Həyatın mənası haqda sahibiylə qulun söhbəti... - Qədim Şumer - Akkad mətni

Anarın tərcüməsində

 

- Qul, mənə xidmət etməyə hazır ol!

- Bəli, sahibim, bəli.

- Yola çıxırıq. Atları yəhərlə! Saraya gedirəm.

- Get, sahibim, get, səni uğur gözləyir. Şah sənə xəzinə bəxş edəcək. Səni əfv edəcək.

- Yox, qul, yox. Mən saraya getməyəcəm.

- Getmə, sahibim, getmə! Şah səni uzaqlara göndərəcək, bilinməz-görünməz bir yerə yollayacaq, gecə-gündüz sənə əzab verəcək.

- Qul, mənə xidmət etməyə hazır ol! Su gətir, əllərimi yu! Ziyafət düzəldəcəm. Kef çəkəcəm.

- Ziyafət düzəlt, sahibim, kef çək. Qonaqlıq verən öz qəlbini sevindirir, Allaha da xoş gəlir.

- Yox, yox, qul, mən ziyafət düzəltməyəcəm.

- Ziyafət düzəltmə, sahibim, kef çəkmək, içki içmək insana yaraşmaz.

- Qul, mənə xidmət etməyə hazır ol. Mən ev tikmək istəyirəm, düşmənimi izləmək istəyirəm.

- Ev tik, sahibim, ev tik. Düşmənini izlə.

- Qul, mən ev tikmək istəmirəm.

- Ev tikmə, sahibim. Ev tikən atasının evini dağıdır.

- Qul, mən üsyan etmək istəyirəm.

- Üsyan et, sahibim, üsyan et. Üsyan etməsən taleyin necə olacaq? Düşərgənçün hardan azuqə tapacaqsan?

- Qul, mən üsyan etmək istəmirəm.

- Etmə, sahibim, etmə. Üsyan edəni ya öldürür, ya tutub məhbəsə atır, gözlərini çıxarırlar.

- Qul, məni ittiham edənə cavab vermək istəmirəm.

- Cavab vermə, sahibim, cavab vermə. Yoxsa xilas ola bilməzsən.

- Qul, mən ittihamlar qarşısında susmaq istəmirəm.

- Susma, sahibim, susma, sussan, sənə daha ağır cəza verəcəklər.

- Qul, qadın sevmək istəyirəm.

- Sev, sahibim sev, qadın sevən dərdi-qəmi unudur.

- Qul, mən qadın sevmək istəmirəm.

- Sevmə, sahibim, sevmə. Qadın ovçunun özü üçün qurulan tələdir. Qadın - sevənin boğazını kəsən iti xəncərdir.

- Qul, mən Allaha qurban kəsmək istəyirəm.

- Kəs, sahibim, kəs. Allah üçün qurban kəsənin qəlbi sevinclə dolur.

- Qul, mən Allahıma qurban kəsmək istəmirəm.

- Kəsmə, sahibim, kəsmə. Elə bilirsən qurban kəsməklə Allahın sənə istədiyini verəcək?

- Qul, xalqıma ərzaq paylamaq istəyirəm.

- Payla, sahibim, payla. Xalqına ruzu verən adamın qazancı da çox olur.

- Qul, xalqıma ərzaq paylamaq istəmirəm.

- Paylama, sahibim, paylama. Borc vermək - məhəbbət kimidir. Qazancı isə oğlu olmaq kimidir. Sənin payladığın ərzaqın qazancını mənimsəyəcək, səni də lənətləyəcəklər. Taxılını yeyib səni məhv edəcəklər.

- Qul, ölkəmə xeyir vermək istəyirəm.

- Ver, sahibim, ver, ölkəsinə xeyir gətirənə, Allah Marduk da əvəzini verəcək.

- Qul, mən ölkəmə xeyir vermək istəmirəm.

- Vermə, sahibim, vermə.  Tar-mar olmuş şəhərlərin uca yerinə çıx, bax, yaşayıb ölmüş insanların kəllə sümüklərinə tamaşa et. Kim bilir onlardan hansı ölkəsinə xeyir verib, hansı verməyib?

- Qul,  de mənə, yaxşı olan nədir, pis olan nədir?

- Sahibim, mənim də, sənin də boynumuzu qırıb bizi çaya atsalar yaxşıdır. Kimdir elə böyük ki, göy üzünü tutsun, kimdir elə böyük ki, yer üzünü tutsun?

- Qul, səni öldürmək istəyirəm ki, məndən qabaq gedəsən.

- Sahibim, sən  də məndən sonra cəmisi üç gün ömür sürəcəksən.

Tərcüməçinin qeydi: Akademik V.V.Struvenin rus dilinə çevirisində "Xrestomatiya po istorii Drevneqo Vostoka" (Moskva, 1963) kitabında dərc olunmuş bu mətnin müqqədiməsində deyilir ki, onun mənası iri maqnatlarla mübarizədir (?). Məncə, bu mətnin mənası maqnatlarla mübarizə deyil, heç qulun sahibin hər sözünə mütiliklə razı olması da deyil. Eyni bir mətləbə iki zidd qütbdən yanaşılması daha önəmlidir. Təsadüfi deyil ki, bu mətnin başqa bir adı "Müdriklik məsləhəti" və bir adı da "Bədbin dialoq"dur. Araşdırıcılar onu İncildəki məşhur "Ekkleziast" kitabının qaynağı sayır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!