Mirzə Fətəli və sandıqdakı şəkillər... - Rüstəm Kamal yazır

Rüstəm KAMAL

 

Böyük Mirzə Fətəli Axundzadənin zəngin şəxsiyyətini və mürəkkəb taleyini birmənalı və sonacan yozmaq mümkünsüzdür. Onun ömrü açıq mətndir və istənilən müəllif öz versiyası ilə bu "ömür mətninin" hüdudlarını genişləndirə bilər. Mən də cəsarət edib mütəfəkkirlə bağlı bir neçə esse yazmışam ("Mirzə Fətəli Axundzadə: ümidin adı", "Mirzə Fətəli və Rəşid bəy Axundzadə: müharibə obrazı", "Mirzə Fətəli: ata qurbanlıq kimi" və s.). Ədəbiyyat tariximizdə müstəsna yeri olan Mirzə Fətəlinin özü həyatın yaratdığı ən maraqlı personajlardan biridir. Fələk bu obrazın üzərində o qədər mükəmməl işləyib ki, bəzən fantaziyamıza da yer qalmır...
Müəllifdən  

XIX əsrin II yarısında Tiflisdə şəkil çəkdirmək dəb halına düşmüşdü. Şəhərdə fotoatelyelər və salonlar geniş  fəaliyyətə başlamışdı. Şəhər əhli daha çox Dmitri Yermakov adlı məşhur fotoqrafın (bir müddət İran şahının saray fotoqrafı da olmuşdu) Dvortsovaya küçəsində yerləşən fotoatelyesinə gedirdi. O, fotoqəhrəmanlarına milli-sosial görkəm verirdi, hər bir kadra xüsusi atributlar əlavə edirdi, müvafiq anturajda verirdi. Onun ağlı-qaralı fotoportretləri bu gün də o qədər canlıdır ki, rəssam işlərini xatırladır. Deyilənlərə görə, Mirzə Fətəli də şəkilləri bu atelyedə çəkdirmişdi.
O zaman Tiflisdə gürcü paltarı geymək adət idi. Nisə xanımın fotosu gürcü libasında çəkilib. "Mirzə Fətəli öz qızının (Nisə xanımın) şəklini gürcü paltarında çəkdirmək istədikdə anası, qohumları və qonşularu hay-küy salıb deyirlər ki,  bu çox pis işdir, gənc qızın şəklini fotoqrafda görərlər, onları pislərlər və bh".
Fotoqrafiya yeni sənət növü kimi, heç şübhəsiz, Mirzə Fətəlinin dünyagörüşündə  maraq doğurmalı idi. Qarabağa ilk fotoşəkilləri də Müsyö Jordanın kitablarının arasında o "gətizdirir". Şahbaz bəyin nişanlısı Şərəfnisa xanıma göstərdiyi fransız xanımlarının şəkilləri evdə söz-söhbətə səbəb olur: "Şahbaz, bu şəkilləri bəs mənə kim verdi? Bunları sən gətirib demədinmi ki, Paris qızlarının, gəlinlərinin şəkilləridir, Parisdə necə gözəl qızlar var? Bu qızlar, gəlinlər tamam üzləri açıq məclislərdə oturub-dururlar? Hələ bu şəkilləri utandığımdan əmidostuma göstərməmişəm" ("Hekayəti-Müsyö Jordan həkimi - nəbatat və Dərviş Məstəli şah caduğüni-məşhur").
Fotoqrafın işi Mirzə Fətəlinin yaradıcı ruhuna və təbiətinə də uyğun gəlirdi: fotoçəkiliş kimyagərliklə və magiya ilə bağlı bir prosesi anladırdı. Fotoaparata yerləşdirilən şüşə neqativlərin nazik kağızda şəkillərə çevrilməsi, şəkli aydınlatmaq üçün xüsusi məhlulun, kimyəvi qatışığın hazırlanması, emalatxanada işığın tənzimlənməsi magik əməliyyat təsiri bağışlayırdı.  
Tiflisin XIX əsr fotosalnaməsində əsasən yaddinli xanımların portret  şəkillərinə rast gəlirik. Şəhərin müsəlman xanımları  üçün şəkil çəkdirmək yasaq sayılırdı. Mirzə Fətəlinin qız nəvəsi Aliyə xanım xatırlayır: "Mənim anam Nisə xanım o zaman 15-16 yaşında bir qız olub, fotoqraf şəklinə malik olmağı çox istəyirdi. Bir də o zaman fotoqraf şəkli nadir bir şeydi. Anam nağıl edirdi ki, Mirzə Fətəli evdəkilərdən gizli olaraq onu fotoqrafiyaya aparıb şəklini çəkdirmişdi və fotoqrafiyaya getdiklərini heç kim bilməsin deyə, şəhərin mərkəzində yaşayan Terequlovlara qonaq getdiklərini söyləmişdi. Onlar doğrudan da fotoqrafiyadan çıxandan sonra, şübhə doğurmamaq üçün bütün günü Terequlovların evində keçirmişdilər. Fotoqraf şəklini isə, söz olmasın deyə, sandığın lap dibində gizlədirmişlər. Mirzə Fətəli bu gizlinliyə çox gülərmiş, amma qızının sirrini hətta çox sevdiyi və hörmət etdiyi arvadına da açmazmış" (Aliyə xanım. "Mirzə Fətəli Axundovun həyatından" (M.F.Axundov. Məqalələr məcmuəsi. Bakı, 1962).
Mələkcahan xanım da Rəşid bəyə məktubunda bu yasaqdan söz açır və öz şəklini göndərə bilmədiyinin səbəbini açıqlayır: "…Xana kağız yazmısınız və o cavab yazmaqda ehtimallıq edibdir. Yox, vallah, utanır sizə kağız yaza və şəklini istəmişdiniz, əziz canına and olsun, burada qayda belədi ki, gərək qız xeylağı şəklini saldırmasın. O səbəbdən labüd qalmayın". Mələkcahan xanım öz şəklinin əvəzinə, Rəşid bəyə Xanbaba xanın şəklini göndərir: "…Xanın şəklini göndərdim baxasınız, amma pis düşübdü. İnşallah, özünü görərsiniz…"
Rəşid bəy Brüsselə gedəndə 21 yaşı vardı. Ailənin tək oğlu kimi şəfqət və sevgi görmüşdü, maddi sıxıntı çəkməmişdi. Sərbəst böyümüşdü, öz istəyi ilə təhsil almağa getmişdi. Amma məktublarında burada heç bir səbəb olmadan yaman darıxdığını, ağır ürək sıxıntısı keçirdiyini qeyd edir. Adətən adamayovuşmaz, qaradinməz təsiri bağışlayan, tək qalmağı, tənhalığı sevən Rəşid bəy  doğmalarının şəkillərini istəyir:  "…Xanın şəkli məndə yoxdur, əgər inciməzsə, mən çox istərdim ki, (parad kostyumunda çəkdirdiyi) şəklini mənə göndərin. Mən də tezliklə şəkil göndərəcəyəm. Sizin mənə göndərdiyiniz şəkillərdən yalnız sizinlə xanın uşaqlarının şəkli xoşuma gəldi, qalanları yaxşı çıxmayıb" (19 avqust 1875, Brüssel).
Mirzə Fətəli də oğlunun istəyinə əməl edirdi və şəkilləri ona göndərirdi:  "Keçən məktubda mən ananın fotoqrafiyasını sənə göndərmişdim. İndisə Xanbaba xanın, Nisə xanımın, Mənsurun, Mirzənin və Mələksima xanımın fotoqrafiyalarını göndərirəm. Mənim keçən məktubumda verdiyim suallara cavab yaz və fotoşəkillərinin çatması haqqında məlumat yaz"  (aprel-may 1876-cı il, Tiflis).
Rəşid bəy Tiflisdən göndərilən şəkilləri "çox əziz bir hədiyyə" kimi qəbul edirdi. Rəşid bəyin şəkli isə məktubun gecikməsindən rahatsız olan, sağlamlığı sarıdan daim təlaşlanan valideynlərə isə bir təsəlli və ümid yeriydi. Onun üçün bu şəkillər uzaqda ("o dünyada") olan doğmaların, qohumların şərti-simvolik işarəsi idi, ailəsinin tarixi, sevdiyi insanlarla qürbətdə vətənlə simvolik əlaqə yaratmaq imkanı idi. (Təsadüfi deyil ki, Rolan Bart fotoqrafiyaya həsr olunmuş kitabını - "Camera Lucida"nı anası haqqında roman, anası ilə görüş adlandırır).
Bu şəkillər onun emosional-psixoloji  durumunun bir parçası idi. Hər dəfə şəkillərə toxunduqca yaddaşında Tiflis xatirələri oyanırdı,  təxəyyülündə şəkildəki donmuş, təkrarsız  anların gerçəkliyini yaradırdı.  Əlbəttə, nə Nəcəf bəyin söhbətləri, nə atası ilə məktublaşmalar, nə də canlı xatirələr bu təkrarsızlığı əvəz edə bilməzdi. Yalnız bu şəkillərin magiyası və sehri Tiflisdəki həyatı-gerçəkliyin bərpasına kifayət edirdi, ona keçmişin illüziyasını yaşadırdı.
Beləcə, Mirzə Fətəlinin evində fotoşəkillər ailə ritualının tərkib hissəsinə çevrilmişdi. Mirzə Fətəli Axundzadə ailəvi fotoşəkilləri məhrəm və əziz, sirli və magik nəsnələr kimi yığıb ağzı qıfıllı kiçik bir sandıqda saxlayırdı. Həmin sandığı Nisə xanım qoruyub saxlayırdı, sonra vərəsə kimi qardaşı Rəşid bəyə verdi. (Aliyə xanım sonralar Nisə xanımın yuxarıda qeyd etdiyimiz fotoşəklini həmin sandığın qaranlıq küncündən tapıb muzeyə vermişdi...)
Mirzə Fətəli öz şəklini ən yaxın dostlarına və sirdaşlarına (məsələn, Mirzə Melkum xana, Manukçi Sahibə) göndərməyi sevirdi və onların şəkillərini də istəyirdi, bununla da münasibətlərə bir etibar və sədaqət möhürü vurulurdu.
Bəlkə də Mirzə Fətəli fotoqrafiyanı mistik uzlaşma, mistik eyniləşdirmə aktı hesab edirdi? Fotoqrafiyada təsvir olunanla özünü mistik uzlaşdırmaq isə mifoloji sinkretik düşüncənin əlamətidir.
"İyun ayında yazdığım məktubda şəklini göndərəcəyimi sizə vəd vermişdim. Odur ki, həmin zərfin içərisində göndərirəm" (25 oktyabr 1870-ci il, Tiflis).
O, ömründə Manukçi Sahibin üzünü görməmişdi və zalım fələk onlara bu macalı vermədi… Mirzə Fətəli 1876-cı ilin may ayında ona ünvanladığı məktubunda bu arzusunu dilə gətirir: "Pak Allahdan bircə arzum vardır ki, əcəl mənə o qədər aman verəydi ki, bir-birimizi görəydik. Lakin bilmirəm, mən bu arzuma çata biləcəyəm, ya yox? Çünki qocalmışam, yaşım 65-ə çatmışdır. Saçım-saqqalım tamam ağarmışdır…"
Nədənsə şəkil gecikir. Manukçi Sahib istəyini yenidən xatırladır: "Axırda onu xahiş edirəm ki, mübarək şəklinizi gecikdirmədən həmin bu çapar vasitəsilə mənə göndərəsiniz, canla və könüllə arzu edirəm ki, gözümün önündən asaraq, baxdıqca şad və xoşhal olum" (17 dekabr 1871-ci il).
Nəhayət, 1870-cı ilin yanvarında  Mirzə Fətəli vəd verdiyi şəkli göndərir: "İndi öz şəklimdən bir dənəsini yadigar olaraq sizə göndərirəm. Əgər sizin də şəkliniz varsa, mənə göndərin ki, mənim üçün çox əziz bir hədiyyə olacaqdır. Öz şəklimdən birisini də sizə göndərirəm və xahiş edirəm ki, onu çoxlu salamla sizin Hindistandakı dostunuz və tanışınız olan ən məşhur və bilikli alimə yetirəsiniz".
Manukçi Sahib cavab məktubunda xahişi yerinə yetirdiyini bildirir: "Cənab qüdsi əlqab Rəşutənci - Bəhramciyə göndərmiş olduğunuz bir nüsxə nursaçan şəkilinizi çatdırdım. Cavabında sizin yüksək iltifatınıza qarşı böyük təşəkkür və minnətdarlığını bildirmiş, aramızda olan əlaqə və dostluqdan hədsiz dərəcədə şad və xoşhal olduğunu yazmış və yadigar olaraq öz şəklindən bir ədəd də göndərmişdir ki, zərfin içərisində şərafətli xidmətinizə təqdim olunur".
1870-ci ilin iyununda Mirzə Melkum xana da yazır: "Mənim şəklimi istəmişdiniz. İndilik mümkün olmadı. Çünki mən hazırda ailəmlə birlikdə Qocur yaylağında yaşayıram. Bütün şəkillər Tiflis şəhərində ağzı qıfıllı sandıqda qalmışdır. Allah qoysa, avqust ayının sonunda şəhərə qayıdarkən göndərərəm".
1839-cu ildən, fotoaparat ixtira olunan zamandan fotoqrafiya ölüm mövzusu ilə sıx bağlıdır, ölümlə iç-içədir, insanlara özünün "o dünya", axirət mahiyyətini hiss etdirmişdi, ruhlar dünyasına daxil olma vasitəsi kimi göründü. Kadr axirət dünyasının ərazisi kimi təsəvvür yaratdı.
Mirzə Fətəli hardan bilsin ki, Hindistana, Manukçi Sahibə, Fransaya, Mirzə Melkumxana, Brüsellə, oğlu Rəşidə göndərdiyi, tarixi və şəxsi simvolikanı özündə birləşdirən həmin fotoşəkillər əslində "ölümün reestri"dir (S.Zontaq).
Və Mirzə Fətəli hardan bilsin ki, fotoqrafiya "özgə dünya"dan ötürülən, gələn bir informasiyadır, Süzen Zontaqın təbiri ilə desək, "memento mori" - "ölüm haqqında yaddaş"dır. Rəşid bəy intihar edəcək… Nəvə Fətəli repressiya qurbanı olacaq...
Mirzə Fətəli ölümqabağı oğlunun şəkillərini istəyir. Tubu xanım sandıqda saxladığı və əzizlədiyi şəkli son dəfə ona uzadır…

01.09.2017-ci il - "Ədəbiyyat qəzeti"

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!