Əli bəy Hüseynzadə irsinə məhəbbətlə

 

Edebiyyatqazeti.az xəbər verir ki, "Azərbaycan bayrağını mənalandıran üç ümdə amilin ideoloqu" (Eldeniz Kurtulan), türkçülük idealının ən qüdrətli mənsublarından biri olan Əli bəy Hüseynzadənin zəngin ömür yolu və fəaliyyətini əks etdirən biblioqrafik monoqrafiya bu günlərdə "Mütərcim" nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilib. Monoqrafiyaya Əli bəy Hüseynzadə haqqında bioqrafik məlumatlar, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin onunla bağlı fikir və mülahizələri, həmçinin, alimin elmi əsərlərinin biblioqrafiyası, eləcə də bir çox tarixi sənədlər daxil edilib.

Ədəbiyyatşünas Vəzifə Xudiyevanın tərtibçiliyi, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın ön sözü ilə nəşr edilən biblioqrafik monoqrafiyanın elmi redaktorları filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və Nadir İsmayılovdur. Yeni nəşrə Almaz Ülvi, Sima İsmayılova, Solmaz Sadıqova və Xuraman Ağayeva kimi tanınmış alimlər rəy veriblər.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının nəşr etdirdiyi monoqrafiya Əli bəy Hüseynzadənin anadan olmasının 155, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunub.

Ön söz müəllifi Azər Turanın qeyd etdiyi kimi, biblioqrafik monoqrafiya Əli bəy Hüseynzadənin irsini dərindən görüb-tanımağa bələdçilik edəcək səviyyədə hazırlanıb. Və Əli bəyin kimliyini tanımaq, onu oxumaq, dərk etmək, eləcə də milli sabahımıza aparan yolun aydınlaşmasına yardımçı olur. Monoqrafiya ilə tanışlıq bir daha anladır ki, Əli bəy həqiqətən də hər bir Türkün iftixar edə biləcəyi bir alimdir - özü də elmin ictimai-siyasi fikir tariximizin bütün sahələrində.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!