Çətin yol və uğurlu addımlar - Muxtar Kazımoğlu yazır

Nizami Tağısoy - 70

Tanınmış ədəbiyyatşünas Nizami Məmmədov-Tağısoyun yetmiş yaşı tamam olur. Bu münasibətlə onun barəsində yazı yazmaq istərkən söhbətə ali məktəblərimizin filologiya fakültələrində tədris olunan türk xalqları ədəbiyyatı fənnindən başlamağı vacib bildim. Bu həmin fəndir ki, sovet dövründə SSRİ xalqları ədəbiyyatı fənninin tərkib hissəsi idi. Türk xalqları ilə yanaşı, Qafqaz, Pribaltika və slavyan xalqlarının da ədəbiyyatını əhatə edən o fənnin professor Pənah Xəlilov tərəfindən hazırlanmış dolğun proqramı və dərsliyi vardı. Həmin proqram və dərslik Pənah Xəlilovun çalışdığı Bakı Dövlət Universitetinin filologiya fakültəsi ilə öz sərhədini məhdudlaşdırmır, digər ali məktəblərdə də filoloji təhsil üçün kifayət qədər gərəkli olurdu. SSRİ-nin süqutundan sonrakı dövrdə türk xalqları ədəbiyyatının ayrıca və daha geniş miqyasda tədris olunmasında Pənah müəllimin "SSRİ xalqları ədəbiyyatı" dərsliyi əvəzsiz rol oynadı. Pənah müəllimin başladığı o əhəmiyyətli işi davam və inkişaf etdirən ədəbiyyatşünaslar arasında isə filologiya elmləri doktoru, professor Nizami Tağısoy öz elmi-pedaqoji fəaliyyəti ilə xüsusi fərqləndi.

Türk xalqları ədəbiyyatının tədrisi və araşdırılması mütəxəssisdən çox şey tələb edir: dil bilmək, söz xiridarı olmaq, folklora, klassik ədəbiyyata, çağdaş ədəbi prosesə, tərcüməçilik sənətinə, bütövlükdə sənətin nəzəri məsələlərinə dərindən bələd olmaq və s. Bütün bu cəhətləri özündə cəmləşdirməyin hesabınadır ki, Nizami Tağısoy türk xalqları ədəbiyyatının öyrənilməsi sahəsində mühüm işlər görür və bu sahə ilə bağlı sanballı kitablar ortaya qoyur.

Əlbəttə, Nizami Tağısoyun türk dünyasına ədəbiyyatşünas marağı öz başlanğıcını Azərbaycan ədəbiyyatına münasibətdən götürür. Nizami Tağısoy zaman məhdudiyyəti tanımadan Azərbaycan ədəbiyyatının bu günündən danışdığı məhəbbət və səriştə ilə dünənindən də danışır. Məsələn, Elçinə, onun son vaxtlar yazdığı "Baş" romanına monoqrafiya həsr edən Nizami Tağısoy çox keçmir ki, Nəsimiyə həsr etdiyi monoqrafiya ilə oxucuların görüşünə gəlir.

Azərbaycandan başlanan yolun türk dünyasına uzanıb getməsini Nizami Tağısoyun folklor sahəsindəki araşdırmaları üzrə də izləmək mümkündür. Nizami Tağısoy doğulub boya-başa çatdığı Şilyan kəndinin folklor və etnoqrafiyası ilə bağlı, Azərbaycanda ədəbiyyatşünaslar tərəfindən heç də birmənalı şəkildə qəbul edilməyən meyxana janrı ilə bağlı ayrıca kitablar çap etdirib. Həm tarixi-etnoqrafik oçerkdən və toplama materiallarının tərtibindən ibarət olan birinci kitab ("Şilyan: özü, sözü - çeşmənin gözü"), həm də Zülaim Zakariyya adlı bir müəlliflə birlikdə yazılan, nəzəri və bədii materialları əhatə edən ikinci kitab ("Meyxanənin poetikası") Nizami Tağısoyun folklorşünaslıq sahəsindəki səmərəli fəaliyyətindən xəbər verir. Folklor mətnini necə var, o şəkildə toplayıb tərtib etməyin, ona çağdaş folklorşünaslıq prinsipləri baxımından qiymət verməyin nəticəsidir ki, Nizami Tağısoy qazax, qaqauz, qaraqalpaq, qaraçay,  malkar və başqa türk xalqlarına məxsus folklor örnəklərindən bəhs etmək, həmin örnəklərdən bir qismini Azərbaycan oxucusuna çatdırmaq imkanı və səlahiyyəti qazanır. Bəli, Nizami Tağısoy tərcüməçiliklə də məşğul olur və bu çətin iş onun türk xalqları ədəbiyyatının tədrisi, tədqiqi və təbliği sahəsindəki səmərəli fəaliyyətinin mühüm bir tərəfini təşkil edir.

Məlumdur ki, folklor milli ol0duğu qədər bəşəri, bəşəri olduğu qədər milli olan mədəniyyət hadisəsidir. Folklorda beynəlxalq süjet, motiv və obrazların özünü göstərməsindən çox danışılıb. Ümumtürk folklorundan, xüsusən bu folklorun epik qolundan bəhs edərkən Nizami Tağısoyun da əsaslı şəkildə toxunduğu məsələlərdən biri xalq ədəbiyyatında oxşarlıq, ortaqlıq məsələsi olub. Bu öz yerində. Amma folklorda millilikdən danışılanda qeyd etmək vacibdir ki, bu millilik, hər şeydən əvvəl, dildə öz ifadəsini tapır. Hər xalq şifahi ədəbiyyat örnəklərini məhz özünəməxsus frazeoloji sistemi olan bir dildə yaradır. Elə bir dildə ki, onu başqa dillərə tərcümə etmək xeyli dərəcədə çətin olur. Bəs başdan-başa nəzmlə ifa olunan "Koblandı-batır" dastanını qazax dilindən sətri yox, bədii tərcümə edən Nizami Tağısoy bu çətinliyin öhdəsindən necə gəlir? Çətinliyi aradan qaldırmaqda Nizami Tağısoya, ilk növbədə, onun şairlik və nasirlik səriştəsi yardımçı olur. Bəli, Nizami Tağısoy nəzm və nəsr əsərlərinin də müəllifidir, şairlik və nasirlik yalnız "Koblandı-batır" dastanının yox, həm də qaraqalpaq nağıllarının, qaraqalpaq şairi Hacıniyazın bir sıra şeirlərinin dilimizə çevrilməsində ona yaxından kömək edir...

Yeri gəlmişkən xatırladım ki, tərcümə əsərlərini araşdırmaq Nizami Tağısoyun elmi yaradıcılığında ardıcıl özünü göstərən istiqamətlərdən biridir. "XX əsr rus poeziyası Azərbaycan tərcümələrində", "Əslin milli özünəməxsusluğu və tərcümə", "Səməd Vurğun dramaturgiyası rus dilində", "Poetik tərcümə" kimi kitablarında Nizami Tağısoy mövcud ədəbi faktlar əsasında Azərbaycan tərcümə sənətinin problemlərinə diqqəti yönəldir. Orijinala sadiq qalıb-qalmamaq Nizami Tağısoyun xüsusi olaraq toxunduğu tərcümə problemlərinin ən başlıcasıdır. Nizami Tağısoyun tərcümədə başlıca qayğısı orijinalın "üslubi açar"ını tapmaq, mətnin ruhunu dərindən duyub onun sözlə ifadəsinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün şair Tağısoy tədqiqatçı Tağısoyla baş-başa verməli, çiyin-çiyinə çalışmalı olur.

Tədqiqatçı-folklorşünas kimi Nizami Tağısoyun Orta Asiya, eləcə də  qazax eposunda xüsusi diqqət yetirdiyi məsələlərdən biri şifahi ifaçılıq prosesidir. Nizami Tağısoy yaxşı bilir ki, akın adlanan el sənətkarlarının heç bir kağıza-dəftərə baxmadan, musiqinin müşayiəti ilə dastanı sinədən söyləməsində nəzərə alınması vacib olan xüsusi cəhətlər var. Söz, ifadə, cümlə, abzas, epizod, əhvalat... təkrarı belə cəhətlərdən biridir. Bu cür təkrarlar hesabına mətni yadda saxlayıb dinləyici auditoriyasına lazımi şəkildə çatdıran akınlar müxtəlif formullar ortaya qoymuş olurlar. Nizami Tağısoy "Koblandı-batır" dastanının, həmçinin qaraqalpaq nağıllarının tərcüməsində formulların təbii qarşılığını axtarıb tapmağa xüsusi səy göstərir və əksər məqamlarda istəyini reallaşdıra bilir.

Nizami Tağısoyun folklor araşdırmaları nağıl və dastanla yanaşı, şifahi xalq ədəbiyyatının bir çox digər janrlarını da əhatə edir. Aydınlıq naminə deyim ki,  onun "Qazax ədəbiyyatı", "Qaraqalpaq ədəbiyyatı" və "Qaraçay ədəbiyyatı" adlı kitablarında böyük bir hissə həmin xalqların folkloruna həsr olunub. Müəllif qazax, qaraqalpaq və qaraçay folklorunun mifoloji köklərini araşdırmaq, janr təsnifatını verməklə  bu xalqların yazılı ədəbiyyatından bəhs etmək üçün əlverişli elmi zəmin yarada bilib.

Folklor və yazılı ədəbiyyat araşdırmaları Nizami Tağısoyun elmi yaradıcılığında qoşa xətdir və bu xətlərin tez-tez kəsişməsi təbii bir haldır. Nizami Tağısoy folklor və yazılı ədəbiyyat əlaqələrinin az görünən və heç görünməyən tərəflərinin üzə çıxarılmasını bir ədəbiyyatşünas kimi özünün yaradıcılıq qayğılarından birinə çevirir. Məsələn, o, Elçin və Kamal Abdulla kimi yazıçıların folklorla bağlılığını üzdə yox, dərin qatlarda axtarır. Elçinin "Mahmud və Məryəm" romanında folklor, Nizami Tağısoyun fikrincə, keçmiş, bu gün və gələcək kimi zaman fərqlərini aradan qaldırmağın mühüm bədii vasitəsidir. Kamal Abdullanın "Yarımçıq əlyazma" romanında folklor, Nizami Tağısoyun fikrincə, bütlərə ironik yanaşa bilməyin mühüm bədii vasitəsidir. Bu kimi faktlar bir daha  onu təsdiq edir ki, Nizami Tağısoyun folklor araşdırmaları onun yazılı ədəbiyyat araşdırmalarına rəvac verir. Eyni zamanda yazılı sənətin inkişaf qanunauyğunluqlarına dərindən bələd olması Nizami Tağısoyun şifahi ədəbiyyat sahəsindəki elmi axtarışlarının miqyasını genişləndirir. Nəticədə oxucu Nizami Tağısoyu çoxcəhətli yaradıcılıq imkanları olan bir ədəbiyyatşünas kimi tanıyır.

Nizami Tağısoyun yetmiş yaşı mübarək olsun. Həmişəki şövqlə yazıb-yaratsın, çətin və şərəfli yolu həvəslə davam etdirsin və yeni-yeni uğurlar qazansın.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!