Sən yarımın qasidisən...Məhəmmədhüseyn Şəhriyar - Esmira FUAD yazır

 

"Sən yarımın qasidisən". Bu şeiri ustad şair ömür-gün yoldaşı Əzizə xanım Əbdülxaliqiyə yazıb. Təkcə bu şeiri yox,  "Əzizə can", "Bir gəlin", "Mənim xəzanım", "Yoldaşımın yası", "Gözü yolda", "Yoldaşımın xatirəsi ilə", "Hər iki vətənin qəribi" əsərlərini də Şəhriyar həyat yoldaşına həsr edib. Nədən bəs ilk olaraq "Sən yarımın qasidisən"dən başladıq?!

Çünki 24 il sevgisinə, həsrətindən odlanıb yandığı Pəri//Sürəyyaya sadiq qalan, ilk və nakam eşqini heç vəchlə unuda bilməyən Şəhriyar yaxın dostlarının, qohum-qardaşlarının təkidi sonucunda, nəhayət ki, evlənməyə razılıq verir və 1953-cü ilin avqustunda bibisi Səyyarənin kiçik qızı, ilk okul öyrətməni olan Əzizə xanım Əbdülxaliqi ilə nikah bağlayır.

Lətafətli ruh və incə cismə malik Əzizə xanımla evlənən Şəhriyar Tehranda sakin olan qohumlarından və çox sevdiyi dostlarından, o cümlədən Mirzə Bağırxan Təliə, Lütfüllah xan Zahidi, Əbülhəsən xan Səba, Seyid Məhəmmədəli Camalzadə, ustad Avesta, Əbdüllah xan Qəvami, ustad Hörmüzi, Yəhya Ariyanpur, Əli Zəhri, Firidun Moşiri, Huşəng İbtehac Sayə, Bijən Tərəqqi, dr. Qulamhüseyn Beqdeli, dr. Cavad Heyət, Bulud Qaraçurlu Səhənd, dr. Səlamullah Caviddən və b. ayrılıb Təbrizə gəlir.

Əzizə xanım şairi həm bir sənətkar, həm bir qohum, ən əsası - bir ömür-gün yoldaşı kimi çox sevir, onun bütün qayğı yükünü məmnuniyyətlə zərif çiyinlərinə götürür… Şairin qəm-kədər naxışlı ömür sarayı yavaş-yavaş aydınlanmağa başlayır. İlk övladı Şəhrzadın dünyaya gəlişi isə artıq ömrünün kamillik çağını yaşamaqda olan ustad şairə böyük sevinc hissi yaşadır, körpə səsi, körpə gülüşü həyatına yeni ovqat, fərəh gətirir, qəmli çöhrəsinə təbəssüm qondurur. Daha sonra yaşamına Məryəm və Hadi adlı iki naxış vurulur uca Yaradanın iznilə...

Şəhriyar övladlarını çox sevir, onlarla məşğul olmaqdan, yaşlarına uyğun söhbətlər etməkdən sonsuz zövq alır, ailəsinin içində huzur-rahatlıq tapır. Lakin əlahəzrət qədər öz acı sürprizləri ilə yenə də şairin qapısını döyür və bu rahatlığının da ömrünü qısaldır. Belə ki, 1976-cı ildə Doktor Cavad Heyətin təkidi və yardımı ilə Tehranda bir evdə yerləşir. Əzizə xanım bu çağırışa əvvəlcə qəti etiraz etsə də, həssas şair qəlbini incidə biləcəyini düşünərək sonradan razılıq verir. Sədd heyiflər ki, bu gediş şairə uğur gətirmir. Dalbadal ağrılı-acılı hadisələrlə ona qəfil sürprizlər edən Tehran bu dəfə ən qiymətli varlığını - Əzizə xanımı əlindən alır. Ürək infarktından 40 yaşına çatmamış dünyasını dəyişən Əzizə xanım Tehranın "Behişti-Zəhra" qəbiristanlığında dəfn edilir. Bu ağır itki şairin belini bükür, yasa batırır, ürəyi yenidən qəm yuvasına çevrilir. Yaşadığı üzücü kədərin diktəsi ilə ömür-gün yoldaşı Əzizə xanımın vaxtsız ölümünə fars və Azərbaycan dillərində "Hər iki vətənin qəribi" adlı şeir həsr edir:

Sevdiyim gül və baxışları

Mənim qaranlıq ürəyimə günəş kimi işıq salan yoldaşım

Bir an içində xəzan oldu və məndən keçib söndü.

Kədərli ürək, yandırıcı göz yaşları ilə məzarını öpürəm.

Ey mənim əziz Əzizəm, İnanmıram ki, dağlar ceyranı kimi

Məhəbbət meşəsindən qaçıbsan.

Yuxarıda vurğuladığımız kimi, "Yar qasidi", "Əzizə can", "Bir gəlin", "Mənim xəzanım", "Yoldaşımın yası", "Gözü yolda", "Yoldaşımın xatirəsi ilə" şeirlərini də Şəhriyar həyat arkadaşına, Əzizə xanıma yazaraq göz yaşlarını, ələm və iztirabını, analarının ölümündən sonra körpə quzu tək mələr qalmış üç balasının "Ana vay!" çığlıqlarını ifadə edir.

"Yar qasidi" şeirini Əzizə xanımın unudulmaz xatirəsinə həsr etsə də, bu  şeirdə durum fərqlidir. Şeirin ilk "Sən yarımın qasidisən" misrasından aydın olur ki, şairin qonağı dünyanı cavan ikən, 40 yaşını bitirmədən tərk etmiş mərhum ömür-gün yoldaşının ruhu, xəyalıdır. Və əsərdə xəyalla dialoq qurmaq cəhdi uğurlu alınıb Şəhriyarın...

Eyni zamanda doğanın amansız qanunu-ölümün qarşısında aciz qalmış, sevimli qadınını itirmiş çarəsiz bir kişinin Tanrıya üz tutması da oxucu nəzərindən qaçmır. Yalvarışları, ah-vayları, selə dönən göz yaşları nəticə verib, sanki... Dövrünün qüdrətli şairi olan bu çarəsiz kişinin təsəlli bulması üçün Tanrı sevgili qadınının xəyalını ona göndərib. Və bu çarəsiz kişi-qüdrətli şair dərdini, yaşantılarını anladır xanımının qutsal xəyalına... "Səndən sonra həyatə mən, şirindisə, zay demişəm. Ətək dolu dərya kimi göz yaşıma çay demişəm. Ömrə sürən mən qara gün, Ax demişəm, vay demişəm...".

Gecələr yatmayan, yuxusu gözlərindən qaçaq düşən insan göylərə üzünü tutub ulduzları sayar. Tanış səhnədir bu halı yaşayanlar üçün... Amma Şəhriyar hər gecə ulduzları saya-saya əbədi yuxuya getmiş xanımına layla çalır. Burada bir məqam da xatırlanır. Mifologiyadan məlumdur ki, hər kəsin göy qübbəsinin sonsuzluğunda bir ulduzu parlayır və tanıyanlar Əzizəni göydə bir ulduz sansalar da, Şəhriyar onu Ay sanır. Xəyalın qanadlarında yaxın keçmişə qayıdır, toyunu yadına salır, dəlilər kimi öz-özünə nay-nay çalır. Lakin xəyaldan ayrılıb gerçəkliyə döndüyündə yenidən yasa batır, əllərini yelləyib "Hay-hay, nərdə o günlər, o çağlar? - deyir. Xanımı onun gözlərində bütün gözəllərdən gözəl imiş, sən demə, çünki onların hərəsindən bir gül pay alaraq bir naxış vurubmuş çöhrəsinə... Ölümünü günün batması ilə qiyaslayır, lakin günün batması deyil, Ayın batması ilə eyniləşdirir Əzizənin yaşam orbitindən qəfil gedişini... Axı gözəl qadınları vəsf edərkən camalını Aya bənzədib "Ay camallı" deyiblər söz ustadlarımız...

Bu gediş dünyasını tərsinə çevirib, o dərəcədə ki, bəxtəvər günlərində şaxtalı-sazaqlı qışı günəşli, qızmar yay kimi yaşayan Şəhriyarın indi yayı qışa dönüb, canını üşütmə alıb, soyuq bədənini qurudub...

Şeirin sənətkarlıq məziyyətlərinə qısaca ekskurs etməyi də məqsədəuyğun saydıq. Belə ki, bədii ədəbiyyatda sözün məcazi mənada işlədilməsi mühüm əhəmiyyət daşıyır və əsərə emosionallıq, obrazlılıq gətirir, hadisəni, əhvalatı, danışığı şirinləşdirir, onun bədii təsir gücünü artırır. Şəhriyarın yaradıcılığında, eləcə də "Yar qasidi"ndə sözün həqiqi və məcazi mənaları xüsusi anlamda öz spesifikliyini qoruyub saxlayır. Şair məcazların dili ilə əsərdə canlı həyat lövhələri yaradıb. "Yar qasidi"ndə mübahisəli məcaz özünü aydın göstərir:

Ətək dolu dərya kimi,

Göz yaşıma çay demişəm.

Ömrə sürən mən qarə gün

Ax demişəm, vay demişəm.

Bu parçada sırf məcazın olduğunu göstərənlər az olmayıb. Amma diqqətlə nəzər yetirdikdə görürük ki, "Qarə gün" fikri heç də ayın günlərindən birinin qara olması fikrinə dəlalət etmir, şair burada özünü "Qaragün" adlandırır - (əslində, Qaragün xüsusi isimdir, ləqəb kimi işlənir, nəticə etibarilə mübtədadır, yəni epitet yarada bilmir - E.Ş.). Söz yox, "gün" say etibarilə ayı (30-31 günü) tamamlayan göstəricidir. Qara sözü isə rəngdir. Bu səbəbdən, "Gün qaradır" fikri sözün məcazi mənasıdır. Amma Şəhriyar özünə Qaragün deməklə məcazdan çox, bu parçada təşbeh yaradıb. Tədqiqatçıları çaşdıran isə bəlkə də "qara gün" sözünün ayrı yazılmasıdır. Birinci  beytdə isə güclü bənzətmə - mübaliğə yaradaraq göz yaşlarını axan çaya və bu çayın tədricən yaratdığı dəryaya bənzədir...

"Özüm kimi bir bədbəxt nə görmüşəm, nə eşitmişəm, Xudaya, qara baxtımdan nələr görmüş, nələr çəkmişəm", - etirafını farsca yazdığı bir qəzəldə etiraf edən nisgilli şairin fiziki və mənəvi ağrılar içində keçən yaşamı şeirlərində yansıyır. "Nəbaşəm" rədifli qəzəlində dediyi kimi, ana və atasının eşqinin nişanəsi olaraq Məhəmmədhüseyn kimi doğulan şair Tanrı eşqi ilə bir arif, salik, dünyanın ən ünlü şairlərindən biri - Şəhriyar kimi fani dünyanı tərk edir, ruhu bədəninin zindanından və əzablardan qurtulur: 

Ba eşğ zadəm, ey del, ba eşğ mirəm, ey can,

Mən biş əz in əsir-e zendan-e tən nəbaşəm.

(Eşqlə doğuldum, ey könül, eşq ilə ölləm, ey can,

Mən daha bədən zindanının əsiri olmaram).

Sayın Firudin Moşirinin şairə ithafən yazdığı şeirdə onu "dövranın gözündə yuvarlanmış yaş" kimi son dərəcə orijinal metaforik ifadə ilə səciyyələndirərək ustad şairin ağrı-acılı taleyinə, yaşadıqlarına işarə edir... Şairin bədii irsini oluşduran əsərlərində deyil, təkcə Əzizə xanımın ölümündən sonra ona yazdığı ağı-şeirlər bu metaforanın nə qədər yerində işlədildiyini yansıdır...

Sən yarımın qasidisən

                        Əyləş sənə çay demişəm,

Xəyalini göndəribdir

                        Bəs ki mən ax-vay demişəm.

Ax gecələr yatmamışam

                        Mən sənə lay-lay demişəm.

Sən yatalı mən gözumə

                        Ulduzları say demişəm

Hər kəs sənə ulduz deyə

                        Özüm sənə Ay demişəm

Səndən sonra həyatə mən

                        Şirindisə zay demişəm

Hər gözəldən bir gül alıb

                        Sən gözələ pay demişəm

Sənin güntək batmağıvı

                        Ay batana tay demişəm

İndi yaya qış deyirəm

                        Sabiq qışa yay demişəm

Gah toyunu yadə salıb

                        Mən dəli nay-nay demişəm

Sonra yenə yasə batıb

                        Ağları hay-hay demişəm

Ətək dolu dərya kimi

                        Göz yaşıma çay demişəm

Ömrə sürən mən qara gün

                        Ax demişəm, vay demişəm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!