O...Fərqanənin əziz xatirəsinə - Narıngül Nadir yazır

 

O, yoldur!

Bitməyən, qısalmayan yol! "Sahil" metrosundan "Əhmədli" metrosuna kimi uzanan yol! O yolda bir romanlıq söhbətlər olub. Söhbətlər o qədər qarışıqdır ki, hünərli yazar istəyir süjet xəttini qursun, əvvəlini, finalını tapsın. Amma süjet xəttini, üslubunu, təhkiyəsini quran olsa, əməlli-başlı roman alınar. Yol boyda roman!

Metrodan çıxıb basırıq dayanacağa yaxınlaşırıq. Dayanacaq min ilin dayanacağıdır. Konduktorlar qışqırır, sürücülər kaskadyorluq edir. Avtobuslar şahmat fiqurları kimi səpələnib. Uzaqdan köhnə, balaca avtobuslar görünür.

- Mənim avtobusumdur, - həyəcanlanıram. Əslində, onun avtobusu da dayanıb, müştərisini gözləyir. Artıq romanı bitirmək lazımdır. Deyir, bəlkə, bir az da piyada gedək. Söhbətimiz qurtarmadı axı... Bir xeyli yolu piyada gedirik. Hündür binalar arxada qalır. Maşınlar yanımızdan şütüyüb keçir. Külək saçımızı qarışdırır, az qalır əlimizdən çantamızı alıb aparsın. Bəzənsə, qara, sazağa düşürük. Yağışda islandığımız, günəşdə yandığımız vaxtlar da çox olub. O yolun hər üzünü görmüşük...

O, zəngdir!

Hər an gözlənilən zəng! Günün hansı vaxtında istəsə zəng edə bilər, zəng edə bilərsən. Adətən, o, sözü olanda zəng edir. Mən isə darıxanda. Amma hər gün onun sözü olur, mən isə darıxıram. Ona görə də zəng etməyə bəhanə var. Bəzən saat 12-də zəng edir. Əvvəlcə əl telefonuma zəng vurub soruşur, yatmamısan ki? Evdəkiləri oyatmamaq üçün pıçıltı ilə danışırıq. Bir də baxırıq gecənin yarısıdır. Bəzən bütün günü bir yerdə olmağımıza baxmayaraq, evə çatan kimi zəng edir. Deyir, bayaq yadımdan çıxdı, nə isə deyəcəkdim. Söhbət yenə də uzanır.

O, sözdür!

Söz onu sevir! O da sözə özü kimi inanır, sözün qədrini bilir. Dünya dağıla, ona xəyanət etməz. Söz demək onunçün o qədər asandır ki... İstəsə saatlarla danışar. Tez-tez Yazıçılar Birliyinin "Natəvan" klubunda tədbirləri idarə edir. İstəsə lap 1000 nəfərlik zalı da ələ ala bilər. O danışdıqca hər kəsin ruhu sözə uçur. O danışanda söz şəkillənir, söz havalanır, söz oynayır... O, sözlə insanlara sığal çəkir, insanları sehrləyir.

O, şeirdir!

Şeiri yaşam tərzinə çevirib! Şeirdən danışanda hər şeyi unudur. Deyir ki, məni şeir deyə-deyə dünyadan çıxartmaq olar. Heç kim inanmasa da, mən inanıram. Şeiri onun qədər sevən ikinci bir adam tanımıram. Şeiri o qədər sevir ki, bəzən zəif bir şeirin içindən də bir misra tapanda sevinir. Amma şairləri uzaqdan tanıyır. İstəyir ki, hamı şeir yazsın. Şeir yazmayana da şeir yazdırır. Şeirin xətrinə dəyəndə küsür. Özünün xətrinə dəy, amma şeirin xətrinə dəymə. Şeir dinləməyi o qədər də sevmirəm. Amma yanında demirəm ki, küsə bilər. Deyəndə ki, şairlər çoxalıb etiraz edir. Görəsən, bu qədər sevgi hardandır? Onun bu sevgisinə inanıram, elə hamı inanır.

O, dostdur!

Dost necə olur ki? İş otaqlarımız yanaşı olduğundan Yazıçılar Birliyinin dəhlizində tez-tez Qəşəm Nəcəfzadəylə rastlaşıram. Hər dəfə görəndə soruşur ki, "batalyon" haradadır? Mən də bir-bir sadalayıram:

- Fərqanə otaqdadır, gənc şairlə şeir müzakirə edir, Aləmzər evdə, Şəfəq yolda, Məlahət də Xırdalanda kitabların arasındadır. Məlahətin, deyəsən, tədbiri var...

Qəşəm Nəcəfzadə öz ləhcəsində təəccüblənir:

- Ba, yenə nə tədbirdir?

Fərqanə öz adını eşidib "Ulduz"un qapısında görünür. Həmişə təəccüblənirəm ki, adını bu qədər tez eşidir. Uzaqdan Qəşəm Nəcəfzadənin üstünə gəlir:

- Can Qəşəm!!!

Fərqanə dəhlizə çıxan kimi hay-küy yaranır. Hamı başına yığışır. Ta ki, hansısa gənc yazar qoltuğunda şeir qovluğu "Ulduz"un qapısında görünənə kimi.

Onun dostları o qədər çoxdur ki, yalnız qibtə eləmək olar. Kimin qapısını istəsə ərklə döyə bilər. Bir qış günündə Əhmədlinin küçəsiylə sulu qarın altında yeriyirik. Havaya nəzər salıb "əsl dost qapısını döyməli havadır" - deyir. Bir qədər sonra səmimi insan, şair-publisist Güllü Tomarovanın isti və doğma evinin pəncərəsindən quşbaşı yağan qarı seyr edirik.

O, sirdaşdır!

Onunla rahatlıqla sirr bölüşmək olar! Bəzən qəsdən sözün ucunu deyirsən, öyrənməsə əl çəkmir. Çox həssasdır axı... Deyir, qorxma e, mən quyu kimiyəm. O, hamının sirdaşıdır. Bəzən qısqanıram, bəzənsə yazığım gəlir. Bu qədər sirr daşımaq asan deyil axı? Deyir ki, danışsam romanlar yazarsan, amma heç vaxt demərəm. Bilirəm ki, deməz! Desə, bu qədər sirdaşı olmaz axı?

O, Fərqanədir. O, felin indiki zamanıdır. Axı söz indiki zamanda doğulur. Söz şeirin indiki zamanıdır.

Sözə çevrilişin mübarək! Söz kimi doğuluşun mübarək!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!