EvdəQal kampaniyası çərçivəsində Attila Balaş öz şeirini oxudu - VİDEO

 

EvdəQal kampaniyası çərçivəsində  Bədii Tərcümə Mərkəzi və “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə təqdim etdiyi  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!”  layihəsi davam edir. Bu gün Macarıstandan şair Attila Balaş öz şeirini oxudu. Attila Balaş  çağdaş macar poeziyasının dünyada ən çox tanınan, əsərləri dünyanın 20-dən artıq dilinə çevrilmiş, Avropanın onlarla ədəbi mükafatını almış nümayəndəsidir. Şeiri Səlim Babullaoğlu tərcümə edib.

Attila Balaşın şeiri və müraciəti

Mələk

Bu qasırğanın cənginə düşən düşən hər kəs bilir ki,
inkişaf eyni bir yerə,
vəziyyətə,
halətə daimi qayıdışdır.

Yorulmusan,
sürətdən basin fırlanır,
keyimisən,
ətrafa baxırsan

və özünü  yenə
həmin o vəziyyətdə
görürsən.
 

Həmin qapalı çevrədə.

Yalnız ürəyin
ritmini dəyişməyə cəhd edir bir az.

Yalnız tüstü qalxır qatmaqarışıq,
Yalnız azğın külək gözünə doldurur torpağı.
 

Qaya yarığında bitmiş mamır

ölüm və kölgənin dəli rəqsindən xəbərdardır

və boynunu işığa uzadıbdır.

Yollar ayrılır
və qovuşur nizamla.

Sən indi noutbukun ekranında

hər şey tapa bilərsən.

Tapa bilməyəcəyin tək şey

 tərk etdiyin illüziyalardır
ömrün boyu.

Təmkinlə tutursan əlini

səhrada sənə uzanmış,

barmaq izini götürən

mələyin əlinə.

Epidemiyanın bu qorxulu və bəd günlərındə, qoyun bu şeir sizlərə dözümlülük və güc gətirsin. İstəyərdim ki, hər şey arzu olunan şəkildə və itkisiz, bacardıqca tez sona çatsın. Tanrı bizi qorusun və hər kəsə kömək olsun. Salam Azərbaycan! Salam Bakı!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!