Hisslərin, düşüncələrin stenoqramması... - Qan Turalı

Amma... Ancaq... Lakin...

Qan TURALI

Ədəbi qeydlər
VII hissə

Qeydləri ancaq özüm üçün etmişdim. Bəziləri elə bu boyda doğulur. Bəziləri isə böyüyə bilmir, bu kiçiklikdə də qalır. Yarımçıq yazıdan bir qəlpə kimi... Bəziləri hansısa bir kitabı bitirdikdən sonra başlayan sükut dolu dəqiqələrin diktəsiylə yazılan yazılır. Ya da bir axşam Günəşin qürubunu izlərkən ürəyimə daman məqamlardan süzülür. Bəzən soyuq bir mühakimə, bəzən isə qaynar bir duyğu... Bəzən ədəbiyyat, bəzən cəmiyyət, bəzən isə yalnızca özüm. Amma hər zaman qeydlərdir, hisslərin, düşüncələrin  stenoqramması...

*  *  *

Veranın Nazimlə bağlı xatirələrini oxuyuram. Oxuya-oxuya düşünürəm ki, bu qadın Nazimi nə qədər anlaya bilib. Söhbəti qırsaqqıza dönmüş kişi-qadın mövzusuna gətirmək istəmirəm. Sadəcə, Nazimi anlamaq həqiqətən də asan deyil. Nazim özü-özünü sona qədər anlamışdımı? Anlaya bilmişdimi? Amma mənə elə gəlir ki, Nazim çox yaşamalıydı, çünki həqiqi Nazim ömrünün son illərində ortaya çıxmışdı. (Səməd Vurğun da elə deyildimi?) Misal üçün, minlərlə şeir yazmış şairin "Son avtobus" şeirini xatırlayaq.

"Artıq kədərləndirmir məni xatirələrin dəvəti,
Xatirələrimdən şikayətçi deyiləm."

Nazim sonda anlayırdı, ömrünü həsr etdiyi ideoloji müharibənin gerçəyini, soyuq üzünü anlayırdı. Sona qədər kommunist qaldı, amma ingilis filosofu Berkliyə şeirlə meydan oxuyacaq qədər gənclik romantikası, daha dəqiq desək, gənclik xamlığı onu çoxdan tərk etmişdi. Deyirdi ki, indi o şeirləri yazmaram. Girdiyi siyasi qovğalardan usanmışdı. Çox adam Nazimın Türkiyə vətəndaşlığından çıxarılmasını xatırlayır. Bir neçə il əvvəl onu Türkiyə vətəndaşlığına bərpa etdilər də. Amma onun Türkiyə Kommunist Partiyasından çıxarılması unudulur. Nazim belə bir insan idi. Ömrü boyu inandığı və mübarizə apardığı idealların partiyasında ona yer yox idi. Mirzə Cəlil "Xatiratım"da yazırdı ki, siyasətin "S" hərfindən də qorxurduq. Yusif Vəzir siyasətin onu məhv etdiyini deyirdi, yazırdı. Və sonda Nazim də bu niyyətə çatmışdı, şeirin şeir olduğunu düşünürdü. Şeirlə Berkliyə meydan oxumaq gülünc idi.

Veranın xatirələrində Nazimin şəxsi həyatı, məişəti ilə bağlı çoxlu maraqlı detallar var. Misal üçün, Nazim bütün günü telefonun yanında otururdu, telefonsuz darıxırdı və bazar günləri az zəng gələndə, ya da heç gəlməyəndə  özündən çıxırdı. Hər ay böyük miqdarda telefon pulu ödəyirdi. İndi yaşasaydı, Facebookdan çıxmazdı.

Vera Nazimin yanına çoxlu adamın xahişə gəldiyini yazır. Biri deyir ki, pyesimi teatrda qoysunlar, digəri çap üçün kömək istəyir, digəri borc xahiş edir. Nazim çalışır ki, hamıya kömək etsin. Vera ona etiraz edir, axı bu adam əclafın biridir, niyə ona kömək edirsən. Nazim susub cavab verir: "Əclafın da uşaqları var".

Böyük insanın kiçik əhvalatları da var. Onlardan ikisini də yazım.

Nazim Hikmət yaxın dostu, azərbaycanlı professor Əkbər Babayevə gələcək həyat yoldaşı Veranı göstərib türk dilində deyir: "Qəşəng qızdı, amma heyif ki, döşləri balacadır". Əkbər Babayev gülümsəyir, Vera isə qızarır. Hər ikisi də Veranın onları başa düşdüyünü anlayırlar. Amma necə? Vera rusdur, o türkcə deyilən sözü necə başa düşə bilərdi ki? Məlum olur ki, Veranın uşaqlığı tatarların arasında keçib və o az-maz bildiyi tatar dili burda onun köməyinə çatıb. Bəlkə bilməsəydi, daha yaxşı idi. Şair ki, şair də....

Bu da Sovet illərinin Dostoyevskisi...

Moskvada Nazim Hikmətin yanına çox uzun şərf taxmış bir adam gəlir. Salamlaşmadan sonra şairdən soruşur:

-Siz Dostoyevskini oxumusunuzmu?

Nazim də "əlbəttə" cavabını verir.

Qonaq şərfini boynuna atıb əlini uzadır:

-Buna çox şadam, mən Fyodor Dostoyevskiyəm.

-Mən də çox məmnunam.

-Amma mənə pul lazımdır. Yeni roman üzərində işləyirəm.

Nazim portmanatından 25 manat çıxarıb "Dostoyevski"yə verir. Amma o etiraz edir:

-Dostoyevskiyə cəmi 25 manat?

-Siz siravi şairin yanına gəlmisiniz, cənab Dostoyevski.

"Dostoyevski" təşəkkür edib gedir.

*  *  * 

Bu həftə Murakami həftəm idi. Mənə elə gəlir ki, gərək imam adamı istəyə. Yəni hər hansı bir kitab təsadüfən gəlib o gün oxu rasionuna girmir. Təsadüfən özünə çəkmir səni o kitab. Kitab rəfinin qarşısında durub kitab seçdiyimiz anları xatırlayın. Niyə məhz Heminquey yox, məhz Selincer? Niyə Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" yox, "Frenni". Məncə, bu təsadüf deyil. Kitab seçmək istədiyimizdə beynimizin neyronları bizi ora yönəldir. Bu az qala mistik bəlkə onun qədər obyektiv bir hadisədir. Ona görə də Mirzənin qədim frazasını işlədirəm: "Gərək imam adamı istəyə". Oxuduqlarımın altından xətt çəkdiyim yerlər bunlar idi.
Bir qadını itirmək zaman keçdikcə bütün başqa qadınları itirmək deməkdir. Bizlər beləcə qadınsız kişilərə çevrilirik. Biz beləcə musiqiləri, biologiya dərsində bir yerdə öyrəndiyimiz fosilləri də itiririk. Demək artıqdır, amma onun füsunkar çiynini də itiririk.

"Qadınsız kişilər"

Şəhrizadın qeyb olması ilə bütün qadınlar onun həyatından çıxacaqdı. Bir daha qadın bədəninin ehtirasla titrəməsini hiss edə bilməyəcəkdi. Amma onu cinsi əlaqədən daha çox qadınlarla yaxınlıq edə bilməməsi kədərləndirirdi. Soyuq həyatda yaşarkən həyatın soyuqluğunu unutduran anları yalnız qadınlar bəxş edə bilərdi.

"Şəhrizad"

*  *  *

Ədəbiyyatın yaşı min illərlə ölçülür. Klassiklər var, yazıb özlərindən yadigar qoyub gediblər. İndi də oxuyuruq. Sevirik. Bəzən o əsərlər üçün hətta darıxırıq. Misal üçün, sakit bir güşəyə çəkilib "Səfillər"i sözbəsöz yenidən oxumaq istəyirəm. Ya da "Don Kixot"u. Klassika əbədidir. Amma bütün bunları da nəzərə almaqla müasir ədəbiyyatın yerini heç nə vermir məncə. Murakamini oxuduqda bir daha bu haqda düşündüm və düşündüklərimə əmin oldum. Polyar bir nümunə ilə izah etməyə çalışım. Sovet dövrü əsərlərini oxuyuruq hamımız. Ya da oxumuşuq. Amma indi hardadır o insanlar? İki cür araq içib, üç cür kolbasa yeyən insanlar hanı indi? Yoxdular... İnsan dəyişir. Həm də çox dəyişir. Kimsə qayıdıb deyər ki, insan hissləri dəyişməzdir. Bəlkə də. Lakin o hisslərin ifadə formaları dəyişir. İnsanlar əvvəlki kimi sevmirlər, əvvəlki kimi ayrılmırlar. Əvvəlki kimi danışmır, əvvəlki kimi yazmırlar. Dünyanı əvvəlki kimi görmürlər. Xüsusən də internet çıxdıqdan sonra. Biz yeni bir epoxaya girmişik. Bəlkə də epoxaya düşmüşük. Ona görə də müasir romanları (əlbəttə ki, yaxşılarını) oxuduqca müasir insanın düşüncə mexanizmini görürük. Jan Valjanın, o katorqalı məhkumun hekayəsi nə qədər ağır, nə qədər dramatik olsa da, ən ağır vəziyyətdə belə insan xislətini qoruyub saxlamaq haqqında bizə çox şeylər pıçıldasa belə biz Jan Valjan deyilik ki... Bizi bu dəqiqə başqa problemlər düşündürür. Biz bambaşqa bir dünyada yaşayırıq. Mahiyyət dəyişir az qala. Hisslər dəyişir.

Bütün bunlara görə də ədəbiyyat sürəkli prosesdir. O dayananda həyat dayanır, həyatın bədii inikası sönür. İnsanların ilhamı sönür. Empatiyası sönür.

Və sonda... Kimsə deyə bilər ki, müasir əsərlərin arasında çoxlu zay əsərlər də var. Elə Murakami də bir romanında deyir bunu. Deyir, müəllifi oxumaq üçün onun ölümündən 20 il keçməlidir. 20 il məsələsinə qatılmıram. Ağlımız var, zəkamız var. Seçə bilərik. Necə ki, seçirik. Klassikanın üstünlüyü də bu dövrdədir. Misal üçün, Mopassanın əsərlərində tez-tez Pol de Kok adlı bulvar roman yazıçısının adı çəkilir? Hardadı Pol de Kok? Adı ancaq Mopassanın əsərlərində qalıb. Tarix öz işini görür. Zaman öz sözünü deyir. Əsrlərdən süzülüb gələnlər qalır. Müasir dövrdə isə bu proses çox yavaş işləyir. Amma hər birimiz özümüz üçün süzgəc rolunu oynaya bilərik. Orxan Pamuku, Pol Osteri, Milan Kunderanı, Murakamini kənara qoyub Koelyo oxumaq isə vaxta qapılmaqdır. Zaman hər şeyi yerinə qoyacaq demirəm. Zaman Koelyonu da yerinə qoyur, Murakamini də. Sadəcə, bir az daha aydın nəzərlərlə baxmaq lazımdır. Zamanın işini siz görə bilərsiz. Bəlkə baxmaq da azdır, görmək gərəkdir. Kimsə nəsə deyə bilər, amma Nobel dünyanın ən güclü mükafatıdır. Açıb baxın, ilk yüzlükdə kimlərin adları var. Resenziyalara baxın, annotasiyalara nəzər salın. Seçmək savad və fəhm tələb edir. Amma bunsuz ümumiyyətlə mütaliə etməyə dəyərmi?

*  *  *

Səhər-səhər gözümə bir cümlə dəydi. Gənc türk romançının cümləsi. Deyirdi ki, böyük yazıçı oxucuya öz zəkasını hiss etdirməlidir. Yəni oxucu əsəri oxuduqca öz zəkasının fərqinə varmalıdır. Necə dəqiq diaqnoz! Yazıçıların əksəri öz zəkalarını nümayiş etdirirlər. Oxucunu düşünən yoxdur. Onu az qala axmaq yerinə qoyurlar.

*  *  *

Son dövrlərdə təhlükəli bir tendensiya görürəm. Həddən artıq mütaliə, həddən artıq akademizm. Yazıçılarımız sanki ədəbiyyatşünas olacaq. Özü də bunu edənlər istedadlarını sübut etmiş insanlardı. Obrazlı görünsə belə ədəbiyyat iç səsini tapmaqdır. Öz səsini, öz nəfəsini tapmaq. Bu yolda olan hər şey qəbulolunandır. Və insanı bundan aralı salan hər şey yolverilməzdir.