EvdəQal kampaniyası çərçivəsində Mustafa Məstur şeir oxudu - VİDEO

 

#EvdəQal  kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və  Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə təqdim etdiyi “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!”  layihəsi davam edir. Bu dəfə  müasir İran ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı və şairi Mustafa Məstur həm özü şeirini, həm də Hafizdən bir şeir oxuyur, öz ürək sözlərini söyləyir.

Mətni Ariz Tarverdiyev çevirib

Mustafa Məstur, “Qonşunun pişiyi” kitabından bir şeir:

Dünən günün günorta çağı

qonşunun pişiyi

keçdi bütün küçələrdən ildırım kimi

gəlib mənə söyləmək üçün

bütün dünyadakı şəhərlər üç şeydə bir-birinə bənzədiklərini.

Asiman, qəbiristan və gözyaşları.

Yəqin, yenə də nə isə görüb.

Məni çox gözəl xatirələrin bağladığı, aralarında əziz dostlarımın olduğu mehriban Azərbaycan xalqı bu çətin, bundan qat-qat ağrılı günləri əvvəllər də yaşayıb. 90-cı illərdə və 1990-cı ilin 20 yanvarında.  Bu günlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Əlbəttə müstəqillikdən sonrakı inkişaf dövrlərində Azərbaycanın xalqı xoş günlər yaşayıb, firavan güzaran keçirib. Şübhəsiz ki, pis günün ömrü az olar. Hər gecənin bir gündüzü var və bu günlər də keçəcək. Bunun üçün karantin rejiminə mütləq qaydada əməl etmək, evdə qalmaq, çətin günlərin öhdəsindən gəlmək lazımdır. Mən sözümü böyük Hafizin iki beyt şeiri ilə bitirmək istəyirəm.

Gərdişi-dövran səni əgər çatdırmasa muradına

Daim bir cür olmaz halı bu dünyanın, qəm yemə.

Xətərlidərsə mənzilin, əgər çox uzaqdırsa yolun

Sonu olmayan yolu yoxdur bu dünyanın, qəm yemə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!