Qürbətin rəngi... - Vaqif Sultanlı

Qulamrza Səbri Təbrizinin xatirəsinə

 

Təbrizdə dünyaya gəlmişdi. Ancaq həyatı qəriblikdə keçdiyindən dünya gözlərinə qürbət rəngində görünürdü. Qəriblik zaman-zaman rənglər dünyasını dağıtmışdı...

Vətənli günləri də qürbətin əzabları ilə yaddaşına hopmuşdu. Ara-sıra fürsət tapıb Təbrizə gələndə təkrar ayrılacağı günün həyəcanı içini yeyirdi. Bir dəfə İngiltərəyə dönəndə anası çıxıb gedən oğlunu görməmək üçün mətbəxdə gizlənmişdi. "Daha gəlmə! Gəlirsən, gedəndə ayrılığına dözə bilmirəm", - anasının söylədiyi bu sözlər bir ömür içini sızlatmışdı. Özünün ana həsrəti ilə yanıb-yaxılmasından çox, anasına övlad həsrəti yaşatmağının əzabını çəkirdi.

Bəlkə bu səbəbdəndi ki, qürbət adı gələndə ruhu, varlığı titrəyirdi. Şeirləri qəriblik, ayrılıq, həsrət qoxuyurdu, kitablarının birinə "Qürbət harayı" adını vermişdi.

Qürbətin qaranlıq gecələrində əli hər şeydən üzüləndə yuxuları ona təsəlli olmuşdu. Vətəni yuxularına gətirir, dərdini, ağrılarını yuxuları ilə yüngülləşdirməyə çalşırdı.

Bütün bunlara rəğmən qürbətə getməyə məhkum idi. Şahlıq səltənətinin, zülmün, əsarətin çökdürdüyü doğma vətəndə övladlarına sahib çıxacaq qədər vətənlik qalmamışdı. İranlı gərək ömr edə zillətdə həmişə / Nikbətdə, əsarətdə, məzəllətdə həmişə; / İranlı gərək can verə qürbətdə həmişə! Çox sevdiyi dahi Mirzə Ələkbər Sabirin sərrast müşahidədən qaynaqlanan qənaətləri onun taleyindən də yan keçməmişdi.

Ancaq Vətəndən çıxsa da, Vətənin dərdləri, ağrıları ona rahatlıq vermədi. "Mən Vətəndən çıxdım, Vətən məndən çıxmadı" - yaddaşının kötüyündə yer alan bu aforizmi dönə-dönə təkrarlayırdı.

Vətənə dönməyin yasaqlandığı dönəmlərdə dərdini, həsrətini ovutmaq üçün Türkiyəyə gedər, Güney Azərbaycanla sərhəd bölgələrini gəzərək tərk etdiyi yurdun qoxusunu almağa çalışardı.

Vətən həsrəti ilə bağlı yaşantıları ailəsinə də yansımışdı. Hansısa ölkəyə elmi ezamiyyətə gedəndə uşaqları atalarının bir daha geri dönməyəcəyini düşünərək həyəcanlanırdı. Daim qürbət ağrılarından əzab çəkməsi, vətənə dönmək xəyalı ilə yaşaması övladlarının qəlbində nigaranlıq toxumu səpmişdi.

Nəyə dözsə də, ana dilinin yasaqlanmasına, aşağılanmasına dözə bilmirdi. Bəlkə bu səbəbdəndir ki, yazılarının mühüm bir qismi ana dili ilə bağlıdır. Çeşidli mövzularda yazdığı şeirlərinin misraları arasında da ana dili ilə bağlı sətirlər yer alır. Şeirlərinin birində ana dilinin yasaq edilməsini Tanrı qarşısında ən böyük cinayət kimi dəyərləndirirdi. "Ana dilim" adlı şeirində: Bir qürbət duyğusu var içimdə, / Yorur, yorur adamı əcnəbi dillər, - deyə yazırdı.

"Yer üzünü yeriyən ölülərin bürüdüyünü", "səsinin heç zaman ölülərin qulaqlarına yetməcəyi"ni kədərlə vurğulayır, dünyada haqqın, ədalətin yox oluşuna etirazını "qəhr olsun zülmün səltənəti" - nidası ilə bildirirdi. İslam adı altında ölkənin talan edilməsinə, millətin doğma vətənindən dərbədər salınmasına, saxtalığın, satqınlığın həyat tərzinə çevrilməsinə dözə bilmirdi. "Zindan" adlı şeirində: Nədən qalındı zindan divarları? / Nədən pəncərəsizdi məhbəslər? / Bəlkə insanı qaranlıqla qorxutmaq üçün? / Bəlkə təklik sınağına çəkmək üçün? / Yox, haqq səsini batırmaq üçün. / Bir də ruhunu qırmaq üçün, - yazırdı.

Şeirlərində qadın daha çox gözəllik, zəriflik, məsumluq simvolu kimi mənalanır: Qadın bir musiqi alətidi,/ Çoxları bacarmaz çalmağı. / Naşı əlində qırılar simləri.- yazır. Uşaqlar isə millətin gələcəyi anlamında rəmzləşir. "Vəsiyyət" adlı şeirində: Mən öləndə qəbir daşı salmayın üstümə. / Aparmayın məzarıstana, / Geniş bir meydanda basdırın məni, / Uşaqlar oynasınlar üstümdə,  - deyə düşüncələrini ifadə edir.

İngilis şairi, filosofu və rəssamı Uilyam Bleykin dialektik görüşləri ilə bağlı doktorluq dissertasiyası yazmışdı. Sonralar bu araşdırması monoqrafiya kimi "Uilyam Bleykin cənnəti və cəhənnəmi" adlı ilə London və Nyu Yorkda yayınlanmışdı. Britaniyanın ədəbiyyat və ictimai fikir tarixində müstəsna yeri olan bu sənətkarın yaradıcılığına dərin bir heyranlıq duyurdu. Məqalələrinin birində Uilyam Bleykin şeirlərində İmadəddin Nəsimidən qaynaqlanan məqamları müqayisəli bağlamda aşkarlamağa çalışmışdı. Özünün yazdığı bir çox şeirlərin özəyində Uilyam Bleykin fəlsəfi fikirləri yer alır. Hətta bu böyük mütəfəkkirin bəzi rəsmlərinə şeirlər həsr etmişdi. Elmi və bədii kitablarının cildindəki rəsmlərin bir qismi də Uilyam Bleykə məxsusdur.

"Kitabi-Dədə Qorqud" eposu, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Əmin Rəsulzadə, Seyid Cəfər Pişəvəri, Məhəmmədhüseyn Şəhriyar, Səməd Behrəngi, Əziz Nesin, Əzizə Cəfərzadə kimi mütəfəkkir və ədiblərin yaradıcılığı və həyat yolu ilgisini çəkirdi. Elmi və bədii yazılarının ruhunda onların əsərlərindən və ideallarından təsirləndiyi duyulur.

1991-ci ildə onun təşəbbüsü ilə bir araşdırma layihəsi çərçivəsində Edinburq Universitetinə dəvət olunmuş, bir aya yaxın Şotlandiyada qalmışdım. Sonuncu gün mənə "Dost ayrılığı" adlı şeir yazdığını söyləmişdi. Şeirdə belə misralar vardı: Dayanıb baxıram lal kimi. / Vətənə döndüyünçün / Səni əyləməyə əlim gəlmir,/ Yoldan eyləməyə dilim gəlmir./ Gözlərimin önündəcə çıxıb gedirsən / Qucaqlaşıb ayrılırıq / İkimiz də həyəcanlı, / Səni Vətən gözləyir, / Məni Vətən həsrəti.

Azərbaycanla Böyük Britaniya arasında körpüləşən həyatı - ikili dünyası vardı. Şeir kitablarının birini "Mənim iki dünyam" adlandırmışdı. İstər BBC-də siyasi icmalçı kimi fəaliyyət göstərəndə, istərsə də çalışdığı Edinburq Universitetinin "İslam və Orta Şərq" bölümündə imkan tapdıqca Azərbaycan mədəniyyətinin tanıdılmasına önəm verirdi. İnandığı, istedadına güvəndiyi həmvətənlərinə hər zaman kömək əlini uzadırdı. "Varlıq" dərgisinin qurucularından, görkəmli şair Həmid Nitqini məsləhətçi kimi çalışdığı universitetə bağlaya bilmişdi. Bir ara arxa və dayaq olduğu həmyerlisi, şair Məhəmmədəli Mahmudla birlikdə "Odlar ölkəsi" qəzetini yayınlamışdı.

İyirmi yanvar hadisələri baş verəndə BBC radiosunda Azərbaycanda yaşananları dünya ictimaiyyətinə çatdırmaq üçün gərəyincə çalışmışdı.

Azərbaycanın bağımsızlıq qazanmasına ən çox sevinənlərdən biri idi. Dünya ölkələri içərisində ana dilinin danışıldığı bir dövlətin yarandığına uşaq kimi sevinirdi. "Azərbaycan müstəqillik qazanandan sonra hiss etdim ki, ayaqlarım yer tutdu", - deyirdi. Edinburq Universitetində təqaüdə çıxandan sonra Azərbaycana qayıtmış, ömrünün sonlarına qədər Bakıda yaşamışdı. Siyasi səbəblərdən Təbrizə dönə bilməzdi, başqa dönüləsi ünvanı isə yox idi. Təbrizin qoxusunu Bakıdan alırdı.

Uşaqlığı Seyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulmuş Azərbaycan Milli Hökuməti dönəmində keçmişdi. O illəri əziz xatirə kimi yaddaşında yaşadırdı. Azərbaycanın Güneyində milli dövlət quranların vətəndən-vətənə mühacirətini kədərlə xatırlayırdı. Azərbaycana gələndən sonra onların ünvanını axtarırdı. Hətta bir dəfə Şamaxının kəndlərinə gedib qapı-qapı gəzərək sağ qalanların sorağını aldığı xatırımdadır. Balaş Azəroğlu, Əkrəm Rəhimli, Seyidağa Onullahi, Hökümə Bülluri, Sabir Nəbioğlu - onların hər biri ilə əlaqə saxlayır, dərdinə, ağrılarına həyan olmağa çalışırdı.

"İranlı", "həmşəri" sözlərindən zəhləsi gedirdi, Təbrizi Böyük Azərbaycanın mərkəzi bilir, türklüyü ilə qürur duyurdu. Azərbaycan dövlətinə xor baxan həmvətənlərinə: "Vətəni gözəl, firavan olduğu üçün deyil, vətən olduğu üçün sevirlər" - deyirdi.

Azərbaycanı bütöv şəkildə görmək istəyirdi. Parçalanmanın ağrılarını qan yaddaşında daşıyırdı. Ömrünün mühüm bir qismini Azərbaycanın Güneyində müstəqil dövlətin qurulması və bütövlük uğrunda mübarizəyə həsr elədi. Brüsseldə, Avropa Parlamentinin iqamətgahında "Güney Azərbaycanda millik kimlik və insan hüqüqları" mövzusunda keçirilən forumda (23 iyun 2008) əsas məruzəçi olmuşdu.

Qarabağın işğalı onu hədsiz dərəcədə narahat edirdi. Bir dəfə qaçqın şəhərciyinin yanından keçəndə göz yaşlarını saxlaya bilməmişdi. BBC-nin televiziya proqramında London Universitetinin erməni professoru ilə debata çıxmış, Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu sənədlərlə nümayiş etdirmiş, qarşı tərəfin dəlillərə söykənməyən əsassız iddialarını puça çıxarmışdı. Bununla bağlı təhdidlərlə üzləşmiş, bir müddət qoruma altında yaşamışdı.

Qızı Leylanın intiharı onu dəhşətli dərəcədə sarsıtmışdı. O ərəfədə dərdinə həyan olmaq üçün Londona getmişdim. Yas içərisində olsa da, məni hava limanında qarşılamağa özü gəlmiş, birbaşa qızının məzarını ziyarətə getmişdik. Uzun müddət məzarın başından ayrıla bilmirdi. Qəribliyin yeyib bitirdiyi ürəyinə övlad dağı çəkilmiş atanı ovundurmaq üçün söz tapmaq mümkün deyildi. Qızının ölümü ilə bağlı yazdığı silsilə şeirlər onun ruh halını, keçirdiyi iztirabları əks etdirir: Londonda başıma daşlar yağır, / Mənim dərdim necə dözülməz, / necə ağır! / Mən Leylamı itirmişəm. Başqa bir şeirində isə qızına müraciətlə: Bəyaz bir libasda / gəlin yaraşığında, / qəmgin ay işığında,/ Gözümün işığı,/ qəlbimin yaraşığı! / Tutub ulduzların əlindən sən / hara gedirsən? - deyə ümidsizliyin, çarəsizliyin poetik ovqatını yaratmışdı.

Aradan bir neçə il ötməmiş böyük oğlu Camal sağalmaz xəstəliyə tutularaq dünyasını dəyişdi. Daha sonra həyat yoldaşı Jaklin xanım vəfat edəndə isə xəstəliyi üzündən dəfnində iştirak edə bilmədi. Artıq səhhəti ilə bağlı uçağa minməsi mümkün deyildi. Qəribliyin rənginə yeni çalarlar qatıldı. İndi Vətəndə olsa da, bir daha görə bilməyəcəyi qərib məzarlar üçün darıxırdı.

Vətən qürbətə çevrilmişdi...

Qürbət ağrıları içərisində də dünyasını dəyişdi.

Parçalanmış yurdunun bütövləşdiyi günü görmədi. Ancaq bütün varlığı ilə inandığı bu yolda mübarizədən usanmadı, millətin iradəsilə nə zamansa bütövləşəcək Vətən sarayının özülünə ömrünü hördü.

8-14 may 2020, Bakı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!