#EvdəQal kampaniyası çərçivəsində Laura Qaravaqlia öz şeirini oxudu - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə “Ədəbiyyat qəzeti”nin Azərbaycan Dövlət Televizya və Radiosunun dəstəyi ilə birgə gerçəkləşdirdikləri  #EvdəQal -  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsinin üçüncü günü  italyan şairə  Laura Qaravaqlia öz şeirini oxudu və  Azərbaycan tamaşaçısına müraciət etdi.

Qeyd edək ki, Laura Qaravaqlia1956-cı ildə Milanda anada olub. Komoda yaşayır. Şair, jurnalist, Komo Poeziya Evinin qurucusu və rəhbəridir. “Həyat fraqmentləri”, “Kəpənəklər və daşlar”, “Çəyirdəyin simetriyası”, “Saylar və ulduzlar” adlı  şeir kitablarının müəllifidir. Mario Luzi, Antonio Farina ədəbi ödüllərinə, habelə Avropa  Elm, Sənət və Ədəbiyyat Akademiyasının mükafatına layiq görülüb. Əsərləri dünyanın onlarla dilinə çevrilib.

Laura Qaravaqlianın müraciəti və şeiri

Salamlar əziz bakılı, azərbaycanlı dostlar. Mən sizə xoş gördük deyir, bu çətin zamanlarda sizə dözümlü olmağı arzulayıram. Biz inanırıq ki, bütün bu şeylər yaxın zamanlarda ötüb keçəcək.  Özünüzü və sevdiklərinizi qoruyun. Biz bu virusu, gözəgörünməz düşməni həm də poeziya vasitəsi ilə məğlub edəcəyik.  Indi isə hamınız üçün özümün şeirimi oxuyacağam.

Poeziya

Bəzən sözlər gözə çevrilərlər-
Dünyaya məşəl kimi zillənərlər:
Dərinliklərdə fərqli uzaqlar taparlar;
Amma bəzən də havadan asılı qalarlar,
Və baxa bilməzlər həyatın künc-bucağına.
Amma indi sözlər işıq şüalarında
uçuşan toz kimidirlər.

Təqdimat və tərcümə: Sona Səlimli, Səlim Babullaoğlu

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!