#EvdəQal kampaniyası çərçivəsində Silviya Zimmerman Borxesin şeirini oxudu - VİDEO

 

#EvdəQal  kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və  “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə təqdim etdiyi “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsi davam edir. Bu dəfə görkəmli Argentina ədibi, Roma klubu Argentina filialının rəhbəri, vaxtilə böyük Borxesin ədəbi katibi olmuş Silviya Zimmerman del Kastillo  öz müəlliminin şeirini oxuyur və azərbaycanlılara müraciət edir. 

Mətni  Səlim Babullaoğlu tərcümə edib.

Xorxe Luis Borxes

Əşyalar

Əsa, dəmir pullar, açar zənciri,
üzüyola kilid,  gündəlikdə qeyd-
hərçənd bir az gecdi oxumaq üçün;
kitab arasında quru bənövşə -
ötən əziz günün bir xatirəsi;
evin qərb səmtində divarda güzgü-
güzgüdə qürubun titrəyən əksi,
qapılar,  xəritə, şahmat taxtası;
badələr, mismarlar və başqa şeylər-
bu lal gözətçilər, susqun əşyalar
səssiz  duracaqlar necə vardılar,
dayanıb yanında yaddaşsızlığın
heç zaman fərqində olmayacaqlar
görəsən burdayıq, ya köçmüşük biz.

Əziz həmkarlar, azərbaycanlı dostlar! Argentinadan, Buenos-Ayresdən sizə salamlarımı göndərirəm. Mən sizə bizim hamımız üçün  çətin olan bu vaxtları dəf etməniz üçün sağlamlıq və güc arzu edirəm. Gözəl Bakı, mən səni həmişə qəlbimin dərinliklərində hiss edir, yaşadıram. Qoy, Uca Tanrı sizləri qorusun. Səmimiyyətlə, Sizin Silviya Zimmerman del Kastillo.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!