Dərin tekstoloji və tipoloji araşdırmaların müəllifi olan fədakar alim - Təhminə Bədəlova yazır

QƏZƏNFƏR ƏLİYEV – 90

 

Dünyada böyüklük tapmaq istəsən,

Al ələ qələmi yaz böyüklərdən.

Nizami Gəncəvi  

Bu gün dünya şərqşünaslıq elminin aparıcı qollarından olan Azərbaycan nizamişünaslığı bəşər sivilizasiyasının yaşı ilə müqayisədə böyük olmasa da, şərəfli bir yol keçmiş, mötəbər dairələrdə etibarlı mənbələrə söykənən, əsaslı elmi fikirlərə dəyər verilən sağlam mühitdə sözükeçən, fəaliyyəti yüksək qiymətləndirilən nizamişünaslarımız yetişmişdir. Mirzə Məhəmməd Axundovla başlayan, akademik Həmid Araslı, professor Rüstəm Əliyev, professor Qəzənfər Əliyev, AMEA-nın müxbir üzvü Azadə Rüstəmova ilə inkişaf etdirilən zəngin ənənələri hal-hazırda professor Xəlil Yusifli, AMEA-nın müxbitr üzvü Nüşabə Araslı, akademik Teymur Kərimli, professor Mehdi Kazımov, dosent Zəhra Allahverdiyeva və başqaları Nizami sənətinə böyük sevgi hissi ilə davam etdirirlər.  

Ömrünü hikmət xəzinəsinin açarı olan Şərq ədəbiyyatının tədqiqinə həsr etmiş fədakar alim, Nizami torpağının söz-sənət nemətindən ilham alıb çox qısa, 54 illik ömründə elmin zirvələrinə doğru şərəflə irəliləyərək filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkmənistanın Dövlət Mükafatı laureatı kimi yüksək adlara layiq görülən şərqşünas Qəzənfər Yusif oğlu Əliyev yaşasaydı, bu il 90 yaşı olacaqdı.

Qəzənfər Əliyev 1930-cu il may ayının 15-də Azərbaycanın qədim elm və sənət mərkəzlərindən olan Gəncədə dünyaya göz açmışdır. İndiki BDU-nun şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc elm həvəskarını tale SSRİ EA-nın şərqşünaslıq institutuna aparır. Akademik, dövrünün nəhəng alimlərindən olan Yevgeni Bertelsin “məktəbində” püxtələşən alim “Nizami Gəncəvinin “Xosrov və Şirin” və Əmir Xosrov Dəhləvinin “Şirin və Xosrov” poemalarının müqayisəli təhlili” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir (1958). Sonrakı elmi faliyyətinin əsas istiqamətini bəlirləyən dissertasiyası və 1960-cı ildə Moskvada rus dilində nəşr olunan “Şərq xalqları ədəbiyyatlarında Xosrov və Şirin əfsanəsi” monoqrafiyası elmi cameədə çox böyük maraqla qarşılanır. Adı çəkilən fundamental tədqiqatdan bəhs edən  dosent Məsiağa Məhəmmədi yazır: “...həcmcə çox da böyük olmayan bu kitab o zaman cəmi 30 yaşı olan Qəzənfər Əliyevin ilk geniş elmi tədqiqatı idi. Lakin dünya şərqşünaslığının ən son nailiyyətlərinə söykənən bu araşdırmanın elmi səviyyəsi o qədər yüksək, ehtiva etdiyi material o qədər zəngin idi ki, sonralar Nizami yaradıcılığını öyrənən heç bir tədqiqatçı bu kitaba müraciət etmədən ötüşə bilmədi”.   

Müəllif bu əsərində Xosrov və Şirin əfsanəsinin süjetinin VII əsrdən XV əsrədək inkişaf tarixini izləməyi qarşısına məqsəd qoymuşdur. Əsərdə Xosrov və Şirin əfsanəsinin süjet və ideya-məzmun təkamülü müxtəlif epoxalarda bu mövzuya həsr edilmiş poemalar əsasında öyrənilmiş, həmçinin baş vermiş mövzu, süjet və kompozisiya dəyişikliklərinin səbəbləri aydınlaşdırılmışdır. Qəzənfər Əliyev adı çəkilən əsərdə, filologiya elmləri doktoru Abuzər Bağırovun sözləri ilə desək, “...mövzu ilə bağlı müxtəlif qaynaqlardan toplanmış zəngin ədəbi materialların tipoloji və tekstoloji araşdırması əsasında Qafqaz, İran, Orta Asiya və Hindistan ərazisində yaşayan xalqların ədəbi-mədəni əlaqələrinin Nizami mehvəri ətrafında oluşan müştərək köklərini açıb göstərməklə bütövlüklə sovet şərqşünaslığında bu yöndə aparılan axtarışlara güclü təkan vermiş oldu”. 

Lakin alimin elmi fəaliyyəti “təfəkkürünün və sənətinin sirləri qarşısında hələlik yalnız heyranlığımızı bildirməklə kifayətləndiyimiz” (Teymur Kərimli) Nizami Gəncəvinin ədəbi irsi ilə məhdudlaşmadı. Ümumilikdə farsdilli ədəbiyyatın təşəkkülü problemi Qəzənfər Əliyevin elmi araşdırmalarının əsas tədqiqat obyektidir və təsadüfi deyil ki, alimin doktorluq dissertasiyası da məhz bu mövzuya həsr olunmuşdur. Ancaq bu da bir həqiqətdir ki, farsdilli ədəbiyyatın tədqiqinə də alimi məhz Nizami Gəncəvi irsinin öyrənilməsi sövq etmişdir.

Məlumdur ki, tarixi şərait və ictimai-siyasi tələblərdən irəli gələn səbəblərdən dolayı, daha dəqiq desək, “Türk hökmdarlarının (Samanilər, Qəznəvilər, Səlcuqilər və s.) farsdilli ədəbiyyatı himayə etməsi” (Xəlil Yusifli) nəticəsində çox uzun bir müddət, orta yüzilliklərdə, hətta demək olar ki, XVIII əsrə qədər Şərq ədəbiyyatının böyük, nadir nümunələri fars dilində yazılmışdır. Təsadüfi deyildir ki, ədəbi cameədə “fars dili poeziya dilidir” kimi bir fikir də formalaşmışdı. Kiçik Asiyada, Hindistanda, Zaqafqaziyada yaranmış bədii əsərləri, həmçinin Şəqri Avropada yazılmış bəzi tarixi traktatları öyrənmək, araşdırmaq üçün ədəbi-nəzəri bilgilərlə yanaşı, bu dilin incəliklərinə də dərindən bələd olmaq lazımdır.

Azərbaycan ədəbiyyatının müqtədir sənətkarları – Qətran Təbrizi, Xaqani Şirvani, Əbül-ula Gəncəvi, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Fələki Şirvani, Nizami Gəncəvi, Müsahib Gəncəvi, Saib Təbrizi və başqa mütəfəkkirlər öz zərif duyğulu, bəşəri ideya və dərin məzmun çalarları ilə zəngin olan əsərlərini fars dilində qələmə almışlar. Bu sənətkarların ədəbi-bədii irsi Şərq ədəbiyyatı xəzinəsini qiymətli incilərlə zənginləşdirmişdir.

Ayrı-ayrı regionlarda fars dilində yaranan ədəbi yaradıcılıqlar bu dildəki mövcud ədəbiyyatdan qidalanıb onunla sıx əlaqədə olsalar da, yerli-milli xüsusiyyətlərini də itirməmiş, əksinə doğma folklor və yazılı ədəbiyyat ənənələrindən gələn özəlliklərlə farsdilli ədəbiyyatı daha da zənginləşdirmişlər. Yəni bu proses, təbii olaraq, qarşılıqlı ədəbi əlaqələr mühitində baş tutmuşdur. Odur ki, farsdilli ədəbiyyatın ayrı-ayrı regionlarda, bəzən hətta çox fərqli adət-ənənələr, sosial-tarixi şəraitə malik bölgələrdə meydana çıxması və təşəkkülü problemi, kəsb etdiyi özəl xüsusiyyətlər və s. daima şərqşünasların, o cümlədən də azərbaycanlı alimlərin diqqət mərkəzində olmuşdur.

Qəzənfər Əliyevin “Hindistanın farsdilli ədəbiyyatı” (rus dilində) monoqrafiyası - ən az öyrənilmiş bir ədəbiyyatın – farsdilli hind ədəbiyyatının tarixinin tədqiqinə dair ilk cəhddir. Müəllif bu ədəbiyyatın ən görkəmli nümayəndələri ilə oxucularını tanış edir. Nə üçün farsdilli ədəbiyyat birdən-birə Hindistanda peyda oldu? Və yaxud, nə üçün bu çoxmillətli ölkənin ədəbiyyatlarından biri fars dilində yaranmışdır? Və ümumiyyətlə, gah Zaqafqaziyada, gah Kiçik Asiyada, gah Orta Asiyada, gah da Hindistan yarımadasında meydana çıxan, bu “hər yerdə peyda olan” farsdilli ədəbiyyat nə olan şeydir? Nə üçün və necə oldu ki, Hindistanda fars dilində ədəbiyyat yarandı, o, hansı yollarla inkişaf etdi, Hindistanın farsdilli ədəbiyyatı ilə fars-tacik ədəbiyyatı və hind ədəbiyyatı arasında hansı əlaqələr mövcud idi? Alim göstərir ki, Hindistanda yaranan farsdilli ədəbiyyat o qədər geniş və böyükdür ki, Hindistanın hüdudlarından kənarda fars dilində yazılan ədəbi nümunələrin hamısını geridə qoyur və hətta bu ədəbiyyat xüsusi elmi ədəbiyyatda hind-fars adını almışdır.

“Nizami mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında” (rus dilində) Qəzənfər Əliyevin ən məşhur, elmi dəyəri baxımından fundamental əsəridir və alimin özünün də arzusunda olduğu “Nizami ensiklopediyası”nın çox mühüm bir tərkib hissəsidir. Oçerklərinin hər biri gələcək tədqiqatlar üçün mövzu verən əsərin ayrıca mükəmməl tədqiqat adlandırılmağa layiq Giriş məqaləsində müəllif qoyulan problemlə bağlı nəzəri fikirlərini aydın tezislər şəklində çatdırmışdır. Kitabda 700 illik bir dövrü və az qala Yer kürəsinin yarısı boyda ərazini əhatə edən, “Bosfordan Himalayadək” (Qəzənfər Əliyev) geniş coğrafi arealda yayılan Nizami poetik məktəbinin 287 nümayəndəsi və 600-dən çox əsər haqqında qiymətli elmi informasiya öz əksini tapmışdır. Mövzu ilə bağlı özündən əvvəlki tədqiqatları dərindən öyrənən və onlara həm bir örnək kimi, həm də tənqidi şəkildə yanaşmağa çalışan alimin apardığı çoxsaylı axtarışlardan məlum olur ki, böyük Nizaminin “Xəmsə”sinə daxil olan poemalardan “Sirlər xəzinəsi”nə 99, “Xosrov və Şirin”ə 98, “Leyli və Məcnun”a 123, “Yeddi gözəl”ə 55, “İskəndərnamə”yə isə 34 cavab yazılmışdır. Şərq ədəbiyyatları sahəsində dərin nəzəri biliklərə malik olan Qəzənfər Əliyev əsərdə nəzirəçilik ənənəsinin müxtəlif formaları arasındakı müqayisələri ilə bu problemə də aydınlıq gətirərək nəzirə, cavab, tətəbbö və başqa janrların tipologiyasını da açmağa müvəffəq olmuşdur. Xüsusilə, alimin “xəmsə” janrının yaranması, təşəkkülü və inkişafının sonrakı mərhələlərində kəsb etdiyi xüsusiyyətlərlə bağlı fikirləri, Şərq ədəbiyyatı tarixçiləri ilə polemik mühakimələri bu gün də öz elmi dəyərini qoruyub saxlamaqdadır.

O da əlamətdardır ki, görkəmli alim “Nizami ədəbi məktəbi” anlayışı altında bütöv bir ədəbi-mədəni prosesin dayandığı, Nizaminin öz dühası ilə bir çox ədəbiyyatların istiqamətini müəyyənləşdirdiyi tezisini irəli sürür və fikirlərini tutarlı dəlillərlə sübuta yetirir. Bu baxımdan alimin Nizami yaradıcılığını ayrı-ayrı ədəbiyyatlara və ədəbi şəxsiyyətlərə “daim təsir göstərən bir amil” kimi qiymətləndirməsi dərin elmi maraq doğurur və təbii ki, Qəzənfər müəllimin əldə etdiyi zəngin poetik mənbələrdən doğan bir qənaətdir.

Dərin elmi-nəzəri biliyi, təhlil və mühakimə qabiliyyəti, bir neçə dilə hakim olması onun tədqiqatlarının sahəsini genişləndirməyə imkan vermişdir. Türkmən dövlət xadimi, sərkərdəsi və şairi Bayram xanın bədii yaradıcılığının tədqiqinə həsr olunmuş “Türkmən şairi Bayram xan” əsəri (1969) də alimin elmi yaradıcılığının dəyərli örnəklərindəndir. Təsadüfi deyildir ki, bu əsərə və “Türkmən ədəbiyyatı tarixi”nin ərsəyə gəlməsində yaxından iştirakına görə Qəzənfər Əliyev Türkmənistanın Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür (1980).

Qəzənfər Əliyev ümumiyyətlə, Şərq xalqlarının ədəbiyyatına həsr olunmuş, dünyanın müxtəlif ölkələrində Azərbaycan, rus, özbək, türkmən, tacik, fars, ingilis, alman, çex və s. dillərdə nüfuzlu elmi dərgilərdə dərc edilmiş irili-xırdalı 160-dan çox elmi məqalənin müəllifidir. Alimin Əfqanıstana (1959-1962), İrana (1963-1965), Almaniyaya (1977, 1979) elmi ezamiyyətləri zamanı Şərq xalqlarının, o cümlədən də Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatına dair etdiyi məruzələr elmi yükü, yeni qənaətləri baxımından həmişə böyük diqqətə səbəb olmuş və maraqla qarşılanmışdır.

Qəzənfər Əliyev həm də cəfakeş mətnşünas idi. O, Nizami ədəbi məktəbinin ən məşhur nümayəndələrindən olan Əmir Xosrov Dəhləvinin “Şirin və Xosrov” poemasının elmi-tənqidi mətnini hazırlamış, ona geniş Önsöz yazaraq Moskvada nəşr etdirmişdir (Дихлави, 1979). Ümumiyyətlə, Əmir Xosrov Dəhləvinin “Xəmsə”sinə daxil olan poemaların elmi-tənqidi mətnləri Moskvada Qəzənfər Əliyevin bilavasitə iştirakı və redaktorluğu ilə hazırlanaraq çap olunmuşdur.  

Yorulmaz alimin fəaliyyətinin bir istiqaməti də ədəbi nümunələrin tərcüməsi və nəşri ilə bağlıdır. Bu baxımdan, təbii ki, ilk olaraq Nizaminin “İskəndərnamə” poemasının filoloji tərcüməsini qeyd etmək lazımdır. Şairin “Xosrov və Şirin” poemasını isə N.Osmanovla birlikdə rus dilinə filoloji tərcümə etmiş və geniş şərhlərlə nəşr etdirmişdir. Tərcüməçilik fəaliyyətində, şübhəsiz ki, doğma xalqımızın qiymətli folklor nümunələrinin, atalar sözlərinin də rus dilinə tərcüməsinin ayrıca yeri vardır.

“O, Əmir Xosrov Dəhləvinin “Həşt behişt” poeması və qəzəlləri ilə yanaşı, Baba Tahirin dübeytilərini, Əbülfeyz Feyzinin “Nal və Damən” poemasını, Mirzə Əsədulla xan Qalibin şeirlərini və digər bədii nümunələri”  rus dilinə filoloji tərcümə etmiş, onlara məzmunlu müqəddimələr və dəyərli şərhlər yazmışdır” (Məsiağa Məhəmmədi).

Bundan başqa, Qəzənfər Əliyev fars dilində yazılmış, əsas motivləri  fəlsəfi mühakimələr, sevgi iztirabları, orta əsr didaktikası olan rübailəri toplayıb sətri tərcümə edərək qeydlərlə birlikdə nəşr etdirmişdir (N.Osmanovla birlikdə). Kitabda hər bir şair haqqında qısa məlumat da yer almışdır. Topluya  IX-XIX əsrlərdə müasir İran, Tacikistan, Azərbaycan və Hindistanda yaşamış və dövrün ictimai-siyasi, ədəbi-mədəni tələblərindən irəli gələrək fars dilində yazıb-yaratmış 50-dən artıq şairin - Rudəki, Ünsüri, Nasir Xosrov, Qətran Təbrizi, Ömər Xəyyam, Səna`i, Fələki Şirvani, Xaqani Şirvani, Cəmaləddin İsfəhani,  Ənvəri, Nizami Gəncəvi, Rumi, Əvhədi Marağayi, Xacu Kirmani, Hafiz, Cami və başqa şairlərin rübailəri daxil edilmişdir (Плоды щедросердия. Четверостишия. Перевод с фарси. Москва, «Художественная литература». 1979). O da əlamətdardır ki, rübailərin böyük əksəriyyəti ilk dəfə məhz adı çəkilən kitabda rus dilində çap olunmuşdur.

Qəzənfər Əliyevin adı lüğətçilik fəaliyyəti ilə də bağlıdır. O, hazırda da farsdilli ədəbiyyat üzərində tədqiqat aparan alim və tələbələrin ən çox istifadə etdikləri “Farsca-rusca lüğət”in (2 cilddə) tərtibində də iştirak etmişdir.

Alimin pedaqoji fəaliyyətinin bəhrələri – onun elm yolunu davam etdirən görkəmli tədqiqatçılar bu gün öz araşdırmalarını Qəzənfər Əliyevin varisi, təmsilçisi və təbliğatçısı olduğu klassik elmi ənənələr əsasında davam etdirirlər. Bu ənənlərdən biri də keçmiş ədəbi və elmi irsə diqqətdir ki, Qəzənfər müəllim özü bunun nümunəsini Y.Bertelsin və A.Krımskinin əsərlərinin nəşri işində bir daha göstərmişdir.   

Onu tanıyan hər kəs Azərbaycanla, xüsusilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə sıx əlaqələrindən danışır, tez-tez bu müqəddəs elm məbədinə baş çəkməsini xatırlayırlar. Bilmirəm, bunu səadət adlandırmaq olarmı? O, vətəninə növbəti işgüzar səfərlərinin birində, doğma universitetin dəvəti ilə 1984-cü ildə, mühazirələr oxumağa gəldiyi bir vaxtda dünyasını dəyişmiş və göz açdığı torpaqda da dəfn olunmuşdur.   

 Bir məqamı da qeyd etmək yerinə düşərdi ki, alim haqqında Azadə Rüstəmovanın “Həmkarımızı anırıq” (“Ədəbiyyat və incəsənət”, 1990-cı il, 12 oktyabr, səh.6.), Məsiağa Məhəmmədinin “Yarımçıq ömür” , Abuzər Bağırovun “Nizami yurdunun görkəmli nizamişünası” (“Nizamişünaslıq”. Elmi əsərlər. № 1. Gəncə, 2011, “Elm və təhsil”, səh. 102-104.), Təhminə Bədəlovanın “Farsdilli ədəbiyyatın öyrənilməsində Qəzənfər Əliyevin xidmətləri” (“Fars dili və ədəbiyyatının yayılma arealı” XI Beynəlxalq Elmi Konfrans. İran İslam Respublikası, Gilan vilayəti, Rəşt şəhəri. Gilan Universiteti. (şəhrivər 1395) 7-9 sentyabr 2016. Konfransın materialları. IX cild. Səh. 10309-10321) məqalələri işıq üzü görmüşdür.

 Cəmi 54 illik bir ömür yaşamış Qəzənfər Yusif oğlu Əliyevin çox qısa icmalını verdiyimiz (yəqin ki, çox məqamlarını unutduğumuz) bu qədər zəngin elmi irsinin dərindən öyrənilməsi və tərcümə edilməsi, xüsusilə də Azərbaycan dilinə çevrilməsi, zənnimizcə, ədəbiyyatşünaslığımızın inkişafı üçün qarşıda duran faydalı məsələlərdəndir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!