"Ağrılı əzab"dan qurtuluş yolu - Aynur XƏLİLOVA yazır

 

Nədənsə, bəşəriyyətin ən böyük bəlalarından olan epidemiyalardan bəhs edən əsərlərə "bu, ola bilməz" fikrilə birmənalı yanaşmamışam, çox vaxt nəticəni əvvəlcədən təhmin etsəm belə, yenə də sonadək oxuyub-izləmişəm. Hətta fantastik görünən trillerləri belə. Axı mövzunun mahiyyəti onun həm də mətnaltı anlamındadır. Bu qənaətimin səbəbi isə həyati müşahidələrim - bir sıra insanların haqq yolundan sapıb şeytani xislətlərilə Allahın yaratdığı bu gözəl dünyamızı, az qala, cəhənnəmə döndərmələri, imanlı və saf bəndələrə qarşı iblisanə əməlləridir. Maraqlıdır ki, sözügedən mövzuda olan əsərlərin əksəriyyətində elə epidemiyalar da təbii yolla deyil, məhz insanların birbaşa, yaxud dolayı müdaxilələrilə yaranır. "Mən əfsanəyəm", "28 gün sonra", "12 meymun", "Busana qatar"... trillerlərində olduğu kimi. Adətən, canlıları zombiyə dönüşdürən viruslardan bəhs edən bu tip trillerlərdə bəzi insanların yoluxmuşlardan daha qorxulu olması faktına xüsusi diqqət çəkilməsi də təsadüfi deyildir. Bu dəhşətli mənzərə ilə üz-üzə qalan qarşı tərəf, sanki həyatı, öz mənafeyi və çirkin niyyəti naminə hər şeyi qurbana çevirməyə hazır olan "insan"ların şeytani hiyləgərlik və qəddarlıqdan yoğrulmuş xislətini indi dərk edibmiş kimi mənən sarsılıb bir anlıq ruhi-psixoloji süstlüyə qərq olur, "onlar yoluxmuşlardan daha qorxuludur", - deyib özlərini həm də və bəlkə də, daha çox belələrindən qorumağa məcbur olurlar. Sözügedən əsərlərin başlıca ideyası "cümlə xəyanətlərə bais"likdə iblisin ta kəndisi olan, mənfi anlamda "hər şeyə qadir" belə tiplərin özlərinin insanlıq üçün zatən zombi virusu olduğunu diqqətə çatdırmaqdır. "Busana qatar" trillerində hamı sağ qalmaq uğrunda mübarizə aparsa da, sərnişinlərdən yalnız iki (əslində isə üç!) nəfər xilas ola bilir: hamilə qadın və kiçik yaşlı uşaq. Əsərin sonunda Busana gedən qaranlıq keçidlə yaşadıqları dəhşətin təsirilə qorxu və göz yaşları içərisində bir-birinə qısılıb güclə addımlayan həmin iki nəfəri görürük. Bu qaranlıq keçiddən sonra onlar işıqlığa çıxacaq, əsgərlər tərəfindən qorunacaqdılar. İki dünya arasındakı yolayrıcını simvolizə edən keçiddən işıqlığa çıxan məhz xeyirxah uşaqla dünyaya gələcək günahsız, bütün çirkinliklərdən uzaq körpənin olması burada sözügedən ideya ilə əlaqəlidir.

Alber Kamyunun "Taun" romanında isə insanların biganəliyi bütöv bir şəhəri taun cəhənnəminə döndərir. Hər kəs Oranda ölümlə nəticələnən hansısa çarəsiz bir xəstəliyin mövcudluğunu bilir, lakin onun taun epidemiyası olduğunu etiraf etməyə cəsarət etmir, ta o vaxta kimi ki, artıq iş işdən keçmiş olur. Cavabdehləri istisna etsək, Oran əhalisinin yanaşmasını, bəlkə də, başa düşmək olar. "Doğrudan da, bəla elə bir şeydir ki, hamının başına gələ bilər, amma bəla başının üstünü alanda belə, adam onun varlığına inana bilmir... adam fikirləşir ki, o, mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olurlar. Bu keçib gedən, dünyadan köçən adamların ilk sıralarında da humanistlər gedirlər, çünki onlar əvvəlcədən ehtiyat etməyi bacarmırlar". Əsər ölümə aparan taun adlı ağrı və bu ağrının yaratdığı mənəvi-psixoloji mənzərəni təsvir edir. Sadəcə, təsvir edir, heç bir bədii-poetik bəzək-düzəyə, uzun-uzadı təfərrüatlara yer vermədən.

İndi biz özümüz pandemiya ilə qarşı-qarşıyayıq. Bütün dünyanı cənginə alıb böyük bir həbsxanaya çevirmiş, süstlüyə qərq etmiş COVİD-19 pandemiyası ilə. Deyilənə görə, vaxtilə məşhur öncəgörücülərin kəhanətlərində də bu pandemiya haqqında informasiyalar verilmişdir. Bunun nə qədər doğru olub-olmadığını deyə bilmərəm, həqiqət budur ki, bütün dünya bir neçə aydır, mənbəyi və mənşəyi mübahisəli olan koronavirus adlı bir bəla ilə mübarizə aparır. Lakin ərzi "kiçildib" bu qədər əlyetən edən, az qala, kiçik bir mobil telefona, kompüterə sığdıran insan zəkası adi gözlə görünməyən, yalnız elektron mikroskopla görünən bu virusun əlində, hələ ki aciz qalıb.

Günəşi oğurlanmış ömürlər var,

Açılmaz sabahları.

Tanrının unutduğu adamlar var,

Eşidilməz ahları.

Nədən ki,

Məscidlərdən gələn səslərə qarışıb itdi

Palatalardan ucalan dualar.

Mən sizə demişdim axı,

Allahın da tərs damarı var...

Şəhriyar Del Gerani bu şeiri hansı münasibətlə yazıb, bilmirəm, amma bütün mahiyyətilə, sanki bu günümüzün acı gerçəkliyini, dərd yükünü ifadə edib şair. Oxuyub biganə qalmaq və nəticə çıxarmamaq qeyri-mümkündür.

Bundan sonra münasibətlər sistemində bəzi dəyişiklikləri istisna etməklə, dünyanın formatlanmasını düşünmək sadəlövhlük olardı. Bəyəm dünyanın sakinləri transfer olunacaq? Axı bu proses sırf insan amili ilə bağlıdır. Başqa sözlə desək, Allahın bizlərə ərməğanı olan bu dünyanın qorunması birbaşa düşüncə və mənəviyyatda olması gərəkən katarsislə, özünüislahla mümkündür. Bəli, bu gün günahsızlara tuşlanmış silahlardan açılan atəşlər hələ ki azalıb, insanlar hələ ki nisbətən, susublar. Lakin Kamyunun sözlərilə desək, "ancaq bədbəxtlik hökm sürdüyü vaxt adamlar şəraitə adət edir, yəni susmağı öyrənirlər". İndi pandemiya insanları bir tərəfdən ümumi situasiya ilə bağlı eyni ovqata kökləməklə müəyyən mənada birləşdirib, digər tərəfdən də, qaydalara uyğun olaraq cəmiyyətdən, gündəlik qaynar həyatdan bu və ya digər dərəcədə təcrid edib. Karantin, sosial izolyasiya bizi özümüzlə baş-başa qoyub, vicdanımıza, əməllərimizə nəzər yetirməyə, düşünməyə, nəyisə dərk etməyə imkan yaradıb. Görəsən, bu imkandan yararlana bildikmi? Öz mənafeyi naminə etdiklərilə iblisi belə heyrətdə qoyan "insan", bəlkə, bir heç olduğunu indi anlayasan! Yoxsa sənin üçün hidayət zamanı hələ çatmayıb?..

Əslində, bu gün bütün dünyanı bürümüş ən qorxulu vəziyyət nəfsinə qul olub Allahı və axirəti unutmaqdır. Məgər bütün müharibələrin, bəlaların, elə bu koronavirusun da səbəbi bu deyilmi? Deyəsən, elə bir dövrə gəlib çatmışıq ki, "günahlar daha azan səsinə də diksinmir". Günahlar yaman üzlü olub axirətdə "ağrılı bir əzab"a düçar olacaqlarından bixəbər sahibləri kimi... Dünyanı hər an Qiyamət gününə addım-addım yaxınlaşdıran günahlar...

Səliqəyə, sahmana sal,

Nə gündədir evin, Allah.

Gəl bircə gün evində qal,

Üstün təmiz, altın günah...

 

Üstümüzə təpin, çığır,

Bu evdə insanlıq itir.

Bu ev heyifdir, İlahi,

Vaxtın olsa, nəzər yetir.

Roma Xosrov

Mən bu pandemiyanı Tanrının Yer planetindəki bəndələrinə cəzası kimi düşünmürəm. Amma Tanrı da susmayıb. Bəlkə, dinləyək? Bu səssizləşən dünyada susub sadəcə dinləyək. Bəlkə, Tanrının səsini eşidə bildik?!.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!