Kəsilən ağaclara ağı - Fəxrəddin Əsəd

 

Cığırlar siqaret tüstüsütək ağacların arasından burula-burula uzanır. Qış qapını kəsib - əlibaltalılar tələsir.

Qışın gəlişindən öncə qarğalar xəbər tutur. Sonra küləklər, sonra da yarpaqlar. Yarpaqlar ağacların saralmış xəyallarıdır. Ta əzəldən ağaclarda xəyallarmış boy göstərən, pöhrə-pöhrə, yaşıl-yaşıl. Ağaclar insanlar kimi xəyallarından ölürlər, budaq-budaq quruyub. Öz taleyinə qarşı çıxanların cəzasımı? Yaradan əllərindən, gözlərindən qabaq insanları da xəyallarından (!) qurudur, ağac kimi...

Çiynimə yarpaq düşdü. Sonra biri də süzə-süzə gəldi - havadaca tutdum. Ölüm anında insanın üzü nurlanır. Torpağa düşüb son günlərini yaşayan yarpaqların da təsvirə və tərifə sığmayan rəng çalarları, sirli-sehrli naxışları göz oxşayır. Yarpağa baxıram -xəyallar məni çəkib uzaqlara, çox uzaqlara aparır... - yarpaq-yarpaq boy atdığım illərə...

***

...Nənəmin qəribə vərdişləri vardı. İlin hər fəslində zirvəsindən qar əskik olmayan dağ görəndə yaşmaqlanardı, yaşı yüzillərlə ölçülən ağaclara salam verərdi, 8-10 yaşına çatmış bizləri (nəvələri) ağac yanında ucadan danışmağa, hay-küy salmağa qoymazdı: - Ayıbdı! "Qardaşım", "bəyim" dediyi ağaclar kəsiləndə "Yasin" surəsindən ayələr oxuyardı.

O  illərin qışı sərt keçərdi. Əlinə balta alan ağacların üstünə cumardı.

Uzaq uşaqlıq illərinin xatirələri bütün rəngləri ilə  gözlərimin qarşısında şəkillənir. Nənəmlə pir, ocaq üstünə ziyarətə gedərdik. Yaxınlıqdakı ağaca üst geyimlərimizdən kəsib (və yaxud cırıb) götürdüyü bir parça asar, sonra da həmin ağacın ətrafında bir neçə dəfə dövrə vurardıq. "Dilək" ağacları tabulaşmışdı - kəsmək olmazdı!

Ata ocağında, - həyətimizdə nəhəng bir tut ağacı vardı, qurumuşdu. Elə inanardım ki, bahar gəlincə yarpaqlayacaq. Axı bütün ağaclar havalar isinincə yaşıl don geyir. Aprel ayı, dalınca da may gəldi, ağacda bir işartı olmadı. Bir müddət sonra onu kəsdilər. Nənəm başa saldı ki, bu ağac qocalmışdı. Qocalınca get-gedə təklənib unudularsan, -axırı da belə.

Elə bil başımdan soyuq su ələndi, canımdan üşütmə keçdi. Demək hər şeyin sonunda ayrılıq var, ölüm var!!!

Ağ vərəqdəki kimi uşaq düşüncəsində hər şey safdır, pakdır, təmizdir. Orada yalana, riyaya, xəyanətə və əlbəttə, nifrətə yer yoxdur. O gün mənim təsəvvürümdə hər şey kino kadrlarıtək birdən-birə qarışıb alt-üst oldu. Bəs ağaclara "bəyim", "qardaşım" deyirdiniz?! Demək qardaş da qardaşın üstünə əlibaltalı gedir!

İnsan ömrünün kataklizmi elə budur. İllər uzunu yatmısan, yuxudasan, səni qəfil silkələyirlər, - nə yatmısan "Qafil oyan"?!

Və sən dəhşət içində ayılırsan - zəlzələ baş verib(!). Həqiqət ondadır ki, sən bir anın içində boy atıb böyüsən də içində yaşatdığın o məsum uşaq ağır zərbəyə məruz qalıb.

O zamandan bu günəcən bəzi qarışıq (ziddiyyətli) inancları bölüşməsəm də ağaclar arasında ruhani bir məhrəmlik hiss edirəm.

Qədim Çin mənbələrinin soraq verdiyi kimi, insanlar təkcə öz bürcləri ilə seçilmir, həm də rəngləri və ağacları ilə tanınır, fərqlənir. Bürcümün istinadına inansam, mənim ağacım Qoz (!) olsa da gözümü bu dünyaya açandan Çinar ağacının çətirləri altında böyümüşəm. Bu ağacın altında özümü çox rahat hiss edirəm.

Nə vaxtsa xoşbəxt oldummu, kimisə xoşbəxt (!) etdimmi, bilməm ki?! Sıldırım qayalıqda, dağ döşündə və nəhayətsiz çöllükdə bitən ağaclar xoşbəxtdi. Gözdən, könüldən uzaq, təklikdə yaşamağı bacarırlar. Belə ağaclara sığınanda, sanki bir qu lələyinə, bir qar dənəciyinə dönüb havada üzürəm... üzürəm...

***

Ağaclara ürəyimi açmaq dərdləşmək istəyirəm. Sormaq istəyirəm: qardaşım ağaclar, bəyim ağaclar, sizindəmi ürək açmağa bir kimsəniz yox, həmişə belə yalqızsınız, təksiniz? Danışıram, ağaclar susub uzaqlara boylanır. Ağacların sükutu bətndə boğulan səslərdi, yığılıb-yığılıb sevən insanların içinə dolar. O səslər eşidilməz ki, anlayanlar anlayar.

Deyilənə görə, əməliyyat masasına qaldırılan qadının bətnindəki uşaq, əllərini qaldırıb (yəqin, cərrahın əlindəki skalperi görüb) yalvarır, Allahsız, imansız insanlardan imdad diləyir. Bətndəki insana əl qaldıran insan ağaclara acıyarmı? İnsanlarda olduğu kimi, ağacların da ruhu var - mən buna inanıram. Canından can ayrılan ağaclar da haray təpir, ağrı hiss edir. Nə acı ki, onları (bətndəki uşaq kimi) heç kim eşitmir, eşitmək də istəmir. Eşitmək üçün sevmək gərəkdir. İnsan insanı sevmir, ağacları kim sevəcək?!

Bu yerdə özümə etiraz edirəm, yazdıqlarıma acığım tutur. Əməliyyat kürsüsünə qaldırılan qadın bətnində, mərhəmət diləyən əllərin intiqamı bir cüt, boş papış içində gələr!!!

***

Yanvar ayının son günləri yağışlı-yağmurlu keçir. Bu yerlərə çoxdandır qar yağmır. Təbiət özünü, sanki dul qadın kimi yağış nəğməsiylə ovudur. Gənclik illərində yağış altında gəzməyi çox xoşlayırdım. Hərdən fikirləşirəm: təkliyin cazibəsi (sükutun sehri) bəndəylə Tanrı arasında rabitənin yaranmasından xəbər verir. Bu, İlahi Güc qarşısında şükranlıq anıdır.  Və onu da fikirləşirəm ki,  get-gedə şükranlıq hissi bizi tərk edir, unudulur.

***

Şəhərimizin mərkəzi prospektlərindən birində kiçik bir bağ vardı. Əvvəllər burada vərəm xəstəxanası yerləşirdi. Keçən əsrin əvvəllərində tikilmiş binanı və uzaq keçmişdən soraq verən Çinar və Şam ağaclarını yaxşı xatırlayıram. Xəstəxana  şəhər kənarına köçürüləndən sonra burada müxtəlif iaşə müəssisələri, baqqal dükanları fəaliyyət göstərirdi. Yeri gəlmişkən, həmin xəstəxananın baş həkimi Göyüş Qocayevi - Göyüş doxturu (görkəmli şairimiz F.Qocanın atası) minnətdarlıqla yada salanlar çoxdur. İndi bunları niyə xatırlayıram ki? Rusiyada yaşadığım illər işimlə bağlı olaraq müxtəlif şəhərlərə ezam olunurdum. Günlərin bir günü yaşadığım Tula şəhərindən vilayətin Suvorov rayonuna göndərildim. İş yoldaşım, maraqlı həmsöhbət, keçmiş texnika elmləri doxtoru (elmi rütbəsi əlindən alınmışdı) və çox heyiflər olsun ki, ənənəvi rus əyyaşı (soykökünü unutmuşam) şirnikləndirici bir təklif etdi: Suvorov rayonunun yaxınlığında (35 km.də) yerləşən Kaluqa şəhərində XIX əsrin əfsanəvi dağlısı Şeyx Şamilin yaşadığı binanı və bağı mənə göstərmək istəyir. Sedova küçəsində yerləşən, təxminən 10-15 sot torpaq sahəsi olan bağ və elə də böyük olmayan ikimərtəbəli bir bina. Hər halda Şeyx Şamilin böyük külfəti üçün (o dövrün şərtləri ilə müqayisədə) yetərli idi.

...Vərəm xəstəxanasının yerləşdiyi  köhnə bağın Kaluqa şəhərindəki bağa elə oxşarlığı vardı... Hər dəfə oradan keçəndə o uzaq günlərin, qayğısız gənclik illərimin ətrini,  qoxusunu duyardım.

Yağışdan sonra torpaqdan qaynayan göbələk kimi mağazaların sayı atrdıqca bağda ağaclar seyrəlirdi. Hardasa 25-30 ağac qalmışdı, bir gecənin içində doğranıb (məşhur ərəb jurnalisti Qaşoçunun və yaxud Qaşıqçının cəsədi kimi) itirildi. Səhəri gün də yerində tikiləcək əzəmətli bir ticarət mərkəzinin özülü töküldü.

Eşidəndə susub qaldım. Topxana meşəsi doğrananda necə susmuşduqsa elə!

Vallah yox! İçimdən Edvard Munkun obrazı kimi qarşısıalınmaz bir fəryad qopdu, hayqırmaq istədim.

Lənət yağdırdım və hələ də yağdırıram; bütün unutqanlığa, bütün unudanlara!!!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!