Gecə səsləri - AY Bəniz ƏLİYAR

Həyat - Allahın gördüyü yuxudur! - X.L.Borxes

 

Bizi düşündürən nə varsa, o bizi reallığımıza qaytaran amildir. Bir də var bizim düşündüklərimiz və bizim bu həyatdan istədiklərimiz. Hər zaman istədiyini əldə etmək mümkün olmur, bax onda şüuraltı qatda yığılıb qalan vulkanabənzər püskürmələr bir gün özünü işıqlığa çıxarmağa çalışır.

Biz əlimizdə olmayanları da əldə etməyi bacarırıq. Bu, yaradıcı insanlara xas olan yeganə cəhətdir ki, onlar əmindirlər, gec-tez istədiklərinə nail olacaqlar.

Yazıçı-publisist Novruz Nəcəfoğlunun "Yuxuya gedib gecə" povestinin qəhrəmanı Həbib kimi. Əsərin adı da təsadüfi seçilməyib, elə əsər qəhrəmanının da... Heç nə təsadüfi yaranmır... Axı "Həbib" sözünün anlamı sevgili, sevimli, əziz, dost deməkdir. Həbibin axtarışında olduğu o səslə adının bir bağlılığı varıydımı, görəsən? Bəlkə də... Həyatda əlçatmaz nə varsa gözəl görünür bizə. Bəzən belə düşündüyün də olur: "Bu gün çox gözəl gün yaşadım". Həqiqətən də həyatın bütün çətinliklərindən sonra içində dincəlmək, rahat nəfəs almaq, nə bilim, seyrinə doya bilmədiyin gözəlliklər önündə gözdolusu, ürəkdolusu, üz-üzə, diz-dizə, göz-gözə qalmaq istəyirsən, içini sevgilərə qərq etməyi bacaran bir dünya səadət günün olur həmin gün. Bütün ağrılarını unudursan, həyata küskünlüyün keçib gedir, sanki incidiyin adamları da bağrına basıb qucaqlamağa hazırsan... Və həmin zaman sənə elə gəlir ki, dünyanı qucağına basıblar... Həyat dünya gözəlliklərini ayaqlarının altına sərir və sən bütün bunların söz üstündə sətirlənən yelpiyinə dönürsən. İçində bir sim titrədir səba yelini, ürəyin bütün cənnət quşlarının nəğməsindən daha gözəl bir nəğmə çalmağa başlayır. Müəllifi olacağın əsəri yazmağa başlayarkən eynən belə olduğunu hiss edirsən. Vərəqlər öz səadətindən doğan kəpənəksayağı xoşbəxt-xoşbəxt qanadlanır önündə. Bütün dünyanı bir alovun işığına bələyir. Və sona qədər, əsəri yazıb bitirənədək həmin işıq səni tərk etmir... "Yuxuya gedib gecə"ni oxuyarkən də oxucu kimi belə bir işıq selindən keçdim. Həbibin yaşadıqlarına seyrçi olmaqla yanaşı, sanki bütünlüklə onun başına gələnlərin iştirakçısına çevrildim.

Povestin ilk səhifələrindən insanın daxili nur dünyası bütün rəng çalarlarıyla ortaya aşıb-daşır. Və çox-çox uzaqlarda hamımızın yaddaşında bitib qalan bir kənd ağbirçəyinin obrazını yarada bilir. Gülxar arvad ələyetən, hayaçatandı. Amma bu, Həbib üçün belə deyil. Bizi bəzən analarımız "Hal anası" ilə qorxudardı, bax, sanki elə həmin nağıllardan çıxıb gələn Hal anasıdı Gülxar arvad da, balaca Həbibin hafizəsinə ilişib qalıb.

Biz, əslində, infrasəslər dünyasında yaşayırıq, belə səslər bizi daim müşayiət edir: məsələn, küləyin binalara, ağaclara təsir göstərdiyi vaxtın səsi... Eşitdiyimiz ən zəif səs budaqdan qopub yerə düşən yarpağın səsidir, sonra pıçıltı, qışqırıq, göy gurultusu və digər səslər gəlir...

Povesti oxuduqca Həbib bizi eləcənə kəndlərinə qonaq çəkir, bulaqlarının başınacan dartıb aparır. Ordan gələn Amanayla Nazgülün pıçıltıyla etdikləri giley-güzarları kimi uzanan yolun böyrünün üstündə saxlayır. İki qadının çəkişməsində tez-tez kənd içində baş verən bir az ürəkağrıdan, bir az da üzgüldürən hadisələrə güzgü tutur. Bütün səslər içində isə Həbib yenə də itirib axtardığı və qəfildən onu yerindən edən qıyha səsinin dalısıyca təntiyir. Həm özü uşaqlığından gəncliyinə ötür, həm də bizi eyni dönəmdə maraqlı hadisələrin tən ortasında, ancaq səhnəarxasında saxlamağı bacarır. Bu arada Məsiylə rastlaşırsan, kişiyəbənzər, ancaq  həm də kişilərə dov gələ bilən arvaddı Məsi. Hiss edirsən ki, bu "məsi"lərdən dövrümüzdə də çoxdu, sadəcə, azca fərqli simayla, daha geyimli-kecimli və bir az da hiyləgər, necə deyərlər, saman altdan su yeridə bilən. Məsinin bir fikri var: "Birtəhər əlimə bir kişi keçirim...". Və bu obrazın dalısıyca adını çəkmədiyi bir başqa qadın obrazı gəlir... Papaqçı dükanında özünə-başına yaraşdırıb seçdiyi papağı kişinin əlindən alıb satıcıya qaytaran və söylənən qadın: "Sən hara, özbaşına papaq seçmək hara?".

Yerini dəyişə bilən hadisələr, doğma obrazlar bizə keçmişlərdən və eşitdiyimiz yarıyuxulu, yarıayıq səslərdən, hər nə varsa, hamısını xatırlamağa başlayırıq. Hafizəmiz gün kimi aydınlanır. Əsər davam edir... Və... şirin "huuy" səsini qonşu qadının dilindən eşitdirir bizə Həbib, dost evindən boylanır səslər...it yuvasında qırılır... Çox zaman səni feyziyab edir, ancaq, eyni zamanda da ağrı doğura bilir. Axtarışa çəkdiyi hisslərin içindən gələn hər səsə, pıçıltıya, qıyhaya qulaq kəsilirsən. Həbib özlüyündə var-gəl etdikcə onun daxilindən gələn səslərə də qulaq şahidliyi edirsən.

Hər bir oxucuda daimi bir sual olur: "Görəsən, müəllifin özüdürmü əsas qəhrəman?". Və bu suala cavab axtarır oxucu. Yazıçı bu povestdə hardasa keçmişlərdən gələn səslərin axtarışında olarkən obraz olaraq Həbibi öz simasından uzaqda tutur, maraqlı bir sürpriz olacaq, sanki oxucu bunu gözləyir. Ancaq povestin dərinliklərinə düşüb üzübəri yol aldıqca məqam və yaratdığımız Həbib obrazını özümüz üçün heykələ çeviririk. Onu heykəlləşdirib, "dondurub", özümüzü onun yerinə qoya bilirik. Müəllifi elə əsas qəhrəman kimi kəşf edəndə də artıq Həbib bizim üçün əlçatmaz və göydəndüşmə olur. Yol üstündə durub Həbibin çalpaşıq səslər gələn tərəfə boylanışından xəbər verən Qoytuləli və onun başına gələnlər əsərin əsas lətidir. Sanki burda müəllif deyə bilmədiklərini də Qoytuləlinin çiyninə "şələləyib". Çək ha, çəkəsən, Qoytuləli də bir yuxunun-eləcənə buna səs də demək olar, bir səsin-çağırışın dalısıyca hara desən gedəsidi, eynən Həbib kimi...

Səslər bir-birini əvəz etdikcə daha da qatqarış hala gəlir. Onları bir ucdan ilmə kimi çözmək də istəyirsən, çözməmək də... Əsərin bu yerində durub hardasa gecələr yata bilməyənləri düşünürsən, bunun dərd əhli olanı var, xəstəsi olanı, körpəsi olanı var. Həbib isə öz otağında təkliyiylə birgədi, oxucunun səhnə arxasından boylandığını nəzərə almasaq. Hərdən ona elə gəlir ki, deyəsən, nəhayət, ölüm-zülümlə axtardığı o sədanın izinə düşüb. O sədanı xatırladığını, səs sahibini tapıb-tanıdığını düşünəndə üzünə, ötəri də olsa, sevinc işartısı yayılır... 

Hər ömrün müəyyən mövsüm dayanacağı var. Öz qazancının dalısıyca ömrünü sərf edənlərin isə bir dayanacaqları olur, onda da yorulub durduqca nəfəs dərirlər. Xədicə o gün yenə böyük şəhərin avtovağzalında başına gələnləri bir ağrı telinin üstünə sərib "küləkləyirdi". Həbib onun gözlərinin içinə baxaraq eşitdiyi qıyha səsini də, sanki onun qəzəbdən alcalanmış göz bəbəklərinin içində tapacaqdı. Bu dəfə oxu hədəfə vurmuşdu, Xədicə yanıqlı-yanıqlı danışırdı. Həbibə də bu lazımıydı. Kimisə danışdırıb dinləmək. 

Həbibin beynini qurdalayan ən ağrılı axtarış səsi, tükürpədici qıyhası küçəyə atılmış bir körpənin səsi qədər faciəli və dəhşətli də ola bilir. Bəzən, ya da yox, hətta çox zaman insan havalanmaq dərəcəsinə gələndə ürəyindən ya oynamaq istəyi keçir, ya da qəşş eləmək. Hər iki hal bayatı qədər acı verir ürəyə... Müəllif  də əsərin atılmış körpə səsinin gəldiyi yerində bu bayatını çağırır:

Biyabanın daşı üstə,

Giryan ağlar yaşı üstə.

Bir körpənin başı üstə,

Ağac eylə, bitir məni.

Ağrı böyüyür, şişir və çərçivəsini dağıdır. İliyindən-sümüyündən taa ürəyinəcən işləyir. Nüsrətın başına gələnlərdən söz açılır. Həbib sanki burada da ad dəyişdirir, Nüsrətə çevrilib onun başına gələnləri bizə danışır. Küçəyə atılmış çağa səsi qeyri-ixtiyari bizim də əsəblərimizi tarıma çəkməyi bacarır. Nə qədər olsa da, real həyata qayıtmaq istəməsək də  qayıdıb bütün eşidə biləcəyimiz səsləri dinləyib-dinşəyirik. Bu zaman müəllif  haqlı olaraq qanlı tariximizə güzgü tutur və bizlərə, Qarabağ savaşı zamanında amansız düşmənin zorundan qaçan bir ananın, səsi eşidilməsin deyə sinəsinə basaraq boğulmaq həddinə çatdırdığı körpəsinin ağrı səsini eşitdirir. Həmin gecə səhər açılmırdı ki açılmırdı...

İnsan bütün ağrılara dözə biləcəyini zənn edir. Ancaq bir çox hallarda ona elə gəlir ki, ağrıdan qorxduğu kimi heç kimdən və heç nədən qorxmur. Başqasının ağrısını özünə götürmək mümkündürmü? Əlbəttə! Doğrudur, başqa insanın bu ağrıdan necə yüngülləşəcəyi bilinmir. Amma sizdə də yaxınınızı narahat edən bədən hissəsi ağrıya bilər. Bütün bunlar təsdiq olunmuş faktlardır. Müəllif də öz ağrılarından qurtulmaq üçün əsərin bu yerində Vahid və Səfər obrazını ortaya çıxarır. Və özü də kənardan onlara ikrah hissi ilə baxır... Onları özünəməxsusluqla ifşa edir. Mənfi enerjidən qurtulmaq üçün bir çıxış yolu axtarır. Bu dəfə hardansa yadına dünyanın ən gözəl nəğməsi olan "Hop-hop" quşunun nəğməsi düşür. Həzin bir bahar mehi kimi hisslərinə sığal çəkərək onu ağuşuna alır... Oxucu bu nəğmənin bitməyini heç istəmir. O da Həbiblə birlikdə dünyanın ən gözəl nəğməsinə çevrilmiş  bu nəğmənin sədaları altında dalısıyca gəzdiyi qıyhanın ayrımtılarını tapmağa başlayır. Bəlkə elə ruhunun qidası elə bu səsdir, deyib özünü gecənin budaqlarından asır. İnsanın ac ruhunu doyura bilən bir nəğmə nə qədər eşidiləbilən olursa, insan ikiqat o boyda bir boşluğa düşür həmin nəğmə bitincə...

Həbib insanlardan üz çevirib heyvanlara, quşlara üz tutur. İtlərdən vəfa, atlardan sədaqət görür, bu da "Hop-hop" quşu nəğməsi... Bütün çıxılmazlarından baş götürüb eşitdiyi qıyha səsini boş meydan bilir, "Səməndər" adlı atını o meydanın içində səhərə qədər səyirdir. Oxucusunu da tərkinə alıb çapır, özünü də, oxucusunu da yorulmaqdan xilas edir. Pay-piyada bu boyda bir qıyhanın dalısıyca nə qədər gəzəsidir ki? Çarığı deşilib, çuxası yırtılıb, azuqəsi bitib... Əslində,  "Səməndər" də bir quş adıdır. Əfsanəyə görə, Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincindən polad dimdiyini çaxmaq daşı olan caynağına vurur. Bu zaman onun qovdan olan tükü alışır və o, yanaraq külə dönür. Müəllif bu dəfə atını Səməndər quşuna bənzədir və onunla dərdləşmədən keçmir. İnsanın dili var, sənin sirlərini yaya bilər, ancaq heyvanların dili, ağzı yoxdur, ürəyini boşalda bilərsən deməkdir. Əslində, öz atına elə öz-özündən şikayət edir... Burda real həyatdan boylanaraq dostlarına bir at seçir müəllif. Qələm dostu Aydını bir ata, güzar yoldaşı Səbuhini də digər atının belinə mindirib özünə həmfikir, yanına yoldaş edir. Nədənsə, oxucuya elə gəlir ki, artıq gecənin bu yerində Xeyir Allahı Hörmüz Şər Allahı Əhlimənə qalib gəlir. Qaranlıqlar işığa qovuşur, düyünlər çözülür... Ürəyi axtardığı səs ilə bütövləşir...

Sinəsinin altındakı göyərçin yemləyən bir qadını gecəsinə qonaq gətirir. Bu zaman oxucuları da yaddan çıxarıb onunla baş-başa qalmağı seçir. Povestin bu yerində oxucu müəllif üçün "axtardığını, axır ki, tapdı" - deyə düşünür... Maləsəf, yanılır, özünə sadiq qalır yazıçı, bu zaman içində də bir niyyət sahibidir: Görəsən tanımaq istədiyi qıyha səsinin sahibini tapacaqmı? Bütün suallarına cavab verəcəkmiş kimi baxır o Qadına... Qaranlıq Qadının gözlərinin çuxurunda daha aydın görünür. Müəllif o Qadını həyatından keçən bütün qadınlardan seçərək özü bu əsər üçün yaratmışdı, sanki istədiyi zamanda həyatına gətirə bilir, gecəsini aydınlaşdırır, ürəyinin pasını atdırır, ağrılarını ovundurur... Onunla tapmaca dilində danışmağa başlayır. "Tanış olun" - deyir, bu "Səs"di, bu "Sus", bu da "Əfsus"du... Amma Əfsus ki, Səs Susur...

Dünyada bu adlar altında bütün maneələri aşaraq öz sədasına qovuşmaq istəyir Həbib. Məktublarlaşmaları, mesajlaşmalarla davam edir, ancaq hamısı da şüuraltı, səssiz və oxunaqsız...

Məndən qaçma, mənə yürü,

Məndə məndən də çox sən var!..

Səs sahibi yaxınlaşır... uzaqlaşır... doğmalaşır... ögeyləşir... Müəllif bütün səslərin, sədaların içində sabahın şirin yuxusunun ağuşunda mışıl-mışıl uyuyan Həbibin axtarışına son vermədən bizi yenə də maraqda buraxır...

"Mövcudluğun əbədi olmadığını dərk edən insanlar özlərini buna uyğun aparırlar". Yenə Borxesə üz tuturuq...

Bəzən öz arzusuna çatsın deyə, bütün dünyanı gəzməyə hazır olur insan, Novruz Nəcəfoğlu da yuxusuna haram qatan qıyha səsinin dalısıyca sübhəcən gözüaçıq qalır. Əlinin çatdığı, ününün yetdiyi nə varsa, göz önündən gətirib keçirir, tapırmı, tapmırmı, bunu özü və Tanrısı bilir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!