Ədəbiyyat müəllimi olmaq - Cavi Dan - Cavi DAN

Cavi DAN

Bir əyalət qəsəbəsi düşünün.

Evlərinin sol pəncərələri ilə Günəşi qarşılayan, sağ divarları ilə dağlara söykənən, qapısı üzü qibləyə açılan və insanları sadə, kasıb, zəhmətkeş olan.

Bir də bu qəsəbənin natamam orta təhsil vermək üçün olan birmərtəbəli, sadə, kasıb, zəhmətkeş məktəbini təsəvvür etməyə çalışın.

Baxın, ötən əsrin doxsanıncı illəridir, lap elə fərz edək ki, yağış yağır, külək əsir, soyuqdur və bir neçə kənd aralıda yaşayan sadə, kasıb, zəhmətkeş bir müəllim narıncı rəngli köhnə qəsəbə avtobusundan düşərək, əynindəki tünd qəhvəyi pencəyinə qısılaraq bu məktəbə tələsir.

O, hamıdan birinci olmalıdır sinif otağında.

Xadimənin partaları silməsinə, sinfin küncündəki daş kömürlə yanan dəmir peçi qalamasına baxmalıdır, sonra öz masasının arxasına keçib, rəhbəri olduğu sinfin şagirdləri haqda gündəlik qısa qeydlərini apardığı dəftərə göz gəzdirməlidir. Aha, burda daha üç dəftər də var baxılası, qeydlər olunası. Biri  "Xatirə" dəftəri, biri gündəlik, biri də şeirlər dəftəri. Şagirdlərindir.

Gülümsəyir, başını bulayır.

Bu dəftərlər bu masanın siyirtməsindədirlərsə, demək sinifdə yenə ilk yeniyetməlik dövrünün melanxolik, romantik, depressiv küləkləri əsməyə başlayıb. Kimlərləsə ayrıca söhbət etmək, kimlərləsə ümumi müzakirələrdə danışmaq lazımdır. Yoxsa ürəyindəkilərini valideynlərinə belə açmayıb, yalnız müəllimlərilə bölüşən bu şagirdlərin yenə hansısa biri evdən qaçmağı, hansısa biri intihar etməyi, hansısa biri dərslərdən uzaqlaşıb özünə qapılmağı düşünəcək yenə. Bunlar ki, bu yaş dövrü üçün ən adi və ən təbii şeylərdir, bunu hansı müəllim bilmir ki?

Budur, zəng çalınır və onun sevimli şagirdləri sinfə girib, yerlərində otururlar. Bu gün ad günü olan iki nəfərə kitab hədiyyəsini və xoş sözlərini təqdim etdikdən sonra "sinif kitabxanası" adlı şkafın yanındakı masanın üzərində köhnə patefon işə düşür, həzin instrumental musiqi sədaları altında sinfin tavanında xüsusi rəngli və yanıb-sönən işıqlarla "Poeziya dəqiqələri" görünür. Və bu gün üçün, bu dərs üçün ayrılmış şeri səsləndirir şagirdlərdən kimsə...

Sonra isə dərs başlayır.

Ədəbiyyat dərsi.

Sinfin divarları boyunca düzülmüş şəkillərdən isə dünyanın və ölkənin ən dəyərli şair və yazıçıları boylanır, bu dərsin sonunda bu müəllim bu şagirdlərə dərsdənxaric mütaliə və müzakirə üçün onlardan hansı birinin hansı əsərini "həftənin kitabı" kimi tapşıracaq, deyə maraqla gözləyirlər...

Bu gün yenə hamı məktəbdən kitabxanaya, sonra evə gedəcək.

Müəllimsə masasının siyirtməsindəki gündəlikləri, məktubları, şeirləri oxuyacaq.

*  *  *

Novruz bayramı günlərində nə az, nə çox, düz iyirmi yeddi il bundan qabaq son dəfə üzlərini görüb ayrıldığım sinif yoldaşlarım zəng edib, bir yerə toplaşmaq təklifi edəndə ağlıma ilk gələn o oldu ki, mütləq sinif rəhbərimiz Rasim müəllimlə də görüşməliyik.

On dörd, on beş yaşlı məktəblilər kimi ayrılan biz, indi hərəmiz dünyanın bir tərəfində ailəsi, uşaqları və qayğıları ilə yaşayan ortayaşlı insanlar olaraq qarşılaşdıq. Hamımızın baxışlarında və təbəssümündə heç nəyin yox, yalnız ədəbiyyatın verə biləcəyi "nəsə" vardı, o "nəsə"nin adı yoxdu, bilirsinizmi? Heç vaxt da olmayacaq.

Bircə mən kitab aparmışdım o görüşə - öz kitabımı.

Bircə mənə demişdi: "Sən yazıçı olmalısan!"

Bircə mən seçmişdim yazıçı olmağı.

Yazdığım hər cümlə üçün təşəkkür etdiyim müəllimimə sayğım ilə...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!