Dünya aydınlıq olsaydı, sənət olmazdı... - Kamyunun söylədiklərindən...

 

 “Qorxu hazırkı zamanın bütün dəhşətlərinin izahı kimi” - Kamyu qeyd kitabçasında belə yazır. Əsrdaşların həyatından qorxu qızıl xətt kimi keçib getməkdəydi. Günümüzün insanınınsa “gələcək haqda arzuları qorxulardan ayrılmaz” olubdu artıq. Dəyərlərin sürətlə dəyişməsi günü-gündən onu daha çox narahatlıq, nigarançılıq içərisində boğur; hər gözlədiyi sabaha qorxu qarışıbdır.

...Bu qorxu hələ ötən əsrin ortalarınacan gizlin-gizlin yaşamağındaydı. 1945-də atom bombasının kəşfi onu ağlın qaranlıq zirzəmisindən üzə çıxmağa məcbur elədi. Atom erasının başlamağı ümiddən çox qorxu gətirmişdi özüylə... Cavab tapmadığı bir yerdəydi İnsan və qorxularıyla qarşı-qarşıya qalmışdı... Yeni dünya müharibəsi üçün əsaslı səbəb olmasa da, insanlıq indən belə daimi gərginlik və təşviş içində yaşayası olacaqdı...

“Qorxu əsri”nin yazılmağı (1948) məhz həyəcanın bir sivilizasiyanın ən qabarıq özəlliyinə çevrilməyə başladığı həmin vaxtlara düşür. Kamyu on yeddinci əsrin riyaziyyat, on səkkizinci əsrin fizika və on doqquzuncu əsrin də biologiya əsri olduğunu deyərkən bu üzdəndi öz əsrini də “qorxu əsri” adlandırır: “Bizim iyirminci əsr qorxu əsridir. Mənə deyəcəklər, qorxu bir elm deyil. Amma bu qorxuda elmin payı vardır”. Sadalananlarda bəlkə məntiq pozulmuşdu, amma söylənənlərə bundan daha aydın izah ola bilməzdi.

C.Məmmədov

On yeddinci əsr - riyaziyyat əsri, on səkkizinci əsr - fizika əsri, on doqquzuncu əsr - biologiya əsriydi. Bizim iyirminci əsr qorxu əsridir. Mənə deyəcəklər, qorxu bir elm deyil. Amma bu qorxuda elmin payı vardır. Ən əvvəl, kimə gərəkdir bu elm ki, nəzəri sahədə son inkişafı onun özü-özünü inkara gətirib çıxarıbdı və təcrübi sahədə təkmilləşməyi də Yer üzünü büsbütün viranəyə çevirməklə təhdid edir. Üstəlik, qorxu bir elm sayılmasa belə, onun texnika olduğu şəksiz-şübhəsizdir.

Yaşadığımız dünyada həqiqətən ən çox nəzərə çarpan hal, dəyişik inanc sahibləri istisna olmaqla, insanların böyük əksəriyyətinin gələcəkdən məhrumiyyətləri, sabahkı gündən naümid qalmalarıdır. Gələcəyin düşünülmədiyi və yaxşılığa doğru irəliləmə ümidinin olmadığı bir həyatın gerçəkdən nə dəyəri ola bilər axı? Aşılması qeyri-mümkün olan divar önündə yaşamaq köpək kimi yaşamaqdır. Doğrusunu istəyirsinizsə, mənim mənsub olduğum nəsil və bu gün atelyelərə, emalatxanalara girən nəsil köpək təkin yaşamışlar və eləcə də yaşamaqdadırlar.

İnsanların gələcəyin qapılarının üzlərinə qapalı yaşamaları ilk dəfə bu gün baş vermir, əlbəttə. Ancaq onlar köhnədən adətən sözlə, ya çığır-bağırla həmin divarı aşardılar. Özləri də ümidverici başqa dəyərləri yardıma çağırardılar. Köhnədə söylədiklərini təkrarlayanlardan başqa bu gün kimsə danışmır. Dünyanı yönləndirən kor və kar qüvvələr nə öyüd-nəsihət, nə xəbərdarlıq, nə də yalvar-yaxar eşidəcək birilərinə bənzəmirlər. Son illər görüb yaşadıqlarımızın içimizdə qırdığı bir şeylər də var. Bu - insanın əbədi inamı, etibarı, inancıdır, həmin inam, həmin etibar, həmin inanc ki, insanlığın dilində danışınca bir başqasından insani rəftar, ya qarşılıq görəcəyimizə inandırırdı bizi. Gözlərimizin önündə yalan söylədilər, insanı alçaltdılar, öldürdülər, sürgün elədilər, işgəncələrə məruz qoydular. Və bunları törədənləri bircə dəfə belə törətdiklərinin pis olduğuna inandırmaq mümkün olmadı. Çünki özlərinə güvənirdilər. Çünki mücərrəd bir zehniyyəti, yəni bir ideologiyanın adamını başqa heç nəyə inandırmaq mümkün deyil.

İnsanlar arasında uzun zamandan bəri davam edən dialoq sona yetdi. Və təbii ki, inandırılmağı və qandırılmağı mümkün olmayan adamdan qorxmaq lazımdır...

Biz bütün dünyanı sarmış olan ümumi müharibə qorxusu ilə ölümsaçan ideologiyalar qarşısında, aşkar özünü göstərən qorxu arasındayıq, demək ki, həqiqətən dəhşətin ta ortasında yaşayırıq. Dəhşətin orta göbəyində yaşayırıq, çünki artıq inam qalmayıb, çünki insan bütünlüklə tarixə həvalə olunub və özü-özünün bir parçasıtək dünyanın itirilmiş gözəlliyini qaytarmaq üçün artıq geri dönə bilməz; ona görə ki, biz abstraksiyalar aləmində, tribun və maşınlar aləmində yaşayırıq. Bu cürə özlərini qətiyyətlə haqlı sayanların ortasında nəfəsimiz daralır, təngnəfəs oluruq... Və insanlar arasında ünsiyyət olmadan, dostluq olmadan yaşaya bilməyən hər kəs üçün belə səssizlik dünyanın sonudur.

Bu qorxudan qurtulmaq üçün düşünmək və həmin düşüncəyə də uyğun hərəkət etmək gərəkdir. Lakin qorxu, doğrusunu söyləsək, düşüncəyə əlverişli deyil. Mənim fikrimcə, bu qorxunu söyüb abrını almaq yerinə onu mövcud vəziyyəti doğuran amil olaraq görüb özünün də ortadan qaldırılmağına cəhd göstərilməlidir. Bundan daha mühüm, daha əhəmiyyətli heç nə yoxdur. Çünki söhbət burada xəyalları zorakılıq və yalanlarla doyurulan, ən böyük ümidləri heçə döndərilən, öz həmcinslərini öldürmək fikrinə nifrət duyan çox sayda avropalıdan gedir. Amma heç hansı firqəyə mənsub olmayan və seçimlərinə görə özlərini narahat hiss edən... Avropa insanının böyük kütləsi üçün hər halda bu yenə çox çətindir.

...Həmin qorxu ilə hesablaşmaq üçün onun nə deyib nə anlatmaq istədiyini və nəyi inkara qalxdığını bilmək lazım gəlir. Onun isə demək istədiyi də, inkarına qalxdığı da tamamən eynidir: öldürməyin haqlı bilindiyi və insan həyatının heçə sayıldığı bir dünya. Bax, günümüzün başlıca siyasi məsələsi budur. Başqa məsələlərə keçməzdən də əvvəl ona münasibət bildirilməlidir. Hər hankı nəyi isə qurmağa başlayarkən ilk öncə bu iki sual üzərində dayanmalıyıq: birbaşa, yaxud dolayı yolla öldürülmək və ya işgəncəyə məruz qalmaq istəyərsinizmi, yoxsa istəməzsiniz? Birbaşa, ya da dolaylı yolla öldürmək və ya işgəncəyə məruz qoymaq istəyərsinizmi, yoxsa istəməzsiniz? Bu iki sualın ikisinə də “yox” cavabı verənlər hamılıqca davranışlarını dəyişdirəcək aqibətlərlə istər-istəməz üzləşəcəklər. Mən bu nəticələrdən ikisi, üçü üzərində qalmaq istədim. Bu sırada xoş məramlı oxucum, əgər istəyirsə, özü-özündən eyni şeyləri soruşub özü də cavabını versin.

Kamyunun söylədiklərindən...

Amal uğrunda ölmək - amala layiq olmağın tək yoludur.

*** 

Aydın yazanların oxucuları var, qaranlıq yazanların isə şərhçiləri.

*** 

Azadlıq - tarixin itməyən yeganə dəyəridir.

*** 

Bacarmıram adamlarla bir yerdə çox yaşamağı. Əbədiyyətin payından bir az tənhalıq gərəyim.

***

Bir əsərin qəlbində, oralar qaranlıq ola belə, sönməyən bir günəş parlar.

*** 

Bir insanın təkbaşına xoşbəxt olmağı utanılacaq haldır.

*** 

Bir ölkəni tanımaq istəyirsinizsə, o ölkədə insanların necə öldüyünə baxın.

***  

Bu dünyada ən böyük günah insanların daşıdıqlarından qaçmaq deyilsə bəs nədir?

*** 

Dünya aydınlıq olsaydı, sənət olmazdı.

*** 

Dünyada bütün yamanlıq hər vaxt cəhalətdən gəlir.

*** 

Dünyada ölümün gücüylə yan-yana irəliləyən və özündə inam daşıyan bir başqa böyük qüvvət də var - adına mədəniyyət deyirlər.

*** 

Dünyamız bədbəxtliklərdən zəhərlənib və deyəsən bu elə onun özünə də zövq verir.

*** 

Dünyanın insandan başqa anlamı yoxdur. Həyat anlayışımızı xilas etmək istəyiriksə, insanı qurtarmalıyıq.

*** 

Düşüncənin halına ağlamaq mənasız işdir. Onun üçün çalışmağımız yetər.

*** 

Düşünmək olar, ancaq obrazlarla. İstəyirsən filosof olasan, roman yaz.

*** 

Edam cəzasını ləğv etməyəcək bir inqilab naminə ölməyə dəyməz.

*** 

Eşq ağıllı - dəli demədən sırasaldı bütün insanlara yoluxan bir xəstəlikdir.

***

Əgər Tanrı olmasaydı, bir insan müqəddəs ola bilərdimi?!.

***

Ən çox sevdiyim on söz: dünya, ağrı, torpaq, ana, insanlar, şərəf, səfalət, yay, dəniz.

***

Fikirlər var, onları sən ucadan dilə gətirməzsən, amma onlar səni hamıdan yüksəyə, saf açıq havaya qaldırar.

***

Freydin ...əzablar içindəki bəşəriyyətə heç ürəyi yanmırdı.

***

Gecələr sonsuz deyil...

***

Gözləməyin məhşər gününü: o gəlib artıq və indi hər gələn gün məhşərdir.

***

Heç nə böyüklük qədər sadə deyil, çünki sadə olmaq bir az da böyük olmaqdır.

***

Həqiqət də işıq kimi kor eləyir gözləri.

***

Həqiqət hətta onu üzə çıxaran üçün belə qəbuledilməzdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!