#EvdəQal kampaniyası çərçivəsində Milisa Liliç öz şeirini oxudu - VİDEO

 

#EvdəQal  kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və  “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə  təqdim etdiyi “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!”  layihəsi davam edir. Bu gün serb şairəsi öz şerini oxudu və Azərbaycanlı oxuculara müraciət etdi. Milisa Liliç serb şeirinin  tanınmış nümayəndəsidir.  Əsərləri bir çox dillərə, həmçinin Azərbaycan dilinə tərcümə edilib.

Təqdim olunan şeiri Səlim Babullaoğlu çevirib.

Milisa Liliçin şeiri və müraciəti

Bakı

Səni  salamlayıram, qonaqpərvər  Bakı,  xatırlayıram:
fəvvarələrin xoşbəxtlik üçün xiffət edən
qızların bakirə göz yaşları kimidir.
Qala divarlarından, təpələrindən
dənizin görünür-
atəş var orda, gizli bir eşq tək.
 

Sənin gözəlliyinə vurulmuşam Bakı, səni anıram:
gəlin kimi oynayır fəvvarələrin küləkdə,
ətəklərini yellədir,
küçələrin həmişə qucaq açıb
gözlənilməz qonaqlara,

xəyal ovçusu şairlərə.

Ah, Bakı, Bakı,
 onda xəbərsizdim görüşəcəyimizdən,
bu gözəl  görüşdən-
indi daha yaxşı anlayıram Yeseninin
“Əlvida, Bakı, əvida!” söyləyən ağrılı misralarını.
Sən-qalası möhtəşəm sirrlərə şahidlik edən şəhər!
Sən –ürəyi ilə, mərkəzi ilə hamını çəkən,
cəlb edən şəhər!
Sən- səni sevənlərə güc verirsən!
Sən- ziddiyyətlərin  birliyi!
Sən –Şərqin və Qərbin incisi  və birgəliyi!
Uzanaydı kaş bu gözəl görüş, bu dadlı yuxu!

 

Ah, Bakı, Bakı, Bakı!
Sən, sənsiz darıxanların
 göz yaşlarındakı parıltısan.
Sən o qədər də uzaq deyilsən indi,
çünki sən qəlbimin nə vaxtsa
yan aldığı tanış bir limansan.
Hələlik Bakı, bir daha dönəcəm sənə,
qayıdacam,bilirəm.

Salam Bakı, Salam Azərbaycan. Sizi Azərbaycan kanalları və radiodalğaları vasitəsi ilə salamlamağa çox şadam. Hamı üçün bu çətin günlərdə sizə sağlamlıq, səbr arzulayıram. Özünüzü və yaxınlarınızı qoruyun. Əminəm ki, bütün bunlar ötüb keçəcək, sizinlə üz-üzə görüşəcəyik və sizə üzbəüz öz şeirlərimi oxuyacağam. Səmimiyyətlə,  sizin Milisa Liliç.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!