Dünyanın düz adamı - Xuraman Hüseynzadə yazır

Fərqanə Mehdiyevanın şeirləri haqda

Somerset Moem deyirdi: "Ədəbiyyatın tacı poeziyadır." Ədəbiyyatın tacı olan poeziyanı oxuculara tanıdan, sevdirən şairlərdən biridir Fərqanə Mehdiyeva... Poeziyamızda öz üslubu, poetik tapıntıları, dəst-xətti ilə seçilən şairə... Fərqanə Mehdiyeva deyiləndə ilk yada düşən "Siz məni qoymayın şair olmağa", "Təndir", "Qızları qoymayın şeir yazmağa, "Hayana gedib anam" və başqa şeirlər olur.

Fərqanə Mehdiyeva öz hiss və həyəcanlarını poetik ovqatın uğurlu ifadəsi kimi oxucularına çatdırır. Şair olmaq istəmədiyini desə də, oxucuları onun şeirlərində istədiklərini görə bilirlər:

Keçin qabağıma yolumu tutun,

Bir az ərk eləyib qolumu tutun.

Hərəniz bir yandan əlimi tutun,

Siz məni qoymayın şair olmağa.

Niyə şair olmaq istəmir Fərqanə Mehdiyeva? Yaşantılarını, ağrılarını şeirə çevirdiyi üçün onun bu istəyini oxucular yaxşı başa düşür:

Taleyin köçümə köçü çatmadı,

İstədim "beş" alam, "üç"ü çatmadı.

Atamın, anamın gücü çatmadı,

Siz məni qoymayın şair olmağa.

Qadınlara xitabən yazdığı "Qadınlar, sıxmayın kişiləri siz" şeirində o, həmcinslərinə qayğı ilə yanaşır. O istəmir ki, qadınlar öz həyat yoldaşlarını incitsinlər, onlara əziyyət versinlər. Və bu istəyini poetik dillə oxucularına çatdırır. "Qadınlar, sıxmayın kişiləri siz" şeirində o, həmcinslərinə öz doğması kimi poetik dillə məsləhət verir:

Siz elə bilməyin kefindən çıxıb,

Rahat baş qoyurlar elə balınca.

Səhərdən-axşama evindən çıxıb,

Düşürlər bir parça çörək dalınca.

Fərqanə Mehdiyeva yaşantılarını, duyğularını, hiss və həyəcanlarını misralara köçürə bilən xanımlardandır və o, bunun necə çətin olduğunu izah etmək üçün qızların şair olmasını istəmir. Əslində, onun bu çağırışı da şeirə olan sevgisinin bariz göstəricisidir:

Xəyalı göylərdə yerini yazır,

Qovrula-qovrula sirrini yazır,

Hələ beş dərdindən birini yazır,

Qızları qoymayın şeir yazmağa.

"Bu uzun-uzadı ömür yolunda..."

Fərqanə Mehdiyevanın sevilən şeirlərindən biri də "Təndir"dir. Bu şeir hamımızın qəribə bir doğmalıq, sevgi hiss etdiyimiz, dadlı çörəkləri bizə bəxş edən, analaramızın, nənələrimizin əllərinin istisini özündə saxlayan təndirə həsr olunub:

Bu uzun-uzadı ömür yolunda,

Anamla qoşaca çalışıb təndir.

Ələ düşməyəndə kibrit əvəzi

Anamın içindən alışıb təndir.

Fərqanə Mehdiyeva "Təndir" şeirində oxucunun ürəyini tərpədən, ruhunu dilə gətirən, kövrəldən misralar yazır:

Qaçanda ağlayan uşaq səsinə,

Əlindən birbəbir düşüb kündələr.

Beləcə böyüdüb anam bizləri,

Qəlbinin odunda bişib kündələr.

Ruzi-bərəkət rəmzidir təndir. Bu haqda çox yazılıb, çox deyilib. Təndir çörəyinin yerini nə verə bilər ki? Təndirə olan sevgisi, ana məhəbbəti ilə oxucunun ürəyini tərpədən digər bəndə nəzər yetirək:

Təndirin tüstüsü çıxanda başdan,

Anam gözlərindən su çiləyibdi.

Küt gedən kündəni ovutmaq üçün,

Ərkyana təndiri şillələyibdi.

Heç kimin önündə əyilməyən anasının təndirə çatanda min yol əyildiyini deyir Fərqanə xanım. Və anası ona yaxın getməyəndə təndirin sinəsinin çat-çat olduğunu bildirir... Şairə bir təndirdə qovrulan əllərin indi ehtiyacdan alışıb-yandığını deyir.  O, un kisələrinin azalmasını istəmir:

Anam bölə bilər bir tikəsini,

Anam mərd önündə dizin qatlayar.

Damdan əskiltməyin un kisəsini,

Amanın günüdü, anamdan qabaq

Həyətdə təndirin bağrı çatlayar.

Plutarx şəkil çəkməyi səssiz poeziyaya, poeziyanı isə danışan şəklə bənzədirdi. Bu sözləri F.Mehdiyevanın şeirləri haqda da demək olar. Çünki onun yaratdığı poeziya danışan şəkildir.

"Payızın yanında..."

"Payızın yanında gözlərsən məni" deyən Fərqanə Mehdiyeva bu şeirdə təbiətə, payıza sevgisini göstərir:

 

Qızılı əlindən tutub payızın,

Küsəyən könlünə yatıb payızın.

Başını söhbətə qatıb payızın,

Payızın yanında gözlərsən məni.

"Məni yağışda saxla" şeirində Fərqanə Mehdiyeva təbiətin şairlər tərəfindən çox sevilən, elə payızı da təmsil edən yağışından danışır. Yağışın öz gözəlliyi var, əlbəttə. Əksər şairlərin sevimli mövzusu olan yağışa Fərqanə Mehdiyeva da biganə qalmayıb:

Üşüdü ki, bu ocaq,

Damlalar saçaq-saçaq.

İslanmışın yağışdan

Nə qorxusu olacaq,

Məni yağışda saxla.

Hər yerdə izi qalan ana...

Fərqanə Mehdiyevanın anasına yazdığı "Hayana gedib anam?" şeirində də onun şair kimi keçirdiyi hiss-həyəcanları, ana sevgisini hiss etmək mümkündür:

Qaranlıqda itənim

İşığa oxşayırdı.

Elə qocalmışdı ki,

Uşaga oxşayırdı...

Anasının hayana getdiyini soruşmağa adam qalmadığını deyir şairə. Yeddi uşaq yellədən beşiyinin, kənd-kəsəyinin, elinin belə qaldığını deyir Fərqanə Mehdiyeva... Ana, onu dindirəndə "can" deyən adını, dəli kimi sevdiyi ərini qoyub gedib...

Dözəmmir yoxluğuna

Həyət-baca aglayır.

Hər səhər dən səpdiyi

Toyuq-cücə ağlayır.

Doğum gününün şeiri

Yaşadıqlarını poeziyaya çevirən F.Mehdiyevanın elə şeirləri var ki, o şeirlərin arxasından, sanki qayğısız, balaca Fərqanə oxucularına baxır. El-obasına, yurd-yuvasına bağlı olan Fərqanə xanım xatirələrindən süzülən "19 fevralın şeiri"ndə deyir:

Hansı gün doğuldum elə

O dad hanı, o tam hanı?

Gəlişimə qurban kəsən

Anam hanı, atam hanı?

Fevralın 19-da dünyaya göz açan şairə bu şeirlə sınıq oyuncağını, yarpaqlarına söz yazdığı tut ağacını axtarır... Və o, uşaqlıq dostlarını da unutmur:

Ürəyimdə bir sirr qalıb,

Qoy çağırım yarım gəlsin.

Çilingağac oynadığım

Uşaqlıq dostlarım gəlsin.

Söz adamı

Fərqanə Mehdiyeva söz adamıdır. Hər misrası, sözü, yazısı ilə bunu sübut edir. Şairlər sözlə ehtiyatla davranırlar. Yazdıqları misralara görə cavabdeh olduqlarını bilirlər. Sözün qarğışından qorxanlar da var. Misralara görə cavabdeh olmaq, sözün qarğışından qorxmaq şairliyə işarədir. O da sözə qarşı həssasdır. "Bilirsən, söz adamıyam" şeirinə diqqət yetirək:

Dünyanın düz adamıyam,

Tanrının öz adamıyam.

Bilirsən söz adamıyam,

Sən məni sözlə aldatma.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!