İKİ DÜNYA ARASINDA “LO” ROMANI - Orxan Aras yazır

Əjdər Olun «Lo» romanı haqqında

 

2015-ci ildə Nobel mükafatını belaruslu yazıçı Svetlana Aleksiyeviçə verdilər. Ömrünü Sovet İttifaqında keçirmiş yazıçı sovet-əfqan müharibəsi, Çernobıl faciəsi və Sovet İttifaqının dağılması kimi hadisələrin şahidi olmuş, bunları bir jurnalist olaraq da qələmə almışdır. Onun “Çinkonun uşaqları”, “Çernobıldan səslər” adlı kitabları avropalılar üçün Sovet İttifaqının yetmiş illik ömrünün və insanların üzləşdiyi faciələrin aynası oldu. O, 2015-ci ildə Nobel komitə üzvlərinin qarşısında “Məğlub olunmuş savaş üzərinə” adlı çıxışında belə demişdi:

“İyirmi il əvvəl “Qızıl İmperatorluğu”nu lənətlər və göz yaşlarıyla yola saldıq. Bu gün yaxın tarixə daha sakit, tarixi təcrübəyə baxan kimi baxa bilərik. Bunu etmək çox vacibdir, çünki sosializm mübahisələri hələ də bitmiş deyildir. Qızıl İmperatorluq artıq yoxdur, amma “qızıl” insan hələ var. O, davam edir”.

Yazıçı Əjdər Ol “Lo” romanıyla sadəcə, “Qızıl İmperatorluğu”nun yetmiş illik ömrünə deyil, iki yüz ildən artıq Rusiya-Azərbaycan münasibətlərinə də güzgü tutmuşdur. Xalqın yaddaşında dərin izlər buraxan tarixi, keçmiş və acıları canlı bir hekayəylə oxucusuna çatdırmışdır:

“Bu zalım oğlu dünyaya Urus gəldiyini bilmir” (səh. 11).

“Urusun gəlməsi”, əslində, Svetlana Aleksiyeviçin də vurğuladığı kimi, Azərbaycan dünyasına aid olmayan bir dünyanın da zülümlə gələrək ölkəyə və insanların ruhuna yerləşməsi deməkdir. Nobel mükafatlı sənətkarın qeyd etdiyi “yaxın tarixə sakit baxmaq” arzusu və diləyi “Lo” romanında özünü tapmışdır, deyə bilərik. Romanın daha əvvəlində uzaqlardan gələn bir əsgər məktubu, eyni zamanda sovet-əfqan müharibəsi əsnasında ölən xalaoğlu İlkinin tabutuyla müəyyənləşdirilməkdir. Sonra Çernobıl faciəsinə şahid olan, orada xəstələnən və buna rəğmən əsgərliyi davam edən Qara sistemin zalımlığının, insanın dəyərsizləşdirilməsinin ən açıq nümunəsidir.

“Lo” romanı bir adamın və ya bir neçə adamın hekayəsi deyil. Roman Azərbaycanın son on ilini kəndlisi, aydını, anarxisti, qatili, əsgəri, müstəqillik savaşçısı olaraq da yeri gəldikcə həm uzaq keçmişə, həm də bütün Sovet İttifaqına işıq tutması baxımından zamanın şahidi deyiləcək bir dəyərə sahibdir. Bu “zaman şahidliyi” İkinci Dünya müharibəsi sonrası Avropada ortaya çıxaraq “yıxıntı ədəbiyyatı” adını alan məşhur axının bir davamı sayıla bilər.

“Yıxıntı Ədəbiyyatı”nın ən önəmli təmsilçilərindən biri olan alman yazıçısı Henrix Böll “Təlxək” və “Adam, sən harada idin?” adlı romanlarıyla o dönəm insanların kimliyini və cəmiyyətin üzünü, adətən, rəssam kimi çəkmişdir. O, iki əsərində də İkinci Dünya müharibəsindən sonrakı burjua cəmiyyətinin dar dünyagörüşü və pis əxlaqı üzündən fərqliləşən bir insanın yaşadığı o cəmiyyətdə özünə yer tapa bilməməsini vurğulamışdır.

Əjdər Ol da romanında qələmiylə bir hekayənin axışı içində ən sarsıdıcı gerçəkləri dilə gətirir. Günlük həyatın mərhəmətsizliyini, boş qanunları, haqsız basqıları oxucunun üzünə şillə kimi çəkir. Romanda bəzən vətənsevərlik və ya qəhrəmanlıq adamın acılarının, arzularının, ümidlərinin gizləndiyi bir maskaya çevrilir.

Henrix Böll “Adam, sən harada idin?” romanında qəhrəmanına Teodor Haeckerin bir sualını verir:

“Adam, Allahın qarşısında harada idin?”.

“Mən savaşda idim”.

Əjdər Olun qəhrəmanları isə “harada” sualını əsla verməzlər. Onlar üçün yaradılan bir dünyanın içində bəzən üsyan edərlər, bəzən təslim olub həyatı məcburi bir cəza kimi qəbul edərlər.

Qara, Balaş, Səmədağa, hətta Azərbaycanın ən önəmli intellektualları, siyasətçıləri belə, sistemin xəncər yarasını ürəklərinin başında gəzdirirlər. Yaralı bir cəmiyyətin bütün əskiklikləri, acıları, üsyanları, hətta cinayətləri sistemlə birlikdə səhnə-səhnə gözümüzün önündən keçməkdədir. Keçmişə bağlı xatırlamalar (babam 1928-ci ildə öldürülmüşdü), sonra sistemdə yavaş-yavaş başlayan çürümə, ortaya çıxan milli arzular, kütlələri məqsədsiz yönləndirmə çabaları, ölkənin addım-addım işğala doğru getməsi, müharibənin mərhəmətsizliyi o səhnələrin yaddaşlardan əsla silinməyən anları oxucunu bəzən ümidsizliyə sürükləməkdə, bəzən də acı-acı güldürməkdədir. Yazıçının olayları təsvir edərkən tanrı-yazar cəhdiylə araya girməsi, oxucunu romandakı olayların içinə daha çox çəkməsinə səbəb olmaqdadır.

Roman qəhrəmanı və ya gerçək kimlik Qazaxıstanda xəstə olan qardaşı Qaranı ziyarətə gedərkən əlində bir kamera tutduğunun fərqindədir. O kamera Sovet ictimaiyyətində yozlaşan insan münasibətlərini yavaş-yavaş çəkərkən Qazaxıstan kimi bölgələrdə başlayan Kunayev məsələsi kimi müstəqillik tərpənişlərini də filminə daxil etməkdədir. Bu filmin ən acı finalı isə Azərbaycanda yaşanmaqdadır. İnsancıl bir cəmiyyət qurmaq üçün yola çıxan sosialist sistemində Zori Balayan kimi faşistlərin yetişməsi bu qurğunun ən canalıcı nöqtəsi durumundadır.

Yazıçı son dönəm Azərbaycan tarixinə işıq tutarkən axıcı və sadə dildən istifadə edir. İlk iclaslar, ilk tanışlıqlar, ilk düşüncə və üsul müzakirələri ilə birlikdə səhnəyə çıxan Elçibəy, Nemət, İsa Qəmbər, Etibar Məmmədov və digər xalq hərəkatı təmsilçilərini, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Xəlil Rza, Ziya Bünyadov, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Anar kimi Azərbaycan ziyalılarını hadisələrdən bixəbər olanlara belə çox yaxından tanıtmaqdadır.

Azərbaycanın yaşadığı acılarla (Qarabağ hadisələri, 20 Yanvar faciəsi) birlikdə Meydan hərəkatının bütün müsbət və mənfi yanlarını romanda izləmək və ardından ortaya çıxan müstəqillik, siyasi mücadilələr, Heydər Əliyevin iqtidara gəlişi kimi Azərbaycan tarixi baxışı açısından önəmli mərhələlər romanı zaman-zaman tarixi bir sənədə büründürməkdədir.

Romandakı bütün axıcılıq, rəng və hadisəyə rəğmən ən çox önə çıxan mövzu Azərbaycan xalqının yaşayış və düşüncə tərzidir. Qarabağ hadisələrinin ən qızğın dönəmində Bərdəyə gətirilən köhnə bir topla Stepanakerti məhv etdiyini iddia edən “mırıq və sərxoş rus topçu”ya xalqın inanması, məclis təşkil etməsi həm xalqın ruslar tərəfindən necə həqiqətlərdən qoparıldığını, həm də nə qədər saf və təmiz bir düşüncə tərzinə sahib olduğunu göstərməkdədir. 

“A kişilər, müharibə məsələsində biz avamıq, vallah, çox avam. Müharibə kolxozda, sovxozda işləyib tər tökmək deyil e... Altı-yeddi ay bundan qabaq Bərdənin bazarında eşitdim ki, pullu kişilər Qəbələdən bir top alıb gətiriblər Şelliyə... Topçunu az qala əl üstə gəzdirirlər. O, saçının qabağı getmiş, arıq, üzü vaxtından tez qırışmış mırıq bir rusdur. Dilimizdə də bülbül kimi ötür. Deyir ki, Stepanakerti üç tərəfdən vuracağam – mərkəzdən, sağdan və soldan. Bir nəfər də sağ çıxmayacaq o dağılmışdan“.

Beş yüz səhifədən artıq belə bir canlı romanı bir məqalə içərisində dəyərləndirmək əlbəttə ki, çətindir. Amma yazıçı Əjdər Ol bu romanıyla öz dönəminin peşəkar izləyicilərindən biri olduğunu ortaya qoymuşdur. Sovet sistemi ilə kapitalist sistemi arasında çapalayan və müstəqilliyi uğrunda hər cür çətinliyə sinə gərən Azərbaycan xalqının bütün hallarını bu romanda görmək mümkündür.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!