gözəl bir yazı yazmışdın. Turalın istedadını görüb qısqanmadan, ürək açıqlığı ilə yazmışdın.

Bax, belə, əziz bacım, sənsiz darıxıram, ağrıyıram. Sənin var olmağın, mənə həmişə təsəlli olmuşdu.

Şeirlərindən misal gətirmədim, dilimdədir, ürəyimdədir. Hər axşam gəlinbacın səsini qoyur, qulaq asırıq. Sən ona baldızlıq etmədin. Sən ona da, mənə də, balalarıma, nəvələrimə bal kimi şirin, duz kimi tam olmusan, bal-duz olmusan...

26.05.2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!