"Qapalı dairə və ya bitmək istəməyən XX" - İlqar FƏHMİ yazır

İlqar FƏHMİ

 

Xatırlatma...

2016-cı ildə yazdığım «Qapalı dairə və ya bitmək istəməyən XX» adlı tarixi-fəlsəfi traktat üç-dörd ay ərzində hissə-hissə «Ədəbiyyat qəzeti»ndə  çap olunurdu və mübahisəli fikirlər yaradırdı… Hətta tənqidlərə də məruz qalırdı…

Tarixi hadisələrin analizi və müasir dövrümüzə tətbiqi üzərində qurulan bu əsərin əsas ideyası bir neçə tezisdə əksini tapmışdı…

1-ci tezis - təqvimdə XXI əsri görsək də, əslində, XX əsr bitməyib. Biz hələ də XX əsrin düşüncəsi, fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı içindəyik… Yeni minilliyin həqiqi mənada başlaması üçün qlobal bir dəyişiklik lazımdır… təfəkkürləri, düşüncələri dəyişən bir hadisə…

2-ci tezis - yeni minilliyin yeni təfəkkür sistemi içində ilk olaraq dəyişən bir neçə məfhum olacaq -  sürətli inkişaf, hüdudsuz azadlıq, mütləq bərabərlik, maddi rifah… Bu məfhumlar yeni minillikdə tam fərqli, hətta XX əsrdəkinin tam ziddi kimi görünən mənada dərk ediləcək… Yeni minillik məhz bu məfhumların yenidən dəyərləndirilməsi ilə başlayacaq.

3-cü tezis - bir çox dünya alimləri onilliklərdir ki, mənəvi krizisdən yazırlar, XX əsrin praqmatik  dəyərlərinin puç və mənasız olduğunu bəyan edirlər. Deməli, yeni minillikdə ortaya çıxan təfəkkür sisteminin bir çox məqamları XX əsrin məntiqi-rasional-praqmatik düşüncənin ziddi kimi çıxış edəcək…

Qəfildən dünyanın başının üstünü almış bu pandemiya, məncə, yeni minilliyin qapısını bizimçün açmış oldu. Bəli, biz həqiqətən də tarixi bir dönəmi - yeni minilliyin doğuluşu prosesini müşahidə edirik. Yeni əsrin - minilliyin yeni insanı doğulur - bu saat ən böyük dəyişikliklər məhz təfəkkürlərdə gedir. Dünənə qədər ağlımıza gəlməyən, yalnız fantastik əsərlərdə rastlaşdığımız, Hollivud filmlərindən müşahidə etdiyimiz hadisələri öz real həyatımızda yaşayırıq. Və baş verən hadisələrin əksəriyyətini məntiqi rasional yolla dərk etməyə çətinlik çəkirik. Müxtəlif konspiroloji nəzəriyyələr peyda olur, qeyri-adi fikirlər irəli sürülür. Bu təbiidir, XX əsrin insanı belə öyrəşib - rasional məntiqlə dərk etmədiyini öz-özünə izah etməkçün təxəyyülü işə salır…

Lakin yeni minillik bizə hələ çox şeylər öyrədəcək. Hərəkət-sükunət məfhumlarını daha fərqli dərk edəcəyik, dinamik inkişaf konsepsiyasını dəyişəcəyik, azadlıq ideyalarını yenidən dəyərləndirəcəyik, həqiqi rifahın mahiyyətini başa düşəcəyik. Ən əsası da sükunətdənsükutdan daha qorxmayacağıq… Çünki bu saat təkcə yeni minillik doğulmur. Bizim hər birimiz yenidən doğuluruq, yenidən dünyaya gəlirik. Fərqli bir dünyaya…

Bu proses ağrılı olur. İtkilərsiz ötüşmür. XIX əsrin doğuluşu Napoleon müharibələriylə, XX əsrin doğuluşu isə Birinci Dünya müharibəsiylə başladı. Bəşəriyyət milyonlarla itki verdi… Bugün də  müharibə şəraitidir… Və yeni doğuluşun ağrılarını yaşayırıq. Dözməliyik… Çünki hər şeydən öncə beynimizdəki köhnə təfəkkür sistemləri dağılır, sınır-tökülür, psixikamız dəyişir… Çətindi, amma qaçılmazdı… Bəlkə də Üçüncü Dünya müharibəsidir bu? Hər halda, müəyyən müddətdən sonra yeni doğulan minilliyin əsl simasını görəcəyik…

Məncə, 2016-cı ildə yazılmış «Qapalı dairə və ya bitmək istəməyən XX» əsərinə yenidən nəzər salmağa ehtiyac var. Hər halda, ən böyük müəllim tarixin özüdür...

İlqar Fəhmi

Bumeranq

Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"

Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

Füzulinin bu məşhur kəlamı, əslində, onun özündən əvvəlki fəlsəfə tarixinə nə qədər gözəl bələd olduğunu göstərir. Çünki Antik tarixlə tanış olanlar yaxşı bilirlər ki, bu beytdəki təzad yunan fəlsəfəsində Epimenid paradoksu kimi tanınan məntiqi tapmacanın sadəcə Şərq-irfan təfəkkürünə adaptasiya olunmuş versiyasıdır.

Epimenid paradoksunun mahiyyəti təxminən bir cümlədən ibarətdir - "Kritli Epimenid deyir ki, bütün kritlilər yalançıdır"...

Bəs tapmaca nədədir? Əgər kritlilər yalançıdırsa, deməli, Epimenidin sözü də yalandır, həqiqətdə isə kritlilər yalançı deyil. Əgər kritlilər yalançı deyilsə, onda Epimenidin sözü həqiqətdir, bütün kritlilər yalançıdır. Epimenidin özü də daxil olmaqla...

Budur, qapalı dairə... Məntiqi bumeranq... Eynən dünyanın gedişatı kimi...

Deyilənə görə, qədim Yunanıstanda bu paradoksun məntiqi izahını verməyə çalışan yüzlərlə insanlar olub, amma bir nəticə hasil olmayıb. Hətta bir filosof bu məsələni o qədər çox düşünüb ki, başına hava gəlib, intihar edib...

Bəs Füzulidə bu paradoks necə təqdim olunur?

"Əgər şair Füzuli desə ki, gözəllərdə vəfa var, inanmayın, çünki şairlər yalançı olur...".

Xırdalasaq, eynən Epimenidin paradoksundakı qapalı dairə alınar.

Yeniyetməliyimdə əruzçu dostlarımla birlikdə biz də bu paradoksun üstündə çox baş sındırmışdıq. Heç cür başa düşə bilmirdik ki, Füzuli nə demək istəyir? Hər nədisə, bu lənətəgəlmiş gözəllərdə vəfa var, ya yoxdur?

Çox baş sındırırdıq, amma şükürlər olsun ki, havalanıb intihar həddinə çatanımız olmadı, məsələni də özümüzçün bu cür xətm elədik ki, "Füzulinin gözəllərində vəfanın olub-olmamasının bizə aidiyyəti yoxdu, kişi başqasının şəxsi həyatına müdaxilə etməz, ayıbdı...".

Beləliklə, məlum oldu ki, bu paradoksun yaranmasından min illər ötür. Bəs bugün ətrafımıza baxanda nəyi görürük? Bəli, gördüyümüz odur ki, bəşər düşüncəsi son onilliklərdə, demək olar ki, bütünlüklə Epimenid paradoksunun içində yaşayır. Sadəcə, özünün bundan xəbəri yoxdur...

Ona görə də inkişaf, proqres, yüksəliş və s. terminlərlə adlandırdığımız təfəkkür hərəkəti yeni minillikdə dalana dirənib. Çünki əsrin paradiqması məhz Epimenid paradoksuyla eyni sxemə malikdir...

Bir az geniş izah edək. Avropada İntibah mədəniyyətinin intişarından başlayan və getdikcə bütün Avropaya, daha sonra Amerikaya, nəhayət, yavaş-yavaş bütün dünyaya yayılan "yeni düşüncə", "müasir təfəkkür" və s. oxşar paradiqmaların mahiyyəti nədir? Bunların fikir cövhərini – nüvəsini qısa şəkildə necə izah etmək olar?

Əslində, bir-birindən çoxsaylı şaxələrlə aralanan bu "müasir dünya təfəkkürü" adlı ağacın gövdəsinə diqqət yetirəndə təxminən bu fikirlərin üstündə qərar tutduğunu görə bilərik... 

- Hər şeyin təzəsi köhnəsindən yaxşıdır... Çünki inkişaf yalnız köhnənin təzəylə əvəz olunmasındadır. Təzə köhnədən fərqli olmalıdır, hətta onun ziddinə getməlidir. Və bu fərq keyfiyyətindən və mahiyyətindən asılı olmayaraq, mütləq yaxşıdır. Çünki təzədir... Köhnə isə unudulmalıdır. Çünki köhnə özünün keyfiyyət və mahiyyətindən asılı olmayaraq, pisdir, lazımsızdır, çünki köhnədir... və köhnəni müdafiə etmək acizlik, qorxaqlıq; təzəni bəyan etmək isə cəsarətdir, igidlikdir. Və bir də köhnəni müdafiə edənlərin təfəkkürü çərçivədədir, klişelər içindədir, yenini təbliğ edənlər isə bu qəlibləri, çərçivələri, klişeləri sındırmağa çalışır, deməli, azadlıq arzusundadırlar. Əsl insanın mahiyyəti isə yalnız bu azadlığa doğru cəsur hərəkətdə özünü göstərir. Məhz bu azadlıq yollarında insanın qarşısını kəsən hər bir maneə dağıdılmalıdır. Təbii ki, ilk olaraq dağılmağa məhkum olan "ali ilahi varlıq" ideyasıdır. Çünki insanların həmin mütləq azadlığa doğru inkişaf etməsinin, yenilənməsinin qarşısını kəsən maneədir...

Bir az uzun oldu. Amma bu abzasdan doğan əsas ana fikrin üstünə qayıdaq - təzə köhnədən yaxşıdır... Hər şey daim yenilənməlidir. Çünki insanın varlığı yalnız bu hərəkətin üstündə qurulub. Dayanmaq ölümə bərabərdir.

Mənəvi həyatda da, maddi aləmdə də eyni hadisəni görürük... "Təzə ovu", " Yenilik sevdası", "Fərqlilik maniyası"... Son iki yüz ilin bütün hiss və ehtiraslarını müəyyən edən bir stimul...

Beləcə, bütün dünya yenilikçilərlə köhnəpərəstlərin döyüş meydanına çevrildi. Mütərəqqi və mürtəce terminləri yarandı... Mütərəqqi deyəndə yenilikçi-proqressiv, mürtəce deyəndə isə konservativ-tradisionalist qüvvələr nəzərdə tutuldu...

Eyni hadisəni ədəbiyyatda da daim mübahisə doğuran "atalar və oğullar" probleminin yaranmasında görürük. Təbii ki, ata köhnənin, oğul isə yeninin timsalında çıxış edir.

Bəs, görəsən, bu köhnəlik-yenilik davasının Epimenid paradoksuna nə aidiyyəti var?

Bunu izah etməkçün ən əvvəl bu fikrin - yəni "hər şeyin yenisi daha yaxşıdır" tezisinin özünün də yeni olduğunu xatırladaq. Sadəcə, gözümüzü açandan hər yanda bu yanaşma tərzini gördüyümüzə görə, bizə bu paradiqma mütləq həqiqət kimi görünür...

Uzun əsrlər boyu dünya xalqlarının düşüncə tərzində bunun əksinə olan fikir hakim olub. Bir nəsnənin köhnəliyi onun daha yüksək keyfiyyətə malik olduğunun göstəricisi olub. Çünki mövcud olan istənilən "köhnə" zaman üzərində qələbənin nümunəsi olub. Məsələn, Çində elə bugünün özünə qədər, məzmunundan asılı olmadan min il əvvəl yaşayan şairin şeirləri yüz il əvvəl yaşayan şairin şeirindən daha dəyərli sayılır. Çünki əvvəlki şair əgər min il ərzində öz populyarlığını saxlaya bilibsə, sonrakı şairin bu plankaya çatıb-çata bilməyəcəyi sual altındadır... Ümumilikdə bu yanaşma tərzi "tradisionalist-ənənəçi təfəkkür" tərzinin əsas bazasını təşkil edir.

Elə incəsənət tarixində, antikvar bazarında da oxşar vəziyyət mövcuddur. Əşya nə qədər köhnədirsə, o qədər qiyməti yuxarıdır. Lakin bu yanaşma yalnız dar sahələrdə müşahidə olunur. XX əsrdə bəşər fəaliyyətinin və düşüncəsinin əksər sahələrində "hər şeyin köhnəsi daha yaxşıdır, çünki daha etibarlıdır" prinsipi sıxışdırılıb kənara atılıb, onun ziddi olan "yeni mütləq olaraq yaxşıdır, çünki yenidir" tezisi aparıcı mövqeni ələ keçirib. Hamının düşüncəsindəki paradiqma məhz "mütəmadi yenilənmə"ni proqres və inkişaf hesab etmək prinsipinə söykənib. Bu prinsip aksiom kimi qəbul olunur. Tutuquşu kimi hamı düşünmədən bunu təkrar edib və həyata keçirməyə çalışır. Bu "yenilənmə"lər də öz növbəsində zamanın ölçülərinə söykənib.

Zaman oyunları

Miladın XX əsri həm Avropa, həm də elə bütün dünya səviyyəsində məhz yenilənmələrlə başlayıb. Gələn yeni yüzillik köhnə düşüncəni kənara atıb, köhnə təfəkkürün çərçivələrini sındırıb, azadlığa doğru böyük addım ataraq yeni paradiqma gətirməyə çalışıb...1890-cı ilin aparıcı təfəkkür sahibi ilə 1910-cu ilin müasir təfəkkür sahibi arasında hədsiz dərəcədə böyük fərq olub... (yaxud 1780-1810).

İndi isə yenə də Epimenid paradoksuna qayıdaq...

Kritli Epimenid deyir ki, bütün kritlilər yalançıdır...

Budur. XX əsr sona çatdı. XXI əsr başlayıb...

XX əsr "hər şeyin yenisi yaxşıdır" prinsipinin ən ali zirvəyə qaldırılması üzərində qurulub...

Xahiş edirəm, diqqət edək... Eyni məntiqlə götürəndə, XXI əsrdə "hər şeyin yenisi yaxşıdır" prinsipinin özü də ötən yüzilliyin məhsulu kimi artıq köhnəlmiş hesab olunmalıdır və onu yenisi əvəz etməlidir. Bu növbəti "yeni" isə "hər şeyin yenisi yaxşıdır" prinsipinin ziddinə gedən tezis olmalıdır.

Bir qədər sadə izah edək.

 Kritli Epimenid deyir ki, bütün kritlilər yalançıdır. Epimenidin sözü həqiqətdirsə, deməli, bu sözün özü də yalandır... Paradoks. Qapalı dairə... Göz önündə yenə də Yunan mifologiyasında çox işlənən "öz quyruğunu dişləyən ilan" – "uroboros" obrazı canlanır...

Bütün "yenilər köhnələrdən yaxşıdır" fikri həqiqətdirsə, onda bu kəlmənin özü də artıq köhnədi, deməli, növbəti "yeni" onu inkar edən fikir olmalıdır... Və yaxud da əksinə...

Yenə eyni struktur, eyni məntiqi paradoks...

Yenə də öz quyruğunu dişləyən ilan...

Əvvəl deyirdilər, hər şeyin köhnəsi yaxşıdı.

Sonra dedilər, hər şeyin yenisi yaxşıdı...

Bəs indi nə deməliyik?

Qarşımızda iki yol var.

Ya qapalı dairə prinsipini qəbul edərək yenidən "hər şeyin köhnəsi yaxşıdır" fikrini önə çəkmək və yaxud, ümumiyyətlə, bu dairəni sındırıb tamam fərqli paradiqma ortaya qoymaq...

Nə köhnə, nə təzə. Heç biri. Bəs nə? Bəs nə? Görəsən, nə köhnə, nə də təzə olan nəsnə, ümumiyyətlə, varmı? Yoxsa bunun özü də növbəti söz oyunudur?

Yenə sual

Əsas sualımız barədə düşüncələri hələlik kənara qoyub dünya ədəbiyyatında və mədəniyyətində, hətta fəlsəfədə gedən proseslərə nəzər yetirək. Niyə? Çünki sualı tam dəqiq ifadə etmək üçün sualın yarandığı mühiti analiz etmək lazımdır.

On beş ildən artıqdır ki, yeni minillikdə yaşayırıq. Otuz-qırx il əvvəl yəqin ki, "XXI əsrin insanı" deyəndə, gözümüzün önündə tam fərqli, maraqlı, üstün bir varlıq dayanırdı... Hər halda bu cür düşünməyə haqqımız vardı...

 Axı XX əsr insanı XIX əsr insanından, yaxud XIX əsr insanı XVIII əsr insanından nə qədər fərqli və maraqlı idi... Bəs XXI əsr insanı da XX əsr insanından eyni dərəcədə fərqli, üstün və maraqlıdırmı?

Bir sualın cavabını verməmiş ikincisini ortaya qoymuş olduq...

Güzgü

Bir güzgü misalında ilk olaraq özümüzə diqqətlə baxaq – öz mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza və s...

Tutalım, ədəbiyyatımızın ən dərin plastlarına nüfuz edəndə, nəyi müşahidə edirik? Görəsən, əksər aparıcı ədəbi qüvvələrimiz hansı düşüncəni təbliğ edir? Hansı dəyərlər reklam olunur?

Əlbəttə ki, Qərb, yenə də Qərb düşüncə tərzi...

Coys, Prust, Sveyq, Kafka, Folkner, Heminquey, Sartr, Kamü, Fuko, Eko və s və i.a...

Burda adını çəkdiyim və çəkmədiyim bu cür ünlü Qərb yazarlarının həyatı, əsərləri, psixoloji problemləri, hətta intim macəraları barədə yazı yazmaq, söhbət etmək, geniş müzakirələr aparmaq, təbliğ etmək bu saat ədəbiyyatımızda elitarlığın nümunəsi kimi hesab olunur... Bilən də yazır, (danışır), bilməyən də... Oxuyan da, oxumayan da...

Əlbəttə, bu dünya şöhrətli yazarlara qarşı heç bir qərəzim-filanım yoxdu, amma burda bir incə məsələ var... Biz artıq on beş ildir ki, XXI əsrdə yaşayırıq. Və adıçəkilən qələm sahiblərindən bizi orta hesabla 60-70 il ayırır...

Bu rəqəmlərə diqqət edək... 60-70 il... hətta bəzən daha çox...

Məsələn, gözümüzün önünə ötən əsrin iyirminci, otuzuncu illərini gətirək....

Tutalım, həmin vaxtlarda, Avropada kimsə XIX əsrin ortalarının ədəbiyyatını müasir adlandıraraq təbliğ etsəydi, ona necə yanaşardılar? Əlbəttə ki, öndəgedən təfəkkür sahibləri ona gülərdilər... Bəs niyə bizdə, ən müasir düşüncəli qələm sahiblərimiz, əsasən də gənclər özlərindən onilliklər əvvəl yaşamış avropalı, amerikalı yazarların əsərlərinə valeh olur, onları bütləşdirir?

Əgər Qərbdə hər şey ən ali səviyyədədirsə, onda heç olmasa onların indiki böyük dahiləri barəsində yazaq, oxuyaq...

Axı əvvəlki vaxtlar deyil ki, arada informasiya problemi olsun... Tutalım ötən əsrin doxsanıncı illərində biz əlli il əvvəlki Avropa modernizmi ilə çox gec tanış olmağımızı onunla əsaslandırırdıq ki, sovet dönəmində bu əsərlər bizə gəlib çatmırdı... Bəs indi? İndi ki elə bir problem yoxdur? Bəs niyə öz müasirliyini əldə bayraq edən elitar qələm adamlarımız Avropanın, Amerikanın məhz indiki, müasir yazarları və filosofları barədə, demək olar ki, heç nə bilmir? Axı indi internet var, beynəlxalq kitab yayımı var...

Bəs niyə indiyə qədər bizdə "müasir dünya yazarları" ifadəsi işlənən kimi yada məhz ötən əsrin ortalarının, ən uzağı sonlarının qələm sahibləri düşür? Hətta indi həyatda olanların da içində ən çox təbliğ etdiyimiz məhz ötən əsrdə tanınanlardır... Belə demək olarsa, iyirminin titanlarıdır. Amma bir məsələ də var ki, bunlar yeni deyil, çoxdan köhnəlib...

Gəlin diqqət edək, görək dünya səviyyəsində məhz XXI əsrdə yazmağa başlamış hansısa bir yazıçını, şairi geniş mənada tanıyırıqmı?

Etiraf edək ki, tanımırıq... İlk səbəb olaraq onu göstərmək olar ki, Nobel komitəsi hələ indiyəcən XX əsr yazarlarına mükafatlar verməklə məşğuldur və hələ də o dövrün yazarları daha çox təbliğ olunur...

XXI əsrdən tanıdıqlarımız isə daha çox kütləvi ədəbiyatın nümayəndələridir ki, hətta əsərləri yayılsa da, onlara çox ciddi yanaşmırıq, müvəqqəti meyillər hesab edirik. Bu əsərlər XX əsr dünya ədəbiyyatındakı vulkan püskürməsinə heç yaxın gəlmir...

Üçüncü sual

Növbəti bir sual yaranır – XXI əsrin böyük Qərb ədəbiyyatı var, sadəcə, biz tanımırıq, yoxsa həqiqətən də yoxdur? Yoxdursa, niyə yoxdur?

Hər halda, real görünən təsvir bundan ibarətdir - nə fəlsəfədə, nə ədəbiyyatda, nə də mədəniyyətin başqa sahələrində XX əsr hələ bitməyib...

Hələ də "müasirlik" deyəndə XX əsrin düşüncə tərzindən gələn istiqamətlər nəzərdə tutulur... Həm bizdə, həm... elə orada...

Biz, həm də təkcə biz yox, bütün dünya odu sönmüş XX əsrin külü ilə oynamaqla məşğuldur... Sadəcə, o külə biz hələ indi rahat halda əlimizi vura bilirik deyə, bizə hələ də maraqlıdır...

Külün isə alovu olmur, bir az da çox qurdalasaq, yerində qara tozu qalacaq... Onu da külək aparacaq...

Bəs XXI əsrin həqiqi alovunu nə vaxt görəcəyik? Ümumiyyətlə, görəcəyikmi? Görəcəyiksə, bu alov necə olmalıdır və əvvəlkindən nəylə fərqlənməlidir? Zənnimcə, bu saat hamını düşündürən məsələ məhz bu olmalıdır. Çünki sönən ocağın külü ilə oynamaq yalnız uşaq işidir.

ARDI var...

"Ədəbiyyat qəzeti" - 2016-cı il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!