Xalq şairi Sabir Rüstəmxanlı : Dünya 2020 -ci sinifdə qalıb - MÜSAHİBƏ

 

-  Demək olar ki, bu gün dünya iflic vəziyyətindədir. Tarixdə təxminən 100 ildən bir bu  kimi pandemiyalar olur və dünyanı format edir. İndiyə kimi bu barədə çox əsərlər yazılıb. Ağlımıza gələn , günümüzü əks etdirən  ən uyğun nümunə Alber Kamyunun “Taun” əsəridir. Sizcə “korona” adlandırılan taclı ölüm dünya ədəbiyyatında, eləcə də bizim ədəbiyyatımızda öz əksini olduğu kimi tapacaqmı?

 -  Şübhəsiz ki... artıq bir çox publisistik  yazılar, şeirlər yazılır. Başımıza gələn bu fəlakətin təbii halda yoxsa süni yolla ortaya atıldığını deyə bilmərəm. Şübhəli məqamlar var. Bizim düşüncələrimizin, araşdırmalarımızın xaricində olan bir hadisədir. Alimlər, virusoloqlar müxtəlif fikirlər bəyan edirlər. Rusiyadan Amerikaya gedib yaşayan Putinin dostu olan bir şəxs deyir ki, bu işin başında Rusiya dayanır. Novosibirskidə  yerləşən “Vektor “ labaratoriyası  var. Keçən ilin payızında orda parlayış oldu və ordakı həkimlər Çinin Uohan vilayətində hərbiçilərin beynəlxalq yarışlarında iştirakından sonra bu virusu yaydılar. O, qeyd edir ki, bu Rusiyanın dünyada yerinə yetirmək istədiyi müxtəlif iddialarının nəticəsidir. Çin burda seçilmiş qurbandır. Başqa versiyalardan birində eyni qayda Amerikaya da şamil olunur. Tramp bu virusu – Çin virusu adlandırır. Hətta Çindən 3 milyard dollar təzminat tələb edir. Və digər ölkələr də bu iddiada ola bilərlər. Daha bir versiya bizim çox yaxşı tanıdığımız  Amerika yaşayan məşhur həkim  türkəsilli alim Mehmet Öz yazır ki, bu kimi viruslar həmişə olub, olacaq və daha təhlükəliləri də ola bilər.  Bu virus özünü  bəzən qripəbənzər sadə bir virus kimi göstərir, bəzən çox ağır nəticə - ölüm ilə nəticələnir. Dünyada yeni olduğu üçün buna hələ öyrəşməmişik. Gələcəkdə vaksini tapılacaq, insan buna digər qriplər kimi yanaşacaq. İqtisadçıların bununla bağlı iddia etdiyi başqa bir variant da var ki, bu pandemiyadan sonra zənginlər daha da zənginləşəcək, yoxsullar nisbətən  sıradan çıxacaqlar. Dolların qiyməti qalxır, Amerika dünyaya borclar verir, nisbətən kasıb ölkələri özündən asılı qoyur. Hələ planda görücülərin, baxıcıların proqnozları da var. Bütün bu iddialar, ittihamlar, proqnozlar hələ çox əsərlərin yazılmasına səbəb olacaq.

-   İnsanlar bu virusdan öncə meqapolislərin səs küyündən, tıxaclarından   yorulmuşdular. Bəlkə də düşünürdük ki, evdə qala bilsəydik bu yorğunluq canımızdan çıxardı. Amma bu müddət 1 həftə sonra əksinə təsir göstərdi.

-   Mənim fikrim budur ki, dünyanın nizamı pozulmuşdu. Düşünürəm ki, bu nizam çətin olsa da, dünyaya  müəyyən qədər öz təsirini göstərəcək. Mənə görə bu bəlanın faciəvi tərəfləri ilə yanaşı, biraz da insani tərəfi də var. Bu da ondan ibarətdir ki, dünyada xüsusən də Avropanın bəzi ölkələrində insanlığa yaraşmayan , insan əxlaqı ilə bir araya gəlməyən bir çox meyllər var. Eynicinsli insanların ailə qurmağı, əxlaqsız gecə həyatı və s. İnsanlığın bu dəyərləri ayaq altında qalmışdı. İnsan alveri, silah alveri, narkotika alveri , insan həyatının ucuzlaşmağı dünyanı böyük bir çirkaba çevirmişdi. İndi sərhədlərin, yolların bağlanması, insanların evlərə qapanması əslində bunları düşünməyə imkan verir. Təbii ki, hamı narahatdır. Bütün dünyada olduğu kimi ölkəmizdə də  nə qədər ailələr sıxıntı yaşayacaqlar. Dövlətimiz müəyyən qədər bu işin çətinliyini boynuna götürür. 600 mindən artıq xırda və orta sahibkarlara yardım, işi olmayan insanlara sosial təminat verir. Neftin qiymətinin aşağı düşdüyü, demək olar ki, gəlir gətirən bütün sahələrin dayandığı bir vəziyyətdə dövlət vətəndaşından öz qayğısını əsirgəmir. Bəlkə  iqtisadiyyatın məhdudlaşması, neftin bahalaşmağı insanları ənənəvi istehsal sahələrinə yönəldər. Əkinçilik, maldarlıq sahələri inkişaf edər. Rayonlardan gəlib günəmuzd işləyib kirayə qalanlar öz torpaqlarının bərəkəti ilə dolansalar, əvvəlkindən daha rahat yaşaya bilərlər.

 -  Yazıçılar insanların psixologiyası ilə işləyən insanlardır, sizcə insanların davranışlarında bu pandemiya hansı izləri qoyacaq?

- Müvəqqəti sıxıntıdır, əlbəttə bir müddət belə olacaq. Bu uzun müddət davam edə bilməz. Bu hala yuxarıdakı variantlar kimi və ya hər hansı siyasi rəng vermək istəmirəm. Karantin tədbirləri əlacsızlıqdan və məcburiyyətdən irəli gəlir. Əlbəttə bu insanların psixologiyası və davranışında ciddi iz buraxacaq. Dünyanın xaosundan, qaçhaqaçından, qovhaqovundan uzaq qalmağın üstünlüklərini sonra hiss edəcəklər. Bu günlərin izi hər cəhətdən həyatımıza yansıyacaq. Bu itkilər daha böyük itkilərin qarşısını almaq üçündür.

-   İnsanları birləşdirmək, düşündürmək üçün  kütləvi bəladan təsirli nəsə ola bilərdimi? Bəlkə biz yazarlar bu hadisəyə daha sentimental don geyindiririk?

-  Yox bu reallıqdır axı. Çox dövlətlər, insanlar ağalıq, Allahlıq iddiasında idi. Bu mənada bu hadisəyə təkcə yazıçıların humanist yanaşmasını demək düzgün olmazdı. Peşəsindən, nüfuzundan, imkanlarından  asılı olmayaraq bütün insanların bir peşmançılıq hissləri baş qaldırdı.  Raketlər, kosmik stansiyalar,  təcrübələr , peyklər hamısı atmosferi zədələyir. Ozon dəliyi böyüyür, xəstəliklər artır. Bunların davam etməsi insanlığın sonudur, insan öz savaş eşqinə dur deyə bilmirsə bu bəşəriyyətin sonudur. Təbiət  ekologiyanın bu qədər çirkləndirməsinin qisasını alır. Ümüdsüzlüyə qapılmaq lazım deyil, təbiətin öz nizamlayıcı qüvvəsi də var. Lakin olanlar insanlara bir dərs verir. Hər halda dünyanın axırı deyil.

-  Evdə qalmaq yazıçı üçün digər peşə sahiblərinə nisbətən elə də çətin olmamalıdır. Yəqin ki, yazı və ya mütaliə vərdişi bu barədə onlar xilas edir.

-  Yazıçının kənarda tərk edib evində tapdığı başqa bir dünyası da var. Bu onun yazı-pozu dünyasıdır. Yaradıcı adam heç vaxt evdə qalmaqdan darıxmaz, bezməz.

-  Bütün ziyalılarımız, aydınlarımız, elm adamlarımız insanlara çağırış edirlər. Bu günlərdə pandemiyanın qarşısını alan ən ağıllı və variantsız addım karantin rejimidir. İnsanlar evdə qal sözündən bezməsinlər deyə, onlara bununla yanaşı daha nələr tövsiyyə edirsiz?

-   Evdə qal deyən dünya əslində bizə sinifdə qal deyir. Bütün dünya 2020 -ci sinifdə qalıb. İnsanlar imtahanlardan kəsildi. Başqa çarə yoxdur, hamı evdə qalsın. Amma nəfsini, pislik eşqini, haram ehtirasını çöldə qoyub evdə qalsın. Toylarda,  yaslarda nə qədər israfçılıq , harınçılıq vardı. Bir xəstəlik bütün düzəni yoluna qoydu. Məni bir yazıda işarələmişdilər. Quranda yazılıb ki, cəhənnəmi 19 mələk idarə edir. Bəlkə bu virusun başqa bir adının  Covid-19 olmağının da bununla bir uyğunluğu var. Yer üzünü cəhənnəmə döndərmək üçün bu mələklərin virus şəkilində yerə enməyi kimi izah olunur.  Gərək  insanı insan edən mənəvi saflığı qoruyaraq evdə qalıb, sonra çölə təmiz çıxaq. Bu gün 200-ə yaxın dustağın əfv fərmanı qüvvəyə mindi. Onlar da öz evlərinə yeni arzular, yeni ümüdlərlə getdilər.

Söhbətləşdi: Nuranə Nur 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!